Atəşpərəstin butası,
VERSACE, GUCCİ və biz
Və ya
əlimizdən aldığımız
mədəniyyətimiz
Ötən bazar günü
Vaxtilə nənələrimizin baş örtüyü olan tirmə şallara, kəlağayılara
çox bənzəyirdi
bunlar.
Daha çox diqqətimi çəkən
isə Azərbaycan
ornament sənətinin çox
yayılmış bəzək
elementlərindən biri-buta
oldu. Butanın atəşpərəstlik dövrünə məxsus
bəzək forması
olduğunu, yəqin ki, bilirsiniz. Bakı, Gəncə, Ərdəbil, Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında,
binaların daxili bəzəkləri və digər sənət nümunələrində butadan
geniş istifadə edilib. Buta Orta Asiya və Yaxın Şərq ölkələrinin
də (Hindistanın tirmə şallarında, İranın parça və metal məmulatlarında
və s.) dekorativ və tətbiqi sənətində geniş
yayılıb. Butanı çoxları
Şərq ornamenti adlandırsa da, bəzi tarixçilər bu naxışı sırf atəşpərəstliklə
bağlayırlar. Sanki ağzı bağlanmış,
sirlə dolu bağlamanı xatırladan
buta eyni zamanda ocaqdan qalxan və parçalara ayrılan od dilimlərinə
çox bənzəyir.
Butalar forma etibarı ilə 4 qrupa bölünür:
1.
Xalça bəzəyində
işlədilən butalar
("Muğan-buta", "Salyan-buta", "Xilə-buta",
"Bakı-buta", "Sarabi-buta",
"Gəncə-buta", "Şirvan-buta");
2.
Ailə həyatını
təmsil edən butalar ("bala-buta",
"həmli-buta", "balalı-buta", "evli-buta",
"qoşaarvadlı-buta" və s.);
3.
Rəmzi mahiyyət daşıyan butalar ("cıqqa-buta", "lələk-buta",
"küsülü-buta", "qovuşan-buta", "yazılı-buta"
və s.);
4.
Bu qrupa müxtəlif
formalı butalar daxildir: "saya-buta",
"əyri-buta", "dilikli-buta",
"qıvrım-buta", "şabalıd-buta", "zərxara-buta",
"badamı-buta", "qotazlı-buta", "çiçəkli-buta",
"yanar-buta" və
s.
Rəmzi məna daşıyan
butalar zaman keçdikcə tədricən
müxtəlif məzmunlu
və formalı motivlərlə zənginləşib. Biz qədim kəlağayılarımızın ətəklərini bəzəyən
butalara da çox rast gəlirik.
Hamı bizə
oxşasın, bəs
biz kimə oxşayaq?
Bu gün dünyanın
inkişaf etmiş dövlətlərinin və
dünyanın ən məşhur moda firmalarının istehsal etdiyi geyimlərdə öz butamızı görəndə qədim
mədəniyyəti olan
bir xalq olduğumuz bəlli olur. Amma təkcə
özümüzə bəlli
olur bu vacib
tarixi fakt. Çünki biz öz qədim mədəniyyətimizi
çox az
şəkildə təmsil
edirik. Bu gün
paytaxtımızda, eləcə
də bölgələrimizdə
milli geyimlərimizi, demək olar ki, görmürük.
Milli ornamentlərimizə isə
"Romantic", "Mango", "Miss Bahar"
kimi geyim brendlərində rast gəlirik. Biz həm geyimimizə, həm də xarakterimizlə nəyə
görə, bizdən
mədəniyyət əxz
edən avropalıya bənzəməyə can aıtırıq?
Niyə özümüz
ola bilmirik?
Təbii, bütün xalqların
qədim, milli geyimləri olub. İndi heç kim gündəlik
həyatda bu geyimlərə üz tutmur. Amma gündəlik geyimlərdə
müxtəlif aksesuarlarla
milliliyimizi qoruya bilərik. Bu gün Hollandiyaya səfər edənlər
suvenir kimi mütləq bu inkişafın pik həddində olan, demokratik, azad ölkədən taxta ayaqqabılar alır.
Artıq
Hollandiyanın simvoluna
çevrilmiş bu ayaqqabıları heç
də müasir hollandlar geymir. Amma onların ulu nənə-babaları bu taxta ayaqqabılarda gəzib. Və ya İtaliyanın məşhur parfum və geyim brendi
olan "VERSACE"nin naxışları.
Bu, ölməzlik simvoludur. İndi hər yerdə,
hətta adi mağazalarda da "Versace
naxışı" deyilən
ornament məhz qədim
türklərə məxsusdur.
Bu naxışlara diqqətlə baxanda əsəblərin sakitləşir,
bir anlığa güclü, olduğunu düşünürsən. Bilirsiniz, niyə? Naxışlar sonsuza qədərdir.
Bitib-tükənmir, geriyə dönür,
özü-özlüyünə qayıdır sanki. Bəzi tarixçilər faşist
Almaniyasının gerbinin
də bu işarədən qaynaqlandığını
iddia edir. Biz isə qədim
türklər olaraq bu ornamentə sahibliyimizi sözün əsl mənasında itirdik. Bu çox
da kiçik itki deyil. Su dama-dama böyük
bir dağı, daşı oyur və məhv edir. Buna erroziya
deyirlər. Babalarımız isə "dama-dama göl olar" deyirdi.
Yaraşır əndamına
yaşılı, alı gözəlin
Aşığın yaradıcılığına
nəzər salanda milli geyimimizin nə qədər zəngin olduğunu duyuruq. "Al nimtənə", "zər
arxalıq", "kəlağayı",
"həmayil" və
ya:
Ayaqda sağrı
başmaq, başında
şalı gözəlin
Yaraşır əndamına
yaşılı, alı gözəlin...
