"Şuşa
mənə vətəni sevməyi və uğrunda
döyüşməyi öyrətdi"
Avropadakı
Azərbaycan diasporunun tanınmış nümayəndəsi
Elman Mustafazadə eyni zamanda "Xudafərin"
jurnalının təsisçisi kimi tanınır. 1957-ci ildə
Ağcabədinin Hindarx kəndində doğulsa da
uşaqlıq illəri Şuşada keçib, orta məktəbi
də Şuşada bitirib. Söhbət zamanı o, bizə
keçdiyi ömür yolundan və uşaqlıq xatirələrindən
danışdı. Onun təsvir etdiyi Şuşa nə indi
bizim nisgillə xatırladığımız, nə də
filmlərdə gördüyümüz Şuşadır. Bu,
çox qəribə bir məkandır. İndi bizdən
çox uzaqda olan doğma vətənimizin ən gözəl
parçası olan sirli Şuşadır. Qeyd edim ki, Elman
Mustafazadə 1990-cı ildə Polşaya mühacirət edib,
2000-ci ildən isə Hollandiyada yaşayır.
-
Azərbaycandan getmənizə səbəb nə oldu?
İnkişaf etmiş Avropa ölkəsində daha rahat
yaşamaq həvəsi, yoxsa...
-
Bildiyiniz kimi 1990-ci ildə Bakıda 20 Yanvar
qırğını baş verdi. Bu zaman siyasi fəaliyyətlə
məşğul olduğumdan ailəmin və
özümün həyatına yaranan təhlükədən
uzaqlaşmaq üçün Polşaya üz tutdum. Polşada
imkan tapıb iş qura bildim və 10 il bu ölkədə
yaşamalı oldum.
1991-ci
ildə Polşada "Azəri" cəmiyyətini qurdum.
1994-cü ildə Varşava Universitetinin müəllimi, əslən
azəri türkü olan İrfan Muratla "Azərbaycanın
dostları" cəmiyyətini yaratdıq. 1995-ci ildə 50
il fasilədən sonra Avropada ilk Azərbaycan mətbuatını
bərpa etdik və "Xudafərin" adlı dərgini
yayımlamağa başladıq. Dərgi azəri, polyak,
ingilis dillərində çap olunurdu. Bu dərgi vasitəsilə
Azərbaycanın qədim tarixi, mədəniyyəti barədə
maraqlı yazılarla dünyaya çıxırdıq.
Eyni
zamanda Polşada "AzerPol" və "AzerLex" şirkətlərini
yara bildik. Hər zaman dünyada yaşayan azəriləri bir
araya yığmaq, birliyini təşkil etmək amacım olub.
Bu birləşmə eyni zamanda millli düşüncə tərzinin
birgə formalaşmasına, xaricdə yaşayanların
birliyinə kömək olur. 1996-ci ildə Polşa hökuməti
ən çox vergi ödəyən şirkət kimi
"AzerPol"u mükafatlandırdı.
-
Xaricdə yaşayan azərilər sizi eyni zamanda Azərbaycan
mətbəxini geniş şəkildə təmsil edən
insan kimi dəyərləndirirlər.
-
Bilirsiniz, bu fikir hardan yaranıb? Azərbaycan mətbəxini
geniş şəkildə dünyaya tanıtdırmaq, daha
doğrusu, daddırmaq üçün "Araz" adlı
restoran açmışdıq. Bu restoran Polşada çox
sürətlə tanındı və sevildi.
-
Sizcə, xarici ölkələrdə tanınmaq
üçün mətbəximiz əsas və birinci amildir?
-
Deməzdim birinci amil mətbəxdir və ya bir ölkənin,
bir xalqın mədəniyyətini tanıtmaq
üçün mətbəx bəsedəcək amildir. Sadəcə,
hər bir xalqın mətbəxi onun mədəniyyətinin
bir parçasıdır və kimliyinin göstəricisidir.
Çünki mətbəx məxsus olduğu xalqın yaradılışdan
bu yana, min illər boyu yaşamıdır, düşüncəsidir,
xarakteridir.
-
2000-ci ildən Hollandiyada yaşayırsınız? Bu ölkə
haqqında söz düşəndə çoxları
"arzularımın ölkəsidir" deyirlər.
-
İnkişafın yüksək həddində olan və
çox rahat ölkədir. Təbiəti də romantikdir,
insanları da maraqlıdır.
