Doğu
Akdəniz Universiteti...
Bu təhsil
ocağı dünyanın aparıcı universitetlərinin
reytinq cədvəlində 1421-ci yerdə dayanır
Bir ölkənin inkişafının
təməlində yüksək təhsil dayanır desəm,
yəqin ki, mənimlə razılaşarsınız.
Çünki təhsili güclü olmayan ölkənin nə
iqtisadiyyatı inkişaf edir, nə sivil cəmiyyət qurula
bilir, nə demokratik dəyərlərə nail olunur, nə
qanunlarla işləmək prinsipi yaranır, nə də insan
amili uca tutulur. Bəli, sivil ölkələrdə
bütün bunların olması üçün təhsilə
ciddi önəm verilir. Mən bu ciddiliyi Şimali Kipr Türk
Cümhuriyyətində olduğum zaman gördüm. Bu ölkənin
müstəqilliyi tanınmasa da, bir-biri ilə rəqabət
etmək səviyyəsində olan 6 universitetin verdiyi diplomlar
bütün dövlətlərdə tanınır. Şimali
Kipr dövləti təhsilin və tədrisin keyfiyyətinə
görə bir çox ölkələrdən irəlidədir.
Həm də ölkənin ayaqda durmasında, müstəqilliyinin
tanınmasında istər dövlət, istərsə də
özəl universitetlərin və bu unversitetlərdə əməyi
olan insanların haqqı böyükdür.
"Beynəlxalq
karyera üçün"
1979-cu ildən təməli qoyulan
Doğu Akdəniz Universiteti özünə bu devizi
seçib-"Beynəlxalq karyera üçün". Bu
deviz altında fəaliyyətini quran universitetdə müxtəlif
ölkələrin, o cümlədən Azərbaycanın gəncləri
təhsil alır. Ali təhsil ocağının indiki durumuna
keçməzdən öncə universitetin dünəninə,
daha doğrusu, necə qurulmasına nəzər salaq.
Təhsil Nazirliyinin çalışmaları çərçivəsində universitetin təməli olan Yüksək Texnoloji İnstitutu 1979-cu ildə qurulur. İlk olaraq inşaat,
elektrik və maşın mühəndisliyi ixtisasları
üzrə cəmi 105 tələbə ilə üç il
davam edəcək təhsil proqramlarına
başlanılır. Ali təhsil ocağının ən
ümdə hədəfi mühəndis ilə texnoloq
arasında əlaqələri təhsilin köməyilə
daha bacarıqlı və yüksək səviyyəyə
qaldırmaq, xüsusi fərqlənən tələbələrə
"Texnoloq-mühəndis" diplomu vermək olur. Təbii
ki, bütün bu istəklərin başında digər ən
yaxın ölkə ilə əməkdaşlıq dururdu. Belə
bir əməkdaşlıq ilk olaraq qardaş Türkiyə
Cümhuriyyətindən gəlir. Belə ki, 1985-ci ildə
Şimali Kipr Türk Cümhuriyyəti ilə Türkiyə
Cümhuriyyəti hökumətləri arasında Doğu Akdəniz
Universitetinin yaradılmasıyla bağlı
danışıqlara başlanılır. 1995-ci ildə
Doğu Akdəniz Kolleji, 2004-cü ildə isə Doğu Akdəniz
Universiteti yaradılır. O gündən bu günə
Doğu Akdəniz qarşısına qoyduğu vəzifəni
mərhələ-mərhələ həyata keçirir.
Artıq fəxrlə demək olar ki, bu günə qədər
fərqli millətlərdən və mədəniyyətlərdən
olan 30.000-nə qədər məzun buraxan DAU-nun hazırda 8
fakültəsi var. Bu sırada mühəndislik, iqtisadiyyat,
hüquq, fənn və ədəbiyyat, təhsil, tibb kimi
fakültələrini göstərmək olar. Bundan başqa,
DAU-nun 3 yüksək okulu-Bilgisayar və Texnoloji Yüksək
Okulu, Turizm və Otelcilik Yüksək Okulu, Uygulamalı
Bilimler Yüksek okulları da var.
