"Kino
xoşbəxtlik bəxş eləmir"
Xalq artisti, tanınmış
kinorejissor Oqtay Mirqasımovun filmləri müxtəlif
festivallarda mükafatlar qazanıb. Ancaq
rejissor heç bir zaman ömrünü
həsr etdiyi bu sənət
haqqında "kino mənim həyatımdır"
deməyib. Bir çox
rejissorların yanaşmasından fərqli olaraq,
kino onun üçün əyləncə də deyil. Kino Oqtay
Mirqasımov üçün peşə
və məşğuliyyətdən savayı, həyatın
gerçəklərini anlatmaq, ziddiyyətlərini
analiz etmək və hisslərini ifadə
etmək üçün bir
vasitədir.
Təcrübəli
rejissor
- Məşhur rejissor Sergey Eyzenşteynin belə bir sözü var: "Kimisinə rejissor olmaq üçün 2 il, kimisinə 200 il vaxt lazım olur". Bəs "Mən kinoya rejissor kimi gəlmişəm" deyən Oqtay Mirqasımova özünü təsdiq etməyə nə qədər vaxt lazım olub?
- Bu suala cavab vermək mənimçün çətindir. Rejissorluq bir prosesdir, həyatdır. Bəzən mən özümü rejissor kimi hiss edirəm, bəzən isə daxilən uzaqlaşıram. Ona görə də rejissor olmaq üçün konkret meyarlar görmürəm. Yəqin ki, iqtisadçı olmaq üçün hansısa qanunları öyrənmək, hansısa cədvəlləri hafizədə yerləşdirmək, müəyyən təcrübə toplamaq lazımdır. Rejissor olmaq üçünsə hansısa əhval-ruhiyyə, kənardan bir təkan olmalıdır. Çox adam öz potensialına görə rejissordur. Ancaq onun həyatı elə olub ki, nə özü bunu dərk edib, nə də cəmiyyət onu rejissor kimi qəbul edib. Mən tələbələrimə də deyirəm ki, rejissor cəmiyyət qarşısında məsuliyyət hiss etməlidir. Rejissor donor olmalıdır, öz potensialını bəxş eləməlidir. Bəzən deyirəm ki, rejissor bir ensiklopediya deməkdir. Çünki təcrübədə zəngin biliklər ehtiyatı lazım olur. Bəzən deyirəm ki, rejissor fədakar olmalıdır. Mənim aləmimdə rejissorluq çoxşaxəli bir anlayışdır. Ona görə də rejissorluq üçün neçə il vaxt lazım olduğunu desək, yanılarıq. 16 yaşımdan kino ilə bağlıyam. Bu sənətin sirlərini bəlkə təzə-təzə kəşf edirəm və ya indiyə qədər kəşf eləməmişəm. Bəlkə də mənim işim qabaqdadır - bunu vaxt göstərəcək. Amma təcrübəli rejissor sayılıram.
- Müsahibələrinizin birində demisiniz ki, "Beynimdə, qəlbimdə elə filmlər var ki, onları reallaşdıra bilməmişəm". Sonuncu filminiz - "Günaydın, mələyim", ondan əvvəl çəkdiyiniz "Ovsunçu" və s. filmlərlə bu arzunuzu tam olmasa da, qismən reallaşdıra bildinizmi?
- Yox, reallaşdıra bilmədim. Həyatın praktiki tərəfi alına da bilər, alınmaya da. Vaxt olur ki, boş dayanıb nəyisə gözləyirsən. İndi də boşam. Əslində sanki işə başlamışam, amma müəyyən texniki və maliyyə problemləri, hələ ki, həll olunmayıb. Hər kəsin praktik olaraq boş dayandığı zamanı olur. Amma fikir dayanmır, ilham öz-özünə gəlir. Onun qarşısını ala bilməzsən. Bəzən elə olur ki, bir neçə gecə yuxusuz oluram. Çünki yeni ideya olanda bəzən balaca uşağa dönürəm. O, sənin bütün fikirlərinə sahib olur, onunla bacarmaq mümkün deyil. Elə ideyalar olur ki, onu reallaşdıra bilmirsən - o, müəyyən zaman bir arzu kimi yaşayır, xatirəyə dönür. Reallaşmağa iddialı olan ideyalar da az deyil.
- Onları reallaşdırmaq çoxmu çətindir?
- Mənim "Bilyard
oyunçusu" adlı
ssenarim var. Bir neçə il bundan əvvəl onu bir film kimi
düşünmüşəm. Hələ ki, reallaşmayıb. Amma povest şəklində Bakıda və Moskvada çapdan çıxıb. Mən özümü həm də bir az
ona görə xoşbəxt sayıram ki, yazıb-pozuram. Bu, böyük köməkdir.
