Rollarını yaşayan aktrisa

 

Bu xanımı çox istəyirəm. Təkcə ona görə yox ki, rollarına heyranam. Həm də ona görə ki, həddən ziyadə səmimi və təbii xanımdır. Eşidəndə ki, 60 yaşını tamamlayır, təəccübdən gözüm kəlləmə çıxdı. Çünki ona bu yaşı heç cürə vermək mümkün deyil. Əməkdar artisti Xalidə Quliyevanı deyirəm, həmişəcavan, cazibədar, həyatında əxlaqi dəfərlərə xüsusi yer ayıran  aktrisamızı. Bəlkə də onu gənc saxlayan uşaq kimi məsumluğu və səmimiliyidir. İndi deyəcəksiniz ki, tərif çox oldu. Yox bunlar kompliment xatirinə deyilmiş sözlər deyil, həm də doğum günündə xoş sözə niyə xəsislik edək ki…

Qeyd edək ki,  1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında aktrisa kimi fəaliyyətə başlayan Xalidə Quliyeva 30-dan artıq irili-xırdalı filmə çəkilib- «Nəsmi» (Fatimə ), «Bakıda küləklər əsir» (Solmaz),  «Xoşbəxtlik qayğıları» (Xalidə ), «Dədə palıdın nağılı» (Nərgiz), «Tütək səsi» (Milli ), «Asif, Vasif, Ağasif» (Validə)… Amma nədənsə xatirimdə daha çox «Nəsimi» filmindəki Fatimə rolu ilə qalıb. Bəlkə ona görə ki, özünün təbirincə desək, aktrisa həmin rolu oynamayıb, sadəcə yaşayıb və bu elə buna görə də yaddaşımıza köçüb.

Xarizmatik aktrisamızı biz də təbrik etdik. Elə fürsət varkən, kinoda niyə görünməməsinin səbəbini də soruşduq

- Doğum gününü hansı ovqatla qarşılayırsınız?

- Bir az həyəcanlıyam.

- Qeyd edəcəksinizmi?

- Ana vətənim Şuşanın adını daşıyan «Şuşa» restoranında ailəvi qeyd edəcəyik. İlboyu yubiley davam etdiyindən başqa bir tədbir də nəzərdə tutulub.

- İlk təbriki və hədiyyəni kimdən aldınız?

- Nəvəmdən. Gecə saat 12-də mənə təbrik mesajı yazdı. İlk hədiyyəni isə oğlumdan aldım. Orijinal hədiyyələri çox sevirəm.

- Bəs həyat yoldaşınızın hədiyyəsi nə oldu?

- O, həmişə mənə pul verir, bu dəfə də belə oldu.

- Siz gözəl ana, nənə, həyat yoldaşı olmaqla bərabər, gözəl aktrisasınız. Çoxdandır sizi yeni  filmlərdə görə bilmirik, niyə?

- İran rejissorunun yaxın günlərdə «Qarabağ» adlı filminə çəkiləcəyəm.

- Bəs öz filmlərimizə dəvət almısınız?

- Filmə çəkilmək istəyirəm, özülap çox. Amma mənə uyğun rol təklifi almıram. Elə rollar var,  təklif edirlər, amma həmin rolda oynamağı özümə sığışdırmıram.

-Məsələn?

- Ssenarilər zəif olur, o filmlərdə dramaturgiya görə bilmirəm.

Bəzən mənə təklif olunan rolları sonradan başqasının təqdimatında görəndə sevinirəm ki, yaxşı mən o rolları oynamamışam. Digər tərəfdən onu da deyim ki, bizim filmlərdə qadın obrazları həmişə ikinci planda olur. Baş qəhrəmanlar həmişə kişilər olur. Qadın obrazı da ya yaşlı çay gətirən qadın olur, ya da gənc vurulan bir sevgili. Rusiya digər əcnəbi ölkələrdə gözəl bir tendensiya yaranıb; tanınmış aktyor aktrisalar üçün ssenarilər yazılır filmlər çəkilir.

O halda tamaşaçı üçün film inandırıcı təsiredici olur. Həmin aktyor aktrisaya görə filmin bazarı da olur. Təvazökarlıqdan uzaq olsa da deyəcəyəm; bu gün mən digər unudulmuş gözəl aktrisalar üçün ssenarilər yazılmalıdır.

- Sizcə niyə Azərbaycanda qadın rolları ikinci planda olur?

- bilim, bəlkə bu mentalitetlə bağlı olan məsələdir.

- Özümüzünkülər görməsə , amma sizi İran rejissorları görüb bəyəndi. Hətta məxsusi sizin üçün ssenari yazıldı. «Qarabağ» çəkildiyiniz üçüncü İran filmidir, eləmi?

