İKT hamının qarşısında inkişaf üçün böyük imkanlar açır

 

Artıq biz İnformasiya Cəmiyyətində yaşayırıq. İnformasiya cəmiyyətinin xarakterik xüsusiyyəti informasiya texnologiyalarının insan həyatının bütün sahələrinə nüfuzu, informasiya sənayesi biliklərin intensiv inkişaf etməsidir. İnformasiya cəmiyyəti informasiya-kommunikasiya texnologiyalarının inkişafı nəticəsində formalaşan yeni tip cəmiyyətdir ki, buna biliklər cəmiyyəti də deyilir. Bu cəmiyyətdə insan rifahının əsas şərti bilik, informasiya onların səmərəli tətbiqidir. İnformasiya cəmiyyəti zaman, məkan və siyasi sərhədləri aşaraq informasiya mübadiləsinə imkan verir. Bu cəmiyyətdə həyat keyfiyyətinin bütün parametlər üzrə yüksəlməsi üçün elmə əsaslanan mühüm ictimai qərarlar qəbul edilir. Yeni tip cəmiyyət müxtəlif mədəniyyətlərin qarşılıqlı inikasına, hər bir toplumun özünütəsdiqinəimkan verir. İnformasiya cəmiyyətində kapital işçi qüvvəsindən əlavə, bilik istehsalın əsas amilinə çevrilir. Müasir şəbəkə texnologiyaları iqtisadiyyatın strukturunu dəyişməklə bərabər, zaman məkan anlayışlarına yeni məna verir.

İnformasiya cəmiyyəti şəraitində təhsilin statusu daha da yüksəlir. Təhsil sisteminin vəzifəsi iqtisadiyyatın inkişafını stimullaşdırmaq, cəmiyyətin və əmək bazarının sürətlə dəyişən tələblərinə uyğun olaraq mütəxəssis hazırlığını təmin etməkdir. Məlum olduğu kimi, qlobal təhsil sistemi sənayeləşmə dövründə xeyli inkişaf etmiş, həmin dövrün sosial sifarişini əsasən yerinə yetirə bilmişdir. Lakin bu təcrübə və yaradılmış elmi-pedaqoji baza informasiya cəmiyyətində az yararlıdır. Başqa sözlə, köhnə təcrübəyə və problemlərə yeni yanaşma gərəkdir. Digər tərəfdən təhsilin sənayeləşmə dövründən yığılıb qalan xeyli problemlərivar ki, informasiya cəmiyyəti şəraitində yeni formada təzahür edir. Ümumiyyətlə, müasir təhsildə xeyli mürəkkəb ziddiyətlər, paradokslar həlli çətin məsələlər var.

Elmin bir çox sahələrində son əsrdə ciddi inkişaf olsa da, insan şüuru, təfəkkürü və təlimi sahəsinin tədqiqində ciddi irəliləyişlər nəzərə çarpmır. Alimlər bu qənaətdədirlər ki,dünyada heç insan şüuru qədər yavaş templə dəyişmir. Bu gün texnologiyaların sürətli inkişafı fonunda insan şüurunun dəyişmə tempi çox zəifdir. Klassik pedaqogikanın, tədris metodikalarının yaxın keçmişdəki elmi tövsiyələri müasir informasiya-təhsil məkanında, dəftər-kitaba az meyilli olan, rəqəmsal düşüncəli yeni nəsl "indiqo" uşaqların təliminin təşkilində az səmərə verir. Belə vəziyyətdə müəllimlərin peşə fəaliyyəti xeyli mürəkkəbləşir. Başqa sözlə, köhnə təcrübə yeni şəraitdə faydasız olur, bəzən maneçilik də törədir. Yeni şərait yeni problemlər yaradır, yeni vəzifələr müəyyən edir yeni yanaşmalar tələb edir. Bu amillər təhsilin bütün pillələrində innovasiyaların yaradılması və tətbiqini zəruri edir. Ona görə də hər bir ölkənin təhsil islahatları innovasiyalara əsaslanmalı, gələcəyə yönəlməli və qabaqlayıcı xarakter daşımalıdır.

Belə bir fikir mövcuddur ki, İKT-nin inkişafı inqlabi xarakter daşıyır. BMT-nin qəbul etdiyi "Qlobal İnformasiya Cəmiyyətinin Okinava Xartiyasi" sənədində qeyd edilir: "İKT XXI əsrdə cəmiyyətin formalaşmasına təsir edən mühüm amillərdəndir. İKT insanların həyat tərzinə, təhsilinə, peşə fəaliyyətinə, hökümət və vətəndaş cəmiyyətinin qarşılıqlı münasıbətlərinə ciddi təsir edir. İKT dünya iqtisadi inkişafının mühüm stimuluna çevrilir. İKT hamının qarşısında inkişaf üçün böyük imkanlar açır".

