Azərbaycan mətbuata dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərən yeganə ölkədir

 

  Milli Mətbuatın 135 illik yubileyi əlamətdar hadisələrlə yadda qaldı

 

   Üçünçü yazı

   

   22 iyulda Azərbaycan milli mətbuatının, düz, yüz otuz beş yaşı tamam oldu. Yüz otuz beş il öncə milli mətbuatımızın banisi Həsən bəy Zərdabi "Əkinçi" qəzetinin əsasını qoyub. Əslində, dünya mətbuatının, daha doğrusu, dünya ölkələrinin mətbuat tarixinə diqqət çəksək, Azərbaycan mətbuatının tarixi ilə qürur hissi keçirməyə dəyər. Millət vəkili Jalə Əliyeva deyir ki, yüz otuz beş yaşlı "Əkinçi" dünyada işıq üzü görən ilk mətbu nəşrlər sırasındadır və bu illər ərzində Azərbaycan mətbuatı uzun və şərəfli bir yol keçib. Bu illər mətbuatımızın inkişafında yüksəliş dövrü olub.

   Sovet dövründə - totalitar rejimin senzura maşınının mövcud olduğu on illər boyu da Azərbaycan mətbuatı inkişaf edib desək, heç də yanılmarıq: "Düzdür, o dövrün reallıqlarını nəzərə alaraq jurnalistlər istədiklərini yaza bilməsələr də, Azərbaycan mətbuatı, jurnalistikası inkişaf edirdi. 1969-cu ilin 14 iyulunda ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra bütün sahələrə olduğu kimi, mətbuatın inkişafına da böyük diqqət və qayğı göstərdi. Onun böyük diqqəti və qayğısı nəticəsində Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atıldı. Həmin dövrdə Azərbaycanda nəşr olunan mətbu nəşrlər İttifaq miqyasında həm peşəkarlıq, həm də bütün parametrləri ilə fərqlənməyə başladı. Sovet rejiminin, belə deyək, meydan oxuduğu bir vaxtda Azərbaycan mətbuatında milli adət-ənənələr, tariximiz, mədəniyyətimiz, dilimiz haqqında yazılara geniş yer verildi. O zaman Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alan əlaçı tələbələr Moskva Dövlət Universitetində oxumağa göndərildilər".

   Millət vəkili Jalə Əliyeva bildirdi ki, nəticədə Azərbaycan jurnalistika məktəbi formalaşdı. Bütün bunlar isə respublikaya rəhbərlik edən Heydər Əliyevin xidmətləri idi. Azərbaycan müstəqillik qazandığı ilk illərdə isə bütün sahələrdə olduğu kimi, jurnalistika sahəsində, mətbuatda da bir qeyri-müəyyənlik hökm sürürdü: "Demək olar ki, Azərbaycan mətbuatı peşəkarlıqdan get-gedə uzaqlaşırdı. Bunun əvəzində, min təəssüflər ki, mətbuat hədyan yazıların, cızmaqaraların, təhqir və söyüşlərin meydanına çevrilmişdi. Həmin dövrdə baş verən hadisələr fonunda adamların diqqətini çəkmək üçün daha çox həqiqətdən çox-çox uzaq olan sensasiyalara yer ayırırdılar. Yalnız ümummilli lider Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışından sonra Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Artıq müstəqil Azərbaycanın müstəqil mətbuatı görünməyə başlayırdı desək, daha doğru olar".

   Jalə Əliyeva əlavə etdi ki, 1998-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda senzuranın ləğv olunması bütün dünyanın diqqətini çəkən bir hadisəyə çevrildi. Azərbaycan azad sözün, azad mətbuatın ünvanına çevrildi. Təəssüf ki, bu azadlıqdan sui-istifadə edənlər də çox oldu. Yəqin ki, bütün dünyada Azərbaycanda olduğu qədər azad mətbuat yoxdur. Bunun üçün sadəcə dünya mətbuatını nəzərdən keçirmək yetər. Jurnalistlər istədiklərini, düşündüklərini azad yazırlar. Düzdür, bu gün bəzi üzdəniraq qəzetlər də var ki, səhifələdikcə adam xəcalət çəkir, əsəbləri tarıma çəkilir. Düşünürsən ki, həmin jurnalist (əgər belələrinə jurnalist demək mümkündürsə...) özü də bilə-bilə ki, hansısa maraqlar naminə yalan, böhtan yazır, heç az da olsa, vicdan əzabı çəkirmi və yaxud səriştəsiz, Azərbaycan dilinin hətta orfaqrafiya qaydalarından xəbərsiz yazılara rast gələndə, əlbəttə ki, təəssüflənməmək mümkün deyil. Axı bugünkü yazılar (hansı çap məhsulu olursa-olsun) sabahkı yazılı mətbuat tariximizdir. Gəlin, bunu unutmayaq.