-
Deyəsən, Hollandiyaya köçmənizlə Polşada
qurduğunuz işlər də sona çatdı?
-
Hə, qurduğumuz bütün işlər
dağıldı. Amma sonra Polşaya təhsil almağa gələn
Hicran Əliyeva bu ölkədəki bütün işbirliyini
və diaspor fəaliyyətini çox uğurlu şəkildə
bərpa etdi. Hicran xanıma bütün bu işləri
qurmaqda Qdanskda yaşayan memar soydaşımız Kərim
Hacıyev kömək etdi.
-
Uşaqlığınızın Şuşada keçdiyini
deyirsiniz. Şuşaya bu gün tez-tez "Azərbaycanın mədəniyət
mərkəzi" deyirlər. Amma çoxları unudub ki,
Şuşa eyni zamanda Azərbaycanda şəhər mədəniyyəti
olan bəlkə də yeganə məkan idi.
-
Şuşa nostaligiyadan çox, yüksək mədəniyyəti,
gözəl ab-havası və mənzərəsi, mehriban
insanları və yüksək yumor hissi ilə yadımda
qalıb.
Mən
əslən şuşalı deyiləm, lakin özümü
həmişə şuşalı hesab etmişəm.
Çünki həyatımda bütün müsbət
xüsusiyyətləri Şuşadan
götürdüyümü dərk edirəm. Şuşa mənə
insanlığı öyrətdi. Şuşa elə bir yer idi
ki, bu məkanda heç vaxt söyüş eşitməzdin.
Şuşada orta məktəblərdə partalarda qızlarla
oğlanlar ayrı-ayrı oturardı. Və Şuşa yeganə
yer idi ki, orada heç vaxt tərbiyəsiz bir olay baş verməmişdi.
Sizə
bir məlumat verim. Əgər inanmasanız, gedin Daxili
İşlər Nazirliyinin arxivinə müraciət edin.
Şuşada tarixboyu zorlama hadisəsi olmayıb.
Şuşada
səhərə kimi şəhərdə tək gəzərdin,
özünə qarşı bir təhlükə hiss etməzdin.
Şuşadakı qədər dünyanın heç bir
yerində uşaqlara diqqət, qayğı, sevgi görmədim.
Şuşalıların əksəriyyəti bəy, xan nəslinin
nümayəndələri olublar. Onlarda böyük alicənablıq
olardı. Şuşalılar xaraktercə çox təmkinli
olur. Amma bu təmkinin bir həddi var. Hansısa
şuşalının təmkinini pozdunsa, o zaman
qarşında qorxubilməz, ölümün gözünə
dik baxan bir cəngavəri görərdin. Oğurluq
şuşalıya yad əməl idi. 1971-ci ilə qədər
Şuşanı belə gördüm. 1971-ci ildə isə
Bakıya gəldim.
-
Bütün gördüklərinizi, xatirələrinizi niyə
indiyə qədər kitab halına salmamısınız?
Axı, bu, indi Şuşaya sahiblik edən ermənilərə
də yaxşı cavab olardı.
-
İnşallah, bu kitabı mütləq yazacağam.
Şuşa mənim üçün balaca Azərbaycandır.
Son nəfəsimə kimi Şuşam uğrunda mücadilə
edəcəyəm. Yeri gəlmişkən, bir məqama da
toxunmaq istəyirəm. Mənim yaşadığım
dövrdə şuşalılar maddi cəhətdən
çox kasıb idilər. Şuşaya o zaman yad bir
münasibət var idi. Getdikcə şuşalılara
münasibət lap pisləşdi. Bilmirəm, bu münasibətin
arxasında dayanan nə idi? Bunu araşdırmaq hər halda
tarixçilərin və araşdırmaçıların
işidir.
Uşaq
da olsam, hər zaman məni bir məsələ narahat edirdi.
Şuşada qədim binalar yararsız hala
salınırdı, bərpa olunmurdu. 7 yaşımda
Şuşada keçrilən musiqi festivalının qalibi
oldum. Sonralar bu festivallara da son qoyuldu. O zaman qalib gəldiyim
üçün məni Xankəndinə apardılar, guya
Bakıya yarışmaya yollayacaqdılar. Amma məni göndərmədilər,
iki erməni uşağını göndərdilər. 7
yaşımda mənə qarşı olan bu haqsızlıqdan
çox üzüldüm və ömrümün
axırına qədər heç vaxt oxumayacağıma and
içdim. Yadımdadır, o zaman Şuşa xalq
çalğı alətləri ansamblı isə özfəaliyyət
dərnəyinə çevrildi. Ən dəhşətlisi isə
o idi ki, ermənilər öz vətənimizdə- Xankəndində
bizi ələ salırdılar.
