"Əkinçi"dən başlanan milli mətbuatımız... 135 illik şərəfli yolun başlanğıcı

 

  Birinci yazı

 

  Hər bir millətin, dövlətin inkişafında, formalaşmasında onun mətbuatının böyük rolu var. Bu gün qısa da olsa, Azərbaycan tarixinin parlaq bir səhifəsi olan - 22 iyul 1875-ci ildə təməli qoyulan, ilk sayı işıq üzü görən "Əkinçi"dən söhbət açmaq istəyirik. Düz, 135 il öncə Həsən bəy Zərdabi əhali arasında maarifçilik ideyalarının yayılması məqsədilə min bir çətinliklə, əziyyətlə bu yolun başlanğıcını qoydu. Bu böyük şərəfli yolun başlanğıcında isə Həsən bəy Zərdabinin o dövrün görkəmli Azərbaycan ziyalılarının misilsiz fədakarlığı mübarizəsi dayanırdı.

   Hələ o dövrdə Həsən bəy Zərdabi yazırdı: "Hər kəsi çağırıram - gəlmir, göstərirəm - görmür, deyirəm - qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın, necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də. Ələlxüsus doğru söz. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur.

   Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Sonra düşmənin düşmənliyi, dostun doğruluğudost göstərən doğru yolun doğru olması aşkar olar. "Əkinçi" nəşrə başladığı zaman Azərbaycan dilində cəmi bir neçə daşbasma yolu ilə buraxılan çap kitabı vardı. Bu kitabları da oxumaq, Mirzə Fətəli Axundovun təbirincə desək, dağ yarmaqdan daha çətin idi. "Əkinçi"nin taleyi ilk gündən faciəli oldu. Belə ki, Zərdabinin ideyaları hər addımda o dövrün sərt qaydaları ilə toqquşurdu. "Əkinçi" çar hakim dairələrinin müqavimətini qırmalı olur, onlarla mübarizəyə girir, tutarlı mühakimələrlə susdururdu.

   Həmin dövrün qaydaları, diktəsi çox çətin idi. "Əkinçi"nin hökumət mətbəəsində nəşri prosesində müxtəlif əngəllər yaranırdı. Hürufat çatmırdı, olanlar da köhnə idi. Bir çox nömrələrin çapını, korrektor işini də Zərdabi özü görməli olurdu. Qəzetə xəbər yazan müxbirlər də kifayət qədər deyildi. "Əkinçi" ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu. "Əkinçi" nin ilk sayından başlayaraq bu mətbu orqanda "Daxili xəbərlər", "Əkin və ziraət" xəbərləri, "Elmi xəbərlər", "Təzə xəbərlər" rubrikaları altında müxtəlif mövzularda yazılan məqalələr yer alırdı. "Əkinçi" qəzetində Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şerləri və Mirzə Fətəli Axundovun "Vəkili-naməlum-millət" imzası ilə məqalələri dərc olunurdu. Zərdabi yazırdı ki, "köməyimiz az olduğundan və kənar yerlər bir yana, Bakıda baş verən mühüm hadisələrdən də bəziləri bizə vaxtında gəlib çatmırdı. Xarici xəbərləri isə, rus, İran, türk, Orta Asiya qəzetlərindən götürməli olurduq".

   Müxtəlif dillərdə yazılan məqalə və xəbərləri isə Zərdabi özü Azərbaycan dilinə tərcümə edirdi. Şəkillərin verilməsində isə poliqrafik şərait olmadığından bu işi həyata keçirmək mümkün olmurdu. Zərdabi "Əkinçi" qəzetinin vəziyyəti barədə düzgün təsəvvür yaratmaq üçün Avropa mətbuatı, xüsusilə də Londonda çıxan "Tayms"la öz qəzetini müqayisə edirdi: "Dünyada hər qəzeti beş, ya on adam inşa edir: onu çap edən, hərfləri düzən, qələtlərini düzəldən başqa kəslər olur. Amma bu işlərin hamısını gərək mən özüm görüm... Ey bizlərə diqqət edənlər, bu qəzetin kəsrini görəndə gülməyin. Gülmək yeri deyil, siz ağlayın ki, biz müsəlmanın bircə qəzeti də basdırmağa adamı yoxdur".

