Banka pul
qoymaq sərfəlidirmi?
Vətəndaşların çox az
hissəsi öz pulunu banka etibar edir
Azərbaycan
banklarına son bir ildə əhali tərəfindən qoyulan əmanətlərin
həcmində artım baş versə də, bunu bankların
təklif etdiyi dividendin müqabilində adekvat göstərici
saymaq olmaz.
Qeyd
edək ki, böhran zamanı bütün sahələrdə
qiymət enmələrinə baxmayaraq banklar əmanətlər
üzrə faiz dərəcələrini aşağı
salmadılar. Bankların bu siyasəti müştərilərinin
əldə etdiyi real gəlirin artmasına imkan yaradıb.
Banklar böhrandan əvvəl
olduğu kimi orta hesabla 12 faiz divident verməyi davam
etdirdilər.
Böhrandan əvvəl 12 faizlik
divident çox da sərfəli hesab edilmirdi. Çünki inflyasiya göstəricisi
yüksək idi və buna görə
də depozitə görə ödənən
dividendin real gəlirlik
səviyyəsi faktiki
yox idi. Bu səbəbdən də vətəndaşlar
ixtiyarlarında olan sərbəst vəsaiti
digər sahələrə,
xüsusən də daşınmaz əmlakın
alınmasına yönəldirdilər.
İndi isə
istər inflyasiya göstəricisi, istər
daşınmaz əmlakın
qiymətinin
artımı, həmçinin digər sahələr üzrə gəlirlik dəfələrlə aşağı
düşdüyündən
banka əmanət
qoyuluşu daha sərfəli olub.
Hazırda 2-3 faizlik inflyasiyanın
olduğu nəzərə
alınarsa, banklar əmanətçisinə ildə
real 9-10 faiz gəlir verir.
Lakin buna baxmayaraq vəziyyət yenə də dəyişməyib,
əhali tərəfindən
banklara etibar edilən əmanətlərin
məbləği heç
də artmır. Mərkəzi Bankın
məlumatına
əsasən, əhalinin
banklarda olan əmanətlərinin ümumi
məbləği 2,1 milyard manat təşkil
edir. Bu keçən
ilin eyni dövrünün göstəricisindən
18 faiz artıq olsa da mütəxəsislər
ümumi inkişaf
dinamikasının yetərli
olmadığını bildirirlər.
Ekspertlərin fikrincə,
əhalinin hazırkı
imkanları nəzərə
alınarsa, banklara 2,1 milyard yox,
bundan 2-2,5 dəfə artıq vəsaiti cəlb
etmək mümkündür.
Bankların əmanətçi sarıdan korluq çəkməsini mütəxəssislər
əhali arasında lazımi səviyyədə
təbliğat və reklam işinin aparılmaması ilə əlaqələndirirlər. Məsələn, əhalinin böyük
hissəsi bankların
əmanətlərə görə
təklif etdiyi şərtlərlə, faiz
göstəriciləri və
buna müvafiq gəlirlik səviyyəsi
haqqında məlumatlı deyillər.
Əllərində olan sərbəst
vəsaitlərin hansı
əmanət növləri
üzrə yerləşdirilməsinin
daha sərfəli olduğunu bilmirlər. Mütəxəssislərin qənaətincə,
bu kimi məsələlər,
həmçinin, banklarla
bağlı ciddi etimadın formalaşdırılmaması
əhalinin banklara daha az əmanət qoymasına səbəb olur.
Elə isə hazırda
kommersiya banklarının
əmanətlər üzrə
təklif etdiyi şərtlər necədir? Hansı növ müqavilələr
üzrə əmanət
yerləşdirmək sərfəlidir?
Qeyd edək ki, bankların əmanətçisinə
təklif etdiyi şərtlərin sərfəlilik
dərəcəsi qoyulan
pulun məbləğindən
və onun geri götürülmə
müddətindən asılıdır.
Banklara qoyulan pulu müqaviləyə uyğun
olaraq hər ay, hər
3, 6, 9, 12, 18, 24 hətta 36 və
60 aydan sonra geri götürmək olar. Sadəcə, müddətlərin artmasına
görə optimal faiz
dərəcəsini seçməklə
əlverişli müddətə müqavilə bağlamaq daha məqsədəuyğundur.
