Naxçıvanda göz açıb Bakıda böyüyən “Xocalı sakini”

 

“Orada İlqar Musayev adlı başqa birisi də var. Əgər birdən nəsə eşitsən dəqiq bilməmiş narahat olma...”

 

Müharibənin cəmiyyətə və ümumiyyətlə bəşəriyyətə vurduğu ən əsas zərbəsi saysız-hesabsız insan təlafatıdır. Günahsız insanlar ölür, amma kimsəni mühakimə etmək olmur. Nə qədər həyatdasansa itirdiyin insanın ölümü ilə bərabər onun səbəbkarlarının tapılıb mühakimə edilməməsi sənə əzab verir. Ötən əsrin sonlarında baş verən Qarabağ müharibəsinin xalqımız üçün də bu cür fəsadları oldu. Minlərlə həmvətənimizin günahsız yerə qanı axıdıldı. Həmin illərdə çox cavanlarımızın bəy otaqları bağlı qaldı. Neçə-neçə uşaqlar ata-anasını itirdilər. Mərd oğulları şəhid olan analar qara saçlarını ağardıb qara geyindilər. Onlardan biri də şəhid İlqar Vaqif oğlu Musayevin anası Mənzərə xanımdır. Şəhid anası bu gün oğlu İlqarın mərdliyi ilə öyündüyünü fəxrlə dedi. Oğlunu xatırlayarkən, onun keçmişindən danışarkən bildirdi ki, İlqar vətənini sevən bir oğul idi: "İlqar 1970-ci il mart ayının 29-da Naxçıvanda dünyaya gəlib. Bakının Nərimanov rayonunda orta məktəbi bitirib. Onu Ukraynaya hərbi məktəbi oxumağa yollamışdılar. O, 20 Yanvar hadisəsindən sonra orada olan azərbaycanlıları da yığıb 40-gün matəm saxlamışdılar. Sonra o könüllü olaraq orada oxumaqdan imtina etmişdir. Çünki İlqar vətənini, o qədər sevirdi ki, Azərbaycansız heç yerdə qala bilməzdi."

 

Mənzərə müəllimənin dediyinə görə İlqar Ukraynadan Azərbaycana gələndə ilk getdiyi yer Şəhidlər Xiyabanı olub. İntiqam hissi İlqarı o qədər bürüyübmüş ki, evlərinə gələn kimi o deyib: "Nə olursa olsun mən döyüşə gedəcəm. Vətən oğullarımızın intiqamını alacam".

Mənzərə müəllimə oğlunun əsgərlik illərindən və döyüşçü yoldaşlarının İlqar haqqında dediklərini bizimlə bölüşdü: "1991-ci ilin dekabrında könüllü olaraq cəbhəyə getdi. "Çox təvazökar uşaq idi. Özü etdiyi işlərdən danışmazdı. İlqar həlak olduqdan sonra onun dörd nəfər yoldaşı sağ qalmışdı. Bizə gəlib İlqar haqqında danışdılar. Onlar deyirdilər ki, o, tək başına 70 erməni öldürüb. İlqar həmişə ən çətin nöqtələrə gedərmiş. Ən çətin sahələri götürürmüş. Axırıncı döyüşü Xocalının Həsənabad kəndində olub. Ermənilər oradakı qaz kantorunu tutubmuşlar. İlqar deyib ki, nə üçün onlar həmişə hücum etməlidirlər? Bir dəfə də biz onlara hücum edib oradan qovaq. Komandiri "Milli Qəhrəman" Aqil Quliyev də razılaşıb. Bu döyüşdə İlqarı aparmırmışlar. Onların siyasi və tərbiyəvi işlər üzrə rəhbərləri varmış, Nizami İbrahimov, o getməliymiş. İlqar "qoy mən gedim, subayam, sənin 3- uşağın var" deyərək özü gedib."

Həmin zaman İlqar ermənilərin 22 əsgərini və pulemyotunu susdurub. Və o gün də qəhrəmancasına şəhid olub. Ona erməni faşistləri 9 güllə vurublar. Elə o səbəbdən onun qan axmasın saxlaya bilməyiblər. Ondan əvvəl ermənilər onun başına 50 min dollar pul qoyubmuşlar. Orada onların hər birinin ləqəbi var imiş. İlqarın da ləqəbi "Kobra" imiş.