   "Əkinçi" qəzetinin nəşrinə icazə məsələsi 7 ildən çox uzandı. Nəhayət, 1875-ci ildə Həsən bəyin "Əkinçi" qəzetinin nəşrinə icazə verildi. O zaman Bakıda müstəqil mətbəə açmaq çox çətin, mümkünsüz bir sayılırdı. Ona görə də Zərdabi Bakı quberniya mətbəəsindən istifadə etdi. Bu işdə gürcü qızı olan həyat yoldaşı Hənifə xanımın da mühüm xidmətləri olub. Qafqaz xalqlarına xüsusi hörməti olan Bakı qubernatoru Staroselski qəzetin nəşrinə yardım etdi. Qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də işıq üzü gördü. Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzetinin dəsti-xətti əsasən bir ideya üzərində qurulmuşdu. Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan bir sıra maarifpərvər, demokratik naşirlər Şərqin geriliyini, ətaləti həqiqi azadlığın olmamasında görürdülər. Onlar öz sözlərini dolayı yolla olsa belə, bu qəzet vasitəsi ilə xalqa çatdıra bilirdilər. O dövrdə xalqın başa düşəcəyi sadə dildə yazılan bu qəzetdə belə fikirlərin səslənməsi, təbii ki, Azərbaycanı əsarət altında saxlayan imperiya məmurlarını ciddi narahat edirdi. Bu kiçik formatlı, xüsusi nəşrin ilk sayını əlinə götürəndə Həsən bəy sevincdən göz yaşlarını saxlaya bilməyib. Özünün dediyi kimi, bu, onun həyatındakı ən xoşbəxt günlərdən biri idi.

   Təsadüfi deyil ki, o zaman Bakıya gələn bir fransız jurnalisti "Əkinçi"nin çap olunduğu şəraiti gördükdə Zərdabiyə-"Doğrusu, siz əsl qəhrəmansınız"-deyib. "Bizim Fransada belə bir yoxsul qəzet üçün işləmək istəyən tapmaq olmazdı. Sizin qüvvənizə heyrət edirəm. Belə məlum olur ki, Siz öz xalqınızı sevirsiniz". Çarizm milli mətbuatın təməlini qoymaq yolunda fədakarlıq göstərənlərin yolunu bağlamaq üçün bütün variantlardan istifadə edirdi. Çarpərəst polkovnik Əlibəy Əlixanov "Əkinçi"nin ana dilində ona göndərilən ilk sayını alıb, hiddətlə yazmışdı: "Təsəvvür edirəm, redaktorüçün bilmir ki, öz çarına sədaqətlə xidmət edən bir nökər hökumət tərəfindən buraxılmayan bir qəzeti oxumaz". Çarın yerli nümayəndələri Zərdabini hər addımda təqib edir, gözdən qoymur, onun haqqında hökumətə çoxlu məktublar göndərirdilər. Görkəmli maarifçi, təbiətşünas alim, milli mətbuatın banisi Həsən bəy Zərdabi Bakı quberniyası Göyçay qəzasının Zərdab kəndində anadan olub. Babası Rəhim bəy və atası Səlim bəy öz xeyriyyəçilik fəaliyyəti ilə tanınıblar. İlk təhsilini kənd molla məktəbində alan balaca Həsən sonra ali Şamaxı məktəbinə daxil olur. Sonralar Tiflis gimnaziyasını, Moskva universitetinin fizika-riaziyyat fakültəsinin təbiət şöbəsini uğurla bitirir. Universitet elmi sovetinin qərarı ilə ona təbiət elmləri namizədi adı verilir. Daha sonralar Zərdabi Tiflisdə torpaq palatasında, Bakı qəza idarəsində işləyir, Quba məhkəməsində katib, Bakı realnı gimnaziyasında müəllim kimi fəaliyyət göstərir. 1873-cü ildə Azərbaycan milli teatrının əsasının qoyulmasında xüsusi xidməti var. O, ictimai xadim kimi 10 il Bakı şəhər dumasının üzvü olub. Azərbaycan tarixinə isə adı milli mətbuatımızın banisi kimi yazıldı. Vaxtilə Mirzə Fətəli Axundov Mirzə Şəfi ilə birlikdə Azərbaycan mətbəəsi açmaq istədikdə hökumətdən yardım əvəzinə ironiya qarışıq hədə gördülər. Azərbaycan ziyalılarının ana dilində qəzet açmaq arzusunu isə məhz Zərdabi gerçəkləşdirdi.

