"Kino mənzilini dəyişib"
Onun kinoya
öz baxışı, öz yanaşması var.
Ömrünün 35 ildən çoxunu kinoya həsr edən
Xalq artisti Rasim Balayevin kinematoqrafiya ilə bağlı söhbətlərində
həmişə bir nostalji hiss olunur. Bu,
onun yaşıdı olan kino adamları kimi içində
yaşatdığı xiffətdir - kinomuzun intibah
dövrünün xiffəti. Bununla belə,
aktyor ümidini də üzmür. Baxımlı
filmlərin çəkiləcəyinə,
tamaşaçı kütləsinin kinoteatrlara axınına,
zamanın öz sənətkarını yetişdirəcəyinə...
inanır. Aktyorla Milli Kino bayramı ərəfəsində
söhbətimizdə özünüz də bunun şahidi
olacaqsınız.
Deməzdim
ki, kino ölür
- Məşhur rus
rejissoru Andrey Kançalovskinin belə bir fikri var: "Kino
ölüb, ancaq özünü yalandan sağ göstərir".
Bu
pessimist fikirlə razısınızmı?
- Fikir mübadiləsi bəzən insanın əhval-ruhiyyəsindən
də asılı olur. Hərdən mənim özümdə
də elə fikirlər oyanır: "Daha bəsdir, neylədin,
elədin". Amma hərdən də fikirləşirəm,
yox, nə qədər ki, canım salamatdır, çəkilmək
lazımdır. Kinomuzun 100 ildən çox tarixi var.
Düzdür, müəyyən dövr olur ki, bəzi şeylər
qabağa keçir, kino arxada qalır. Ola bilsin ki, o təsir
qüvvəsi, tamaşaçıya təsir imkanları əvvəlki
kimi deyil. Əvvəllər yay və qış
kinoteatrları insanlarla dolu olardı. Tamaşaçılar
bütün filmləri əzbər bilirdi. Amma bu gün çox
filmlər çəkilir, tamaşaçılar isə ondan xəbərsizdir.
Bu gün televiziyadan
seriallara baxırlar. Kinoteatrlara gedən yoxdur. Kino mənzilini
dəyişib. Filmlər əvvəl
kinoteatrlarda göstərilirdisə, indi bu missiyanı efir,
disklər, kasetlər yerinə yetirir.
Bilmirəm, bu,
zamanın, dövrün tələbidirmi? Amma
bütün bunlara baxmayaraq, mən kinonun ölməsi fikri ilə
razı deyiləm. Bu sənət bir şəkildən
başqa bir şəklə düşə bilər. Teatrda da bu cür hallar baş verib. Məsələn, 30-50-ci illərdə oynanılan
tamaşalar tamaşaçıya başqa cür təsir
edirdi. İnsanlar teatrdan hansı əhval-ruhiyyə
ilə çıxırdılar. Ancaq bu
gün tamaşalar həminki effekti vermir. Deməli,
teatrda da bir islahat lazımdır. Rusiya teatrlarında bu
yeniliklər hiss olunur və bu tamaşaçıları cəlb
edir. Ancaq bizim teatrlarda o cür islahatları
apara bilmirlər. Ona görə də
insanlar teatra getmir. Ya formada, ya da məzmunda
tamaşaçının qəbul edə biləcəyi
yeniliklər olmalıdır. İnkişaf
gedir, ancaq görünür, sənət bir qədər geri
qalır. Gərək sənət öndə
olsun. Ona görə də mən deməzdim
ki, kino ölür. Ola bilsin ki, o xəstələnir,
zəifləyir, özünü yaxşı hiss etmir, amma
özünə gələndə sözünü deyə
bilir. Kino öz funksiyasını
dayandırmayıb, davam edir.
İki həyat
- Müsahibələrinizin
birində demisiniz ki: "Bu gün kinoda mənim istədiklərim
yoxdur". Sizin istədikləriniz nədir ki?
- Mənim istədiyim
gözəl əsərlər və dolğun obrazlardır. Ancaq bu gün təqdim olunan əsərləri
oxuyuram, elə bir dolğunluq yoxdur.
- "Əgər
bu gün kinoya gəlsəydim, heç bir uğur qazana bilməzdim".
Bu fikirləriniz çox ümidsiz səslənmirmi?
- Doğrudan da, bu gün
mən kinoya gəlib mənasız, simasız çəkilən
filmlərdə özümü göstərə bilməzdim.
