Dağlıq Qarabağ problemi beynəlxalq təşkilatlarda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı

      

II yazı

 

Bütün maneələrə və çətinliklərə baxmayaraq, Azərbaycan Prezidenti sona qədər öz prinsiplərinə sadiq qaldı və bir çox dövlət başçıları ilə keçirilmiş görüşlərində də mövqeyini kifayət qədər ciddi arqumentlərlə əsaslandırdı. Uzun və gərgin müzakirələrdən sonra 20-ci maddədə öz əksini tapmış bütün prinsiplərin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi bəyanatında təsbit olunması barədə konsensus əldə edildi. Bəyanatda deyilirdi: "Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin tərkib hissəsi olacaq 3 prinsipi tövsiyə etmişlər. Bu prinsipləri Minsk Qrupunun üzvü olan bütün ölkələr müdafiə edirlər. Onlar aşağıdakılardır:

- Ermənistan Respublikası və Azərbaycan Respublikasının ərazi bütövlüyü;

- Dağlıq Qarabağın Azərbaycan tərkibində öz müqəddəratını təyin etməyə əsaslanan bir razılaşmada müəyyənləşdirilən ən yüksək özünüidarəsini təmin edən hüquqi statusu;

- məsələnin həllinin müddəalarına əməl olunmasını təmin etmək barədə bütün tərəflərin qarşılıqlı öhdəlikləri daxil olmaqla Dağlıq Qarabağın və onun bütün əhalisinin təhlükəsizliyi". Bu, ölkəmizin diplomatik müstəvidə əldə etdiyi çox mühüm uğur idi.

Əvvəla, Azərbaycan bütün dünyanın diqqətini Qarabağ münaqişəsinə yönəltməyə nail olmuşdu, bu isə olduqca vacib məsələ idi. Çünki dünyanın problemə münasibəti heç də obyektiv məlumatlar əsasında formalaşmamışdı və Azərbaycan Lissabon sammitində Ermənistanın və erməni lobbisinin uzun müddətdən bəri apardığı təbliğat kampaniyasının nəticələrini bir günün içərisində dəyişməyə nail oldu.

Digər tərəfdən Ermənistan bir daha işğalçı siyasət yürütdüyünü və beynəlxalq hüququn bütün dünya tərəfindən qəbul olunmuş prinsiplərinə qarşı çıxdığını ortaya qoydu. Bununla yanaşı, ATƏT üzvlərinin hamısı, Ermənistan istisna olmaqla, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması və Dağlıq Qarabağın bütün əhalisinin (buraya ərazidə yaşayan azərbaycanlılar da daxildir) təhlükəsizliyinin təmin edilməsi şərtləri daxilində həllinin mümkünlüyünü təsdiqlədilər. Ermənistan isə ilk dəfə məhz bu sammit zamanı beynəlxalq birliyin ciddi səpkisi ilə qarşılaşdı və özünü təcrid olunmuş vəziyyətə saldı.

Və nəhayət, Lissabon sammiti zamanı münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin sonrakı mərhələsi üçün Azərbaycanın milli maraqlarını təmin edən, beynəlxalq birliyin qəbul etdiyi hüquqi baza müəyyənləşdirildi.

1999-cu ildə ATƏT-in İstanbul zirvə toplantısında da Azərbaycan öz ədalətli mövqeyini dünyaya bəyan etmək üçün mühüm addımlar atdı. İstanbul sammitində prezident Heydər Əliyevin apardığı səmərəli danışıqlar Ermənistanın qeyri-konstruktiv mövqeyini bir daha nümayiş etdirdi. Rəsmi Yerevan faktiki olaraq sülh sazişinin imzalanması prosesini hər vəchlə ləngitməyə çalışırdı. Halbuki sammitdən əvvəl bir çox beynəlxalq müşahidəçilər, o cümlədən zirvə görüşünün iştirakçıları sülh sazişinin imzalanacağına böyük ümid bəsləyirdilər, İstanbul sammitində qəbul olunmuş deklarasiyanın 20 və 21-ci maddələri tamamilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuşdu və burada sülh prosesinin davam etdirilməsinin zəruriliyi qəti şəkildə bildirilirdi.

