Təbii
və antropogen amillərin hidroloji
sahəyə təsiri
Hələ 20-ci əsrin ortalarından başlayaraq
Kür-Araz ovalığının Tuqay meşələri
öz tuqaylıq xarakterinə son qoymağa məcbur
olmuşdur. Xüsusilə Kür çayının sağ və
sol sahilləri boyu Azərbaycan ərazisində 950 km qədər
məsafəni keçərək Saatlı rayonu ərazisində
Araza qovuşan bu çaylar birlikdə əsrlərboyu Xəzərə
axmışdır. Başlanğıcını Türkiyənin
Ərzurum dağlarından götürən bu çaylar
dağ meşələrindən süzülən
saysız-hesabsız bulaqların hesabına daimi axara malik olmuş
və olmaqdadır. Dağlıq zonanın təbii amilləri
sırasında meşə örtüyünün müstəsna
yeri və rolu var. Belə ki, qışda yağan qar, yaz və
payızın mövsümü yağışları həmişə
bulaqların daimi su balansını gur saxlamaqla onun daimi
axınını təmin edir. Dağlıq zonalarda
qışda meşələrə yağan qar düzən ərazilər
və bitki örtüyü olmayan yerlərlə müqayisədə
çox fərqlidir. Belə ki, meşələr qarın əriməsini
tədiricən həyata keçirir. Çünkü meşə
döşənəkləri və kolları üzərinə
yığılan qar meşələrdə bitən əsas
baş cinslərin çətirlərinin və gövdəsinin
kölgəsi altında olduğundan günəş
şüası qarı yazın sonuna qədər əridib
quruntlara ötürür. Bitkilərin kök sistemi onun axma
sürətinə mane olmaqla sel hadisəsinin
yaranmamasının qarşısını təbii olaraq
alır. Təcrübələrdən məlumdur ki, dərə
və yarğanları yaradan sel hadisələri yalnız
meşəsiz dağlarda daha çox qeydə
alınır.Açıq dağ döşündə və
yamaclarda, həmçinin seyrək meşələrdə və
kolluqlarda qısa müddət ərzində əriyən qar fəsadlar
törətmək üçün həmişə əsas
amil olmuşdur.
Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin mütəxəssisi,
İxtisaslaşdırma və İxtisasartırma İnstitunun
dosenti Allahverdi Dolxanov bildirir ki, çayların mənbəyində
meşələrin seyrəlməsi tədricən su
balansının pozulması hallarını
formalaşdırır. Gürcüstan və Ermənistanın
ərazilərindən də həmin çaylara qoşulan
müxtəlif sular illik yağıntının da normadan
artıq olduğu vaxtlarda özünü daha ciddi formada
göstərir. Su dövriyyəsində və su
balansının saxlanmasında meşələr əsas təbii
amil hesab olunur. Meşəsiz dağların bulaqları
olmadığını bilərəkdən meşələrin
təbii və süni bərpalarını həyata
keçirməyi hələ XIX əsrin əvvəllərindən
düşünməyə başlamışlar. Azərbaycanın
ən zəngin bitki örtüyünə malik olan
Naxçıvan ərazisində çılpaq dağlar
mövsümü sel hadisələri ilə həmişə
Naxçıvan çayı ətrafında fəsadlar
törətmişdir.
Kənd təsərrüfatı
üçün yararlı torpaqları
istifadə etmək və onun
yuyulmasının qarşısını almaq
məqsədi ilə Batabat
dağlarında süni göllər yaratmaqla sel təzadlarının
qarşısını qismən almış və su ehtiyatlarından torpaqların suvarılmasında
istifadə olunur. Torpaqqoruyucu və susaxlayıcı qabiliyyətinə
görə sahil meşələri Kür çayını öz
yatağı ilə axmağa məcbur edirdi. Mövsümü
daşqınlar isə yalnız meşənin ərazisi ətrafından
kənara axmaq imkanına malik
deyildi. Hər il
yazın sonunda öz yatağına
qayıdan sular ətraf meşə fondu ərazisini payız
yağışlarına qədər rütubətləndirirdi.
Belə bir təbii qayda
Tuqay meşələrinin təbii bərpasını
təmin edirdi. Suların gətirdiyi toxumlar yeniyetmələr kimi
yaşlı ağac və kolları əvəz
edirdi.
