Regionda rəqəmsal fərqliliyin aradan qaldırılması beynəlxalq əhəmiyyətə malikdir

 

Ölkədə informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişaf etdirilməsi, iqtisadiyyatın güclü sahələrindən birinə çevrilməsi və ümumilikdə ölkə iqtisadiyyatının və cəmiyyətin inkişafına aparıcı təsir edə biləcək qüvvə kimi çıxış etməsi əsas məqsədlərdəndir. Qeyd edək ki, mobil rabitənin telekommunikasiya sektorunda payı yüksəkdir. Bu sahədə mütəmadi olaraq yeni texnologiyalar tətbiq edilir və xidmət çeşidləri genişləndirilir. Hazırkı mərhələdə ölkəmizdə 3-cü nəsil (3G) texnologiya tətbiq edilməkdədir. Bu texnologiya yeni xidmətlər, mövcud xidmətlərin keyfiyyətinin və sürətinin artması ilə xarakterizə olunur.

Ölkəmizdə bu texnologiyanın tətbiq edilməsi üçün keçən il müvafiq qanunvericilik bazasının qurulması ilə ölkəmizdə yeni texnologiyanın tətbiqi üçün şərait yaradılmışdır. Qeyd edək ki, bu şərait bütün operatorlar üçün eynidir və qanunvericilikdən irəli gələn bütün tələblərə riayət edən operatorlar bu xidmətin göstərilməsi üçün xüsusi razılıq əldə edə bilərlər. Artıq mobil rabitə bazarında bir operator - Azərfon şirkəti belə xüsusi razılıq almışdır və 2009-cu ilin dekabrında xidmətlər göstərməyə başlamışdır. Digər operatorlar da lisenziya almaq imkanına malikdirlər və mövcud qaydalarda, şərtlərdə tələb olunan sənədlər tam təqdim edildikdə, onlar da mövcud qanunvericiliyə uyğun qaydada xüsusi razılıq (lisenziya) əldə edə bilərlər.

Məlum olduğu kimi, 2009-cu il dünyada maliyyə böhranı ili olmuşdur. Son illər ərzində respublikamızda yaradılmış dayanıqlı iqtisadi-maliyyə mühiti İKT və poçt sektorunun dünyada hökm sürən maliyyə böhranından sığortalanmasını təmin etmiş və davamlı inkişaf üçün əlverişli zəmin yaratmışdır. Son 5 ildə İKT sahəsi üzrə orta hesabla 32-35 faiz artım müşahidə olunur. Təbii ki, əldə olunan yüksək göstəricilər İKT infrastrukturunun inkişaf etdirilməsi sayəsində baş vermişdir.

Son vaxtlar internet və mobil rabitə sahəsində tariflərin mütəmadi azaldılmasının şahidi oluruq. Tarif məsələsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən həyata keçirilən tənzimləmə siyasətinin tərkib hissələrindəndir və bu baxımdan daim diqqətdə saxlanılır. Onların dəyişdirilməsinə, xüsusən də azaldılmasına müvafiq şərait yarandıqda mütəmadi olaraq bu məsələyə baxılır. 2009-cu ildə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası ilin əvvəlindən respublika daxilində təşkil olunan rəqəmsal rabitə kanallarının qoşulma və aylıq istifadə haqlarının aşağı endirilməsi barədə qərar qəbul etmişdir. Beləliklə, 2009-cu ildə 2 dəfə (fevral və oktyabr aylarında) internetin tariflərinə yenidən baxılaraq, qiymətlər əhəmiyyətli dərəcədə aşağı endirilmişdir. Aparılmış qiymət dəyişikliyi nəticəsində 2009-cu ildə genişzolaqlı internet qoşulmalarının qiyməti orta hesabla 6-7 dəfə azalmışdır.Ötən il provayderlərə verilən internet tarifinin qiyməti 3 dəfə, cari ilin əvvəlində 50 faiz azaldılmış, bu yaxınlarda isə ölkənin əsas internet təchizatçısı olan "Delta Telecom" provayderlərə verilən trafikin qiymətini 3 dəfə ucuzlaşdırmışdır. Bunun sayəsində indi ölkəmizdə internetin qiyməti region ölkələri səviyyəsindədir. Lakin nəzərə almaq lazımdır ki, bu qiymətlər iqtisadi və obyektiv amillərdən formalaşır, yəni onların süni surətdə azaldılması sahənin inkişafına ciddi əks-təsir edə bilər. İqtisadi amillər dedikdə, əsasən istifadəçi sayı, istifadə həcmi, qlobal internetə çıxış tutumu və onun qiyməti, internet xidmət provayderlərinin sayı, rəqabətlilik şəraiti, xidmətlərin göstərilməsinə ölkədaxili xərclər qeyd edilə bilər. Obyektiv amillərə isə əsasən ölkənin qlobal İnternet məkanına çıxış imkanı və bu məsafənin uzunluğu, informasiya resurslarının mövcudluğu, istifadəçi tələbatı və hazırlığını aid etmək olar.

