Bill Klinton, Marqaret Tetçer, ərəb kralı və Aygün Bünyadzadə

 

Azərbaycan çağdaş ədəbiyyatında daim qalmaqaldır. Əslində, bu, yaxşı haldır. Çünki inkişaf olan yerdə mübahisə də olmalıdır. Fərqli düşüncə, fərqli ideya ortaya qoyur. Söz yox ki, çağdaş ədəbiyyatmızdakı qalmqallar, mübahisələr, tənqidlər həmişə sağlam olmur. Son illər bu mübahisələr çağdaş uşaq ədəbiyyatında da özünü büruzə verir. Uşaq ədəbiyyatmızda bir boşluq var. Vaxtilə Abdulla Şaiqin, Abbas Səhhətin, Zahid Xəlilin, İlyas Tapdığın, Xanımana Əlibəylinin açdığı bu cığırı indi çox az adamlar tapdayır. İndi uşaq ədəbiyyatı deyiləndə daha çox Sevinc Nuruqızı, Aygün Bünyadzadə yada düşür. Müsahibim Aygün Bünyadzadə bu gün dünyaya səs salan yeganə uşaq yazarımızdır.

 

Nağıllar ölkəsinin elçisi...

 

Amma, nədənsə, o, daha çox özünü nağıllar ölkəsinin bu dünyadakı elçilərindən biri kimi təqdim etməyi xoşlayır. Qeyd edim ki, Aygün xanım beynəlxalq uşaq ədəbiyyatı mükafatı olan "Təbəssüm" Ordeni ilə təltif olunub. 1968-ci ildə Polşada təsis edilmiş "Təbəssüm" Ordeni dünyada yeganə ordendir ki, onu böyüklərə uşaqlar verirlər. Polşada yaranmasına baxmayaraq, Ordeni vermək təklifini eyni zamanda başqa ölkələrdən olan uşaqlar da dəstəkləyirlər. BMT baş katibinin qərarı ilə 1979-cu ildə" Təbəssüm" Ordeni beynəlxalq status aldı. 38 il ərzində Beynəlxalq"Təbəssüm" Ordeni öz sırasına bütün dünyadan 800-dən çox insanı qəbul edib.

- Aygün xanım, necə oldu "Təbəssüm" Ordenini aldınız? Ümumiyyətlə, bu mükafat barədə məlumat oxucular üçün də maraqlı olar.

- "Təbəssüm" Ordeni dünyanın çox tanınmış simalarına verilib. Yəni çox nüfuzlu mükafatdır. Bu mükafatla təltif olunanlar arasında ABŞ-ın keçmiş prezidenti Bill Klinton, İngiltərənin sabiq baş naziri Marqaret Tetçer, 14-cü Dalay Lama, II Papa İohann Pavel, Tereza Ana, Səudiyyə Ərəbistanının kralı Abdullah, İsveç kraliçası Silviya, ünlü rejissor, 5 "Oskar" qazanmış "Sıravi Raynın xilası"filminin müəllifi Stiven Spilberq, zənci üsyançı Nelson Mandela, Sergey Obraztsov, Pyotr Ustinov, ünlü uşaq yazarı Astrid Lindqren, Aqniya Barto, Tuve Yansson, Coan Roulinq, Sergey Mixalkov, azərbaycanlı kukla teatrı aktyoru ve rejissoru mərhum Ələkbər Hüseynov (Ələkbər əmi) və başqaları var.

Beynəlxalq Kapitula "Təbəssüm" Ordeninin Varşavada 09 aprel 2010-cu il iclası zamanı ilin 1-ci yarısı üçün Kavaler "Təbəssüm" Ordeni siyahısını elan edərkən Azərbaycan uşaqlarından alınan qiymətlərə, müsbət rəylərə əsasən onların sevimli nağıl yazarı və yaxın dostları olan Aygün Bünyadzadənin də bu Ordenlə təltif edilməsi haqda qərar açıqlandı.

Onu da nəzərinizə çatdırım ki, Beynəlxalq Kapitula "Təbəssüm" Ordeni Kapitula nümayəndəliyi tərəfindən onu alacaq şəxsə öz Vətənində təqdim edilir və həmin şəxs bunun üçün çox maraqlı bir sınaq mərasimindən keşməli olur, sonra isə Beynəlxalq "Təbəssüm" Ordeni Kavaleri fəxri adını qazanır.