Mütəxəssisin fikrincə, çürümüş
sahilbərkidici kök sistemi
suyun səviyyəsinin qalxması ilə əlaqədar
oyuqlar rolunu oynayaraq, 10-15 km sahildən
kənara axmaqla qrunt
suları il birləşmək imkanı
tapmışdır. Odur ki,
tədricən illər keçdikcə Kür-Araz
ovalığında qrunt suları ilə
torpağın səthinə qalxan mineral duzlar tədricən
torpaqların şoranlaşması prosesini
həyata keçirmişdir. Kür-Araz
ovalığının Mil-Muğan, Qarabağ və Şirvan
düzənliklərində suvarma sistemlərinin
ən böyük şəbəkələri
Qarabağ, Yuxarı Şirvan
və digər kanalların şirin su itkiləri qurunt
sularının səviyyələrini qaldırmaqla ərazilərdə
torpaqların şoranlaşmasına səbəb olmuşdur. Bununla bərabər
qeyd olunur ki, bizdə əkin sahələrini genişləndirmək
üçün ehtiyat
çox azdır. Ona
görə artıq bizə aydın olur ki, mövcud torpaq ehtiyatlarından səmərəli və
ehtiyatla istifadə olunmalıdır.
Mütləq meşə meliorasiya tədbirləri
həyata keçirilməlidir. Hidrotexniki
tədbirlərlə yanaşı, meşə-meliorasiya tədbirlərinin
Kür-Araz ovalığında həyata
keçirilməsi yarımsəhra zonanın səhralaşma
ehtimalını tam azalda
bilər.
Tarlaqoruyucu meşə
zolağının əhəmiyyətini qeyd
etməzdən əvvəl bildirməliyik ki,
respublikanın düzən zonaları meşəsiz
qalmışdır. Bununla belə məhz
85% ümumi kənd təsərrüfatı
bitkilərinin və otların yaxşı inkişafı üçün əlverişli şərait
yaranır, onların yetişdirilməsi üçün
tətbiq olunan aqrotexniki
və aqrokimyəvi üsulların səmərəsi yüksəlir.
Qoruyucu meşə zolaqları kənd təsərrüfatı
bitkilərinin məhsuldarlığını artırır. Tarlaqoruyucu
meşə zolaqlarının Kür-Araz
ovalığında əhəmiyyətini qiymətləndirmək
məqsədilə külək və su
eroziyalarının qarşısının alınmasında əsas
təbii amil hesab etməklə
regionun torpaq və iqlim şəraitindən asılı olaraq kəndli fermer təsərrüfatlarına
mənsub torpaqlarda bu
tədbirin həyata keçirilməsi daha
məqsədəuyğundur. Uzun illər Kür-Araz
ovalığında meşə meliorasiya
tədbirlərinin elmi əsaslarla öyrənilməsində
görkəmli alimlərərin tədqiqatlarına əsaslanaraq,
bitkilərin və torpaqların su rejiminə
əməl olunmaqla torpaqqoruyucu
meşə zolaqlarının bərpasına və
inkişafına başlanılmalıdır. Onu da qeyd edək ki, Tuqay meşələrinin
bərpası üçün regional tingliklər yaradılmaqla torpaq və iqlim şəraitinə
uyğun, xüsusilə Tuqay
meşələrinin genefonduna daxil olan ağac
və kol cinslərindən istifadə etməklə
sahilbərkidici süni meşələrin
salınması vacibdir. Yevlax, Ağdaş, Bərdə,
Ağcabədi və başqa Kürətrafı
Tuqay meşələrinin bu
günə qismən qalmış təbii meşə fondu yaşından asılı olmayaraq, yay dövründə
suvarılması mütləq lazımdır. Ona
görə ki, tuqaylıq xarakterini
həyata keçirən Kür
çayının üzərində tikilən bəndlər
bu prosesin vacibliyini təsdiq edir. Təbii
meşələrin bərpası üçün
görülən tədbirlər xeyli vəsait
tələb etməsinə baxmayaraq, gələcəkdə
kənd təsərrüfatlı təyinatlı torpaqların
sıradan çıxmaması üçün
təxirəsalınmaz iş hesab olunur. Bununla
bərabər, Tuqay meşələrinin
mühafizəsi və qorunması təbiətdən istifadənin
hüquqi-ekoloji tələbləri səviyyəsində
yerinə yetrilməkdədir. Meşələrdə xəstəliklərə
qarşı mübarizə tədbirləri əkinlərin
yalnız təsərrüfat planına uyğun
aparılması, yəni meşə quruluşu
işlərinin tövsiyəsinə uyğun
olaraq yerinə yetirilir.
Mütəxəssisin fikrincə, bu amillər
həm də gələcəkdə torpağın
turşulaşmasına xidmət edər. Kür-Araz
ovalığında düzən meşələrini və tarlaqoruyucu meşə zolaqlarını, Kür və Araz sahilindəki
Tuqay meşələrini bərpa etməklə
bugünkü fəsaddların
qarşısının alınmasına ekoloji
problemin aradan
qaldırılmasının bir sahəsi kimi yanaşmaq olar.
Rahilə İbrahimqızı
Movqe.- 2010.- 7 avqust.- S. 4.