"Mənə bir kətan, rəng, bir də fırça verin"

 

"Dağ çayı"nın coşub çağladığı, "Külək"lərinin haray çəkdiyi, "Muğan söyüdləri"nin baş-başa qaldığı, "Yaz çiçəkləri"nin "Laləli düzlərdə" "Yaşıl xalı" sərdiyi, "Sərv ağacları"nın həzin sükuta büründüyü bu dünya gözəldi. "Xəzər üzərində axşam şəfəqləri", "Kür üzərində qürub" görünəndə, "Mavi qayalar", "Qırmızı dağlar" könül oxşayanda bu gözəlliklər sirli bir möcüzəyə dönür. Bu gözəllikləri görmək, duymaq üçünsə rəssam gözü ilə baxmaq lazımdır. Səttar Bəhlulzadənin əsərləri bu görüntülərin kətan üzərində donub qalan əksidir.

Tanrı onu qeyri-adi bir insan ömrü yaşamaq üçün göndərmişdi bu dünyaya. Gəlmişdi ki, yatmış duyğuları oyatsın, ruhumuzla həmsöhbət olsun. Ruhu əbədi olaraq yaratdığı əsərlərə köçən dahi rəssam Səttar Bəhlulzadənin bütün həyatı, can atdığı dünya idi rənglər aləmi. Özünü bu sirli-sehrli aləmdə tapmışdı. Bu yol onun öz yolu oldu - Səttar Bəhlulzadə yolu. Onun fırçasından həqiqət də, yalan da libasdan, örtüdən çıxıb çılpaq kətan üzərinə süzülürdü. Hər cür riyadan, qərəzdən uzaq. Bu fırçadan yalan yağa bilmirdi.

Səttar ömür yolunda tanrıdan qismətini "Mənə bir kətan, rəng, bir də fırça verin" - deyə istəyirdi. Bu istəyi də təsadüfi deyildi. Doğulub, boya-başa çatdığı Abşeronun sərt təbiəti uşaqkən ruhuna təsir etmiş, doğma Xəzərin sahilə doğru çırpınan mavi ləpələrinin hicran dolu müdhiş və aramsız harmoniyasının yaratdığı simfoniya laylası olmuşdu onun. Bilmirdi ki, uşaqlıq dünyasının qeyri-adi marağı sonralar aqibətinə də qeyri-adilik yazacaq, təmənnasız, iddiasız, fəqət çoxlarından fərqli olan sadə bir ömür yaşayacaq...

 

Əsl milli rəssam

 

Səttar ömrü boyu bacısının ailəsi ilə birgə yaşamışdı. Bacısı oğlu Rafael Abdinov dayısının bütün ömrünün onun gözləri önündə keçdiyini xatırlayaraq danışır ki, müharibənin dəhşətli günlərində başsız qalan ailələrini Səttar qanadı altına alıb. Onlara doğma atadan da artıq qayğı göstərib. Qayğılara başı qatıldığından, bir də sənət dünyasına baş vurduğundan öz həyatını da unudub, ömrü boyu ailə qurmayıb. Rafael müəllim ilk dəfə olaraq Səttarın gündəliyindən söhbət açır. Ərəb əlifbası ilə yazılan gündəlikdə Səttar Bəhlulzadə başına gələnləri - yaxşını da, pisi də bircə-bircə yazıb. Bu gündəliklərin hamısı sənət əsəridir əslində. Çünki az qala hər qeydin, hər cızma-qaranın yanında Səttarın çəkdiyi şəkillər, illüstrasiyalar var.

Səttarın fırçasının öz qanunları vardı. O, əslində çəkdiklərində bütün rəssamlıq qanunlarını pozurdu. Tablolarına ruhunu, canını həkk edirdi. O, əsl milli rəssam idi. Bizim rəssamların çoxu onu qəbul edə bilmirdi, bəzisi heç onu başa düşmürdü. Səttar isə adi bir mənzərədə elə bir gözəllik tapıb görə bilirdi ki, o incəliyi görmək başqalarına nəsib olmurdu. İndi Səttar üslubunda işləyən, onu təqlid edənlər çoxdur, amma Səttar kimi çəkmək, o səviyyədə işləmək hər adamın işi deyil. Moskvada təhsil alarkən yay aylarında təcrübə məşğələləri keçmək üçün Krıma gedərdilər. O, burada təbiətin qoynunda ilk dəfə yaradıcılıq yolunu müəyyən edir. Onların təcrübə məşğələlərinə rəhbərlik edən görkəmli rəssam Q.M.Şeqal Səttarın "jivopis" sahəsində uğurlarını qeyd edərək ona gələcəkdə məhz bu sahədə yaradıcılıq axtarışlarını davam etdirməyi məsləhət görür.

