GUAM-ın teatr məkanı» Azərbaycanda
Akademik Milli Dram Teatrı 2012-ci ildə də intensiv
yaradıcılıq fəaliyyəti ilə məşğuldur.
Artıq teatrda 3 tamaşanın məşqləri gedir. Bunlar
«Don Juan və həndəsə», «Şekspir» və
«Yaşlı xanımın gəlişi»
tamaşalarıdır.
M.Frişin «Don Juan və ya həndəsəyə məhəbbət»
əsəri əsasında hazırlanan «Don Juan və həndəsə»
adlı tamaşanın məşqləri artıq
yekunlaşmaq üzrədir. Tamaşanın quruluşçu
rejissoru Kote Marcanişvili adına Gürcüstan Dövlət
Akademik Dram Teatrının baş rejissoru Levan Tsuladzedir. Bu
tamaşa Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi və Akademik Milli Dram
Teatrının təşəbbüsü ilə həyata
keçirilən GUAM ölkələrinin teatr əməkdaşlığını
nəzərdə tutan «GUAM-ın teatr məkanı» layihəsinin
tərkib hissəsidir. Bəlli olduğu kimi, ötən il
Akademik Milli Dram Teatrının GUAM ölkələrinin teatr əməkdaşlığı
ilə bağlı böyük miqyaslı bir layihə həyata
keçirməyə başladı. Teatrın Ukraynaya qastrol səfəri,
Krım-tatar Akademik Musiqili Dram Teatrının Elçinin
«Şekspir» əsəri əsasında
hazırladığı «Xəstə könül»
tamaşasının Akademik Milli Dram Teatrının səhnəsində
nümayişi, gürcü rejissoru Levan Tsuladzenin, moldovalı
Petru Vutkeraunın Akademik Milli Dram Teatrına quruluş
üçün dəvət olunması bu layihə çərçivəsində
realizə olunan tədbirlərdəndir.
Onu da qeyd edək ki, «GUAM-ın teatr məkanı» layihəsi
yalnız bu tədbirlərlə məhdudlaşmır. Daha
çox strateji məqsədlərə yönələn bu
layihə gələcəkdə də davam etdiriləcək.
Layihə Gürcüstan, Ukrayna və Moldova teatrları ilə
qarşılıqlı əməkdaşlıq əlaqələrinin
daha da möhkəmləndirilməsini, müştərək
tamaşaların hazırlanmasını,
qarşılıqlı qastrol səfərlərini, rejissor və
aktyor mübadiləsini, texniki heyət üzvlərinin təcrübə
keçmələrini, Azərbaycan dramaturqlarının əsərlərinin
GUAM ölkələrinin teatrlarında səhnəyə
qoyulmasını, həmçinin milli səhnəmizdə
Gürcüstan, Ukrayna və Moldova klassik və müasir
dramaturgiyası nümunələrinin təcəssümünü,
bütün sahələrdə qarşılıqlı təcrübə
mübadiləsini nəzərdə tutur.
«Don Juan və həndəsə» tamaşasının
məşqləri artıq yekunlaşmaq üzrədir.
Tamaşanın premyerası fevral ayının əvvəllərinə
nəzərdə tutulub. Tamaşanın quruluşçu
rejissoru və səhnə tərtibatçısı Levan
Tsuladze, rejissor assistentləri Rəfiqə Musayeva və Anar
Sadıqovdur. Tamaşada Xalq Artisti Rafael Dadaşov (Don Qonsalo), Əməkdar
Artistlər Əli Nur (Tenorio), Vəfa Rzayeva (Donna Elvira),
Ayşad Məmmədov (Dieqo ata), aktyorlar Elşən Rüstəmov
(Don Juan), Nigar Güləhmədova (Miranda), İlahə Həsənova
(Donna Anna), Elşən Cəbrayılov (Don Rodreqo), Şəlalə
Şahvələdqızı (Selestina), Rövşən Kərimduxt
(Don Baltasar Lopes) və Aslan Şirinov (Loperello)
çıxış edirlər.
