Azərbaycan mətbuata dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərən yeganə ölkədir

 

  Milli Mətbuatın 135 illik yubileyi əlamətdar hadisələrlə yadda qaldı

 

  Birinci yazı

 

  Azərbaycanda milli mətbuatın 135 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Lakin bu, mətbuatın yubileyi ilə bağlı ilk yox, yekun tədbir idi. Belə ki, prezident İlham Əliyevin iyunun 10-da imzaladığı "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına əsasən, tədbirlər planı təsdiq edildi. Sözügedən plana uyğun olaraq, təkcə paytaxtda deyil, Zərdab, Yevlax, Gəncə, Şəki, Lənkəran, Xaçmaz və Naxçıvanda konfranslar, müxtəlif mövzularda toplantılar, müsabiqələr təşkil edildi, mətbuat sahəsində çalışanlar mükafatlandırıldı. Azərbaycanda milli mətbuatın 135 illik yubileyinin təntənəli şəkildə qeyd olunması hələ uzun müddət biz jurnalistlərin yadından çıxmayacaq.

   Onu da qeyd edək ki, prezidentin 2005-2008-ci illərdə imzaladığı sərəncamlarla 300 nəfərə yaxın jurnalist prezident təqaüdünə, fəxri adlara layiq görülüb, orden və medallarla təltif olunublar. Dövlət başçısının digər sərəncamları ilə 2005-ci ildə 30 qəzet redaksiyasının hər birinə 2 min manat, 2008-ci ildə 38 mətbuat orqanının hər birinə 5 min manat, 2009-cu ildə isə 39 qəzet redaksiyasının hər birinə 10 min manat birdəfəlik maliyyə yardımı verilib. Bu sıraya ölkədə fəaliyyət göstərən informasiya agentlikləri də daxildir. 2008-ci ilin 31 iyulunda prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" təsdiq edilib. Konsepsiyada digər mühüm məsələlərlə yanaşı, kütləvi informasiya vasitələri sahəsində çalışınların sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

   İyulun 22-də isə "Gülüstan" sarayında Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr olunan təntənəli mərasim keçirildi. Tədbirdə Prezident Administrasiyasının rəsmiləri, millət vəkilləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Milli mətbuatın 135 illik yubileyi münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələrini təbrik edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev onlara fəaliyyətində uğurlar arzuladı. Qeyd etdi ki, prezident İlham Əliyevin sərəncamı ilə ölkənin şəhər və rayonlarında milli mətbuatın 135 illik yubileyi ilə bağlı tədbirlər keçirilir. Azərbaycan milli mətbuatının çətin, zəngin və şərəfli tarixinə nəzər salan Ramiz Mehdiyev bildirdi ki, 1875-ci ildə yaranan "Əkinçi" qəzeti ilk gündən millətin tərəqqisi yoluna işıq saldı. İkiillik fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları ətrafında cəmləşdirdi. Sonrakı illərdə Azərbaycanın görkəmli ziyalıları müxtəlif adlarda nəşr olunan qəzet və jurnallarla "Əkinçi"nin ideyalarını davam etdirdilər. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranandan sonra milli mətbuatımız müstəqilliyimizin inkişafı yolunda fəal iş apardı. Həmin dövrdə 129 qəzet və jurnal işıq üzü gördü. Söz, mətbuat azadlığını təmin edən hüquqi sənədlər qəbul olundu: "Azərbaycan milli mətbuatı çox çətin, eyni zamanda zəngin və şərəfli inkişaf yolu keçmişdir. 1875-ci ildə maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan "Əkinçi" qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları öz ətrafında birləşdirmiş, elm, maarif, mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc etmiş, xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparmış, dini mövhumata və cəhalətə qarşı kəskin çıxışlar etmişdir. Maarifçilik xüsusiyyətləri ilə seçilən bu qəzet milli mətbuatın müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlmişdir. Sonrakı illərdə görkəmli ziyalılarımız tərəfindən nəşr edilən "Ziya", "Kəşkül", "Şərqi-rus", "Həyat", "İrşad", "Füyuzat", "Təzə həyat", "Həqiqət", "Tərəqqi", "Molla Nəsrəddin" kimi qəzet və jurnallar məhz "Əkinçi"nin ideya xəttini və ənənələrini davam etdirmiş, ötən əsrin əvvəllərində vüsət alan milli oyanış və özünüdərk proseslərinə mühüm töhfələr vermişlər. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra milli mətbuat azadlıq ideyalarının inkişaf etdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi prosesinin fəal iştirakçısı olmuşdur. Həmin dövrdə söz və mətbuat azadlığını təsbit edən hüquqi sənədlər qəbul edilmiş, Üzeyir bəy və Ceyhun bəy Hacıbəylilərin rəhbərliyi ilə "Azərbaycan" qəzeti fəaliyyətə başlayıb".