Mən elə əsərlərdə çəkildim
ki, orada tamam başqa ab-hava vardı. Bu
gün isə həmin ab-hava yoxdur. Hesab
edin ki, bu gün 22-23 yaşım var və mən kinoya gəlmişəm.
Elə bir əsər yoxdur ki, mən orada
çəkiləm və həmin filmlə də Azərbaycana
səs düşə. Ona görə də
fikirləşirəm ki, bu gün sənətə gəlsəydim,
elə də diqqət cəlb edən sənət adamı
olmazdım.
- Bu gün çəkilən
filmlərin məhdud tamaşaçı auditoriyasının
olması onların kinoteatrlarda nümayiş olunmaması ilə
bağlıdır?
- O filmlərin heç məhdud
bir tamaşaçı auditoriyası da yoxdur. Filmlər
çəkilir və 5-6 nəfər o filmi qəbul edib rəfə
qoyur. Arabir kimsə təşəbbüs göstərib
1-2 dəfə televiziyaya çıxmasına nail olur. Ancaq geniş tamaşaçı kütləsinin o
filmlərdən xəbəri olmur. İndi
tamaşaçılarda da fərq var. Əgər
tamaşaçı bu gün maraqlanmırsa, qəhrəmanların
ekran həlli onlara maraqlı deyilsə, neyləmək olar?
Bu gün tamaşaçı üçün
bunun fərqi yoxdur. Bütün bunların
dərin sosioloji tədqiqatlara ehtiyacı var. Mən bu sahədə
mütəxəssis olmadığım üçün dəqiq
bir söz deyə bilmirəm. Məncə,
insanların durumu, həyat tərzi, psixoloji yaşamı -
bütün bunlar böyük önəm daşıyır.
Ona görə də filmlər çəkilir və
ən yaxşı film olsa belə, tamaşaçının
marağına səbəb olmur. Araşdırmaq
lazımdır ki, bu qədər pullar sərf edilir. Ancaq tamaşaçı filmləri sevmirsə, onda
bu filmləri nə üçün çəkirlər?
- Son illər çəkilən
"Hökmdarın taleyi", "Cavad xan", "40-cı
qapı" və s. filmlər kinematoqrafik nöqteyi-nəzərdən
sizi qane edirmi? Bu filmlərin bəziləri
müəyyən festivallarda mükafatlar da qazanıb.
- Ola bilsin ki, festivalda
hansısa mükafatı qazanırlar. Bu təqdirəlayiqdir.
Ancaq bizim elə filmlərimiz olub ki, o, hadisəyə
çevrilib. Tamaşaçılar bu
günə qədər həmin filmlərdən
danışırlar. O nəsil ki həmin filmlərlə
böyüyüb, onlar o kinolarla yaşayıblar. Uğur o olur ki, film tamaşaçı qəlbinə
yol tapsın. Mən festivalda hansısa bir
roluma görə mükafat ala bilərəm. Amma ümumi film tamaşaçının qəlbinə
yol tapmalıdır. Bu gün isə
tamaşaçı ilə əlaqə yoxdur.
Əvəzolunmaz
adam
- Siz Rasim
Ocaqovun bir neçə filmlərində çəkilmisiniz.
Rasim Ocaqovun rejissor dəst-xəttinə
uyğunlaşmaq sizin üçün rahat idimi?
- Rasim
Ocaqov Azərbaycanın ən görkəmli rejissorlarından
biridir. O, milli kino tarixində öz dəsti-xətti
olan, yaratdığı əsərlərlə uzun müddət
Azərbaycan tamaşaçısının qəlbində
yaşayan sənətkardır. Rasim Ocaqov çox ciddi,
intizamlı, ədalətli adam idi. Azərbaycanın bir neçə ustad sənətkarları
olub, mən deyərdim ki, onların içərisində əsil
vətəndaş sənətkarlardan biri də Rasim Ocaqov idi.
Çox xoşbəxtəm ki, onun 4 filmində
çəkilmişəm. Rollarımın
bəzisi əsas, bəzisi isə epizodik rollar olub. Rasim Ocaqov kinonu dərindən bilən, sevən bir sənətkar
idi. Aramızda yaş fərqinə
baxmayaraq, onunla dostluğumuz da var idi. Hələ lap ilk dəfədən,
o, operator kimi məni "Ömrün ilk
günü" filminə çəkib. Ondan
sonra Rasim Ocaqova "Qatır Məmməd" filmini verdilər,
mən də orada çəkildim. O vaxtdan biz dostluq
edirdik və axırıncı illərdə də bir yerdə
işləyirdik. Rasim Ocaqov axır illər Azərbaycan
kinosunun xiffətini edirdi.
