Robertino Loretti Aybəniz Haşımovanın ifasını alqışlarlarla qarşıladı   

 

Əməkdar artist dünən ən böyük qələbəsini yaşadı

   

İstedadlı və yaradıcı gənclərin II Respublika Toplantısı çərçivəsində ölkəmizə səfər edən məşhur italyan müğənnisi Robertino Loretti Beynəlxalq Muğam Mərkəzində istedadlı gənclərə master - klas keçib. ANS PRESS-in məlumatına görə, dərslərdə illərdir pedaqoji fəaliyyət göstərən Aybəniz Haşımovanın tələbələri öz ifaları ilə dünya şöhrətli Robertino Lorettini heyran ediblər.

 

Əməkdar artis Aybəniz Haşımovanın yaratdığı "Bülbüllər" qrupunun solisti Fərid Məmmədov isə Robertino Lorettinin xüsusi ilə təəccübləndirib. Şöhrətli musiqiçi, səsi ilə bütün dünyanı əsirinə çevirən ifaçı gənc ifaçını dinlədikdən sonra öz hisslərinin belə ifadə edib: "Mən çox festivallarda, çox ölkələrdə gənc səslər eşitmişəm, amma belə səs eşitməmişdim. Fərid Məmmədovun səsi məni heyran etdi və dünya ulduzu Şarlz Aznavurun səsinə bənzətdim. Hətta deyərdim ki, ondan gözəl səsi var. Fərid Məmmədovun, onun böyük səhnə gələcəyini görürəm. Min dəfə bravo!”

Tələbələrinin uğurundan fərəhlənən Aybəniz xanım sevincini ANS PRESS-lə bölüşdü. "İnanılmaz dərəcədə sevincliyəm, xoşbəxtəm. Tələbələrim Fərid, Müşviq, Zülfi, Emil öz ifaları ilə dünya şöhrətli Robertino Lorettini heyran etdilər. Müəllim üçün bundan böyük fəxr ola bilərmi? Əhsən sizə əziz balalarım. Bircə onu deyə bilərəm ki, hər biri ayrı ayrılıqda bu gün öz ölkəsinin layiqli övladları olduqlarını sübut etdilər".

Aybəniz Haşımova açıq dərslər zamanı Robertino Lorettinin gözlənilmədən onu səhnəyə dəvət etdiyini deyir: "Tələbələrimin çıxışlarını müşahidə etmək məqsədilə mən də onun master-klaslarına qatıldım. Robertino Loretti tərəfindən səhnəyə dəvət almağım mənim üçün gözlənilməz oldu. Uzun illər sənət dostum pianoçu Naibə Şahməmmədovanın müşayiəti ilə böyük bəstəkar Tofiq Quliyevin "Lay-lay" əsərini oxudum. Loretti ifamı alqışlarla qarşıladı. Bu mənim üçün bir daha Şövkət Ələkbərovanın məktəbinə mən tərəfdən böyük ehtiram idi. Sağ ol Şövkət xanım. Ruhun şad olsun. Sənin övladların və nəvələrin bu gün sənətinin nə qədər yüksək olduğunu sübut etdilər. Bu sənin qələbəndir Şövkət xanım".

Əməkdar artist bütün olanları qələbəsi hesab edir: "Dünən mən ən böyük qələbəmi yaşadım. Nəhayət ki, 20 illik zəhmətim öz bəhrəsini verdi".

 

 

Mərkəz.- 2012.- 29 noyabr.- S.- 14.