   Sovet dövründə qəzet və jurnalların sayı artdı, mətbuatın coğrafiyası genişləndi. Ötən əsrin Sovet hakimiyyəti illərində mətbuat əsasən, kommunist dünyagörüşünü ifadə etmiş, ideoloji buxovlar və sərt senzura şəraitində fəaliyyət göstərmişdir: "Bununla yanaşı, həmin illərdə qəzet və jurnalların sayı artmış, teleradio jurnalistikası təşəkkül tapmış, mətbuatımızın coğrafiyası genişlənərək respublikanın həyatının bütün sahələrini əhatə etmişdir. Sovet hakimiyyəti illərində Azərbaycan mətbuatı xalqımızın zəngin milli ənənələrini qoruyub saxlaya bilmiş, öz səhifələrində ölkə həyatının bütün tərəflərini geniş işıqlandırmış, maarifçilik funksiyasını davam etdirərək respublikamızın ictimai-siyasi və mədəni həyatında baş verən hadisələrdən və proseslərdən kənarda qalmamışdır".

   Azərbaycan müstəqilliyini əldə etdikdən sonra isə ölkədə mətbuatın inkişafı, azad fikrin təminatı üçün mükəmməl hüquqi baza formalaşdı. Prezident sərəncamı ilə senzura aradan qaldırıldı və mətbuatın qarşısında yeni perspektivlər açıldı. 2003-cü ildə Azərbaycan Mətbuat Şurası yaradıldı. Qurumun maddi-texniki bazasının gücləndirilməsinə dair bir sıra tədbirlər görüldü. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib ki, 1993-cü ildə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizm, söz və mətbuat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırıldı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək, beynəlxalq standartlara uyğunlaşdırıldı. Azərbaycan prezidentinin 1998-ci il 6 avqust tarixli fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi, bununla da mətbuata tətbiq edilən senzura aradan qaldırıldı, milli mətbuatın inkişafı yolunda yeni perspektivlər açıldı. Bu siyasətin ardıcıllığını təmin etmək məqsədilə 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu və dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edildi.

   Prezident Administrasiyasının rəhbəri dedi ki, bu gün Azərbaycanda Heydər Əliyevin siyasəti və ənənələri uğurla davam etdirilir. Ölkədə güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan mətbuatın formalaşması və inkişafı dövlətin mətbuat siyasətinin əsas xəttini təşkil edir. Son illər mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalist əməyinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyası daha da genişləndi. Azərbaycan prezidenti İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı sərəncama əsasən, redaksiyaların "Azərbaycan" nəşriyyatına olan 400 min manat məbləğində borcu dövlət büdcəsindən ödənildi. Böyük inkişaf yolu keçən Azərbaycan mətbuatı özünün milli ənənəsini formalaşdırdı. Azad sözfikrin formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edən Prezident Administrasiyasının rəhbəri dedi ki, kütləvi informasiya vasitələrinin inkişafı, onların maddi-texniki bazasının, eyni zamanda, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi bu gün də dövlətin və prezident İlham Əliyevin diqqət mərkəzindədir.

   Hazırda ölkədə 4200-dən çox mətbuat orqanı qeydə alınıb. 36 gündəlik, 100 həftəlik, 80 aylıq mətbu nəşr işıq üzü görür. Azərbaycan hökuməti bundan sonra da mətbuatın inkişafı sahəsində üzərinə düşən vəzifəni yerinə yetirmək əzmindədir. 2010-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi konsepsiyası çərçivəsində bir sıra tədbirlər həyata keçiriləcək. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dövlət başçısı İlham Əliyevin Mətbuat Şurasının yeni binasının açılış mərasimində iştirak etdiyini və Şuranın İdarə Heyətinin üzvlərinə dövlət təltiflərini təqdim etdiyini dedi. Bildirdi ki, prezident İlham Əliyev imzaladığı sərəncamlarla kütləvi informasiya vasitələrinə maddi yardım ayırmış, mətbuat işçilərinin böyük bir qrupunu mükafatlandırmışdır.

   Prezident İlham Əliyevin milli mətbuatın 135 illik yubileyi ilə əlaqədar imzaladığı sərəncamlar Azərbaycanda dövlətin kütləvi informasiya vasitələrinə dəstək siyasətinin davam etdirildiyini göstərir. Prezidentin sərəncamı ilə jurnalistlərə yaşayış evlərinin tikintisi və mənzil-məişət məsələlərinin həlli üçün Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılıb. Digər sərəncamla 8 informasiya agentliyinin hər birinə 10 min manat, 32 qəzet redaksiyasının hər birinə isə 20 min manat məbləğində birdəfəlik yardım ayrılıb. Prezident sərəncamı ilə 92 nəfər fəxri adlara layiq görülüb, "Tərəqqi" medalı ilə təltif olunub. Onlardan 38 nəfər "Əməkdar jurnalist", 15 nəfər "Əməkdar mədəniyyət işçisi", 1 nəfər "Əməkdar mühəndis" adı alıb, 38 nəfərə isə "Tərəqqi" medalı verilib. Beləliklə, mətbuat işçiləri milli mətbuat gününü ikiqat bayram sevinci ilə qarşıladılar. Həmkarlarımız birmənalı olaraq deyirlər ki, Azərbaycan dünyada yeganə ölkədir ki, dövlət kütləvi informasiya vasitələrinin inkişafına bu dərəcədə diqqət və qayğı göstərir. Kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı sənədin isə dünyada analoqu yoxdur. Bütün bunlar, təbii ki, Azərbaycan prezidenti İlham Əliyevin kütləvi informasiya vasitələrinə, jurnalist peşəsinə verdiyi qiymətin çox yüksək və parlaq göstəricisidir.

 

 

(Ardı gələn sayımızda)

 

Ağanisə Sultanova

 

Mövqe.- 2010.- 29 iyul.- S. 4.