- Rasim Ocaqovun belə bir
fikri var idi: "Kino insanları tərbiyə edə bilməz,
yalnız onlara emosional təsir göstərə bilər".
Bu
fikrə münasibətinizi bilmək maraqlı olardı.
- Rasim Ocaqov elə bir adam olub ki, öz fikirlərində
haqlı idi. Düzdür, insanları kino ilə tərbiyə
etmək bir az absurddur. Amma kino ilə müəyyən hadisələri
göstərib, filmlərdəki süjet xəttilə insanlara
müəyyən bir ibrət dərsi vermək
mümkündür və bu olub. Vaxtilə kompyuter, internet olmayanda biz əsas
filmlərə baxır, çoxlu kitablar oxuyurduq. İnsanın
formalaşmasında bu amillərin müəyyən rolu var.
İpə-sapa yatmayan bir uşağı götürüb
kino ilə tərbiyə etmək mümkün deyil. Tərbiyə, nizam-intizam çox incə şeydir.
Bu, insanın qanında, genində
olmalıdır. Amma sənət əsəri,
belə deyək hər hansı bir kino, sənət, musiqinin
gözəlliyi insanda müəyyən bir xoş əhval-ruhiyyə
oyadıb onu xeyirxahlığa, düşünməyə,
müəyyən gözəl hisslər vermək qabiliyyətinə
malikdir. Bir adamı kinoya göndərib, onun tərbiyəli
adam kimi zaldan çıxmasına inanmaq, əlbəttə
ki, mümkün deyil.
- Sizcə, bugünkü
kinematoqrafiyada Rasim Ocaqov kimi rejissorlar yetişirmi?
- Rasim
Ocaqov kimi olmaq qətiyyən mümkün deyil. Qabaq belə
bir söz vardı - əvəzolunmaz adam
yoxdur. Əvəzolunmaz adam var. Rasim Ocaqovun
özünəməxsusluğu, öz
dünyagörüşü, öz baxışı, öz
düşüncə tərzi vardı. Yəni
bundan sonra Rasim Ocaqov olmayacaq. İndi gənclərin
hansının istetdadlı, hansının istedadsız
olduğunu bilmirəm. Hələlik,
adamın gözünə qabarıq dəyən adamları
görə bilmirəm. Amma, yəqin ki,
yetişməlidir. Çünki
qanunauyğunluq var - zaman öz sənətkarını
yetişdirir. Ola bilsin ki, bəzən müəyyən sənət
növlərində bir az durğunluq olur,
obyektiv və subyektiv səbəblər üzündən bir
az tənəzzül baş verir. Bu da, yəqin
ki, müvəqqətidir. Tarixdə belə
hallar baş verir. İncəsənətin
bütün növlərində bu cür hadisələrə
rast gəlmək mümkündür. Məsələn,
bir neçə il bundan əvvəl
muğam sənəti ölkəmizdə arxa plana
keçmişdi. Bildiyiniz kimi, indi muğam sənətinə
yüksək diqqət və qayğı göstərilir.
İstedadların yetişməsi
üçün şərait yaradılır. Bu çox amillərlə bağlıdır. Mən inanıram ki, zaman öz sənətkarını
yetişdiriəcək. Ancaq bütün
hallarda Rasim Ocaqov olmaq mümkün deyil.
- Siz heç
öz-özünüzə "Kino mənim həyatımdır"
deyirsiniz?
- Yox... Mənim
öz şəxsi həyatım var. Kino da həyatımın
bir hissəsidir. 1973-cü ildən kino aləmindəyəm.
Təbii ki, bu illərdə öz şəxsi həyatımla
bərabər başqa adamların da həyatını
yaşamışam. Elə vaxt olub ki, bir
ildə üç filmə çəkilmişəm -
ayrı-ayrı adamların həyatını oynamışam.
Ona görə də həmişə deyirəm ki, mən həm
şəxsi həyatımı, həm də
oynadığım obrazların həyatını
yaşamışam...
Təranə
Mövqe.-
2010.- 31 iyul.- S. 13.