Respublikamızda tətbiq olunan mobil telefon danışığı tarifləri isə əsasən mobil operatorlar tərəfindən bazara uyğun olaraq sərbəst şəkildə müəyyənləşdirilir. Lakin "Telekommunikasiya haqqında" Qanun qüvvəyə mindikdən sonra, qanunun icrası ilə əlaqədar bütün telekommunikasiya operatorları, o cümlədən mobil operatorlar arasında uzun müddət həll edilməmiş qalan məsələ - arabağlantı müqavilələrinin bağlanması təmin edilmiş və telefon trafikinin (zənglərin) şəbəkələrarası mübadiləsi üzrə qarşılıqlı hesablaşma qiymətləri RİTN tərəfindən aşağı salınaraq təsdiq edilmişdir. Bunun nəticəsində də operatorlar tərəfindən tariflərə müəyyən qədər endirimlər edilmişdir. Bundan sonra da qiymətlərin endirilməsi üzrə tarif siyasətinin davam etdiriləcəyi gözlənilir.

Ölkədə dövlətimizin dəstəyi ilə bir sıra uğurlu layihələrin həyata keçirildiyi də müşahidə edilir. Bunların sırasına "Elektron Azərbaycan", "Xalq kompyuteri" və başqaları daxildir. Bu qəbildən olan yeni layihələrin başlanması da istisna olunmur.

Məlumdur ki, Avrasiya regionu İKT infrastrukturunun qeyri-bərabər paylanması, beynəlxalq qoşulmalardakı zəif təchizat, genişzolaqlı xidmətlərin yayılmasının aşağı səviyyəsi və yüksək tranzit qiymətlərinin olması mövcud olan qlobal "rəqəmli fərqliliyə" əyani nümunədir. Bu baxımdan, regiondakı "rəqəmli fərqliliyin" azaldılması həm milli, həm də beynəlxalq əhəmiyyət kəsb edir. Azərbaycanda İKT sahəsində həyata keçirilən fəaliyyət daxili tələbatı ödəmək, milli məqsədləri təmin etmək xarakteri daşısa da, ölkəmizin regionda tutduğu coğrafi məkan, qazandığı nüfuz və iqtisadi-siyasi potensialı imkan verir ki, regional və beynəlxalq mahiyyətli layihələri həyata keçirsin.

Bu layihələrdən biri, özündə beynəlxalq İT Universitetini, Qabaqcıl Texnoloji Təlimlər İnstitutunu, Regional Data Mərkəzinin yaradılmasını ehtiva edən İKT bazarının inkişafına xidmət edə biləcək Regional İnnovasiya Zonasının yaradılması təşəbbüsüdür.

Digəri isə, Avrasiya ölkələri arasında "Trans-Avrasiya Super İnformasiya Magistralı"nın yaradılması təşəbbüsüdür. Bu magistral İKT-nin çox yüksək inkişafına malik olan iki nəhəng regionu - Qərbi Avropanı və Sakit okean hövzəsində olan Şərqi Asiyanı birləşdirərək magistral üzərində yerləşən, qonşu olan və qeyd olunan regionlarla müqayisədə zəif inkişaf etmiş, təxminən 20 ölkəni əhatə edəcəkdir. Sevindirici haldır ki, Azərbaycan hökumətinin təşəbbüsü ilə reallaşması nəzərdə tutulan bu layihə beynəlxalq səviyyədə dəstəklənir. BMT-nin Baş Assambleyasının 64-cü sessiyasının qətnaməsi ilə "TASİM" layihəsinin dəstəklənməsi də layihənin gələcək perspektivlərindən xəbər verir.

Üçüncü iri layihə isə Azərbaycanın milli telekommunikasiya peykinin orbitə çıxarılması ilə əlaqədardır. Avrasiya regionunda telekommunikasiya xidmətlərinə olan tələbatın artması regionun telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsi, trafik mübadiləsinin genişləndirilməsi və ölkəmizin bu sahədəki maraqları Azərbaycanın telekommunikasiya peykinin orbitə çıxarılmasını şərtləndirir.

Son illər əksər dünya ölkələrində olduğu kimi, Azərbaycanda da İKT sektorunda istifadəçilərin daim artan tələbatlarına uyğun olaraq ən yeni texnologiyalardan və müasir xidmət növlərindən istifadə edilməsinə şərait yaradılır. İndiyədək telefon rabitəsi vasitəsilə yalnız səsin ötürülməsi ilə kifayətlənən istifadəçilər, artıq bir telefon cihazı vasitəsilə genişzolaqlı internet xidmətlərindən, videogörüntünün ötürülməsindən, televiziya kanallarının izlənməsindən, elektron poçt və s. xidmətlərdən istifadə etmək istəyirlər. Texnologiyaların konvergensiyası, yəni bir-biri ilə qarışması nəticəsində daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün yeni-yeni imkanlar meydana çıxır. Ümumilikdə qeyd etmək olar ki, ən qabaqcıl texnologiyalar ölkəmizdə tətbiq edilməkdədir və bu gələcək inkişaf üçün əsasdır.

 

 

Cəmaləddin Dostəli

 

Mövqe.- 2010.- 29 oktyabr.- S. 11.