Hazırda bir roman üzərində işləyirəm.
İlkin dövrdə
onu ssenari kimi düşünmüşdüm.
Mən yazdıqlarımı
film kimi görürəm,
amma sonra nəsr kimi yazıram.
Sonsuzluq...
- "Hansısa rejissor
desə ki, mən öz filmimdən tam razıyam, onun səmimiyyətinə
inanmayın"- bu, sizin sözlərinizdir. Elə isə "Günaydın, mələyim"
filminiz haqqında fikirlərinizlə tamaşaçı
rəyi üst-üstə
düşürmü, yoxsa
fərqlidir?
- Heç nə
demək mümkün
deyil. Çünki
film geniş tamaşaçı
auditoriyasında göstərilməyib.
Onun premyerası kiçik bir məkanda təşkil olunmuşdu. Sonra da bircə dəfə
televiziya ekranında göstərilib. Ona görə də ciddi bir söz
demək çətindir.
Rejissorun mövqeyi ilə tamaşaçı
rəyi heç zaman üst-üstə düşmür. Bir var valideyn məhəbbəti,
bir var müəllimin
həmin uşağa olan məhəbbəti. Və ya orduda
zabitin ona münasibəti - bunlar fərqlidir. Məhəbbətin
kəmiyyəti və
keyfiyyəti var. Filmin
baxışı Rusiyada,
Macarıstanda, Belarusda
keçirilib. Nəticələr
heç də pis deyil. Amma
mənim münasibətim
müəllif fikri olduğu üçün
danışmaq istəmirəm.
- "Filmlərimdə həyatın və insan ömrünün sonsuzluğunu göstərmək
istəyirəm". Filmləriniz
haqqında dediyiniz bu sözlər "dünya fanidir, heç nə sonsuz deyil" deyənlərə qarşı
üsyan deyil ki?
- Hər halda üsyan deyil. Ona görə ki, bədbin və ya məndən
fərqli düşünən
adamlara qarşı çıxmaq fikrində deyiləm. Sadəcə, öz sənətimlə bu böyük və rəngarəng xora öz səsimi
də əlavə edirəm. "Həyat, yaşam, məkan və zaman sonsuzdur"
deyən adamlar da az deyil.
Müqəddəs kitablarda
da "İnsan ruhu sonsuzdur. Ölümdən sonra həyat var. Nəsildən
sonra nəsil gəlir, boşluq deyil" kimi dəyərli fikirlər, tövsiyələr var. Ona
görə də fikirlərim üsyan deyil.
Kino ölməyəcək
- Rus rejissoru Andrey Konçalovskinin
"Kino ölüb, ancaq
özünü yalandan
sağ göstərir"
fikirləri çağdaş
kinonu səciyyələndirmək
baxımından pessimist səslənmirmi?
- Bilmirəm, kinonun
forması inkişaf, yoxsa cılızlaşma prosesidir? Bu bəlkə mutasiyadır? İnsanların
psixologiyası, mənəviyyatı,
düşünmək tərzi,
davranış və daxili senzura qaydaları dəyişir.
Bilmirəm, bunun qarşısını almaq,
yoxsa "palaza bürünüb ellə sürünmək" lazımdır.
İnkişaf spiralvari
formada gedir. Bəzən nəyisə itiririk, amma sonradan onun toxumu
yenidən cücərir.
Bu gözəl qanun mənimçün nikbinliyimin
mənbəyidir. Tarixə
nəzər salaq: kino yaranandan sonra bəzi sadəlövh adamlar bütün dünyaya bağırmağa başladılar
ki, teatr üçün kəfən
hazırlayın, teatr
məhv olacaq. Ancaq teatr nəinki
məhv olmadı, o, bəzi ifadələrində
kinonu üstələdi.
Teatrsız həyat yoxdur. Və yaxud televiziya yayılanda "kinoya yer yoxdur" dedilər. Amma kino öz qaydalarını,
üslublarını dəyişdi,
texniki baxımdan yeniliklər gətirdi. Biz
Azərbaycanda dirçəliş
prosesini görürük.
Düzdür, tamaşaçı
neçə illərdir
kinoteatrlardan üz döndərib, amma nə vaxtsa qayıdacaq. Qərbi Avropada, Türkiyədə
də belə böhran var idi - kinoyayımı dayanmışdı. Tələbələrimlə
görüşəndə deyirəm ki, kino işgəncədir, başağrısıdır, kino
insanı özünə
tabe edən sənətdir, özünüzə
daha ürəkaçan
peşə axtarın.
