Azərbaycan alimlərinin informasiya texnologiyaları sahəsindəki nailiyyətləri yüksək qiymətləndirilib

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Koreya İnformasiya Texnologiyaları Beynəlxalq Tədqiqat Mərkəzi ilə birgə keçerilən "İKT-nin aktual problemləri" mövzusuna həsr olunmuş I Elmi Seminarda Azərbaycan alimləri ilə yanaşı, Cənubi Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ci Han, Koreya Milli Mühəndislik Akademiyasının üzvü, doktor Conq Li, Pro DVD şirkətinin prezidenti David Hu, ElektronikaTelekommunikasiya Araşdırmalar Mərkəzinin mühəndisi, doktor Tae Vun Kang, Yunitek şirkətinin rəhbəri Hunmin Li və başqaları iştirak etmişlər.

WWW. IKT.AZ saytının məlumatına görə, tədbirdən əvvəl qonaqlar AMEA İTİ-nin Tədris-İnnovasiya Mərkəzində mütəxəssislər tərəfindən aparılan innovativ İT tədrisi ilə tanış olmuş və Azərbaycanda İT sahəsində ixtisaslaşmış, ən yeni texnologiyalarla təchiz olunmuş və bu sahədə inkişaf etmiş elmi potensialı özündə cəmləşdirən nüfuzlu elmi müəssisənin mövcudluğunu yüksək qiymətləndirmişlər.

Qonaqlar Cənubi Koreyada biometrik texnologiyalar sahəsində akademik tədqiqatların bir neçə universitetin tədqiqatçılarını birləşdirən Biometrik Texnologiyalar üzrə Tədqiqat Mərkəzində (Yonsey Universiteti) və ayrı-ayrı universitetlərin tədqiqat laboratoriyalarında cəmləşdiyi qeyd etmiş, onların elmi və texniki potensialı, aparılan elmi tədqiqatların istiqamətləri, əldə edilən nəticələr, biometrik texnologiyalar sahəsində elmi tədqiqatların və kommersiya sistemlərinin gələcək inkişaf meylləri və birgə əməkdaşlıq üçün qarşılıqlı maraq doğuran digər mövzulardan danışmışlar.

Koreyalı alim və mütəxəssislərə AMEA İTİ-də aparılmış tədqiqat işlərinin nəticələri: dünya təcrübəsinin öyrənilməsi, monitorinqin nəticələrinə əsasən elmin informasiyalaşdırılmasının tənzimlənməsi, hüquqi-normativ bazanın, kommunikasiya-şəbəkə infrastrukturunun təkmilləşdirilməsi və inkişaf etdirilməsi - maddi-texniki bazanın təminatı, elmi təşkilatların daxili kompyuter şəbəkələrinin (lokal, korporativ, intranet) yaradılması və sürətli İnternet çıxışının təminatı, ElmNet korporativ şəbəkəsinin yaradılması, onun təhsil müəssisələri və beynəlxalq elmi şəbəkələrlə inteqrasiyasının həyata keçirilməsi haqqında məlumat verilmişdir. Eyni zamanda müxtəlif təyinatlı informasiya resurslarının yaradılması, elmi sahələr üzrə onlayn mühit əsasında yeni elmi münasibətlərin (virtual elmi laboratoriyalar, kollektivlər və s.) qurulması, beynəlxalq elmi qurumlarla qarşılıqlı əlaqələrin təşkili, elmi informasiya fəzalarının (e-kitabxanalar, e-elm portalı və saytlar, e-nəşrlər, açıq e-arxiv, kadrlar bazası və s.) formalaşdırılması, böyük hesablamainformasiya resursları tələb edən məsələlərin həlli üçün superkompyuter və GRİD-texnologiyaları əsasında hesablama mühitlərinin yaradılması, elmin kommersiyalaşdırılması məsələlərinin həlli, elmi kadrların müasir İKT sahəsində maarifləndirilməsi və texniki-proqram vasitələrinə xidmətin təşkili üçün kadr hazırlığı ilə bağlı açıqlama verilmiş, ölkəmizdə informasiya cəmiyyətinin formalaşmasında yaxından iştirak edən AMEA İTİ-nin qarşısında duran vəzifələr, əməkdaşlıq əlaqələrindən söhbət açılmışdır.

