"Mən
yaradıcı aşığam"
Dastanlarımızı,
bayatılarımızı atasının və dövrünün sayılıb-seçilən
aşıqlarının ağzından qopan
musiqi sədaları altında lap uşaqlıqdan eşidib.
Nəğmələşən şeirlərin, sözlərin
qüdrətini hiss edib.
Bu işığın qəlbinə
düşən şüalarını sənət eşqinə
çevrilərək o da
aşıq olmağı düşünüb.
Uşaqlıq illəri çoxdan xatirələr
dünyasına köçüb.
Aşıq Ulduz Quluyevanın
yaddaşında qalan isə o dövrün
sazlı-sözlü mühiti, sənətə
olan məhəbbətdir. O özü də illərdən bəri
aşıq sənətinin yaşaması, çiçəklənməsi
uğrunda fədakarlıqla
çalışır.
Mübarizələrdən
keçdik
-
Siz Asəf Zeynallı adına musiqi məktəbinin muğam
sinfini bitirmisiniz. Bəs
niyə bu gün xanəndə
kimi yox, aşıq kimi tanınırsınız?
-
Mən 10 il Dövlət Filarmoniyasında işləmişəm.
Ən görkəmli sənətkarlarla səhnəyə
çıxmışam. Yaqub Məmmədov,
Əbülfət Əliyev, Tükəzban İsmayılova kimi sənətkarlarla muğam
dəsgahları oxumuşam. Hər bir insanın öz
bünövrəsi var. Hər insana da Tanrı tərəfindən
bir vergi verilir. Mən Gədəbəydə doğulmuşam. Bütün
nəslim aşıqlardır. Mən bu gün aşıqlığıma görə
nəslimə-kökümə minnətdaram. Gözümü
açıb başımın üzərində atamın
sazını görmüşəm. Evimizə Göyçə
mahalından aşıqlar gəlirdi, məclislər qurulur, dastan gecələri
keçirilirdi. Atamın sənəti mənim
qanıma hopub, mən ondan
bəhrələnmişəm.
1967-ci ildə Azərbaycan Televiziyasının solisti
olmuşam. Bir gün televiziyanın
"Klassik irsimizdən"
verilişində Əzizə
Cəfərzadə çəkilişdə
olarkən "niyə
atan kimi aşıq deyilsən?"-deyə soruşdu. O zaman sazı əldə gəzdirmək
o qədər də dəbdə deyildi. Bu sanki qəbahət
sayılırdı. Adama rişxənd
edir, gülürdülər.
Mən Əzizə xanıma özümə saz alacağım barədə
söz verdim. Doğurdan da saz aldım
və ciddi məşğul olmağa
başladım. Daim fikirləşirdim
ki, necə edim, atamın sənətini təsdiq edə bilim. O zaman nəinki qadınlar, heç kişilər də aşıq kimi üzə çıxa bilmirdi. İbtidai musiqi məktəblərini
gəzdim. Tar dərsinə
gələn 4-5 qız
tapdım və "Sazçı qızlar"
ansamblını yaratdım
və fəaliyyətə
başladım.
- Bu sənətdə
ilk xeyir-duanızı kimdən
aldınız?
- 1984-cü ildə aşıqların dördüncü
qurultayı keçirildi.
Münsiflər heyətində Mirzə
İbrahimov, Süleyman
Ələsgərov, Şövkət
Ələkbərova kimi
sənətkarlar oturmuşdu.
Mən
"Sazçı qızlar"
ansamblı ilə qurultaya hədiyyə olaraq çıxış
elədim. O zaman
mətbuatda bu barədə geniş məqalələr dərc
olundu. Narınc Xatın qurultaya
Neftçaladan şairə
kimi dəvət olunmuşdu. Gürcüstandan isə Səadət Buta gəlmişdi. Qurultaydan iki gün sonra
Narınc Xatın məni Bakıya çağıraraq "qadınlardan
ibarət bir məclis yaratmaq istəyirəm" deyə
bildirdi. Aşıqlar Birliyinin tərkibi ilə birləşərək
"Aşıq Pəri"
məclisi yaratdıq.
Ürəkdən gələn şey
həmişə gözəl
olur. Həmin il sentyabrın
22-də "Natəvan" klubunda "Aşıq Pəri" məclisinin
ilk çıxışı oldu. Konsertimiz çox gözəl
qarşılandı. Bu
məclis o zaman xalqın sərvətini bir daha yada
saldı, təzələdi.
-
Bəs "Aşıq
Pəri" məclisinin
sonrakı taleyi necə oldu?
- "Aşıq Pəri" məclisi bu gün tamam fəaliyyətsizdir. Uzun illər xalqa
təmənnasız xidmət
edən, televiziyanın
ən uzunömürlü
verilişi indi yoxdur. Narınc Xatın dünyasını
dəyişəndən sonra
məclisin fəaliyyəti
də dayandı.
