Azərbaycanla
Latviya arasında yaxşı münasibətlər mövcuddur
Müsahibimiz
Latviya Respublikasının Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri Hardijs Baumanisdir.
-
Cənab səfir, Azərbaycanla Latviya arasında mövcud olan
əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?
-
Azərbaycanla Latviya arasında yaxşı münasibətlər
mövcuddur. Ölkələrimiz arasında müxtəlif səviyyələrdə
sıx dialoq və əməkdaşlıq qurulub. Parlamentlərarası
münasibətlər inkişaf edir, yerli özünüidarə
səviyyəsində bələdiyyələrin əməkdaşlığı
təşəkkül tapmaqdadır. Təbii ki, mədəniyyət
sahəsində də əlaqələrimiz inkişaf edir.
Bizim mədəni əlaqələrimizin 100 illik tarixi var, bu
münasibətlərin kökü ötən əsrin əvvəllərinə
gedib çıxır. Məsələn, tanınmış
Latviya yazıçısı Ernests Birznieks-Upitis Azərbaycanda
yaşayıb və "Qafqaz hekayətləri" adlı
kitab yazıb. Bu kitab Latviyada çox məşhurdur,
xüsusilə onu sevə-sevə oxuyurlar. Tanınmış bəstəkar
və dirijor Jazeps Medinş Bakı Milli Simfonik Orkestrində
dirijorluq edib.
Müasir
əlaqələrə gəlincə, Latviya Respublikasının
Azərbaycanda səfirliyi 2007-ci ildə fəaliyyətə
başlayıb. İlk illərdə münasibətlərimiz
daha çox siyasi-iqtisadi sahələri əhatə edirdi. Son
dövrdə mədəniyyət sahəsinə də diqqəti
artırmışıq. Bakıda yarım ildir ki, səfir
kimi fəaliyyət göstərirəm. Mənim arzum Latviya və
Azərbaycan arasında mədəniyyət sahəsində
sıx əlaqələr qurmaq, daha çox mədəni
mübadilə etmək, insanlar arasında əlaqələr
yaratmaqdır. Bu günlərdə Azərbaycanın mədəniyyət
və turizm naziri cənab Əbülfəs Qarayevlə
görüşdüm. Söhbət əsnasında bu il
üçün əməkdaşlıq imkanlarını,
perspektivləri müzakirə etdik. Görüş zamanı
Azərbaycan və Latviya respublikaları arasında mövcud
olan mədəniyyət sahəsindəki əlaqələri
daha da genişləndirmək üçün hər il 2-3 mədəni
tədbir keçirmək barədə müzakirələr
apardıq. Bizim səfirlik bu məsələlər üzərində
işləməyə başlayıb. Məlum olduğu kimi,
apreldə Bakıda mədəniyyətlərarası dialoqla
bağlı dünya forumu keçiriləcək və Latviya
Respublikasının mədəniyyət naziri, xanım Sarmite
Elerte də Bakıya gələrək, bu tədbirdə
iştirak edəcək.
Yaxın
aylarda biz XX əsrdə Azərbaycanla Latviya arasında mədəni-tarixi
əlaqələri əks etdirən sərgi keçirmək
istəyirik. Bundan sonra biz rəsm qalereyalarımız
arasında sərgilər mübadiləsi aparmağı
planlaşdırırıq. Onu da deyim ki, bu günlərdə
"Qalereya 1969"un direktoru Elçin Orucovla Azərbaycanın
müasir incəsənətinin Latviyada nümayişi barədə
müzakirə aparmışıq. Mən Latviyanın
müasir incəsənət nümunələrini də
Bakıya gətirmək istədiyimizi ona bildirdim. Qeyd etdiyim bu
məsələlər bizim mədəni əməkdaşlığa
bağlı yaxın planlarımıza daxildir.
-
Azərbaycana səfir kimi gəlməzdən öncə
ölkəmiz haqqında, onun tarixi, mədəniyyəti barədə
nə dərəcədə məlumatlı idiniz?
-
Təəssüf ki, Sovet İttifaqı dövründə və
sonralar mənim Azərbaycana səfər etmək imkanım olmayıb.
Ali təhsilimi Moskvada almışam və tələbə
olarkən qrup yoldaşlarım arasında Bakıdan Yuri
adlı bir nəfər vardı. Ali məktəbi bitirdikdən
sonra qrup yoldaşlarımla əlaqələri itirdim. İndi
Bakıda olduğum müddətdə, məsələn, həmin
tələbə yoldaşımla yenidən görüşməyə
çox şad olardım. Təbii ki, burada olduğum dövrdə
Azərbaycanın tarixi, bu günü barədə geniş məlumat
əldə etmək, ölkənizin inkişafını
bilavasitə izləmək imkanım var.
-
Daha öncə hansı ölkələrdə diplomat olaraq
çalışmısınız və Azərbaycana səfir
təyinatınızı necə qarşıladınız?
-
Bakıya səfir təyinatımdan əvvəl mən
Kopenhagendə (Danimarka), Moskvada və Sankt-Peterburqda (Rusiya),
habelə Vilnüsdə (Litva) diplomat kimi
çalışmışam. Yəni 10 ilə yaxın
müddətdə Latviyaya qonşu ölkələrdə
diplomatik fəaliyyət göstərmişəm. Azərbaycana
səfir təyin olunanda düşündüm ki, bu mənim həyatımda
bir yenilik olacaq. Mən Riqadan nisbətən uzaqda olacağam,
bura fərqli region, fərqli mədəniyyət deməkdir.