Şəhid anası İlqarın evə axırıncı gəlişini xatırlayaraq dedi ki, oğlu hər gələndə istəyirmiş ki, buradan silah aparsın, amma onlara heç nə verilmirmiş. O, oğlu ilə axırıncı söhbətini göz yaşları içində anladaraq dedi: "Axırıncı dəfə gedəndə mən dedim ki, İlqar, ora mühasirədədir, sən necə gedəcəksən? Özüm də dayandım qapının ağzında istəmədim buraxam. O dedi: "Ana sabah ermənilər Bakıya gəlsə sən məni harada gizlədəcəksən, sandığa qoyacaqsan? Oradakılar hamısı bizim bacılarımızdı, analarımızdı. Onların hamısının qeyrətin biz çəkməliyik. Dağ yolu ilə də olsa mən gedəcəm. Mən oraları tanıyıram." Elə o cür də getmişdir.

Ağdama gedib bir neçə gün orada qalmışdılar. Daha sonra dağların arası ilə Xocalıya keçiblər.

Qəribədir, İlqar sanki şəhid olacağını qabaqcadan bilirmiş kimi anasını buna hazırlayırmış. O, ölümündən bir müddət əvvəl anasına deyib ki, orada İlqar Musayev adlı başqa birisi də var. Əgər birdən nəsə eşitsən dəqiq bilməmiş narahat olma...

1992-ci ilin fevralın 19-dan 20-nə keçən gecə Mənzərə xanımın İlqar Musayevi Xocalıda qəhrəmancasına şəhid olur. Meyitini 3 gün ərzində vertolyot verilmədiyinə görə Xocalıdan çıxarmaq mümkün olmayıb. Ona görə də onu Xocalıda yolun kənarında dəfn ediblər.

İlqar şəhid olandan sonra əmiləri və qardaşı onu axtarmaq üçün Ağdama gedib. Onlar bir şəkil aparıblar və orada bir qadına göstəriblər. O qadın baxan kimi İlqarı tanıyıb və məzarını göstərib. Qeyd edək ki, İlqarın adı, qəhrəmanlığı xocalıların dilində əzbər olub. Neçə-neçə Xocalı sakininin həyatını ölümdən xilas edib. Buna görə də hamı orada İlqarı "Xocalı sakini" adlandırırmış. Görünür buna görə taleh elə gətirdib ki, vətənpərvər oğlumuz Xocalıda dəfn olunub.

Amma Mənzərə ana bu gün iki qat dərd yaşayır: "Başqa anaların heç olmasa ümüd yeri var. Gedirlər övladlarının məzarı üstündə ağlayırlar. Mən onu da edə bilmirəm.Bir yer tapmıram ki, mən də oturub ağlayıb, ürəyimi boşaldam."

İlqar Musayevi tikanlıqda bitən bir qızıl gülə bənzədən Mənzərə ana oğlunun adını nəvəsinə qoyduğunu deyərək bunula təsəlli tapdığını bildirdi: "Bu gün Suraxanı rayonundakı küçələrdən biri İlqarın adını daşıyır. Mənim bircə istəyim odur ki, oğluma öz layiq olduğu "Milli Qəhrəman" adı verilsin. Mən dövlətimizin bizlərə göstərdiyi qayğıdan razıyam və həmişə belə davam etməsinin tərəfdarıyam. Çünki, Prezidentimiz cavandır.  Onun arxasında dayaq olmalıyıq və bu lazımdır. Allahın köməkliyi ilə inanıram ki, Prezident İlham Əliyev müharibəsiz Qarabağ problemini həll edəcək."

Biz də bu ağ saçlı anamızın duasına qoşularaq amin deyirik. İnşallah şəhid oğullarımızın qanı yerdə qalmayacaq. Əziz şəhid anaları, siz ağlamayın, oğlunuz ölməyib. Çünki Allahu Təala Qurani-Kərimdə buyurur: "Siz onlara ölü deməyin, onlar ölməyiblər". Elə bu səbəbdən və bu ayəyə əsaslanaraq deyirik ki, sizin oğullarınız ölməyiblər, diridirlər. Siz sevinin ki, oğlunuz dinini qorudu. Axı biz müsəlmanıq. Onlar xalqımızın namusunu, torpağını, millətini, vətənini qorumaq üçün heç bir təmənna güdmədən öz canlarını qurban veriblər. Allah bütün şəhidləri rəhmət etsin. Amin.

 

 

Raci Quliyev

 

Milli qəhrəman.-2009 .-22-28 yanvar .-S.3.