Düzdür, məclisin üzvləri
ayrı-ayrılıqda sənəti
yaşadırlar, ancaq
bir məclis kimi fəaliyyət göstərmirik.
- "Ulduz" Birliyini yaratmaq da bu
zərurətdən irəli
gəldi?
- 2000-ci ildə fikirləşdim ki, elədiklərimiz bəs eləmir. Biz bu
sənətin yaşaması
üçün hər
cür mübarizələrdən
keçdik. Mən "Ulduz"
Birliyinin nəzdində
dastan gecələri, görüşlər keçirdim.
Bu gecələrin ilk açılışında hörmətli
ziyalılar çıxış
edib. Aşıq sənətinin inkişafı
üçün Birlikdə
çox işlər gördük.
Naşı adamın sözü
- Yeri gəlmişkən,
doğulub böyüdüyünüz
mahalda bu gün aşıq sənətinin ənənələri
yaşayırmı?
- Zaman öz
hökmünü verir.
Biz yaşayırıq.
Əgər hansısa sənətkar
layiqdirsə, onun sənətini davam etdirən olur. Bu gün gənclər
bu sənətdən bəhrələnir. Hazırda Gədəbəydə
60-dan çox aşıq
fəaliyyət göstərir.
Sözsüz ki, bu sənətdə də üzə çıxanlar,
kölgədə qalanlar
olur. Hər halda, əlinə
saz alıb söz deyən hər bir kəsə
minnətdar olmalıyıq
ki, sənətimizi yaşadır.
-
Bir ara deyirdilər
ki, aşıqlıq
sənəti bir az urvatsız
olub. Bu gün
vəziyyət necədir?
-
Bilirsinizmi, urvatsız
niyə olub? Sənəti urvatsız o adamlar edir
ki, əlində sazı götürüb
o otaqdan-bu otağa, bu
çayçıdan-o çayçıya gedir,
dəniz kənarında və s. yerlərdə
çalır. Mən onları da
qınamıram, bu, imkansızlıqdan irəli
gəlir. Onların maddi durumu
qənaətbəxş olsaydı, sazı əllərinə
alıb küçələrdə gəzdirməzdilər. Gəlin
bunun da fərqinə varaq... Onları baltalamaqla
deyil ki. İncəsənətə
incə sənət deyirlər. Ancaq mənə
buna çətin sənət deyərdim.
Bu çətin sənəti yaşatmaq üçün
hardansa dayaq olmalıdır.
Mən "Sazçı qızlar"ı yaradandan
sonra 1989-cu ildə Almaniyaya,
1991-ci ildə Amerikaya dəvət
aldım. Mən özüm-özümə ona
görə minnətdaram ki, bu sənətdə sinə gərmişəm.
Çox qürurla deyə
bilərəm ki, bu sənətdə
gördüyüm işləri bu günə qədər heç
kim görməyib. Fəxr edirəm ki, Azərbaycanda ilk dəfə
Musiqi Texnikumunda
aşıq sinfi açmağa
nail olmuşam. Ondan sonra respublikada
ilk dəfə aşıq sənətinin
tədris proqramını tərtib etmişəm. Bu yolda çox
çətinliklər çəkmişəm, ancaq dözmüşəm. İndiyədək
bir qapını döyüb
deməmişəm ki, filan
işi görmək üçün
mənə kömək edin. "Qopuz" jurnalı tərtib etmişəm. Bu, aşıq sənətinə,
ayrı-ayrı sənətkarların fəaliyyətinə,
aşıq sənətinin tarixinə həsr olunan
gözəl bir dərgidir. Heç kimə deməmişəm ki, mənə sponsorluq edin. Qürurum buna imkan verməyib. İndi isə imkansızlıq üzündən
jurnalı nəşr etdirə bilmirəm. Ancaq
gərək bizim ziyalılarımız mənim
işimi görsünlər. Başa düşsünlər ki,
bu tək mənim işim
deyil, ümumxalq sənətidir.
Bunu yaşatmaq hər
birimizin borcudur. Əlbəttə,
imkanım olsa bu sənətin
inkişafı üçün daha böyük işlər
görərəm.
-
"Aşıqlıq
qadın sənəti deyil"-deyə irad edənlərə
cavabınız necədir?
-
Mən bu fikirlə qətiyyən
razılaşmıram. Bu, naşı bir
adamın sözüdür. Bunu deyən adam mənim sənətimi,
bu sahədə etdiklərimi görmürmü? Mən bu
sözü sənətə xəyanət
adlandırardım. Necə olur ki, qadın təyyarəçi, kosmonavt, rəssam olur, ancaq aşıq yox?
Dastan deyən yoxdur
-
Bu gün fəaliyyətdə
olan aşıq məktəbləri
haqqında nə deyərdiniz?