Bu gün dünya
ulduzlarının sinəsini
bəzəyən boyunbağılarda
qədimdə nənələrimizin
taxdığı o gərdənliklərin,
həmayillərin, hillərin
aksesuarlarını görürük. Bizdə isə, demək
olar ki, yoxdur bu bənzərliklər.
Yeri gəlmişkən, bir
məqama toxunmaq istəyirəm.
Sovet dönəmində üzə
çıxarılan milli
geyimlərimizdə kasıblıq,
maldar, köçmən
həyatını əks
etdirən bir səliqəsizlik, bir kasıblıq var idi. Doğrudur, hər bir xalqın kasıbı, varlısı, maldarı olur. Amma hətta bu kasıb
maldar da adam içinə
çıxanda ən
yaxşı paltarını
geyinir, daha yaxşı görünməyə
çalışır. Xalqımızın həddindən artıq qonaqpərvər olduğunu
nəzərə alanda
bir daha əmin olursan ki, bizim qadınlarımız
belə tör-töküntülü,
uyuşmayan rənglərə
heç vaxt qucaq açmazdı.
Qadınlarımızın fantaziyasına, zövqünə,
rəng seçiminə
isə qədim xalçalarımız sübutdur.
Sövetlər birliyi dağılandan
sonra isə o dövrkü incəsənət
işçilərimiz günahı
milli geyimlərimizə
rəssamlıq edən
ermənidə axtarırdı. Məgər bu xalqın
bir rəssamı yox idi, erməniyə
möhtac qalmışdı?
Çox maraqlıdır, sovet
dönəmində ermənilər
öz milli geyimlərini çox zəngin şəkildə
təqdim edirdilər. Millilik, xalqa bağlılıq,
sevgi insanın içində, daxilində
olur. Bu sevgisizliyin
səbəbini hansısa
quruluşda, hansısa
millətdə axtarmaq
çox gülüncdür.
2009-ci ildə, müstəqiliyimiz dönəmində
"Evrovision" mahnı
yarışmasında Ermənistanı
təmsil edən cüt bacılar milli geyimdə idilər. Guya ermənilərin milli geyimi idi
bu. Həddindən artıq
zənginliyi, gözqamaşdıran
zərifliyi tanımayanlarda
ermənilərin "böyük"
keçmişlərinə sevgi yaradırdı.
Bəs bizimkilər? Erməni qızlarının
əynindəki milli geyim əslində Azərbaycanın milli geyimi idi. Başlarındakı isə türkmənlərin
və Xəzəryanı
bölgələrdə yaşayan
türklərin baş
geyimi idi. Xatirlayın,
o zaman bizim təmsilçimiz hansı
libasda idi? Bütün bunları düşünəndə
itirdiklərimizin səbəbkarlarını
kənarda deyil, içimizdə axtarmalı
oluruq.
Çoban arvadı,
yoxsa Səfurə Əlizadə?
Bəs indi nə oldu bizə? İndi kimdir milli geyimlərimizə qadağa
qoyan? Novruz bayramlarında telekanallardakı
aparıcıların milli
geyimlərimizə üz
tutması çox sevindiricidir. Modelyerlərimiz Fəxriyyə Xələfova
və Gülnarə Xəlilovanın öz fəaliyyətləri zamanı
daim milli ornamentlərimizi, milli geyimlərimizi sevdirmələri
də alqışa layiqdir.
Ötən il "Evrovision" təmsilçimiz Səfurə
Əlizadənin dünya
arenasına qeyri-adilik
sərgiləmək istəyi
də çox gülünc idi əslində. Çünki Avropa insanını
belə nəsnələrlə
heyrətləndimrək olmaz.
Avropa insanı Azərbaycana gələndə təndirimizə,
çuvalımıza, qədim
tarixi abidələrimizə
heyrətlənir. Səfurə isə içində işıqları yanan paltarla guya hamını
şoka salmaq istəyirdi. Nə oldu
bəs? Heç kimin
tükü də tərpənmədi. Bundan
öncəki təmsilçimiz
Aysel Teymurzadənin həddən artıq qısa paltarı da heç bir
avropalını mat qoymadı.
Amma maraqlısı odur ki, Səfurə Əlizadənin içində
işıqları yanan
donuna dövlət büdcəsindən filan qədər maliyyə vəsaiti ayrılmışdı.
Kimə xeyir gətirir bu vəsait? Bəlkə sovet dönəmində kəniz, qulluqçu, maldar, çoban arvadının geyimi kimi dünyaya çıxarılan geyimlərimizə
üz tutaq. Bax, biz Avropanı da bu geyimimizlə heyrətləndirə bilərik.
Yəni saflığımızla, təbiiliyimizlə.
Aysel Teymurzadə ilə eyni səhnəni bölüşən Türkiyə
təmsilçisi Hadisənin
qısa paltarı ölkəsində əsl
tənqid obyektinə çevrildi. O zaman hətta Türkiyənin nüfuzlu qəzetlərindən
biri çox maraqlı məqama toxunmuş və yazmışdı ki,
"Evrovision" səhnəsində
ən açıq-saçıq
paltarı iki türk ölkəsinin təmsilçisi geymişdi.
Məncə, bir ölkəni,
qədimdən qədim
bir mədəniyyəti
olan bir məmləkəti, qədimdən
qədim yaşı olan zəngin bir xalqı para tumanla deyil,
mükəmməl əl
işiylə təmsil
etmək daha yaxşı olar.
Mövqe.- 2011.- 2 aprel.- S.13.