ATƏT Avropada sülhün qorunub saxlanılmasına və dövlətlərarası əməkdaşlığın genişləndirilməsinə xidmət edən bir təşkilat kimi bu günə qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirsə də, heç bir konkret addım atmağa nail olmayıb. Təşkilatın münaqişənin həllini sürətləndirmək üçün konkret mexanizmlərinin olmaması burada müəyyən rol oynasa da, etiraf etmək lazımdır ki, ATƏT-in işğalçı dövlətə qarşı müəyyən təzyiqlər göstərmək və dünya birliyini bu prosesə cəlb etmək imkanları var. ATƏT beynəlxalq hüquqdan doğan 10 təhlükəsizlik prinsipi müəyyənləşdirmişdir ki, bunların da hamısı Ermənistan tərəfindən pozulmuşdur. Həmin prinsiplər aşağıdakılardır:

 

1. Suverenliyə hörmət;

 

2. Silahlı qüvvələrdən istifadə etməmək;

3. Sərhədlərin toxunulmazlığı;

4. Dövlətlərin ərazi bütövlüyü;

5. Mübahisələrin dinc yolla həlli;

6. Bir-birinin daxili işlərinə qarışmamaq;

7. İnsan hüquq və azadlıqlarına hörmət etmək;

8. Millətlərin bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət;

9. Dövlətlər arasında əməkdaşlıq;

10. Beynəlxalq hüquqa dair öhdəliklərin vicdanla yerinə yetirilməsi.

 

Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməklə bu prinsiplərin heç birini nəzərə almadığını göstərib. Azərbaycanın suverenliyinə qəsd edib (1-ci prinsip), ölkəmizə və xalqımıza qarşı silahlı qüvvələrdən istifadə edib (2-ci prinsip), sərhədlərimizi pozub (3-cü prinsip), ərazi bütövlüyümüzü tanımadığını dəfələrlə beynəlxalq əhəmiyyətli tədbirlərdə nümayiş etdirib və təcavüzkar əməlləri ilə bunu bir daha təsdiqləyib (4-cü prinsip), Azərbaycanın daxili işlərinə qarışıb, bu, Dağlıq Qarabağda məhz Ermənistan hökumətinin təhriki ilə başlayan proseslərdə öz əksini tapır (6-cı prinsip), bir milyona qədər qaçqın və məcburi köçkünün hüquqlarını tapdalayıb (7-ci prinsip), millətlərin bərabərliyi anlayışına hörmət etmədiyini və azərbaycanlıları, eyni zamanda bütün türkləri düşmən kimi qəbul etdiyini əməlləri ilə sübuta yetirib, erməni xalqının bir dəfə öz müqəddəratını təyin edərək dövlət yaratdığını bilə-bilə ikinci dəfə bu xalqın öz müqəddəratını təyin etməsini bəhanə gətirərək xalqımıza qarşı görünməmiş vəhşiliklərə rəvac verib (9-cu prinsip), beynəlxalq hüquqa dair heç bir öhdəliyi yerinə yetirmir (10-cu prinsip).

 

ATƏT-in təklifləri

 

ATƏT-in Minsk qrupunun sədarəti. Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair hərtərəfli saziş Preambula Tərəflər onların xalqlarının tərəqqisi və firavanlığı üçün regionda sülhün və əməkdaşlığın önəmliyini tamamilə dərk edərək uzun sürən Dağlıq Qarabağ münaqişəsini dincliklə aradan qaldırmaq əzmindədirlər.

Aşağıda şərh edilən nizamasalma Qafqazın birgə iqtisadi inkişafı üçün zəmin yaradacaq, demokratik təsisatlar, rifahın yüksəlməsi və gələcəyə böyük ümidlər bəslənməsi şəraitində bu regionun xalqlarına normal və səmərəli həyat sürməyə imkan verəcəkdir. Bu sazişə uyğun olaraq aparılan əməkdaşlıq bütün regionda ticarət, nəqliyyat və rabitə sahəsində normal münasibətlərə gətirib çıxaracaq, beynəlxalq təşkilatların köməyi ilə insanlara öz şəhər və kəndlərini bərpa etməyə, regionda xarici kapital qoyuluşlarının xeyli artırılması üçün lazımi sabitlik yaratmağa və müqəddəs şənləri Qafqaz regionunun özündə olan təbii tərəqqinin bütün insanlar üçün əldə edilməsinə doğru aparan qarşılıqlı surətdə faydalı ticarətə yol açmağa imkan verəcəkdir. İnsanlar arasında barışıq və əməkdaşlıq onların çox böyük potensialını öz qonşularının və dünya xalqlarının rifahı üçün sərbəstləşdirəcəkdir.

 

 

Mövqe.- 2011.- 6 aprel.- S. 10.