   Ancaq yüz otuz beş yaşlı milli mətbuatımızın daha çox uğurlarından söhbət açmaq yerinə düşərdi. Daim mətbuata, jurnalistlərə böyük qayğı ilə yanaşan prezident Heydər Əliyev bir sıra qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarını dondurdusonra da ləğv etdi. Bu isə illərdən bəri böyük borclar içərisində boğulan qəzetlər üçün əsl sürpriz, hədiyyə oldu. 2003-cü ildə ümummilli liderimiz Heydər Əliyevin Çingiz Mustafayev Fondu tərəfindən "Jurnalistlərin dostu" adına layiq görülməsi bir daha təsdiq etdi ki, o, doğrudan da, jurnalistlərin, mətbuatın dostudur. Ümummilli liderimizöz çıxışlarında dəfələrlə mətbuatın dostu olduğunu bəyan etmişdi. Onun xarici ölkələrə səfərləri, müsahibələri zamanı jurnalistlərlə səmimi münasibəti, söhbətləri hamıya məlum idi. Təsadüfi deyil ki, ümummilli liderimizin vəfatı xəbəri milyonlarla Azərbaycan vətəndaşı kimi çoxsaylı jurnalistləri də sarsıtdı. Onlar həm Azərbaycan xalqının böyük xilaskarını, dövlət başçısını, həm də jurnalistlərin ən yaxın dostunu itirmişdilər. Bəli, Heydər Əliyev varlığı həm də təməlini Həsən bəy Zərdabinin qoyduğu Azərbaycan mətbuatını yenidən var etdi. Artıq bu ölkədə jurnalistlərə fəaliyyət göstərmək üçün hər cür imkan və şərait yaradılmışdı. Qalırdı onların vicdanlarının səsinə qulaq asıb, qələmlərinə hörmət etmələri...

   2005-ci ilin 21 iyul günü - milli mətbuatın 130 illik yubileyi ərəfəsində isə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə ölkə mətbuatının bir qrup nümayəndələrinə fəxri adlar verildi. 2010-cu il milli mətbuatın 135 illik yubileyi isə Azərbaycan mətbuat tarixinin qızıl səhifəsinə çevrildi: "Möhtərəm prezidentimiz İlham Əliyevin milli mətbuatın 135 illik yubileyi ilə əlaqədar imzaladığı sərəncamlar Azərbaycanda dövlətin kütləvi informasiya vasitələrinə dəstək siyasətinin davam etdirildiyini göstərir. Prezidentin sərəncamı ilə jurnalistlərə yaşayış evlərinin tikintisi və mənzil-məişət məsələlərinin həlli üçün Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılması, digər sərəncamla 8 informasiya agentliyinin hər birinə 10 min manat, 32 qəzet redaksiyasının hər birinə isə 20 min manat məbləğində birdəfəlik yardım ayrılması, Prezident sərəncamı ilə 92 nəfərin fəxri adlara layiq görülməsi, "Tərəqqi" medalı ilə təltif olunması möhtərəm prezidentimiz İlham Əliyevin media mənsublarımıza göstərdiyi böyük diqqət və qayğıdan irəli gəlir".

