İqtisadiyyata kredit qoyuluşu 19% artıb

 

Mərkəzi Bankın məlumatına görə, 2009-cu il noyabr ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 7 963,7 milyon manat təşkil edib. Bu göstərici 2008-ci il noyabrın 1-nə nisbətən 18,9% artıb.

Kredit qoyuluşlarının 290 milyon manatı vaxtı keçmiş kreditlərin payına düşüb.

Kreditlərin 2 264,7 milyon manatı (28,4%) qısamüddətli, 5699,1 milyon manatı (71,6%) isə uzunmüddətli olub. Qısamüddətli kreditlərin 164,7 milyon manatı və ya 7,3%-i, uzunmüddətli kreditlərin isə 125,3 milyon manatı və ya 2,2%-i vaxtı keçmiş kreditlərdir.

Dövlət bankı tərəfindən iqtisadiyyata 3 764,9 milyon manat (47,3%), özəl banklar tərəfindən 4 021,9 milyon manat (50,5%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 177 milyon manat (2,2%) kredit qoyulub.

Xarici kapitalın iştirakı ilə yaradılan banklar tərəfindən Azərbaycan iqtisadiyyatına 2040,1 milyon manat kredit yönəldilib. Bunun ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 25,6%-ə bərabərdir. Yüzfaizli xarici kapitalla fəaliyyət göstərən banklar isə 372,9 milyon manat (4,7%) kredit veriblər.

Kreditlərin 4 431,0 milyon manatı və ya 55,6%-i manatla, 3 532,7 milyon manatı və ya 44,4%-i xarici valyuta ilə verilib.

Kreditlərin 28,9%-i və ya 2 303,9 milyon manatı ev təsərrüfatlarına ayrılıb. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 1 735,3 milyon manat (21,8%) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 509,9 milyon manatı (6,4%), sənaye və istehsalın payına isə 485,6 milyon manatı (6,1%) düşüb.

Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 1428,4 milyon manatı və ya 17,9%-i, kənd təsərrüfatı və emalına 388,2 milyon manatı və ya 4,9%-i, inşaat və əmlak sahəsinə 461,2 milyon manat (5,8%), digər sahələrə isə 60,3 milyon manatı və ya 0,8%-i yönəldilib.

 

 

Vasif Cəfərov

 

Mərkəz.- 2009.- 10 dekabr.- S. 6.