- Bəli, İran rejissoru Həsənağa Nəcəf məni ilk dəfə 2008-ci ildə «İtkin pay» filmində baş rola çəkdi. Ekran həyatı çox uğurlu olan həmin film bütün dünyanı gəzdi. İranda Fəcr Festivalında film «Qızıl simurq» nominasiyasına layiq görüldü. Mənim yaratdığım azərbaycanlı qadın Zeynəbin obrazı onu necə valeh etmişdisə, ikinci filmdəki baş rolu məhz mənim üçün yazdı. «Göyün səkkizinci qatı» adlı həmin filmdə elə Xalidə rolunda oynamışam. Film azərbaycanlı qadının taleyindən bəhs edir. Növbəti filmi iranlı rejissor ekranlaşdıracaq. «Qarabağ» adlı filmdə oğlunun ardınca müharibəyə gedən bir ananın taleyindən bəhs edir.

- Eşitdiyimə görə, Həsən Seyidbəyli özünün «Xoşbəxtlik qayğıları» filmindəki Xalidə rolunu sizə həsr edibmiş

- Bəli. Mən Həsən Seyidbəylinin sevimli aktrisalarından biri olmuşam. Heyf ki, tez rəhmətə getdi mən onun çox filmlərində çəkilə bilmədim. Cəmi iki filmində- «Nəsimi»də «Xoşbəxtlik qayğıları»nda çəkildim. Həsən müəllim məni çox istəyirdi. (Xalidə xanım iki xatirəsini   bizimlə bölüşdü-C)  Uzun, gur hörüklərim vardı.  «Nəsimi» filmində  qrim otağında qrimçi qədər elədi, saçlarımı papağa yerləşdirə bilmədi. Belə olanda, qayıtdı ki, mütləq hörüklər kəsilməlidir. Rəngim dəyişdi, Həsən müəllim bunu dərhal başa düşdü qəti şəkildə qrimçiyə tapşırdı; nəbadə qızın saçına əl vurasan! Bir epizodu da danışım; yenə həmin filmdə bir səhnə vardı, mən mağarada paltarımı dəyişəndə sinəm görünməliydi, amma illah elədilər, paltarımı aşağı çəkmədim. Həsən müəllim bir kəlmə üzümə vurmadı həmin səhnəni filmdən çıxardı.

- Çox maraqlıdır, oynadığınız rollar arasında sizə ən doğma olanı hansıdır?

- Oynamadığım özüm olduğum rollar mənim üçün daha doğmadır. «Bakıda küləklər əsir» filmindəki Solmaz «Nəsimi»dəki Fatimə mənə çox əzizdir, çünki həmin rolları oynamamışam, sadəcə, yaşamışam. Yəni orada özüm olmuşam. Ümumiyyətlə, mən həyatda da eləyəm, öz prinsiplərim, qaydalarım var. Yalanı sevməmişəm. Belə bir deyim var ki, insan özü yalan danışmağa başladığı gündən özü   heç kimə inanmır. Bəzən bu xüsusiyyətim ətrafdakıları təəccübləndirir. Hərdən deyirlər ki, Xalidə filankəs sənə yalan deyirdi, niyə inandın.  Mən başqalarına inamımı itirməmək üçün yalan danışmamışam. Ümumi qaydalara uyğunlaşa bilməyən adamam mən.

- Bu sizə yaşamınızda mane olub?

- Əlbəttə olub. Amma özüm-özümün ki, qabağımda sınmamışam, bu mənim üçün ən böyük qazanc olub. Bir səmimi etirafımı da edim; kino texnikasını gözəl bilsəm , həyat texnikasına yiyələnə bilmədim. Heç bilməyəcəyəm . Buna peşman deyiləm ancaq.

- Bir ara səsiniz dublyajdan gəlirdi, amma son vaxtlar deyəsən, filmləri səsləndirmirsiniz?

- 2003-cu ildə «Lider» televiziyasında Braziliya seriallarında baş qəhrəmanları mən səsləndirirdim. Sonradan isə fasilə verdim.

- Niyə?

- bilim, dublyaj məni qane eləmir. Fikirləşirəm ki, kimisə səsləndirməkdənsə, gedib elə filmlərdə rol oynayardım.

- Dublyajdan əldə etdiyiniz qazanc sizi qane edirdi?

- Bir filmin səsləndirilməsinə  görə  ayda 250 dollar alırdım. Bir neçə il bundan əvvəl üçün bu, pis məbləğ deyildi.

- Son vaxtlar çəkildiyiniz hansı filmdəki rolunuzla ürəyinizdən tikan çıxara bilmisiniz?

- Ürəyimdən tikan çıxarası filmi hələ gözləyirəm. O filmi ki, orda bütün yaradıcılıq potensialımı ortaya qoyacağam.

- Ən böyük arzunuzu da eşitmək maraqlı olardı?

- Nəvələrimin toyunu görmək, ondan sonra isə yeni filmlərdə rol almaq.

«Mərkəz» kollektivi adından sevilən aktrisamızı ürəkdən təbrik edirik. Ona uzun ömür, cansağlığı yeni-yeni rollar arzulayırıq.

 

 

  Cəvahir SƏLİMQIZI

 

  Mərkəz .- 2012.- 25 sentyabr.- S. 14.