Türkün şanlı qələbəsi
Dünya tarixinin ən
şanlı səhifələrini qanı ilə yazmış Türkün I
Dünya müharibəsi zamanı Çanakkalada
apardığı olum-ölüm mübarizəsi istər hərbi
baxımdan, istərsə də mənəvi baxımdan
Türk birliyinin, Türk əzmkarlığının, onun Vətən
sevgisinin zirvəsidir desək, yanılmarıq. 1915-ci il
Çanakkala savaşında, 250 min türk əsgəri şəhid
olub. Osmanlıya qarşı birləşmiş ingilis,
fransız, Avstraliya, Yeni Zelandiya əsgərlərin də elə
bir o qədər itki verərək böyük məğlubiyyətlə
geri çəkilib. Atatürk Çanakkala savaşı haqda
deyirdi: "Çanakkala dünya hərb tarixində
oxşarı olmayan bir hadisədir. Səngərlər
arasında məsafə bəzən 8 metrə qədər
olurdu. Öndə olanlar ölümdən qurtulmayacaqlarına əmindirlər.
Fəqət, sarsılma yoxdur. Türk əsgəri Qurani-Kərim,
Kəlmeyi-Şəhadət oxuya-oxuya irəli atılır. 20
düşmənə qarşı bir nəfər süngü
ilə çarpışır. Ölür,
öldürür. Çanakkala savaşını
qazandıran da bu yüksək ruhdur".
Çanakkala
savaşı ilə bağlı dillərdə əzbər
olan hekayətlər bu torpaqlarda heykəlləşib. Az qala hər
bir hekayətə bir abidə qoyulub. Çanakkala
savaşı deyiləndə ilk yada düşən ismlərdən
biri - Seyit Onbaşının hekayəsi bu gün o
torpaqları ziyarət edən gənclər üçün
dil əzbərinə çevrilib. Müharibənin ən
şiddətli məqamlarında ətrafında köməyi
olmayan Seyit Onbaşı 267 kq-lıq böyük top mərmisini
kürəyinə qaldırıb, topa qoyurmuş və
açdığı atəşlə düşmənin
onlarla əsgərini məhv edirmiş. Müharibə bitdikdən
sonra Seyit Onbaşıdan xahiş edirlər ki, ağır mərmini
bir daha belinə qaldırsın və beləcə şəklini
çəksinlər. Onbaşının cavabı çox təsirli
olur: "Artıq o ağırlığı qaldıracaq ruh
məndə yoxdur. Bəlkə də müharibə təzədən
başlasa bunu bacara bilərəm".
Çanakkala
savaşının bu əfsanəvi qəhrəmanının
şəklini çəkmək istəyənlər mərminin
içərisini boşaldırlar və Onbaşının rəsmini
belə çəkirlər. İndi Çanakkalada hər bir
küçədə, mağazada, hətta əksər hədiyyəlik
əşyaların üzərində Seyit Onbaşının
bu məşhur şəkli var. Həmçinin bu anı əks
etdirən böyük bir heykəl də ucaldılıb.
Çanakkala
savaşının iştirakçısı olmuş
avstriyalı zabit Coseyin bir xatirəsi də çox ibrətamizdir:
"1915-ci ilin 25 aprelində türklərlə birləşmiş
qüvvələr arasında 8-10 metrlik qorxunc bir səngər
savaşı gedirdi. Süngü hücumundan sonra savaşa ara
verildi. İki səngər arasında bir ayağı qopmaq
üzrə olan bir ingilis yüzbaşısı qalmış,
"məni qurtarın" deyə hayqırırdı. Hətta
bizlərdən heç kim risk edib ona yardım göstərmirdi.
Bu anda ağılasığmaz bir olay oldu. Türk səngərindən
bir əsgər silahsız çıxaraq yaralı ingilis
zabitini qucaqladı. Gətirib bizim səngərin önündə
yaralını yavaşca yerə qoydu və geri
döndü".
Belə təzadlarla
doludur Çanakkala savaşı. Və bu fenomen
günümüzdə də yaşanmaqdadır. Heç təsəvvür
edilməyəcək bir iş. Müttəfiq qüvvələrin
işğalçı kimi bu torpaqlara gəlmiş və məhv
edilmiş əsgərlərinin xatirəsinə abidələr
qoyulub. Özü də işğalçı kimi deyil, şəhid
kimi. Hər il türk şəhidləri ilə yanaşı
o zamanın işğalçı qüvvələri
sayılan ingilis, fransız, Yeni Zelandiya, Avstraliya əsgərlərinin
də xatirəsi yad edilir. Özü də bir yerdə. Qazi
Mustafa Kamal Türkiyə torpaqlarında həlak olmuş yadellilərin analarına
müraciətində onları rahat olmağa
çağırıb və deyib: "Sizin
övladlarınız bizim də övladlarımızdır və
bu torpaqlarda mehmetciklə yan-yana uyuyurlar".
Bu savaşda tək
Anadolu türkü deyil, türk dünyasının müxtəlif
yerlərindən gəlmiş insanlar da iştirak edib. O
cümlədən Azərbaycan türkləri də tək əsgəri
formada deyil, əlindən gələn bütün imkanlar
çərçivəsində Anadolu türklərinin haqq
işinə dəstək verib. İstiqlal savaşında
qardaş ölkəyə neft və başqa strateji məhsullar,
ərzaq, silah-sursat göndərilib. Qadınlar qızıl
boyunbağlarını, qolbağlarını toplayaraq ön cəbhəyə
göndəriblər. İstiqlal savaşına Azərbaycanın
yardımları ilə bağlı Türkiyənin dövlət
arxivlərində çoxsaylı sənədlər var.
Fuad
Milli qəhrəman .-2009.- 22-28 yanvar.- S.4.