Amma kimsə dönüb getməyib. Onlar bu peşədə
qalmağa çalışırlar.
Əgər dünyanın
hər yerində gənclər bu peşəyə gəlirlərsə,
demək, kino ölməyəcək.
- Tələbələrinizə sənətlə bağlı
tövsiyələri verərkən
ehtiyat etmirsiniz ki, məsləhətlərinizi
qısqanclıq kimi qəbul edərlər?
- Mən hər kəslə münasibətimi
səmimiyyət üzərində
qururam. Bəzən öz zərərimə də səmimi oluram. Hesab edirəm
ki, yanılmaram. Mən xeyirxaham, tələbələrim də
bunu bilir. Tələbələri hər
şeydən əvvəl
bir vətəndaş
kimi sevirəm və sevdiyimdən də bunu deyirəm
ki, vaxtında özlərinə yol seçsinlər.
- Bu gün milli kinomuzda gənc nəsil var. Necə bilirsiniz, onlar kinomuza yenilik gətirə bilirlərmi?
- Yəqin ki, gətiririlər. Ancaq təəssüflər olsun
ki, yeni filmləri tək-tük hallarda görürəm. Hansına dəvət edirlərsə, ona da baxıram. Ancaq cavanlarla yaşlıların arasında
dialoq qurmaq məsələsi anlaşılmaz
dərəcədədir. Məsələn,
premyeralar keçirilir,
xəbər vermirlər.
Bəzi rejissorlar hətta filmlərində çəkdikləri aktyorları
da premyeraya dəvət eləmirlər.
Yəqin ki, bu məsələdə təşkilati işlər
yaxşı qurulmur. Onu da deyim
ki, yaradıcı şəxsin keyfiyyətli
işi yaşla müəyyənləşmir. İnqmar
Berqman kimi rejissor 80 yaşına qədər fəaliyyətdə
olub. Elə yeniyetmələr də var ki, həddən
artıq maraqlı filmlər ortaya çıxarırlar. Bir əsərindən görürsən
ki, bu insan
milli sərvətdir.
Normal cəmiyyətdə istedad
yaşla ölçülmür.
- Filmlərin çəkilişində
festivalda uğur qazanmaq son məqsəddir?
- Heç məqsəd
də deyil. Bəlkə kimin üçünsə mükafat,
orden, pul və s. qazanmaq məqsəddir. Ancaq mənim üçün məqsəd prosesdir, daxildəki ideyanı reallaşdırmaqdır. Son məqsədə
gələndə içində
boşluq hiss edirsən.
Bu, hər kəsdə
belədir.
Xoşbəxtliyin
ölçüsü
- "Kino mənim həyatımdır"
sözlərini içinizdə
pafos kimi səsləndirmirsiniz ki?
- Mən heç
vaxt deməmişəm
ki, kino mənim həyatımdır.
Kino bir "kapriz"dir.
Əyləncə də
olmasa, həyatın nə olduğunu anlatmaq, onun ziddiyyətləri haqqında
düşünmək və
hisslərini ifadə etmək üçün bir vasitədir. Kino həm də məşğuliyyətdir. Kino həyatın bir zərrəsidir. Mən hansısa prosesin köləsi ola bilərəmmi? Mən taleyə baş əyərəm, kinoya yox.
- Vaxtilə demisiniz
ki, "Romantik insanlar səadəti daha tez əldə
edirlər". Sizcə,
xoşbəxt rejissor romantik insandır?
- Xoşbəxtlik nə
ilə ölçülür?
Çəkdiyin filmlərin
sayı, yoxsa keyfiyyəti ilə? Aldığın mükafatların
sayı və ya dərəcəsi ilə? Bəlkə xoşbəxtlik keçirdiyin
həyatın təəssüratlarından
irəli gəlir? Bəlkə xoşbəxtlik
içində qarışmış
qüvvələrdən yaranır?
Məncə, xoşbəxtlik
əziz bir adamın üzündəki
təbəssüm, xeyirxah
bir əməl, yıxılan bir insana əl uzatmaq, kimsəsiz bir insana kömək
etməkdən yaranan hisslərdir. Kino mənim üçün həyatın
ziddiyyətləri haqqında
düşünmək və
hisslərini ifadə etmək üçün bir vasitədir. Kino xoşbəxtlik bəxş
eləmir. Bu, sadəcə,
peşə, məşğuliyyətdir.
Təranə
Mövqe.- 2010.- 17 iyul.- S. 13.