İKT elmi tədqiqat işlərində geniş tətbiq olunur
İnformasiyalaşdırma,
kompyuter, telekommunikasiya
texnologiyalarının, eləcə də müasir
informasiya sistemlərinin tətbiqi yeni keyfiyyətdə biliklərin
alınmasını, ümumiləşdirilməsini,
yaranmasını, eyni zamanda
istifadəsini, demək olar ki, bütün sahələrdə
təmin edir. Bu proses elmi sahələrdə
də özünü qabarıq şəkildə
büruzə verir. Alim
və mütəxəssislərin zəruri elmi
informasiyalarla vaxtında təmin edilməməsi
elmin və sənayenin inkişaf
tempinin düşməsinə apara bilər. Bunun
qarşısını isə yalnız ən yeni
İKT-dən istifadə etməklə, informasiya
fondlarını elektronlaşdırmaqla almaq
olar.
Hazırda Azərbaycanda elmi tədqiqat işlərinin (ETİ)
informasiyalaşdırılması, elektron nəşrlər,
bir çox elmi-kütləvi, təhsil, mədəni-maarif və
s. tipli saytlar-portallar, tədris proqramları, informasiya sistemləri, elektron dərsliklər, distant tədris texnologiyaları yaradılır və istifadə
edilir. Əksər
sahə və akademik elmi
tədqiqat institutları, kitabxanaları, muzeyləri, arxivləri
kompyuterləşdirilmiş və internetə qoşulmuşdur.
Bununla belə, mütəxəssislər hesab edirlər
ki, informasiya resursları elektronlaşdırılmalı,
müasir informasiya resurslarından alim və
mütəxəssislərə
sərbəst istifadə imkanı yaradılmalı, rəqəmli kitabxanalar şəbəkəsi formalaşdırılmalı, elmi informasiyalar ümumiləşdirilməlidir. Eyni zamanda, informasiya mərkəzləri
və fondları arasında səmərəli əlaqənin
qurulması təmin edilməlidir. Ekspertlərin qənaətincə,
elektron kəşflərin hüquqi
statusunun müəyyənləşdirilməsi
məsələsi də əsas predmet kimi götürülməlidir.
İKT-nin iqtisadiyyatda tətbiqi son
dövrlərdə geniş vüsət alıb. Zaman keçdikcə, İKT ilə iqtisadiyyat arasında sintez
prosesləri daha mürəkkəb xarakter alır. Əvvəla İKT iqtisadiyyatda tətbiq olunaraq
onun inkişafına təkan verir və iqtisadi informatika yaranır. Bundan başqa, müasir informasiya texnologiyaları iqtisadiyyata
o qədər nüfuz
etmişdir ki,
artıq iqtisadiyyat özü
də bir elm olaraq dəyişmiş və yeni
anlayışlar meydana gətirmişdir.
Belə ki, informasiya
texnologiyalarının tətbiqinin müasir
səviyyəsi yeni infrastrukturun,
yeni iqtisadi mühitin yaranmasına səbəb olmuşdur ki, bu zaman iqtisadiyyat
özü də yeni forma və məzmun kəsb etmişdir.
Bu sahə artıq bazar
iqtisadiyyatı anlayışlarına müvafiq
olaraq, elektron və ya rəqəmsal iqtisadiyyat
adını almağa
başlamışdır. Bunlarla
yanaşı, iqtisadiyyat özü
informasiya texnologiyalarına təsir edir, onu öyrənir, ona iqtisadi obyekt
kimi baxır.
Son illərdə isə informatika və
ya informasiya texnologiyaları demək
olar ki, cəmiyyətin
və elmin bütün sahələrinə kütləvi şəkildə tətbiq olunmağa
başlandığından onun sahələr üzrə tətbiqi informatika bölmələri formalaşmağa
başlamışdır. Nəticədə riyazi informatika, nəzəri
informatika, texniki informatika, geoinformatika, tibbi informatika, kimyəvi informatika, bioinformatika, aqrar informatika, tarixi informatika, sosial informatika, hüquqi informatika, pedaqoji informatika, siyasi informatika, psixoinformatika və s. kimi elmi sahələr əmələ
gəlmiş və inkişaf etmişdir.
Bəşər sivilizasiyası tarixində informasiya emalı sahəsindəki köklü dəyişikliklərə
müvafiq olaraq bir neçə informasiya inqilabı olmuşdur. Birinci inqilab
yazının, ikinci - kitab
çapının, üçüncu - elektrikin, teleqrafın, telefonun,
radio-televiziyanın, dördüncü -
mikroprosessorların, fərdi kompyuterlərin, internetin
meydana gəlməsi ilə əlaqədardır.