- Artıq dünyanın ən nüfuzlu bir ödülünü qazanmısınız. Adınız dünyaca ünlülərin siyahısına düşüb. Yəqin ki, bundan sonra yaradıcılığınızla dünyaya çıxmaq da sizin üçün o qədər çətin olmayacaq?

- Mən bu ordeni almaqla artıq xaricə çıxmışam. Çünki mənim yazmağa başladığım gündən ilk məqsədim dünyaya çıxmaq, sözümü dünyanın bütün uşaqlarına çatdırmaq olub. O ki qaldı bu ödüllə dünyaya çıxmağa, bu ödülü dünyaşöhrətli uşaq yazarları Astrid Lindqren, Tuve Yansson, "Harri Porter"in müəllifi olan Coan Roulinq, rusiyalı Sergey Mixalkov və Aqniya Barto alıblar. Onların hamısı uşaq ədəbiyyatının dünyaca tanınmış simalarıdır. Təvözökarlıqdan uzaq da olsa, demək istəyirəm ki, bu gün mən də bu nəhənglərin sırasındayam. Və Azərbaycanda bu gün məni bəyənməyən, öz sıralarına qəbul etmək istəməyən Azərbaycan Yazıçılar Birliyi (AYB) rəhbərliyi də bu həqiqəti qəbul etməlidir.

- Xarici ölkələrdə uşaqlar üçün uşaqların nağıllar dünyası mərkəzləri var ki, azyaşlılar burada öz nağıl qəhrəmanıyla əylənir, şəkillər çəkdirirlər. Bəs bizim uşaqlar hara getsin, nağıllar dünyasını harda tapsın?

- Nə zaman Azərbaycanda nağıl yazarlarına, uşaq ədəbiyyatına önəm veriləcəksə, o zaman bu uşaqlarımızın nağıllar dünyası da yada düşəcək.

- Siz eyni zamanda uşaqlarımızın sevimli dərgisi olan "Cırtdann baş redaktoru idiniz. Bəs dərginin qapanmasına səbəb nə oldu?

- Hə, uşaqlar çox sevirdi bu dərgini. Amma maliyyə çətinlikləri üzündən bağlandı. Bu jurnalda uşaqlar üçün hər şey var idi. Boyamalar, başsındırmalar, bilməcələr və. s. İnanın ki, hər gün yüzə yaxın uşaq zəng edirdi redaksiyaya və mən onlarla Cırtdan kimi söhbət edirdim.

Artıq uşaqlar məni Cırtdan çağırırdılar. Uşaqlar elə qəribə suallar verirdilər. İndi o günlər üçün elə darıxıram ki. Yaxşı ki, o uşaqların çoxuyla dostluğum bu gün də davam edir. Üstəlik, biz uşaqlarda teatra həvəs yaratmaq üçün onlara teatrların biletlərini verirdik. Əlbəttə ki, uşaqlar üçün hazırlanan tamaşalara və əyləncəli şoulara. Bir də görürdün ki, bir uşaq zəng edir ki, "ay Cırtdan, mən teatra getmək istəyirəm, anam deyir pulum yoxdur". Deyirdim, sənə Cırtdan pulsuz bilet verəcək, get teatra. Amma gələn nömrəmizin suallarına cavab verərsən. Çox sevinirdi uşaqlar.

- Azərbaycanda uşaq ədəbiyyatına soyuq münasibət nədən qaynaqlanır? Bəzən bu duruma baxanda hətta düşünürəm, "bəlkə bu ölkədə uşaqları sevmirlər"?