Azərbaycanla
əməkdaşlığa xüsusi önəm verilir
Bu ilin fevralında Azərbaycana
işgüzar səfərə gələn və ölkəmizdəki
görüşlərindən, ona olan sayğıdan çox
məmnun qalan Doğu Akdəniz Universitetinin rektoru Abdullah
Öztoprak biz jurnalistləri də eyni məhəbbət və
səmimiyyətlə qarşıladı. Orta Doğu,
Şimali Afrika və Doğu Akdəniz ölkələrinin ən
öndə gələn akademik təhsil müəssisəsi
olan DAU-nə 2009-cu ildən rəhbərlik edən
müsahibimizin sözlərinə görə, Azərbaycanla əməkdaşlığa
və azərbaycanlı gənclərin Doğu Akdənizdə
təhsil almasına xüsusi önəm verilir. Bəlkə də
elə bunun nəticəsidir ki, hazırda bu təhsil
ocağında 180 nəfərə qədər azərbaycanlı
tələbə oxuyur. Ancaq ümumi götürəndə
Doğu Akdəniz Universitetlərində tələbələrin
ümumi sayı 12-13 mindir. Bunlardan da 100 nəfəri
Şimali Kipr və Türkiyədən olan tələbələrdir.
Digərləri Nigeriya, Afrika, ərəb ölkələri və
İrandan gələn tələbələrdir.
Ölkələrarası
xüsusi proqramlar
Qeyd edək ki, Azərbaycanda gənclərin
xarici ölkələrdə təhsil alması məqsədilə
xüsusi Dövlət Proqramı hazırlanıb və icra
olunur. "Maraqlıdır, Doğu Akdəniz Universitetində
necə, bu proqramla təhsil alanlar varmı" sualıyla
Abdullah Öztopraka müraciət etdik. Rektor bildirdi ki,
hazırda Doğu Akdənizdə dövlət xətti ilə
təhsil alan azərbaycanlı tələbələr
yoxdur":Amma Azərbaycana son səfərimdə təhsil
naziri Misir Mərdanovla görüşdük və bu məsələ
ilə bağlı müraciət etdik. Nazirin məsələyə
münasibəti çox yaxşıdır". Onun bilgisinə
görə, rəhbərlik etdiyi universitetin hazırda turizm,
mühəndislik, biznes və s. sahələr üzrə
ölkələrarası xüsusi proqramları var. Bu və
digər göstəricilərinə görə, Doğu Akdəniz
Universiteti beynəlxalq arenada tanınan əsas dövlət
universitetlərindəndir. Eyni zamanda, bu təhsil ocağı
dünyanın 20 min aparıcı universiteti arasında reytinq
cədvəlində 1421-ci yerdə dayanır.
Tanınmayan
ölkənin tanınan
diplomları
Məlum olduğu kimi, Şimali Kipr
Türk Cümhuriyyətinin müstəqilliyini Türkiyə
dövlətindən başqa hansısa bir ölkə
tanımayıb. O cümlədən Azərbaycan dövləti
də. Belə olan halda Azərbaycanla Şimali Kipr arasında
diplomların qarşılıqlı tanınması məsələsi
necə həllini tapır? Abdullah Öztoprak deyir ki, Azərbaycanın
Təhsil Nazirliyi, eyni zamanda ölkəmizin ən qabaqcıl
universitetlərilə əməkdaşlıqla bağlı
anlaşmaları var: "Məsələn, əməkdaşlıq
etdiyimiz Azərbaycan İqtisad Universiteti, Azərbaycan Turizm
İnstitutu, Azərbaycan Dillər Universiteti və s. təhsil
müəssisələrilə ortaq fəaliyyət
üçün proqramları reallaşdırmağı
düşünürük. Hazırda ölkəmizin
tanınmamasına baxmayaraq, universitetimizin diplomları
dünyanın hər yerində tanınır. Bu diplomların
qəbul olunmaması ilə bağlı problemimiz yoxdur".
Azərbaycanlı
tələbələr dərsdən qaçıb
Bəzən olur ki, Azərbaycandan təhsil
ardınca xarici dövlətlərə üz tutan tələbələr
vətənə qayıtmırlar. Müxtəlif yollarla həmin
ölkələrdə qalıb işləmək istəyirlər.