   Təsadüfi deyil ki, "Əkinçi" nəşrə başlayandan az sonra Axundov onun ən fəal müəlliflərindən biri oldu. İlk mətbu orqan kimi "Əkinçi" öz əsas ideyasına uyğun olaraq incəsənət və ədəbiyyata aid yeni demokratik tələblər irəli sürürdü. Azərbaycanın böyük dramaturqu Nəcəf bəy Vəzirov köhnə şeirlərlə yanaşı, şairləri müasir həyatdan yazmağa, xalqı cəhalət və qəflət yuxusundan ayıltmağa, müasir ruhda tərbiyə etməyə çağırırdı. Bununla da Zərdabinin səsinə Azərbaycanın bir çox görkəmli, maarifpərvər insanları səs verirdi.Ümumiyyətlə, o dövrün ziyalıları üçün "Əkinçi"nin işıq üzü görməsi böyük hadisə idi.

   1875-ci il iyulun 22-də ilk sayı işıq üzü görən, 1877-ci ilin sentyabrınadək 56 nömrəsi nəşr olunan qəzet çar senzurası tərəfindən bağlanır. 1879-cu ildən Zərdabi doğma kəndi Zərdabda yaşamağa başladı. O, kənd təsərrüfatı sahəsində kəndlilərə yaxşı məsləhətlər verir, məqamı yetişəndə yerli əhaliyə öz maarifpərvər, demokratik ideyalarını da çatdırırdı. Bakıdan kənarda yaşamasına baxmayaraq, Zərdabi yenə də mətbuatda fəal iştirak edirdi. Belə ki, 1880-1890-cı illərdə onun Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi" və digər qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu məqalələri nəşr olunurdu. 1896-cı ildə Bakıya qayıdır və ömrünün sonuna kimi "Kaspi" qəzetinin əməkdaşı və müvəqqəti redaktoru işləyir. "Həyat", "Dəbistan" jurnalında yazılar dərc etdirir. Mirzə Ələkbər Sabirin sözləri ilə desək, iyirminci əsrin əvvəllərində "Əkinçi" "vəfat etsə" də, Azərbaycan ziyalılarının böyük əksəriyyətinin özünə "mənəvi ata" saydığı Həsən bəy Zərdabi sağ idi. O, yenə yazır, mübarizəsindən qalmırdı, "Əkinçi"nin gördüyü işi davam etdirirdi. Gərgin fəaliyyətlə məşğul olan, gecə-gündüz işləyən Zərdabi elə bunun nəticəsində iflic xəstəliyinə tutulur və 1907-ci il noyabrın 28-də vəfat edir.

   Düz, 135 ildir ki, "Əkinçi"dən başlayan Həsən bəy Zərdabinin saldığı bu yol davam edir. Fərq isə müqayisəolunmazdır. Bu gün Azərbaycanda qəzet açmaq, istədiyini yazmaq, demək nə qədər asandır. Hələ üstəlik dövlət tərəfindən mətbuata göstərilən böyük diqqət və qayğı. Unutmayaq ki, indi çox asan olan bu hamar yolu, düz, 135 il öncə min bir çətinliklə Həsən bəy Zərdabi və onun kimi vətənpərvər, görkəmli Azərbaycan ziyalıları salmışdı. Heç bir hədə-qorxudan, təzyiqdən çəkinmədən. Həsən bəy Zərdabi yazırdı: "Müsəlmanların düşmənləri ki, Staroselskinin vaxtında bir görə bilmirdilər, hər tərəfdən "Əkinçi"nin üstünə tökülüb onun bağlanmağına səy etdilər. Jandarma polkovnikinə hər gün məndən adsız danoslar göndərirdilər. Jandarma tərəfindən mənim üstümə qarovulçular qoyuldu. Onların birisi mənim rus qulluqçumun qardaşı adına gecələr mənzilimin içində yatırdı. Birisi də küçə qapısında durub mən hər tərəfə gedəndə məni aparıb-gətirirdi". Bu da o dövrün acısı da olsa, Həsən bəy Zərdabinin özünün yazdığı gerçəkliklər... Onu şükranlıqla anmaq isə hamımızın, xüsusilə də bizlərin - jurnalistlərin borcudur.

 

 

(Ardı gələn sayımızda)

    

A.Mənsumə

 

Mövqe.- 2010.- 20 iyul.- S. 4.