Seminarın açılış mərasimində giriş sözü söyləyən institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliqliyev Azərbaycanda biliklər iqtisadiyyatının formalaşmasının dövlətin prioritet istiqamətlərindən olduğunu, 2007-ci ildə Azərbaycan prezidenti cənab İlham Əliyevin Cənubi Koreyaya səfərinin Azərbaycanda biliklər iqtisadiyyatının formalaşmasında böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Azərbaycanla Cənubi Koreya arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirən alim İKT sahəsində də birgə layihələrin həyata keçirildiyinibu layihələrdə AMEA-nın müvafiq institutlarının, o cümlədən İTİ-nin yaxından iştirak etdiyini bildirdir: "Birgə elmi araşdırmaların həyata keçirilməsi beynəlxalq təcrübədən bəhrələnmək baxımından əhəmiyyətlidir. Ölkəmizdə informasiya cəmiyyətinin formalaşması istiqamətində biliklər iqtisadiyyatının bərqərar olmasında informasiya texnologiyaları sahəsində böyük nüfuza malik Koreya mütəxəssislərinin təcrübəsindən bəhrələnmək zəruridir".

Cənubi Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ci Han açılış mərasimindəki çıxışında Cənubi Koreyada ilk dəfə İKT sahəsində əsas uğurlara 1990-cı illərdə imza atıldığını söyləmiş, hazırda onun ölkəsində sürətli İnternet infrastrukturunun yaradıldığını, İnternet istifadəçilərinin sayının artdığını vurğulamışdır. Cənubi Koreyanın İKT sahəsində yüksək inkişaf səviyyəsinə nail olduğunu bildirən səfir Azərbaycanda formalaşan informasiya cəmiyyəti istiqamətində həyata keçirilən məqsədyönlü tədbirləri, Azərbaycanın İKT siyasətini yüksək qiymətləndirmişdir. Səfir İKT sahəsində Cənubi Koreyanın Azərbaycanla əməkdaşlıq əlaqələrinin genişləndiyini və bunun hər iki ölkə üçün faydalı olduğunu qeyd etmiş, İKT-nin aktual problemlərinə həsr olunmuş, Azərbaycan və Cənubi Koreyanın bu sahədə tanınmış alim və mütəxəssislərini bir araya gətirən seminarın İKT sahəsində növbəti əməkdaşlıq əlaqələrinin inkişafına təkan verdiyini bildirmişdir.

Seminarda professor Rasim Əliquliyev "AMEA İnformasiya Texnologiyalari İnstitutu: nailiyyətlər, vəzifələr və perspektivlər" mövzusunda məruzə ilə çıxış edərək institutun kadr potensialı, əsas fəaliyyət istiqamətləri olan elmi-tədqiqat, elmi-innovasiya, tədris-innovasiya fəaliyyəti, multimedia, kompyuter, web-xidmətləri və s. haqqında geniş məlumat vermiş,institutun elmi-innovasiya fəaliyyətinin respublikanın prezidenti cənab İlham Əliyevin 4 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"ndan irəli gələn vəzifələr əsasında qurulduğunu vurğulamışdır.