-
Bu artıq "Böyük Ermənistan" iddiasının
başlanğıcı, yəni psixoloji təsiri idimi?
Ümumiyyətlə, o uşaqlıq illərində sizə
qocalar hec 1918-ci il qırğınıdan
danışırdılarmı?
-
Hə, uşaq da olsam, erməni soyqrımından artıq xəbərdar
idim. Bilirsiniz, hardan bilirdim? Təsəvvür edin, 6-7
yaşım olardı, uşaqlarla Şuşada dağlarda,
yamaclarda oynayardıq. Uşaq vaxtı oynayan zaman o qədər
atılmış gilizlər tapardıq, ciblərimiz
dolardı. Bu gilizlər soyqırımın ən sirli
şahidləri idi. 1918-ci ildə azərbaycanlıların
başına gətirilənlərdən bütün
şuşalıların xəbəri var idi. Bu barədə
Bakıda və Azərbaycanın başqa bölgələrində
həmyaşıdlarım arasında danışanda
inanmazdılar.
Yadımdadır,
uşaq idim, qəfil eşitdim ki, Şuşa Xankəndi yolu
bağlanıb (təxminən 1967-68- ci illər olub). O zaman
erməni-türk davası salmışdılar. Ermənilər
ayağa qalxmaq, qırğın salmaq üçün yalandan
bir şou düzəltmişdilər. Guya azərbaycanlı
müəllim öz şagirdi olan erməni qızını
zorlayaraq öldürüb, sonra isə samanlıqda
basdırıb. Xankəndidə keçrilən məhkəmə
isə bunun şayiə olduğunu sübut etdi. Ermənilər
iyrənc planlarının baş tutmadığını
görəndə başqa cinayətə əl atdılar, həbsxanaya
azərbaycanlı məhbus aparan maşına benzin
töküb od vurdular. Maşında olan 3 azərbaycanlı
dustaq yanıb kül oldu. O zaman bütün Şuşa ayağa
qalxdı. Millətlər üz-üzə dayandı. Uşaq
idim, amma bu ağrını yaşayırdım.
Bayaq şəhər mədəniyyətindən
danışdıq. Doğrudan da Şuşada
gördüyüm şəhər mədəniyyətini
başqa heç bir şəhərimizdə, hətta
paytaxtımızda da görmədim. Şuşa yeganə bir məkan
idi ki, buradakı yaşlı insanlar sanki bütün Azərbaycanın
canlı tarixçiləri idilər. Bu şəhərdə
falçı, baxıcı, hansısa
fırıldaqçı görməzdin. Şuşalılar
hamısı ziyalı idilər. Şuşa indi gündüz
çıraqla axtardığımız ziyalıların
şəhəri idi.
-
Sonrakı illərdə ermənilərdən gördüynüz
və yaşlıların danışdıqları qanlı
tariximizə münasibətiniz necə oldu? Heç haqqı
tapdalanan, qanına qəltan edilən yüz minlərlə azərbaycanlının,
türkün qanı sizi naraht etmədi?
- Bütün ömrüm boyu
gördüklərim və soydaşlarımın haqsız yerə
tökülən qanı məni rahatsız edəcək.
İncəsənət İnstitutunda oxuduğum illərdə
bu söhbətlərə görə məktəbdən xaric
edilirdim. Lakin ali təhsil ocağında olan müəllimlərim
Solmina Dadaşova, Afaq Quliyeva və Adil Adilov məni məktəbdə
saxlaya bildilər. Sonra İncəsənət İnsitutunun
rektoru Aslan Aslanov məni öz balası kimi sevməyə
başladı. Bizim institutda mən və Ənvər
Börüsoy gizli milli mücadilə aparırdıq.
Bax, bu millət, xalq, Vətən
sevgisini də mənə Şuşa öyrətdi.
Şuşa mənə Vətəni sevməyi və
uğrunda döyüşməyi öyrətdi.
Arzu Abdulla
Mövqe.- 2011.- 5 aprel.- S.13.