   Bu gün Azərbaycan mətbuatının həm də beynəlxalq mətbuatda öz layiqli yeri var desək, yanılmarıq. Eyni zamanda, dünya kütləvi informasiya vasitələri də Azərbaycanın inkişafını diqqətlə izləyir və ölkəmizlə bağlı davamlı olaraq yazılar dərc edirlər. Milli mətbuatımızın yüz otuz beşinci ildönümündə cəsarətlə demək olar ki, bu illər mətbuatımızın inkişafında yüksəliş dövrü olub. Demokratiyanın bərqərar olmasında azad mətbuat önəmli rol oynayıb. Bu gün də mətbuatımız demokratik proseslərin inkişafında önəmli rol oynamaqdadır. İnformasiya artıq insanlar və cəmiyyət üçün ən əhəmiyyətli faktora çevrilib. Təbii ki, mövcud olan informasiya ehtiyaclarının ödənilməsinin əsas forması isə mətbuatdır. Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunub. Bunun üçün vacib olan bütün xətlər mövcuddur. Azərbaycan mətbuatı bölgədə ən inkişaf etmiş güclü mətbuat kimi səciyyələndirilə bilər. Əlbəttə ki, mətbuatın daha da inkişafı üçün ilk növbədə onun siyasiləşməsi tədricən aradan qaldırılmalı, mətbuatda təmərküzləşmə təmin olunmalıdır. Bu proses mətbuatın daha da inkişafına gətirib çıxarcaq. Çünki qəzet adına layiq olmayanlar bağlandıqda və ya fəaliyyətində hansısa problem yarandıqda, bu, məsələ önə çıxarılır və həqiqi mətbuatın problemləri arxa plana keçir. Hər hansı divar qəzetinin bağlanması söz və mətbuat azadlığının boğulması kimi qələmə verilir. Hazırda kompyuter texnologiyaları və internet informasiyaları sayəsində istənilən məlumatın insanlara çatdırılmasının qarşısını almaq mümkün deyil. Ona görə də hansısa qəzetin bağlanmasını hökumətin ayağına yazmaq olmaz.

   Milli mətbuat gününün sevincini yaşadığımız bu günlərdə ölkəmizdə söz, fikir və mətbuat azadlığının təmin olunmasında yuxarıda qeyd etdiyimiz kimi, ulu öndərimiz Heydər Əliyevin müstəsna xidmətlərini bir daha yada salmaq hamımızın borcudur. Ölkəmizdə milli mətbuatımızın inkişafı məhz ümummilli liderimiz Heydər Əliyevin bu istiqamətdə apardığı siyasətlə bağlıdır. Azərbaycan xalqının xilaskar oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin atdığı ən böyük addımlardan biri də 1999-cu ildə "Kütləvi İnformasiya Vasitələri haqqında" Qanunu imzalaması oldubu sənədlə Azərbaycanda mətbuatın dövlət qeydiyyatı ləğv olunduyeni mətbuat orqanlarının təsis olunması proseduru xeyli asanlaşdırıldı. Daha sonra "2000-2001-ci illərdə Kütləvi İnformasiya Vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı"nın 2000-ci il martın 6-da prezident Heydər Əliyev tərəfindən təsdiq edilməsi ilə mətbuatın daha da inkişaf etdirilməsi üçün əlverişli şərait yaradıldı. Həmin proqramda jurnalist kadrları hazırlayan təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, kütləvi informasiya vasitələrinin istehsal və yayımla bağlı problemlərinin həll olunmasından ötrü əlaqələndirmə şurasının yaradılması və başqa mühüm məsələlərin həlli irəli sürülürdü. 2001-ci il dekabrın 18-də Prezident sarayında ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşən dövlət başçısı Heydər Əliyev demişdir: "Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi. Əgər bu gün hansısa yeni bir şey varsa, biz onu edirik və edəcəyik".

   2002-ci il mayın 11-də ulu öndər Heydər Əliyev "Kütləvi İnformasiya Vasitələri haqqında" Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında fərman verdi. Həmin il iyulun 25-də isə Azərbaycan Prezidenti Heydər Əliyev prezident sarayında Bakı Mətbuat Klubunun təsisçilərini qəbul etdi. Bu görüşdə ümummilli lider Heydər Əliyevlə jurnalistlər arasında ölkə mətbuatının bu günü və gələcəyi barədə söhbət aparıldı, mövcud problemlər təhlil edildi. Görüşdə prezident Heydər Əliyev mətbuata dövlət tərəfindən lazımi köməklik göstəriləcəyini bildirmişdi. Onu da xüsusi qeyd etmək lazımdır ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu layiqincə və ləyaqətlə davam etdirən prezident İlham Əliyev də bu gün mətbuata böyük diqqət və qayğı göstərir.

   Elə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da bu diqqət və qayğının nəticəsidir. Təbii ki, sözügedən fondun yaradılması Azərbaycan jurnalistikasının daha da inkişaf etdirilməsində bir təkan olacaq. Artıq fond qısa zaman kəsiyində medianın inkişafı istiqamətində çox mühüm addımlar atıb və önəmli tədbirlər həyata keçirib.

   

 

Ağanisə Sultanova

 

Mövqe.- 2010.- 31 iyul.- S. 4.