Həyat eşqi
vücudlarından böyük
olanlar…
Əlil Uşaq və Yeniyetmələrin İnteraktiv Tamaşaların
IV Milli Festivalı keçirildi
Dünən
Rəşid Behbudov adına
Mahnı Teatrında Əlil Uşaq və Yeniyetmələrin İnteraktiv
Tamaşaların IV Milli
Festivalının açılış
mərasimi oldu. Tədbirin təşkilatçıları
“Müşfiq” Əlil
Uşaqlara Yardım İctimai
Birliyi, “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzidir. Öyrəndik ki, layihənin əsas məqsədi əlil uşaqlar
arasında istedadları
aşkara çıxarmaq
və onlara özlərini tam qabiliyyətli
vətəndaşlar kimi hiss
etməyə
yardım göstərməkdir.
Qeyd edək ki, festivalda
Azərbaycanın müxtəlif
rayonlarında fəaliyyət göstərən 10 əlil uşaq və gənclər təşkilatları iştirak edirdi.
Hər bir təşkilatı təmsil
edən istedadlar Azərbaycan
və dünya ədəbiyyatından seçib
səhnələşdirdikləri tamaşalarla
aiditoriya qarşısına
çıxdılar. İlk olaraq, Sumqayıtda yerləşən
Sağlamlıq İmkanları Məhdud olan
Uşaqlar Üçün
Xüsusi Tipli Məktəbin yaradıcı uşaqları öz məharətlərini nümayiş
etdirdilər. Hə, yadımdan çıxmamış onu da deyim
ki, Rəşid Behbudov adına Mahnı Teatrında anşlaq idi və hətta yer tapmadıqları üçün
tamaşaları ayaqüstə seyr edənlər də
vardı.
Uşaqlar
Abdulla Şaiqin
«Tıq-tıq xanım» nağılı əsasında
hazırladıqları səhnə əsəri ilə festival iştirakçılarının
qarşısına çıxdılar. Onu da biləsiniz
ki, səhnəarxası
həyəcanlı görünsələr
gə, oyun zamanı balaca «aktyorlarımızın» üzündə
həyəcandan əsər-əlamət görmədik. Hər
bir uşaq sanki 10 il səhnədəymiş
kimi təbii, səmimi oyun
nümayiş etdirdi.
Hətta bir anlıq mənə elə gəldi ki,
Dövlət Kukla Teatrının
səhnəsində peşəkarların təqdimatında
«Tıq-tıq xanım» tamaşasını seyr
edirəm. Tamaşa bitən kimi, salonu alqış
səsləri bürüdü, biz də balaca
aktyorlarımızı həm
təbrik, həm də sorğu-sual etdik. Oyunundan məmnun qalan 13 yaşlı Həsənəliyev
İsmayıl festivala böyük
coşğu ilə
hazırlaşdığını söylədi: «İnsanlar qarşısında
çıxış etmək, tamaşa göstərmək
mənim üçün
böyük xoşbəxtlikdir. Həmişə
arzusunda olmuşam ki, mən teatr tamaşalarında oynayım, məni
alqışlasınlar. Bu gün
arzum reallaşdı». İsmayıl onu da söylədi
ki, böyüyəndə
Rasim Balayev kimi aktyor olacaq.
14
yaşlı Nəzərov Rasimin
isə həyəcandan
dili söz tutmadı.
Utandığından yanaqları allanan bu balaca aktyorun
heç olmasa, arzusunu eşitmək istədik.
Oyunu barədə dili söz tutmasa
da, arzusunu
paylaşdı: «Allah mənə
və bütün yaşıdlarıma cansağlığı
qismət eləsin, heç vaxt xəstə olmayaq. Anam deyir
ki, canın sağ olsa, qalan hər işin öhdəsindən
özün gələrsən».
