Dağlıq Qarabağ problemi beynəlxalq təşkilatlarda

 

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ATƏT-in Minsk Qrupunun sədarəti

 

V yazı

 

Dağlıq Qarabağ silahlı münaqişəsinin dayandırılması haqqında saziş

 

Preambula

 

Tərəflər uzun sürən Dağlıq Qarabağ münaqişəsini dincliklə nizama salıb mövcud atəşkəsi möhkəm sülhə çevirmək əzmində olaraq;

regionda sülhün və əməkdaşlığın onların xalqlarının tərəqqisi və firavanlığı üçün önəmliyini təsdiqləyərək;

Qafqaz xalqlarına demokratik təsisatlar, rifahın yüksəlməsi və gələcəyə böyük ümid bəslənməsi şəraitində normal və səmərəli həyat sürmək imkanı verməklə bu regionun birgə iqtisadi inkişafı üçün zəmin yaratmaq istəyərək;

bu sazişə uyğun olaraq əməkdaşlığın bütün regionda ticarət, nəqliyyat və rabitə sahəsində normal münasibətlərə gətirib çıxaracağını, beynəlxalq təşkilatların köməyi ilə insanlara öz şəhər və kəndlərini bərpa etməyə, regionda xarici kapital qoyuluşlarının xeyli artması üçün lazımi sabitlik yaradılmasına və müqəddəs şərtləri Qafqaz regionunun özündə olan təbii tərəqqinin bütün insanlar üçün əldə edilməsinə doğru aparan qarşılıqlı surətdə faydalı ticarətə yol açmasına və insanlar arasında barışığın və əməkdaşlığın onların çox böyük potensialının qonşularının və dünya xalqlarının firavanlığı üçün sərbəstləşdirməyə imkan verəcəyini dərk edərək;

BMT nizamnaməsinin müddəalarına, ATƏT-in əsas prinsiplərinə və qərarlarına, beynəlxalq hüququn hamılıqla tanınmış normalarına və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin tamamilə həyata keçirilməsinə sadiq qalaraq;

ATƏT üzvü olan dövlətlərin münaqişənin dincliklə nizama salınmasında səylərini gücləndirmək və ATƏT-ə kömək etmək barədə 1994-cü ildə Budapeşt sammitində öhdəlik götürdüklərini və onların Minsk Konfransının həmsədrlərinə operativ danışıqlar aparmağa dair tapşırıq verdiklərini və silahlı münaqişənin dayandırılması haqqında tərəflər arasında saziş əldə edildikdən sonra BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinin qəbul olunacağı təqdirdə sülhün qorunması üzrə ATƏT-ə çoxmilli qüvvələr verməyə siyasi cəhətdən hazır olduqları barədə bəyanatını xatırladaraq; və Dağlıq Qarabağın qəti statusunu müəyyənləşdirəcək hərtərəfli nizamasalmaya təxirə salınmadan nail olmaq məqsədilə sülh prosesini vicdanla davam etdirmək əzmində olaraq aşağıdakılar barədə öz üzərilərinə öhdəliklər götürürlər:

I. Tərəflər öz aralarındakı mübahisələrin həlli üçün zor işlətməklə hədələməkdən və ya zor işlətməkdən imtina edir və çəkinirlər. Onlar bütün belə mübahisələri, o cümlədən bu sazişin həyata keçirilməsi ilə əlaqədar yarana biləcək mübahisələri dinc vasitələrlə, ilk növbədə danışıqlar yolu ilə, o cümlədən ATƏT-in Minsk prosesi çərçivəsində danışıqlar yolu ilə həll edirlər.

II. Tərəflər öz silahlı qüvvələrini aşağıdakı müddəalara uyğun olaraq və 1-ci əlavədə müfəssəl şərh edildiyi kimi çıxarırlar:

A) birinci mərhələdə qüvvələr Dağlıq Qarabağdan şərqə və cənuba doğru uzanan indiki təmas xətti boyunca 1-ci əlavədə göstərilmiş xətlərə və bu əlavədə olan cədvələ müvafiq surətdə, ATƏT-in çoxmilli qüvvələrinin ön dəstəsini hərbi nöqteyi-nəzərdən əsaslandırılmış müvəqqəti bufer zonasında ilkin qaydada yerləşdirməyə, tərəfləri bu xətt boyunca ayırmağa və qüvvələrin çıxarılmasının ikinci mərhələsi zamanı təhlükəsizliyi təmin etməyə imkan yaradılması məqsədilə Yüksək Səviyyədə Planlaşdırma Qrupunun (YSPQ) tövsiyələri lazımınca nəzərə alınmaqla çəkilirlər.

B) ikinci mərhələdə qüvvələr eyni vaxtda və 1-ci əlavədə göstərilmiş cədvələ müvafiq surətdə aşağıdakı qaydada çıxarılır:

(1) Ermənistan Respublikasının sərhədləri xaricində yerləşdirilmiş Ermənistanın hər hansı qüvvələri bu sərhədlərin hüdudları daxilinə aparılır.

(2) Dağlıq Qarabağın qüvvələri Dağlıq Qarabağ Muxtar Vilayətinin 1988-ci il hüdudları daxilinə aparılır, Laçın rayonu istisna olmaqla.