Natiq AMEF, AMEA və ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondu (MTİF) tərəfindən maliyyələşdirilən "Biometrik texnologiyaların təhlükəsizliyinin qiymətləndirilməsi və test edilməsi" qrant layihəsinin yerinə yetirildiyini ayrıca qeyd etmişdir. O, biometrik texnologiyalar üzrə ixtisaslaşan Almaniyanın "Mühlbauer", Ukraynanın "EDAPS", Polşanın "Polish Security Printing Works" şirkətlərilə əlaqələrin qurulduğunu bildirərək dövlət orqanları nümayəndələri üçün "Biometrik eyniləşdirmə sistemi: mövcud vəziyyət, problemlər və həllər" mövzusunda elmi-praktiki seminarin təşkil edildiyini söyləmişdir. Professor R.Əliquliyev IEEE Certified Biometrics Professional TM (CBP) test proqramı üzrə Azərbaycanda rəsmi test mərkəzinin təsdiqlənməsi istiqamətində işlər aparıldığını, Torpaq və Xəritəçəkmə Komitəsinin "Torpaq-kadastr" korporativ informasiya sisteminin layihəsinə dair təkliflər verildiyini bildirmişdir.

Dövlət Radiotezliklər İdarəsində ISC Telecom (ATDI, Fransa) proqram təminatı əsasında hazırlanmış sistemə, həmçinin TELERADİO İstehsalat Birliyində müqavilə üzrə yaradılmış "Avtomatlaşdırılmış İşçi Yerləri" sisteminə müəlliflik nəzarətinin həyata keçirildiyini qeyd edən alim "Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifarişi ilə "Layihələrin qeydiyyatı" informasiya-axtarış sistemi, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTac) üçün "Kadrlar" Korporativ İnformasiya Sistemi yaradıldığını diqqətə çatdırmışdır.

Rasim Əliquliyev qeyd etmişdir ki, AzəriQaz QSC ilə birgə (SMART-kart tipli sayğaclar) layihə üçün təkliflər işlənilmiş, həmçinin təşkilatla bağlanmış "Təbii qazın istehlakçılarının qeydiyyatı və satışının uçotu sisteminin yenidən qurulması" üzrə müqavilənin şərtlərinə müvafiq olaraq sənədlər toplusu hazırlanmış, Azərbaycan Respublikası "Adlar və soyadlar" Dövlət İnformasiya Sisteminin konsepsiyası təklif olunmuşdur".

Seminarda Koreya Milli Mühəndislik Akademiyasının üzvü doktor Conq Li "Koreyanın elmi və texnoloji inkişafı üçün informasiya texnologiyaları siyasəti" adlı məruzəsində Koreyada elm və texnologiya sahəsi üzrə aparılan elmi tədqiqatlar, Koreyanın informasiya texnologiyaları üzrə siyasəti və uğurları, bu sahədə Azərbaycanla əməkdaşlıq əlaqələri, milli tədqiqatın prinsipləri, elmi və texnoloji kadrlar üçün etik normalar, informasiya texnologiyalarının inkişafına zəmin yaradan Koreya mədəniyyəti haqqında məlumat vermiş, müasir dövrdə İKT-nin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək Azərbaycanın gələcək inkişafı üçün önəmli olduğunu qeyd etmişdir.

"AMEA İnformasiya Texnologiyaları İnstitutunda reallaşdırılmış GİS layihələri" məruzəsi ilə çıxış edən institutun şöbə müdiri, texnika elmləri namizədi Qəzənfər Orucov 1994-cü ildən etibarən institutun GİS texnologiyaları, eləcə də elementlərinin tətbiq olunduğu bir sıra layihələrin həyata keçirildiyini nəzərə çatdırmış, 1994-1996-cı illərdə Hərbi Hava Qüvvələrinin sifarişi ilə həyata keçirilən uçuşa dair informasiyaların operativ emalı sistemini özündə ehtiva edən "QARTAL" layihəsi haqqında söhbət açaraq layihədə uçan aparatın hərəkət trayektoriyasının hesablandığını və respublika ərazisinin xəritəsi fonunda əks etdirildiyini bildirmişdir.