Məşqləri davam edən digər tamaşa Xalq
Yazıçısı Elçinin «Şekspir» əsəri əsasında
hazırlanan eyniadlı tamaşadır. Moldovalı rejissorun
yozumunda hazırlanan bu tamaşa da «GUAM-ın teatr məkanı»
layihəsi çərçivəsində həyata
keçirilən tədbirlərdəndir.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə «Üns»
Yaradıcılıq Səhnəsində tamaşaya qoyulan
«Şekspir» pyesi tezliklə dünya teatr ictimaiyyətinin də
diqqətini cəlb etdi. Bir sıra xarici ölkələrin
teatrları, həmçinin Moskva Dərviş Teatrı,
Londonda fəaliyyət göstərən «Avanqard» teatrı, o
cümlədən Krım-tatar Akademik Musiqili Dram Teatrı
Elçinin bu əsərinə müraciət etdilər. Bu dəfə
isə Elçinin «Şekspir» əsəri Akademik Milli Dram
Teatrının səhnəsində təcəssüm tapacaq.
Tamaşanın süjet xətti də diqqətçəkəndir:
ruhi-əsəb klinikasındakı pasientlərin hər biri
öz xəyalında qurduğu dünyasında
yaşayır. Marslı saatlarla göyləri seyr edərək,
onun arxasınca nə vaxt gələcəklərini gözləyir.
Ər-arvad daim öz ikili təbiətinin problemləri ilə
yaşayır. Stalin bütün günü törətdiyi əməllərin
peşmançılığını çəkir. Sara
Bernar hər dəqiqə özünü səhnədə təsəvvür
edir.
Baş həkim xəstələrin xəyali
dünyasını dərk etməyə çalışsa
da, anlayır ki, o, buna qadir deyildir. Xəstə kimi müalicə
olunan insanlar öz xəyal aləmlərində xoşbəxtdirlər.
Bu şəraitdə onları yaşadan da budur. Xəstələrin
ərzaqlarına əl uzatmaqdan belə çəkinməyən
xəstəxana personalının hər cür təzyiq
göstərdiyi, simasızlaşdırmağa
çalışdığı pasientləri Şekspirin
dühası öz ətrafına birləşdirir. Sara
Bernarın sevimli əsəri olan «Romeo və Cülyetta»
hamını öz ülviliyi və təmizliyi ilə məftun
edir.
Xəstəxanaya Drob-13-ün gətirilməsi
ilə hər kəs bir daha
həyata münasibəti haqqında düşünməli olur. Hər kəs hərəkətlərinə
yenidən, yadplanetlilərin gözü ilə
baxır. Bir anda xəstəxana xəyal və
hisslərin boğulduğu, sədaqət
və inamın itdiyi, həyata fərdi
baxışların qadağan edildiyi dünyamızın kiçik
modelinə çevrilir. Şekspirin
kitabını oxuyan Drob-13 də onun əsərlərindəki insan
hisslərinin böyüklüyünə, gözəlliyinə
heyran qalır və təəssüflə
etiraf edir ki, onun planetində yaşayanlar çox dərin
biliklərə malik olsalar
da, onlarda teatr yoxdur. Söz
verir ki, öz planetinə qayıdan kimi,
oradakılara Şekspirin kitabını
göstərəcək.
Tamaşanın
quruluşçu rejissoru
Kişinyovda Ejen İonesko adına Teatrın
yaradıcısı və rəhbəri, Avropanın bir çox teatrlarında tamaşalar hazırlamış rejissor Petru Vutkereu, quruluşçu rəssamı
Ramin Bəykişiyev, musiqi
tərtibatçısı Həmid Kazımzadə, rejissor assistenti Dilbər
İsmayılovadır. Tamaşada Xalq Artistləri Şükufə
Yusupova (Sara Bernar), Ramiz Novruz (Stalin), Əməkdar
Artistlər Ayşad Məmmədov (Baş Həkim), Mətanət Atakişiyeva
(Sara Bernar), Elşən
Cəbrayılov (Veneralı), aktyorlar Nigar Güləhmədova (Həkim), Rəşad
Bəxtiyarov (Stalin), Şəlalə
Şahvələdqızı (Ər-arvad) Elşən Rüstəmov
(Drob 13) və Aslan Şirinov (Sanitar)
çıxış edirlər.
Cəvahir SƏLİMQIZI
Mərkəz.- 2012.- 19 yanvar.- S. 11.