Səttar öz üslubunda elə təbiətdən bəhrələnirdi. Dünya rəssamlıq tarixində onun qədər təbiətlə təmasda olan ikinci rəssam tapmaq çətindir. Ana təbiətin əsrarəngiz gözəlliyinə qarşı onun qəlbində ecazkar bir eşq qaynayırdı. Təbiət mənzərələrini çəkməkdən zövq alar və bu anda da özü sanki təbiətin bir parçasına çevrilərdi. Yaratdığı tablolarda bəzən sevinc içərisində lirik bir kədər, kədər içərisində isə təbiətin gözəlliyini büruzə verən həyat eşqi duyulardı. Bəlkə də təsvirində sözün aciz olduğu məqamları yaratmaq gücü vardı. O, təbiəti öyrənmək üçün Azərbaycanı qarış-qarış gəzir, səyahətlər zamanı dizi üstündə çəkdiyi eskiz və etüdlərdən sonralar böyük tablolar yaradırdı. Səttar Azərbaycanın dağlarından, çaylarından yığdığı qəribə daşları gətirib emalatxananın bir küncünə tökürdü. Sonra bir neçə balaca budaq kəsib qoyurdu onların arasına. Daşlardan da bəzilərinin üstünə şam düzürdü. Bir də görürdün alatoranlıqda dizlərinə dirsəklənib, şamları da yandırıb. Beləcə yanan şamları seyr edirdi. Deyərdi ki, o dağlardan gələn daşların üstündə mənim şamlarım necə qərib-qərib yanır. O, qəlbən də tənha idi. Tez-tez Füzulinin "Mən bikəsi bixaniman" sözlərini təkrarlayırdı.

Səttar xaraktercə mürəkkəb adam idi. Qapalı idi - hissini, emosiyasını gizlətməyi bacarırdı. Amma bəzən elə məqamlar olurdu ki, üzü işıqlanır, onda Füzulidən, Sabirdən şer deyirdi. Səttar bir qədər küsəyən idi. Öz çəkisini, yerini bildiyinə görə, həmişə xüsusi qayğı, münasibət tələb edirdi. 1958-ci ildə rəssamların binası tikiləndə Səttara da ev verdilər. Mənzil birinci mərtəbədə olduğu üçün orada cəmi 2-3 ay yaşadı. Onun küsəyənliyi evə görə deyildi, sadəcə qayğı istəyirdi. O, əliaçıq adam idi. Dəniz kənarında ona verilən evi Tahir Salahovun evi olmadığı üçün ona bağışlamışdı. Səttar yaltaqlığı sevməz, yalanı bağışlamazdı. O, sifarişlə işləməyi də xoşlamırdı. Novruz bayramının qadağan olduğu vaxtlarda - 1974-cü ildə "Xonça" əsərini çəkmişdi. Bu xüsusiyyətlərinə görə onu sevməyənlər, gözü götürməyənlər də çox idi. O, ömrü-boyu haqsızlıqlar görmüş, lakin taleyin acı sınağı, zərbələri sındırmamışdı onu. Bu, çəlimsiz, zəif vücudda bütün mərhumiyyətlərə dözəcək bir qüvvənin varlığına inanmaq da çətin idi.

 

"Deyəcəklər ki, nə yaradıb"

 