Onu da qeyd edək ki, GİS texnologiyaları elementlərinin praktikada tətbiqi ölkəmizdə ilk dəfə olaraq məhz sözügedən layihə çərçivəsində həyata keçirilmişdir. Hava Hücumundan Müdafiə Qüvvələrinin sifarişi ilə həyata keçirilən "Yarasa" layihəsi haqqında da məlumat verən Q.Orucov layihə çərçivəsində hava hədəfləri koordinatlarının ərazinin coğrafi xəritəsi ilə uzlaşdırılması probleminin həll olunduğunu vurğulamışdır. Alim, həmçinin müvafiq təşkilatların sifarişi ilə 1999, 2004-2006, 2007-2008-ci illərdə həyata keçirilmiş "X-PANORAMA", "DALĞA", "EFİR" və "ATLAS" layihələri haqqında da geniş məlumat vermişdir.

Qeyd etmək lazımdır ki, bu layihələrdə Yer səthinin relyef xəritəsinin vektor formasında, ESRI (Environmertal System Research Institutes) şirkətinin GİS proqram təminatlarından, əhatə zonasının təyin olunması məqsədi ilə ərazinin relyef xəritəsindən istifadə olunmuş, yerüstü radarların əhatə zonalarının təyin olunması məqsədi ilə kompyuter modeli işlənmiş, radio dalğalarının əhatə zonalarının modelləşdirilməsi sistemi, respublika ərazisində, qonşu ölkələrlə həmsərhəd zonalarda teleradio siqnallarının yayımının kompyuter modeli işlənmiş, eləcə də ölkənin əsas yaşayış məntəqələrinin xəritələrinin elektron bazası yaradılmışdır.

"Yeni nəsil şəbəkələri" adlı məruzə ilə çıxış edən doktor Tae Vun Kang yeni nəsil şəbəkələrinin texniki aspektləri, metodoloji baxımdan əhəmiyyətindən danışmışdır. Yeni nəsil şəbəkələrinin tele-rabitə xidmətlərini və çoxsahəli yayımı həyata keçirə bilən keyfiyyətli daşınma texnologiyaları xidmətlərini təmin edən şəbəkə kimi əhəmiyyətli olduğunu vurğulamış, sözügedən şəbəkələrin paketləşməyə əsaslanan daşınma, daşıyıcılar arasında nəzarət funksiyaları, nəqliyyat təminatı xidməti, geniş çeşidli xidmət, tətbiq və mexanizmlərin dəstəklənməsi, keyfiyyətli xidmət və şəffaf yayım imkanları kimi əsas aspektlərlə xarakterizə olunduğunu qeyd etmişdir.

AMEA İTİ-nin şöbə müdiri, texnika elmləri namizədi Yadigar İmamverdiyev "Biometrik texnologiyalar sahəsində elmi-tədqiqatların vəziyyəti" adlı məruzəsində Azərbaycanda və Cənubi Koreyada biometrik texnologiyalar sahəsində elmi tədqiqatların vəziyyəti və aktual problemləri ilə bağlı aparılan araşdırmaların nəticələri, biometrik texnologiyaların meydana gəlməsi və praktikada tətbiqi haqqında danışmışdır. O, ölkə prezidenti cənab İlham Əliyevin 13 fevral 2007-ci il tarixli sərəncamı ilə qəbul olunmuş milli biometrik identifikasiya sisteminin yaradılması üzrə Dövlət Proqramının bu sahədə sistemli elmi tədqiqatlara istiqamət verdiyini vurğulamış, proqram çərçivəsində müvafiq orqanlarla yanaşı AMEA İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilmiş vəzifələr və onların icrası barədə məlumat vermişdir.

Natiq AMEA İTİ-nin 2008-2009-cu illərdə San-Xose Dövlət Universiteti ilə birgə elmi-tədqiqat layihəsi çərçivəsində biometrik texnologiyaların təhlükəsizliyinin qiymətləndirilməsi sahəsində əldə edilmiş elmi nəticələri diqqətə çatdırmış, biometrik texnologiyalar sahəsində institutda aparılan elmi tədqiqat işləri, bu sahədə ixtisaslaşan aparıcı elmi-tədqiqat mərkəzləri və eləcə də bir sıra şirkətlərlə əməkdaşlıq əlaqələrindən danışmışdır.