Əvvəlki yazılarımda qeyd etdiyim kimi, Şimali Kipr də
ən füsünkar və qanunların qorunduğu və riayət
olunduğu bir ölkədir. Təbii ki, belə bir ölkədə
yaşamağı və çalışmağı əksəriyyət
arzulayar. Rektorun sözlərinə görə, azərbaycanlı
məzunların bir çoxu Azərbaycana dönürlər.
Biz jurnalistlər
azərbaycanlı tələbələrin bilik göstəricilərilə
maraqlandıq. Məlum oldu ki, əvvəlki tələbələr
daha bacarıqlı olublar. Rektor bir məsələyə də
toxundu və bildirdi ki, bəzən olub bir neçə tələbə
dərslərə girməyiblər: "Səbəbi bizə
də məlum deyildi və bundan xəbər tutan kimi ailələrinə
bildirdik, onları aldatmamaları üçün valideynləri
dərhal məlumatlandırdıq və məsələ
yoluna qoyuldu. Biz burada kiminsə pulunu almaq üçün
deyil, keyfiyyətli təhsil vermək üçün
çalışırıq".
Azərbaycanlı tələbələrə
əlli faiz güzəşt
Tələbələrin
ən böyük problemi təhsil aldıqları ölkələrdə
və şəhərlərdə harada, hansı şəraitdə
yaşamalarıdır. Tam səmimi olaraq deyə bilərik ki,
Şimali Kiprdə fəaliyyət göstərən
universitetlərdə, o cümlədən Doğu Akdənizdə
bu problem yaşanmır. Əksinə, tələbələr
üçün hər bir şaraiti olan yataqxanalar inşa
olunub. Yəni universitetin 5 min nəfərlik 4
yaşayış yeri mövcuddur. Buna baxmayaraq, azərbaycanlılar
xüsusi evlərdə qalmağa üstünlük verirlər
ki, bu da əsasən ikinci, üçüncü kursdan sonra
reallaşır.
Rektordan ödənilən
təhsil haqlarıyla da maraqlandıq. Abdullah Öztoprakın
verdiyi məlumata görə, Doğu Akdənizdə təhsil
haqları ixtisas proqramlarına görə dəyişir":Məsələn,
mühəndislik və hüquq ixtisasları 12 min 500 lirə,
turizm, biznes, beynəlxalq əlaqələr ixtisasları
üzrə təhsil haqları 10 min lirədir. Amma Azərbaycandan
olan və müəyyən göstəricilərə malik tələblər
üçün bu ödənişlər yüzdə əllidir.
600 bal toplayan tələbələr isə ödəmələrdən
azaddırlar. Bu güzəştlər universitetə daha
güclü tələbələri cəlb etmək
üçündür. Amma bizim əsas problemlərimizdən
biri Azərbaycandan universitetimizə qız tələbələrin
az gəlməsidir. Məsələn, İrandan gələn tələbələrin
sırasında qız və oğlanların sayı
yarıbayarıdır. Ona görə də Azərbaycandan
qız tələbələrin universitetimizdə təhsil
almaları üçün onlara 50 faiz endirimlər təşkil
edirik. Bir sözlə, universitetimizə daha çox qız tələbələri
cəlb etmək, onların sayını artırmaq istəyirik".
Onu da xüsusi
olaraq vurğulayım ki, istər Doğu Akdəniz, istərsə
də digər universitetlərdə onlarca azərbaycanlı
müəllimlər çalışır. 12 ildir bu
universitetdə çalışan professor, bölüm
başqanı Vüqar Soltanzadə, Cavanşir Şibriyev,
musiqi müəllimi Dilşad Əsədova və Elnarə Bəşirova
ilə söhbət zamanı bəlli oldu ki, onlar bu ölkədə
yaşayıb, işləməkdən çox məmnundurlar.
Çünki müəllimə verilən dəyər
yüksək səviyyədədir.
Arzu Şirinova
Mövqe.- 2011.- 2 aprel.- S. 5.