-
Qollar, ləhcələr, formalar
var. Gürcüstan
aşıqları tamam başqa
formada oxuyurlar. Qərb
və Şərq aşıq məktəbi var.
Ən çətin forması Qərb aşıq yolu - Aşıq Ələsgər yoludur. Hazırda bizim gənclərimiz
bayağı yola can
atırlar. Mən yeniliyin əleyhinə
deyiləm. Amma bu neməti
kökdən dəyişməyə ixtiyarımız yoxdur, əlavələr isə edə bilərik.
-
Dastanlarımızda var ki,
Aşıq
Alı, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım,
Sarı Aşıq
və başqaları deyişərkən
bir-birlərini bağlamağa
çalışardılar. İndi sənətin bu
yolu da unudulub
deyəsən?
- İndi dastan deyən qətiyyən yoxdur. Toylarda da sazı səsgücləndiriciyə
qoşurlar. Yoxsa, onun
səsi eşidilməyəcək.
Ona görə də ənənə heç bir aşıqda yoxdur. Mən demirəm ki,
toylarda dastanlara qulaq assınlar. Dastan gecələri ayrı olmalıdır. Hər musiqinin
öz yeri, öz dinləyicisi var.
- Onda belə
demək olarmı ki, aşıq sənəti müasirləşib.
- Belə də demək olmaz. Ancaq aşıq sənətinə
bəzi çalarlar əlavə olunub. Biz aşıq sənətini
olduğu kimi qoruyub saxlamalıyıq.
Çünki onun başına
oyun gətirsək, o,
tamam itəcək.
İstərdim ki, kökü
olduğu kimi saxlayaq, nə əlavə xal, çalar varsa vuraq. Mən bütün sazı,
sözü duyanları
bir yerə çağırıb deyirəm
ki, gəlin yığışaq, öz
varımıza, sərvətimizə
yiyə duraq. Hərə bir tərəfdən kömək etsə, aşıq sənəti heç vaxt itməz. Bu sənət
heç bir xalqda yoxdur. Bu, türk dünyasının
böyük sənətidir.
Erməni sazı, balabanı
"mənimdir" deyə
muzeydə asıb.
Gəlin,
biz də bunu yaşadaq.
Mübariz sənətkar
- O zaman muğam ifaçısı
kimi çıxdığınız
Filarmoniyanın səhnəsi
ilə bu gün aşıq kimi çıxdığınız
səhnələr arasında
hansı fərqi görürsünüz?
- Fərq çox böyükdür.
O vaxt sənətə
çox böyük diqqət vardı. Mən əgər "Sazçı
qızlar"ı sovet
dövründə yaratsaydım,
çoxdan fəxri ad
almışdım. İndi isə
südü suya qatmışıq, amma seçə bilmirik.
Hər şeyi itiririk, sonra onu axtarmağa
başlayırıq. Mənim sənətimə
indi qiymət vermək lazımdır ki, fərəhlənim, yeni işlər görüm. 19 ildir ki, aşıq
sənətindən dərs
deyirəm. Çoxlu
tələbələrim var. Ancaq bir adam "çox sağ ol" demir. 43 ildir
bu sənətdə çalışıram. Amma
hələ keçən
il Əməkdar
incəsənət işçisi
fəxri adı almışam. Biz Aşıqlar Birliyində
layiqli aşıqlara Xalq aşığı fəxri adı vermək üçün
məsələ qaldırmışıq.
Mən yaradıcı aşığam.
O çətin dövrdə
aşıq sənətini
yaşatmışam. Mən fikirləşmişəm
ki, həyatda hər işdə mübariz olmaq lazımdır. Mən də
mübariz bir sənətkaram, ölənədək
bu sənəti yaşadacağam.
- Muğamat kimi aşıq sənətinin də öz xiridarı var?
- Dərs dediyim illər ərzində 150-dən çox
tələbə yetişdirmişəm.
Bu sənətə həmişə həvəs
olub. Düzdür, hər musiqinin
öz dinləyicisi
var. Saz sənətinə
isə ziyalı təbəqə daha yaxındır. Bununla belə,
aşıq sənətini
dinləyən gənclər
də var. Bu həvəs
hər zaman nazilir, nazilir, ancaq üzülmür.
- Siz həm
də bədii yaradıcılıqla məşğul
olaraq şeirlər yazırsınız. Daha çox nəyi tərənnüm edirsiniz
- həyatı, dünyanı,
sevgini, qadını, hicranı...
- Mənim hər səpkidə şeirlərim var. Aşıq
kimi gördüyüm
hər şey - hər bir yaşıl
yarpaq, hər bir çiçək-gül,
hər bir addım məni məftun edir.
Təranə
Mövqe.-2010.-23 oktyabr.-S.13.