(3) Azərbaycanın qüvvələri YSPQ-nin tövsiyələrinə əsasən 1-ci əlavədə göstərilmiş xətdən kənara çıxarılır və Ermənistanın hər hansı ərazisindən çıxarılır.

(4) Ağır silahlar YSPQ-nin tövsiyələrinə əsasən ATƏT-in sülhümüdafıə qüvvələrinin müşahidəsi altında, 1-ci əlavədə şərh edilmiş şəffaflıq və hesabatvermə tələblərinə əməl edilməklə bu əlavədə göstərilmiş yerlərə aparılır.

III. Qüvvələrin bu cür çıxarılması və yerdəyişməsinin aid olduğu ərazi, 2-ci əlavədə müfəssəl şərh olunduğu kimi, bufer zonasını və ayırıcı zonanı əmələ gətirir:

A. Qüvvələrin çıxarılması başa çatdıqdan sonra bufer zonası DQMV-nin 1988-ci il hüdudları, Laçın rayonunun şimal və cənub hüdudları boyunca yerləşir. Bufer zonasında əhali məskunlaşdırılmır və ATƏT-in sülhümüdafiə əməliyyatının elementləri istisna olmaqla, tamamilə silahsızlaşdırılır.

B. 2-ci əlavədə müfəssəl şərh edildiyi kimi daimi qarışıq komissiya ilə əməkdaşlıq şəraitində fəaliyyət üçün icazə verilmiş qüvvələr, o cümlədən aşağıda göstərilən qüvvələr istisna olmaqla ayırıcı zona silahsızlaşdırılır:

(1) - sülhümüdafıə əməliyyatının elementləri;

(2) - sərhəddə keşik çəkmək və minalardan təmizləmə üçün bölmələr;

(3) - say tərkibi və icazə verilmiş silahı 2-ci əlavədə müəyyən edilmiş mülki polis.

C. 2-ci əlavədə şərh edildiyi kimi, bufer zonasında və ayırıcı zonada uçuşsuz zona yaradılır, ATƏT-in sülhümüdafıə əməliyyatının nəzarəti altında tərəflər bu zonada hərbi uçuşlar keçirilməsinə yol vermirlər.

D. II maddəyə uyğun olaraq qüvvələr çıxarıldıqdan sonra Dağlıq Qarabağın hakimiyyət orqanlarının nəzarət etdikləri bütün yerlərdə təhlükəsizlik Dağlıq Qarabağın mövcud hərbi strukturları tərəfindən təmin olunur.

IV. ATƏT-in 1994-cü il Budapeşt sammitinin qərarlarına uyğun olaraq tərəflər ATƏT-in çoxmilli sülhümüdafıə əməliyyatını (SMƏ) dəvət edir və onun yerləşdirilməsinə kömək göstərirlər, o, 7-ci maddədə müəyyən olunduğu kimi, daimi qarışıq komissiya və Ermənistan-Azərbaycan hökumətlərarası komissiyası ilə əməkdaşlıqda fəaliyyət göstərəcəkdir.

SMƏ qüvvələrin və ağır silahların çıxarılmasına. hərbi uçuşlara yol verilməməsinə, silahsızlaşdırma rejiminin qorunub saxlanmasına və 2-ci əlavədə şərh olunduğu kimi, Ermənistan-Azərbaycan sərhədində vəziyyətə nəzarət edir. Tərəflər bu məqsədlərdən ötrü BMT Təhlükəsizlik Şurasını bir ildən az olmayaraq ilkin dövr üçün müvafiq qətnamə qəbul etməyə və lazım gəldikdə ATƏT-in fəaliyyətdə olan sədrinin tövsiyəsi ilə həmin qətnamənin müddəalarını bərpa etməyə çağırırlar. Tərəflər razıdırlar ki, çoxmilli sülhümüdafıə əməliyyatının ümumi müddəti regiondakı vəziyyətdən və münaqişənin hərtərəfli həllinin sürətindən asılı olaraq minimum zərurət həddində olacaqdır. Tərəflər bu sazişin həyata keçirilməsini təmin etmək və sülhümüdafıə əməliyyatının hər hansı şəkildə pozulmasının və ya dayandırılmasının qarşısını almaq üçün SMƏ ilə tam əməkdaşlıq edirlər.

V. Tərəflər, 2-ci əlavədə şərh olunduğu kimi, köçkün şəxslərin ayırıcı zonadakı öz əvvəlki daimi yaşayış yerlərinə təhlükəsiz və könüllü qayıtmasına kömək edirlər. Bu zonada silahsızlaşdırma rejiminə əməl olunacağına bütün tərəflərdə inam yaratmaq üçün daimi qarışıq komissiya ilə əməkdaşlıq şəraitində SMƏ qayıdan əhalinin təhlükəsizliyinə göz qoyur. Tərəflər bu sazişlə və ya hərtərəfli nizamasalma ilə əhatə olunmuş və Ermənistanla Azərbaycan arasında münaqişə və gərginlik nəticəsində 1987-ci ildən sonra köçmüş şəxslərdən savayı, qalan digər bütün şəxslərin tezliklə təhlükəsiz şəraitdə və könüllü şəkildə qayıtmasının həyata keçirilməsi haqqında danışıqlar aparırlar.

 

 

Mövqe.-2011.- 9 aprel.- S.10.