- Bu soyuqluq hər an hiss olunur. Lakin Azərbaycanda uşaq ədəbiyyatını və uşaqları sevmirlər desəm, yanılaram. Tarixboyu sübut olunub ki, uşaq ədəbiyyatı nümayəndələri və balacalar üçün yazan adamlar uşaqruhlu, kövrəkqəlbli və həssas olurlar. Yəni "böyük uşaq" olurlar əslində. Mən də yaşadığım dönəmin o "böyük uşaq"larından biriyəm. Və nə qədər ki, uşaq ədəbiyyatı bizi və biz uşaq yazıçılarını anlayan "böyük uşaq"lardan birinin əlində deyil, nə qədər ki, uşaq ədəbiyyatı ismini hallandırıb, ancaq öz problemlərini həll etməyə çalışan "ögey valideyn"nin əlindədir, nəinki inkişafdan danışmaq olar, qorx ki, bu zülmə davam gətirməyib, böyüməmiş dünyasını dəyişə.

O vaxtkı uşaq yazarlarına normal dövlət qayğısı vardı, ev verirdilər, kitabları dövlət hesabına dərc olunurdu, reklamları da ki yerli-yerində idi. Dövlət hesabına bunlara ancaq yazıb-yaratmaq qalırdı. Biz isə həm yazmalıyıq, həm yazdıqlarımızı nəşr etməliyik, həm də min bir əzabla özümüzü təbliğ etməliyik. Mən dəfələrlə adiyyəti qurumlara məktubla müraciət etdim ki, mənə yazı yazmaq üçün köhnə də olsa, bir kompyuter versinlər. Hər dəfə rədd cavabı aldım. Axı, bu kompyuter mənə yazılarımı yazmaq və internetlə dünya uşaq ədəbiyyatını izləmək üçün gərək idi.

Bu da bizim uşaq ədəbiyyatına dövlət qayğısıdır. Sonda əlacsız qalıb, noutbuku başqasının adına kreditə götürdüm. Pulunu ödəmək üçün kafelərdən birində səhər saat 8-dən axşam saat 8-ə kimi qabyuyan işlədim. Yadımdan çıxmaz, bir dəfə işdən icazə vermədilər evdə qalmağıma, 39 dərəcə qızdırma ilə işə getməyə məcbur oldum. Bunları mətbuatda ilk dəfədir etiraf edirəm. Bütün bunlar, bir çətinlik və haqsızlıqlar məni həvəsdən sala bilmədi. Amma uşaqların və mənim sevimlim Ələkbər əminin qəfil ölümü qırdı məni. 3 il heç nə yaza bilmədim.

Yeri gəlmişkən, bir məqama da toxunum. Bəlkə bu sahədə pul olmadığı üçün uşaq yazarları günbəgün azalır ölkəmizdə.

- Vaxtilə Abbas Səhhət, Abdulla Şaiq yazırdı uşaqlar üçün. Bu gün bu yazarlar çox azdır. Hələ də orta məktəbin aşağı siniflər üçün nəşr edilən dərsliklərində baba-nənələrimizin keçdiyi şeirlər və nağıllar yer alır.

- Doğrusu, bütün bunlardan da çox məni narahat edən aşağı sinif dərsliklərindəki dəhşət dolu mətnlərdir. Bəzən elə mətnlərə rast gəlirəm ki, oxuyanda məni vahimə basır.

- Yox, bu vahimə təkcə bizim dərsliklərdə deyil, eyni zamanda indi çəkilən cizgi filimlərində də çoxdur. Sovet dönəmindən fərqli olaraq, indi uşaqlara cizgi filimlərində daha çox sevgi deyil, döyüş və qan tökmək təlqin olunur. Diqqətlə müşahidə edəndə dünya uşaq ədəbiyyatında da bir axsama görürük. İndi "Uzuncorab Peppi" qədər hay-küy yaradan və sevilən əsərlər az yazılır.

- Hələ cizgi filimləri bir yana, kompyuter oyunlarından dəhşət saçılır və uşaqlara qəddarlıq öyrədilir.

Amma yaxşı yazanlar hər zaman olub, indi də var. Mən ona diqqət etmişəm ki, dünya miqyasında uğur qazanan yazarlar əsasən rəhmli olmağı, sevməyi təlqin edənlərdir. Məsələn, Türkiyənin uşaq yazarı Yalvac Ural çox sevilir. Qeyd edim ki, o da "Təbəssüm" Ordeni ilə təltif olunub. Eyni zamanda Ketrin Paterson bütün dünyada çox oxunur və uşaqların sevimlisidir.

 

 

Arzu Abdulla

 

Mövqe.- 2011.- 6 aprel.- S.13.