Səttarın Quba təbiətindən bəhs edən "Qudyalçay vadisi" mənzərəsi Zaqafqaziya respublikalarının rəssamlıq sərgisində böyük uğurla nümayiş etdirilir. 1957-ci ildə Praqada "Sovet təsviri incəsənəti" sərgisində seyrçilər, sənətşünaslar bu tabloya yüksək qiymət verirlər. Bir dəfə Çexoslovakiyadan gələn rəssamların arasında bir filosof da vardı. O, bizim sənətçilərin hər cizgisində, hər işində Şərqi axtarır, xüsusi ovqatları tuta bilirdi. Filosof təsadüfən Səttarın emalatxanasında onun qrafikasını görərək yaman bəyənir. Qayıdandan sonra məktub yazaraq Praqada Səttarın qrafikasından ibarət sərgi təşkil etmək istədiyini bildirir. Səttar getmək istəmir. Səyahət etmək onun şakəri olsa da, rəsmi səfərlər heç ürəyincə deyildi. Səttarı çox çətinliklə yola gətirib, razı salırlar. Bir çətinlik də Səttarın əyin-başına görə ortaya çıxır. Çünki o, heç vaxt üst-başına fikir verən adam olmamışdı. Elə səfərlər üçünsə əməlli-başlı formada olmaq lazım idi - sovet rəssamlarını xaricdə təmsil etmək az-az ələ düşürdü. Səttarı yola gətirdikdən sonra Rəssamlar İttifaqının hesabına ona yaxşı əyin-baş alır və Toğrul Nərimanbəyovu da onunla birgə sərgiyə göndərirlər.

Onun nimdaş geyiminə nəzər salanlar: "Niyə özünə fikir vermirsən"-deyə soruşduqda, "Məni pal-paltar maraqlandırmır, məndən sonra deməyəcəklər ki, nə yeyib, nə geyib. Deyəcəklər ki, nə yaradıb" - cavabını verərdi.Elə adam tapılmazdı ki, Səttarla münasibətdə olsun və heç olmasa onun bir rəsminə sahib durmasın. R.Abdinov onun həmişə və hər kəs üçün qapısı açıq olan emalatxanasına uşağın da, böyüyün də, sənət adamı olanın da, olmayanın da baş çəkdiyini söyləyir. Kimliyindən asılı olmayaraq hamını eyni mehribanlıqla qarşılayarmış. "Səttar əsərlərinin çoxunu pay verərdi, elə-belə, təmənnasız. Onun 450-dən çox əsərləri əllərdədir. İndi Bakı evlərini gəzən olsa, kim bilir, Səttarın nə qədər əsəri ortaya çıxar. Səttarın 2 minə yaxın hazır əsəri vardı. Deyirdi ki, mənim əsərlərim əllərdə gəzdikcə, evləri bəzədikcə sənət ömrü yaşayacaq, onu qoruyacaqlar.

Səttar Sovet dövründə yeganə adam idi ki, dövlət mükafatından imtina eləmişdi. 3 il o mükafata sahib durmadı. Nə qədər adam göndərdilər minnətə, inadından dönmədi ki, dönmədi. Bu hərəkəti ilə Sovet ideologiyasını rədd elədi. Ancaq sonra MK-nın birinci katibi işləyən Heydər Əliyev onu qəbuluna çağırdı. Tapşırıq verdi ki, onun əsərlərini alsınlar, lazım olan köməyi göstərsinlər. Bundan sonra Səttarın vəziyyəti nisbətən yaxşılaşdı. Amma artıq ömrünün axırları idi. Yenə də heç olmasa bu görüş axır günlərində ürəyinə vurulan yaralara məlhəm oldu".

1994-cü ildə Səttarın 85 illik yubileyinin keçirilməsi ilə əlaqədar Heydər Əliyevin fərmanına uyğun olaraq Amerikada, BMT-nin binasında diplomatlar və xarici qonaqlar üçün rəssamın sərgisi böyük uğurla keçib. R.Abdinov danışır ki, dayısının sərgilərini Türkiyə və Londonda, 1996-cı ildə isə Almaniya kanslerinin dəvəti ilə Bonnda təşkil edib.

Səttar Bəhlulzadə dünyasını dəyişəndə Fəxri Xiyabanda dəfn olunması barədə hökumət qərar verib. Ancaq Səttarın vəsiyyətinə əməl olunaraq, həmişə xəyalında xoş bir xatirə kimi yaşatdığı doğma kəndində - Əmircanda dəfn olunub. Bir ildən sonra isə Xalq rəssamı Ömər Eldarovun eskizi əsasında rəssamın Sankt-Peterburqda hazırlanan heykəli məzarı üstə qoyulub. İndi uzaq-uzaq məmləkətlərdən onu yad eləmək üçün Əmircana gələnlər var.

 

 

Təranə

 

Mövqe.- 2010.- 16 oktyabr.- S.13.