Bunları ümumləşdirərək qeyd
etmək olar ki, cəmiyyətin
inkişafı kənd təsərrüfatı, sənaye
dövrlərindən keçərək informasiya
mərhələsinə daxil olmuşdur. Ona görə də informatikanın tarixi
əslində dördüncü informasiya inqilabı ilə başlayır.
İnformatikanın tarixi özünün
tərkib hissəsi olan kompyuterlərin
yaranması və inkişaf mərhələlərini,
təsnifatını və arxitekturasını, aparat və proqram vasitələrini
əhatə etdiyinə görə inkişaf
tarixi də kompyuter
texnikasının inkişaf tarixinə uyğundur.
Qeyd etdiyimiz kimi, informatikanın inkişaf
tarixi də, onun bir elm sahəsi kimi formalaşması mərhələləri
kompyuter texnikasının inkişaf
tempinə uyğundur. Ona
görə də 1960-cı illərdən sonrakı dövrlərdə
informatika fundamental bir elm sahəsi kimi formalaşmış və bir
çox yeni elmi istiqamətlərin yaranmasına səbəb
olmuşdur. Bundan başqa, bir çox ölkələrin ali
məktəblərində informatikaya aid olan çoxlu
sayda yeni ixtisaslar və fənlər tədris olunmağa başlanılmışdır.
Azərbaycanda informatika elmi 1960-cı
illərdən inkşaf etməyə
başlamışdır. Məhz həmin
illərdə ilk dəfə respublika Elmlər Akademiyası sistemində Hesablama Mərkəzi və Kibernetika
İnstitutu yaradılmışdır.
1970-ci illərdən başlayaraq keçmiş SSRİ məkanında olduğu kimi, respublikada bütün
nazirliklərin, iri müəssisələrin
hesablama mərkəzləri və
avtomatlaşdırılmış idarəetmə sistemləri
(AİS) şöbələri yaradılmışdır.
Nazirlər
Kabinetinin qərarı
ilə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun yaradılması respublikada informasiya texnologiyalarının tətbiqi ilə bağlı
problemlərə, bu istiqamətdə tədqiqatlara, yüksəkixtisaslı kadrlara olan böyük
tələbatdan irəli gəlmişdir. İnstitutda informasiya
texnologiyalarının ən aktual problemləri
tədqiq edilir, onların Azərbaycan
şəraitində istifadəsi imkanları öyrənilir, həmçinin
yüksəkixtisaslı kadr
hazırlığı həyata keçirilir.
Hazırda respublikada internet
mühitində virtual iş,
təhsil, elektron-kommersiya, elektron
biznes və s. kimi şəbəkə
texnologiyalarının müasir
imkanları daim araşdırılır. Respublikada
İKT bazarının inkişaf perspektivləri,
İC-nin və biliklər
iqtisadiyyatının formalaşması məsələləri
təhlil edilir, müəyyənləşdirilir,
mətnlərin avtomatlaşdırılmış maşın
tərcüməsi istiqamətində elmi
tədqiqat işləri görülür.
İnternetin Azərbaycan qovşaqlarının infrastrukturunun genişləndirilməsi,
onların funksional imkanlarının və
səmərəliliyinin artırılması, veb
texnologiyası əsasında müxtəlif təyinatlı informasiya resurslarının yaradılması,
həmçinin informasiya təhlükəsizliyinin
təmin olunması problemlərinin həlli istiqamətində
məqsədyönlü işlər aparılır.
Son illər kompyuter texnikası istehsalı sahəsində məqsədyönlü işlərin həyata keçirilməsi, təhsil, pensiya, vergi, gömrük, internetin inkişafı və s. kimi sahələrdə bir
çox iri İKT
layihələrin işə
başlaması, ölkədə
müntəzəm olaraq beynəlxalq səviyyəli İKT
sərgilərin, forumların,
konfransların keçirilməsi, İKT-nin tətbiqi sahəsində mühüm
qanun və qərarların
qəbulu,
İKT sahəsində mütərəqqi islahatların aparılması, ölkənin İKT
sahəsində bütün
beynəlxalq tədbirlərdə
iştirakı, ümumilikdə informatika və informasiya texnologiyaları elminin və sahəsinin ölkədə sürətlə
inkişaf etdiyini göstərir.
Mövqe.-2010.-23 oktyabr.- S.11.