İnformasiya cəmiyyəti qloballaşma prosesləri ilə də sıx əlaqəlidir. Bu gün bir çox dəyişikliklər qloballaşma fonunda baş verir. İqtisadi fəaliyyətin yeni mühiti-qlobal şəbəkə iqtisadiyyatı və elektron kommersiya xidmətləri sürətlə inkişaf edir. Distant əmək münasibətləri inkişaf edir. Belə şəraitdə bir çox ölkələr texnoloji inkişafı hədəf seçərək, az zaman kəsiyində intensiv sosial-iqtisadi inkişafa nail ola bilmişlər. Hələ 1997-ci ildə Dünya Bankının proqnoz ssenarisində qeyd edilirdi: "Təhsil islahatları, təhsil investisiyaları, yeni texnologiyalar yaxın gələcəkdə inkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafına güclü təkan verəcək. Rusiya, Çin, Hindistan, İndoneziya, Braziliya kimi ölkələr 2010-2015-ci illərdə dünya qlobal iqtisadiyyatında söz sahiblərinə çevriləcəklər". Biz bu proqnozun həyata keçməsinin artıq şahidiyik.

Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyası da xammala əsaslanan iqtisadiyyatdan yüksək texnologiyalara və innovasiyalara əsaslanan iqtisadiyyata keçidi nəzərdə tutur. Enerji resurslarının ixracından əldə edilən vəsaitlər qeyri-neft sektorunun formalaşmasına, insan kapitalının inkişafına yönəlir. Ölkəmizdə reallaşan "qara qızılı insan kapitalına çevirmək" siyasəti dünyanın müasir inkişafı meyillərinə uyğundur, çünki, bu gün hər hansı ölkənin zənginliyi onun insanlarının təhsil səvviyyəsi ilə ölçülür. Azərbaycan prezidenti, cənab İlham Əliyevin qeyd etdiyi kimi: "İnsan kapitalı inkişaf etmiş ölkələrin indiki durumunu müəyyən edən amildir. Həmin ölkələr təbii resurslar hesabına yox, intellektual potensiala, yeni texnologiyaların icad olunmasına, tətbiqinə görə inkişaf edirlər. Bizbu yolu seçməliyik". Göründüyü kimi, strateji kurs zamanın tələbinə tam uyğundur, indi onu reallaşdırmaq yolları tapılmalıdır. Bu yol ilk növbədə təhsilin inkişafından keçir.

Cəmiyyətin innovativ inkişaf ideyası bir çox ölkələrin inkişaf strategiyasının əsasını təşkil edir. Ölkənin innovativ inkişafı sənaye əsaslı iqtisadiyyatın biliyə əsaslanan iqtisadiyyata keçidini təmin edir. İnkişaf etmiş ölkələrdə ümumi daxili məhsulun artımının 80 faizini yeni texnologiya, avadanlıq və istehsalatın təşkili prosesində istifadə edilən innovasiyalar təşkil edir. Bu səbəblərdən müasir dünyada elm, təhsil, innovasiyalar bunların əsasında yaradılan elmtutumlu məhsullar iqtisadi inkişafın əsas amilləridir. XXI əsrdə elmi-texniki ideyalar, elmtutumlu məhsullar, yüksək texnologiyalar, kadrların intellektual və təhsil potensialı millətin, dövlətin rəqabətə davamlığını, onun innovasiya qabiliyyətini, dayanıqlı iqtisadi inkişafın əsasını təşkil edir. İnnovativ məhsulların bu gün dünya bazarında tutumu 2,5 trilyon dollardır. İnkişaf etmiş ölkələrdə innovasiyaların yaradılması və tətbiqi üçün hər il elmi-tədqiqatlara yüz milyardlarla dollar investisiya qoyulur. Təkcə ABŞ-da innovasiyaların yaradılması üçün elmi-tədqiqatlara hər il 148 milyard dollar investisiya qoyulur.

İnnovasiya amili informasiya cəmiyyətinə keçidin maraqlı bir xüsusiyyətini aşkar edir: bu gün daha çox elmi informasiya istehsal edən ölkələrlə yanaşı, bu informasiyadan səmərəli istifadə edən, onları praktikada operativ tətbiq edən ölkələr də intensiv inkişaf edir. Çin, Yaponiya, Cənubi Koreya və s. ölkələrin innovativ inkişafında bu amil aydın sezilir. Sənaye biznes üçün innovativ biliklərin, informasiyaların hansı regionda yaranmasının əhəmiyyəti yoxdur. Əsas bu ideyalardan tez səmərəli istifadə bacarığıdır. İnnovasiya yeni informasiyadan, elmi nailiyyətdən, ixtiradan pul qazanmaq, əqli əməyin məhsulunu bazarda sərfəli şəkildə sata bilmək qabiliyyətidir. Bu gün innovasiyalar internet vasitəsilə informasiyanın, intellektual tutumlu məhsulun elektron ticarəti olaraq, informasiya cəmiyyətində intellektual sahibkarlığın mühüm növü kimi qlobal fəaliyyət meydanına çevrilməkdədir.

 

 

Cəmaləddin Dostəli

 

Mövqe.-2010.-16 dekabr.- S.11.