Təhlillər göstərir
ki, bu müddətlər
arasında ən sərfəlisi pulun bir il müddətinə banka qoyulmasıdır. Məsələ burasındadır ki, banklar bir
qayda olaraq 12 aya qədər əmanət
hesabı açanlara
təklif
etdiyi faiz dərəcələrini daha
böyük nisbətlə
artırırlar. Amma 12 aydan
sonrakı dövr üçün təklif edilən faiz dərəcələrindəki artım həmin
müddətə adekvat
olmur.
Məsələn, banklar adətən hər ay pulunu götürmək hüququ
verən depozit müqaviləsinə görə
müştərisinə ildə
3 faiz, 3 ay üzrə
8 faiz, 6 aya 9 faiz, 9 aya 10, 12 aya isə 12 faiz ödəyir. Göründüyü kimi, bir ilə qədər olan dövrdə geri götürmə müddəti artdıqca faiz dərəcələri nəzərəçarpacaq
dərəcədə çoxalır.
Lakin bir ildən sonra artım simvolik olur. Altı ayla 12 ay arasında ödənən faiz
dərəcəsində 25-30 faiz artım olduğu halda, növbəti
6 aylıq əlavə
müddət üçün
cəmi 0,5 və ya 1 bənd artıq faiz dərəcəsi
təyin edilir. Bir ilə görə
12 faiz təyin edən bank 18 aya görə 12,5-13 faiz, 24 aya 13-14 faiz, 36 aya isə 14-16 faiz dividend verir.
Bu faiz dərəcələrinin
təhlilindən görünür
ki, bank üçün
vəsaitin 12 aydan artıq müddətə qoyulması daha sərfəlidir. Əmanətçi üçün isə 6 aydan 12 aya qədər olan dövr daha münasibdir. Faiz dərəcəsindəki
kəskin artım nəzərə alınarsa, əmanətçi
üçün ən
sərfəli müqavilə
müddətinin bir il olduğunu
deyə bilərik.
Standart depozit müqavilələrinin
bağlanılması üçün
vətəndaş ən azı 100 manatdan (dollar və ya avro) 500 manata
qədər pul qoymalıdır.
Onu da qeyd edək
ki, məbləğ
artdıqca başqa
imkanlardan da istifadə etmək mümkündür. Belə
ki, əmanət məbləği 5-10 min manatdan
artıq olanda onun 60 faizi həcmində, həmçinin aşağı
faizlə kredit götürmək, birillik
faiz məbləğini
öncədən almaq,
VISA Saving card, Mastercard Standard və ya VISA classic və s. kartlar əldə etmək olar.
Əmanət məbləği 50 mindən
artıq olduqda isə daha da
münasib şərtlər
yaranır.
Məbləğ yüksək olanda bank müştərisini tibbi sığortaya cəlb
edir.
Banklar başqa
əmanət növləri
ni də
təklif edir. Bunların arasında uşaq, müddətsiz
depozit növləri geniş yayılıb.
Uşaq depozitinin mahiyyəti
budur ki, valideyn öz övladı üçün
banka hər ay və
ya hər il pul qoyur.
Bunun üçün
100 manatdan az
olmayan vəsait tələb olunur. Qoyulan bu pullar uşaq
18 yaşına çatandan
sonra onun ixtiyarına verilir. Bu müddətə qədər pullar faiz dərəcəsi üzrə artaraq dəfələrlə böyüyür.
Müddətsiz depozitlərdən isə daha çox
pulunu istənilən vaxt bankdan götürmək
istəyənlər yararlanır. Bu depozitin olması əmanətçini standart müqavilələr bağlamaq
və onları vaxtından
əvvəl
pozmaq riskindən xilas edir. Belə ki, müəyyən
müddətə qoyulan
depoziti həmin müddətdən tez götürdükdə müqavilə
pozulmuş sayılır
və illik faiz dərəcəsini almaq olmur, yaxud
faizlərin çox az hissəsi
ödənilir. Müddətsiz depozitlərdə isə konkret olaraq illik 5 faizlik dividendin ödənilməsinə
dair müqavilə bağlanılır. Müştəri bir aydan və ya bir
ildən sonra öz pulunu tələb etdikdə ona illik 5 faiz
dividend ödənilir.
Vasif Cəfərov
Mərkəz.- 2009.- 10 dekabr.- S. 7.