“Bakı gecələri-2012”nin qalibləri elan olundu

 

Mədəniyyət Turizm Nazirliyi Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilənBakı gecələri – 2012” estrada mahnı festivalının qalibləri səsvermə nəticəsində müəyyənləşib. 

 

  Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən ANN.Az-a verilən məlumata görə, təşkilat komitəsi tərəfindən 102 mahnı seçilərək festivalda iştirak üçün efir proqramına daxil edilib. “Bakı gecələri” estrada mahnı festivalının I mərhələsində təşkilat komitəsi tərəfindən seçilmiş mahnılar sentyabrın 20-dən etibarən festivalın rəsmi informasiya dəstəyi olan “Araz FM – 103.3” radiosunun efirində həftə ərzində hər gün saat 16:00–dan 17:00-dək “Bakı gecələri saatı” non-stop musiqi saatında səsləndirilib. Elan olunduğu kimi, mahnıların qəbulu noyabrın 1-dək davam edib.

Seçim turu ərzində müəlliflər tərəfindən daha bir neçə mahnının festivala qatılması üçün müraciətlər edilib. Təşkilat komitəsi tərəfindən bu əsərlər araşdırılmış və daha 8 mahnı festivalda iştirak hüququ qazanıb. Beləliklə, “Bakı gecələri – 2012” estrada mahnı festivalında ümumilikdə 110 mahnı tamaşaçılar tərəfindən seçilmək üçün səsverməyə çıxarılıb.

Festivala təqdim olunan mahnılar SMS və www.baku-art.az saytında keçirilən onlayn səsverməsinə çıxarılıb. Səsvermə noyabrın 20-dək davam etmiş və hər iki səsvermənin nəticələrinə görə ən çox səs qazanmış 21 mahnı “Bakı gecələri -2012” estrada mahnı festivalının qalibləri elan edilib

Qalib mahnılar dekabrın 24-də Heydər Əliyev Sarayında keçiriləcək qala-konsertdə tamaşaçılara təqdim olunacaq.

Qaliblər arasından mükafatçıları müəyyən etmək üçün qala–konsertdə iştirak edən 21 mahnı noyabrın 25-dən dekabrın 15-dək “Araz FM – 103.3” radiosunun efirində səsləndirilməklə yenidən SMS və www.baku-art.az saytında keçirilən onlayn səsverməsinə çıxarılır. Ən çox səs toplamış 3 mahnı mükafatlandırılacaq. Birinci, ikinci və üçüncü yerləri müvafiq olaraq diplomlar və 5000, 3000, 2000 manat gözləyir.

 

 

Cəvahir Səlimqızı.

 

Mərkəz.- 2012.- 28 noyabr.- S.- 15.