Sözügedən
məktəbin Azəbaycan dili və ədəbiyyat
müəlliməsi Leyla Məmmədova
da uşaqların qabiliyyət və bacarıqlarından
ağızdolusu danışdı: «Allah bu uşaqlara elə böyük istedad nəsib edib ki, baxanda heyran
qalırsan. Özü də sizə deyim ki, bu
uşaqların həyat eşqi vücudlarından qat-qat böyükdür. Onların
sadəcə, dəstəyə, nəvazişə, diqqətə
ehtiyacaları var. Nə
yaxşı xeyirxah insanlar var və onlar bu cür
festivallar təşkil
edir, əlil uşaqları sevindirir».
Qeyd edim ki, festivalda
nümayiş olunan bütün tamaşalar
ürəklə hazırlandığından baxımlı və
maraqlı idi. Bakı Şəhər
İcma Əsaslı Reabilitasiya Mərkəzinin (UAFA) təmsilçilərinin
nümayiş etdirdikləri
«Dostluq» (nağılın bədii rəhbəri
İntiqam Soltandır), Müstəqil Həyat
İnkişaf və Dəstək Mərkəzinin «Əlilliyin dərki»,
(müəllifi Aydın Xəlilov), Gəncə İcma Əsaslı Realibitasiya Mərkəzinin
«Bala arı» (müəllifi Əli Səmədli), «Müşfiq» Əlil Uşaqlara Yardım İctimai
Birliyinin Masallı
filialının «Xocalıdan gələn səslər» (müəllifi
İbadulla Hüseynzadə), hansı birini sayım, bütün
mərkəzlərin təqdim etdiyi tamaşaların hamısı
sürəkli tamaşaçı alqışlarına layiq görüldü.
Bu isə o demək idi ki, əlil uşaqların
hazırladıqları tamaşalar peşəkarlıq baxımından
heç də
böyüklərin, həm də sağlam
insanların hazırladıqları
səhnə əsərlərindən geri
qalmır.
Qeyd edək
ki, festivalda cəmiyyətə ismarış xarakterli tamaşalar da oynanıldı. İbrətamizliyi ilə
seçilən həmin tamaşalardan təsirlənən,
kövrəlib gözləri dolanlar da oldu. Məsələn,
bu qəbildən olan Mingəçevir Şəhər Uşaq və Ailələrə Dəstək Mərkəzinin
təmsilçilərinin təqdim etdiyi «Bizdən utanmayın, imtina
etməyin, əziz böyüklər» tamaşası salonda böyük əks-səda doğurdu.
Qeyd edək ki, tamaşanın müəllifi Elnarə Yusifova
idi.
Yeri gəlmişkən,
festivalın təşkilatçılarının da təəssüratlarını
paylaşdıq. «Müstəqil həyat» İnkişaf
və Dəstək Mərkəzinin
sədri Aydın Xəlilovun festivalla bağlı fikirləri
belə oldu: «Biz dünya təcrübəsinə
arxalanaraq çalışırıq
ki, hər festivala Azərbaycanda əlilliyi olan uşaq və gənclərin inkişafında rol oynayan, onların cəmiyyətə
inteqrasiya sahəsində
fəaliyyət göstərən müxtəlif
reabilitasiya mərkəzləri, eləcə
də ictimai birlikləri
cəlb edək.
Onlar da öz növbələrində təşkilat
nəzdində yaradılmış istedadlı uşaqlardan
ibarət incəsənət
kollektivlərinin geniş aiditoriya
qarşısında
çıxışlarını təqdim edirlər. Bu ənənə hər il davam
etdiriləcək».
…Sonda onu
da diqqətinizə çatdıraq ki, Əlil Uşaq
və Yeniyetmələrin İnteraktiv Tamaşaları IV Milli Festivalı ilk dəfə
olaraq 2006-cı ildə
keçirilib. Əlilliyi
olan insanların iştirakı ilə
keçirilən və cəmiyyət tərəfindən böyük maraqla qarşılanan tədbirin elə bu səbəbdən də hər ilin dekabrında təşkili nəzərdə tutulub. Gözəl! Çünki
həm savab, həm də xeyirxah bir missiyadır.
Səlimqızı
Cəvahir
Mərkəz.-
2009.- 17 dekabr.- S. 11.