Azərbaycanın
üç böyük
ədibi şərəfləndirildi
Bu il Azərbaycanın üç böyük ədibinin
– dünya ədəbiyyatı xəzinəsinə misilsiz incilər
vermiş mütəfəkkir şair Nizami Gəncəvinin
870, milli dramaturgiyamızın banisi Mirzə Fətəli
Axundzadənin 200 və görkəmli satirik şair Mirzə Ələkbər
Sabirin 150 illik yubileyləri dövlət səviyyəsində
qeyd olunacaq.
Prezident İlham Əliyevin imzaladığı
müvafiq sərəncamlara əsasən, Mədəniyyət
və Turizm Nazirliyinə Təhsil Nazirliyi, Azərbaycan Milli
Elmlər Akademiyası, Yazıçılar Birliyi və digər
əlaqədar qurumlarla birlikdə hər üç yubileyə
həsr olunmuş tədbirlər planı hazırlayaraq həyata
keçirmək tapşırılıb. Mədəniyyət
və Turizm Nazirliyində N.Gəncəvi, M.F.Axundzadə və
M.Ə.Sabirin yubileylərinin yüksək səviyyədə
qeyd olunması ilə bağlı
tədbirlər planı müzakirə olunub. Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə
keçən iclasda nazirin birinci müavini Vaqif Əliyev, Təhsil
nazirinin müavini Qulu Novruzov, Yazıçılar Birliyinin sədri,
Xalq yazıçısı Anar, AMEA-nın vitse-prezidenti, Milli
Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Mədəniyyət
və Turizm Nazirliyinin Nəşriyyat, Reklamın Təşkili
və İnformasiya şöbəsinin müdiri Vaqif Bəhmənli,
nazirliyin məsul şəxsləri, mədəniyyət
müəssisələrinin rəhbərləri iştirak
ediblər.
İclası Mədəniyyət və Turizm naziri Əbülfəs
Qarayev açaraq ölkə başçısı İlham Əliyevin
Azərbaycanın üç görkəmli ədibinin yubileyləri
haqqında imzaladığı sərəncamların əhəmiyyətini
vurğulayıb, bu sənədlərin dövlət tərəfindən
ədəbi irsimizə, mədəniyyətimizə göstərilən
diqqət və qayğının bariz nümunəsi
olduğunu bildirib.
Qeyd olunub ki, dövlət
başçısının sərəncamlarına əsasən
dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin
anadan olmasının 870, milli dramaturgiyamızın banisi,
görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli
Axundzadənin anadan olmasının 200 və böyük
şair, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin
banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər
Sabirin anadan olmasının 150 illiyi ilə bağlı
geniş tədbirlər, bir sıra layihələr həyata
keçiriləcək.
İclasda yubiley tədbirləri ilə bağlı
müzakirələr aparılıb, müxtəlif təkliflər
səslənib. Qərara alınıb ki, böyük ədib
və mütəfəkkirlərin yaradıcı irsini təbliğ
etmək məqsədi ilə əsərləri nəşr
olunsun, çap məhsulları Azərbaycanda və beynəlxalq
kitab sərgilərində nümayiş etdirilsin, səyyar sərgilər
təşkil edilsin. Yubileylərlə bağlı Bakıda
beynəlxalq elmi konfransların təşkili,
tanınmış elm və ədəbiyyat
araşdırıcıları bu konfranslara dəvət
olunması, ölkəmizdə fəaliyyət göstərən
bütün dövlət teatrlarında, habelə türkdilli
ölkələrdə, MDB məkanında dramaturqun əsərlərinin
tamaşaya qoyulması, respublikamızın rayonlarında tədbirlər
keçirilməsi, hər üç ədibin
doğulduğu məkanlara – Gəncə, Şəki və
Şamaxıya turist səfərlərinin təşkil
olunması və s. təkliflər səslənib.
İclasda yubileylərin yekun tədbirlərinin
vaxtı da müzakirə olunub. Qərara alınıb ki, M.Ə.Sabirin
yubileyi ilə bağlı yekun tədbir may ayının sonu –
iyunun əvvəlində, N.Gəncəvinin yubileyi ilə
bağlı yekun tədbir sentyabrın axırı –
oktyabrın əvvəllərində keçirilsin, M.F.Axundzadənin
yubileyinə isə noyabrda təntənəli şəkildə
yekun vurulacaq.
Cəvahir
SƏLİMQIZI
Mərkəz.-
2012.- 28 yanvar.- S. 11.