-
Bakıda qısa müddət yaşamağınıza
baxmayaraq ölkəmiz, insanlarımız sizdə hansı təəssürat
yaradıb?
-
Azərbaycan və onun paytaxtı Bakı sürətlə
inkişaf edir. İnsanlara gəlincə, onlar çox dinamik,
gülərüz və ünsiyyətə
açıqdırlar. Küçədə kiminlə
rastlaşırsansa, onlar sənə kömək etməyə
çalışır, hara getməyi izah edirlər. Bir
xoş məqamları da qeyd edim ki, insanlarınızın bir
çoxu rus və ingilis dillərini yaxşı bilirlər.
-
Xalqlarımız arasında oxşar və fərqli cəhətləri
necə, xarakterizə edə bilərsinizmi?
-
Düşünürəm ki, xalqlarımız arasında
oxşar cəhətlərdən biri insanlarımızın
çox vətənpərvər olmasıdır. Azərbaycan
və Latviyanın tarixi eynidir. Çünki 1918-ci ildə hər
iki xalq öz müstəqilliyi uğrunda mübarizə
aparırdı və müstəqil dövlətlərini elan
etdilər. Versal Sülh Konfransında Azərbaycanın
nümayəndə heyəti Latviyanın nümayəndə
heyətini Böyük Britaniyadan iki gün sonra təbrik
etmişdi. Belə məlum olur ki, Azərbaycan Latviyanın
müstəqilliyini tanıyan ilk ölkələrdən biri
olub. Fərqli cəhətlərə gəlincə,
latviyalılar təbiətən nisbətən
soyuqqanlıdır, bu da bizim şimallı
olmağımızla bağlıdır. Latviyalılar elə
də ünsiyyətcil deyillər.
-
Yeri gəlmişkən, siz özünüz Qobustanda olmusunuz?
-
Bəli, mən orada bir neçə dəfə olmuşam. Qobustan çox təsirli bir yerdir. Oradakı daş mağaraları və ətraf mənzərələri görmək
çox maraqlıdır.
-
Azərbaycanda olduğunuz
müddətdə regionlarımıza
səfər edə bilmisiniz?
-
Ölkənizdə olduğum
qısa müddətdə
müxtəlif rayonlara
səfər etmişəm.
Qəbələdə, Qubada,
bu rayonun Xınalıq kəndində
olmuşam. İnsanların kənd həyatını
görmək çox
maraqlı idi. Bu yaxınlarda Avropa
Birliyi ölkələrinin
səfirləri ilə
Naxçıvana səfər
etdik. Mən bütün regionlarınızı
gəzmək, görmək
niyyətindəyəm. Bir sıra regionlar haqqında turist bukletlərindən məlumat
almışam. Mən dünyanın
bir çox ölkələrində olmuşam.
Lakin qısa məsafədən
bu qədər çox iqlim zonasının dəyişməsini
görməmişəm. 20-30 kilometr keçdikdən
sonra yaydan qışa düşürsən.
Bu doğrudan da Azərbaycanda turizmin inkişafına böyük üstünlük
verir və imkanlar yaradır.
-
Azərbaycan musiqisini,
muğamı necə,
dinləmək imkanınız
olubmu?
- Əlbəttə, muğamı
dinləmişəm və
çox bəyənmişəm. Bu, Azərbaycanın böyük musiqi irsidir, qeyri-adi musiqidir. Mən bilirəm ki, bu musiqi UNESCO-nun qeyri-maddi irs
siyahısına daxil olub. Yeri gəlmişkən, Latviyanın qədim xor musiqisi bu
siyahıya daxildir.
Hələ 1873-cü ildən başlayaraq Latviyada xor musiqisi festivalları
keçirilir.
-
Adətən diplomatların
iş qrafiki sıx, boş vaxtları isə az olur.
Buna baxmayaraq, paytaxtımızı
gəzməyə, görməli
yerlərə baş çəkməyə vaxt
tapa bilirsiniz...
-
Mən İçərişəhərdə
və Dənizkənarı
Milli Parkda gəzməyi çox sevirəm. Boş vaxtlarımda idmanla
məşğul olmağa
çalışıram. Uzun illər tennislə məşğul olmuşam.
Bakı bulvarına həm də ona görə
gedirəm ki, orada çox gözəl tennis kortları
var. Bundan başqa, velosiped sürməyi də xoşlayıram.
Şənbə və
bazar günlərində
maşınların az olduğu vaxtda öz velosipedimlə Bakıda müxtəlif yerlərə
gedirəm.
-
Azərbaycan milli mətbəxi ilə aranız necədir?
-
Sizin milli mətbəxinizi çox xoşlayıram. Azərbaycanda ət yeməkləri,
lüləkabab xoşuma
gəlir. Bazar günü
boş vaxtım çox olanda, dəniz kənarına gedirəm. Ona görə ki,
orada gözəl restoranlarda təzə balıq olur. Bu yemək doğrudan
da gözəl zövq verir.
Ağanisə
Mövqe.- 2011.- 6 aprel.- S. 4.