Biometrik texnologiyalar, elektron pasportlar və digər ID-sənədlər (identification-şəxsiyyəti təsdiq edən sənəd) mövzusunda müxtəlif kütləvi informasiya vasitələrində aparılmış maarifləndirmə işləri haqqında danışan alim, bir sıra dövlət müəssisələri üçün həyata keçirilmiş elmi-praktiki məsləhət və tədris xidmətləri, ölkəmizdə biometrik eyniləşdirmə sisteminin yaradılması istiqamətində iştirak edən bir sıra dövlət təşkilatları nümayəndələri üçün keçirilmiş "Biometrik eyniləşdirmə sistemi: mövcud vəziyyət, problemlər və həllər" mövzusunda elmi-praktiki seminarda müzakirə edilmiş məsələlər haqqında söhbət açmışdır.

Şirkət rəhbəri Hunmin Li "Əməliyyat səhvlərinin aşkarlanması və analiz sistemi" məruzəsi ilə çıxış edərək layihənin mahiyyəti, əsas məqsədi, sistemin strukturu, əsas funksiyası haqqında danışmış, layihənin əsas məqsədinin təyyarə ilə uçuş zamanı pilotun yaranan müxtəlif qəza amillərinin dəqiq analiz etmək bacarığını nəzərdən keçirmək, aşkarlamaq, baş verə biləcək qəza amillərini üzə çıxarmaq, təhlil etmək və qarşısını almaqdan ibarət olduğunu vurğulamış, layihənin pilotların təlimi, uçuş əməliyyatlarının təkmilləşdirilməsi, səhvlərin aşkar edilməsi və təhlil sistemini tətbiq etməklə uçuş keyfiyyətinin artırılmasında önəmli olduğunu söyləmişdir.

Rəhbərlik etdiyi şirkətin yaranma tarixi və fəaliyyəti haqqında məlumat verən David Hu isə informasiya və saxlama texnologiyasının növləri, Pro DVD-nin unikal texnoloji portfeli, üstünlükləri, demo məhsulu, Daşkənd R&D ofis təcrübəsindən danışmışdır. "Azərbaycan Respublikasında elektron elm: mövcud vəziyyət, problemlər və inkişaf perspektivləri" mövzusunda məruzə ilə çıxış edən institutun şöbə müdiri Təhmasib Fətəliyev ölkəmizdə informasiya cəmiyyətinin qurulması prosesinin bütün strateji sahələri əhatə etdiyini vurğulamış, Azərbaycan Milli Elmlər Akademiyasında həyata keçirilən aktual "E-elm" layihəsi çərçivəsində planlaşdırılmış və mərhələlərlə reallaşdırılan işlər haqqında məlumat vermişdir.

O, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə etməklə elmi fəaliyyətin müasir tələblərə uyğun qurulması və inkişaf etdirilməsi, elmi idarəetmənin təkmilləşdirilməsi, milli elmi informasiya fəzasının formalaşdırılması istiqamətində "e-elm" layihəsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd etmiş, layihənin elmi təşkilatların, kollektivlərin və alimlərin qarşılıqlı əlaqəsi, elmi idarəetmənin və tədqiqat işlərinin səmərəliyinin yüksəldilməsi, elmin bütün sahələrinin müasir dünya standartları səviyyəsində inkişaf etdirilməsinə və dünya elmi məkanına inteqrasiyasına nail olmaq məqsədi daşıdığını vurğulamışdır.

Elmi seminarın sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində rəy və təkliflər bildirilmişdir.

 

Cəmaləddin Dostəli

 

Mövqe.- 2010.-19 noyabr.- S. 10-11.