Gənclər
Təşkilatları dövlətçiliyin müdafiəsində
Ötən
gün “Kanal 13” internet televiziyasında yayımlanan
“Bütöv Azərbaycanın səsi” proqramının
qonaqları Azərbaycanda fəaliyyət göstərən gənclər
təşkilatlarının sədrləri idi. Tural
İsmayılovun aparıcılığı ilə
yayımlanan proqramda, Azərbaycan Gənclərinin Avropaya
İnteqrasiya Təşkilatının sədri Gülsel Səfərova,
sədr müavini Nərgiz Eyvazova, “Gənc Liderlər”
Uşaq və Gənclər Təşkilatının sədri
Fərid Şahbazlı, Dünya Azərbaycanlıları
Konqresi Gənclər Təşkilatının sədri Seymur Həsənli
ölkə daxilində son baş verən hadisələrlə
bağlı gəncliyin mövqeyini ortaya qoydular. “Dövlətçiliyə
dəstək” adlanan proqramda ilk söz DAK Gənclər Təşkilatının
sədri Seymur Həsənliyə verildi.
“Mən gəncləri, mətbuat
orqanlarını bir o qədər də təlaşa
düşməməyə dəvət edirəm. Çünki,
baş verən hadisələr daha öncəki zamanlarda da
olub. Bu bir dalğadır, qısa müddətlik zamana
hesablanıb. Nəticəsi də olmayacaq. Ona görə
olmayacaq ki, onun heç bir sosial dayağı yoxdur.
Dağıdıcı fəaliyyət göstərən belə
qurumları maliyyələşdirən və həvəsləndirən
fondlar Azərbaycanın inkişaf etməsini istəmirlər.
Onlar heç bunun marağında belə deyillər. Sadəcə
belə oyunları qurmaqla öz iqtisadi mənfəətləri
üçün nələrisə gerçəkləşdirə
biləcəklərinə inanırlar. Unutmaq olmaz ki, bura hər
hansı bir ərəb ölkəsi deyil. Azərbaycan dövləti
kifayət qədər güclüdür. Problemsiz ölkə
yoxdur. Eləcə də Azərbaycan. Biz bu problemlərin həlli
üçün prezidentimizin ətrafında sıx birləşməliyik”
deyə Seymur Həsənli bildirib.
Sonra AGAT sədri Gülsel Səfova
gəncləri dövlətlə iqtidar
anlayışını səhv salmamağa
çağırıb. “Bəzi gənclərin belə təxribatlara
uyması məndə sadəcə acı təəssüf
doğurur. Belə gənclər hələ iqtidarla, dövlət
anlayışları arasında fərqin nədən ibarət
olduqlarını bilmirlər. Öncə bir kitab oxuyub elmini
inkişaf etdirmək lazımdır. Xaricdə yaşayan bir
sıra gənclərimizin bu sahədə fəaliyyəti də
bizi rahatsız edir. Çünki, Azərbaycandan xaricdə
yalnız Azərbaycan anlayışı olmalıdır. Siyasi
fəaliyyət yalnız ölkə daxilində, o da sağlam
şəkildə aparılmalıdır. Azərbaycan
iqtidarı avrointeqrasiyanı özü üçün
priotet xətt kimi seçib. Avrointeqrasiya milli dəyərlərdən
imtina, dövlətçiliyə qarşı çıxmaq
demək deyil. Hər bir gənc atdığı addımda
çox diqqətli olmalıdır.”
“Gənc Liderlər” Uşaq və
Gənclər Təşkilatının sədri Fərid
Şahbazlı isə sosial şəbəkələrdə
aparılan işlərə toxundu. “Bir sıra şəxslər
müxtəlif sosial şəbəkələrdə saxta
profillər yaradırlar. Məqsədləri
görüntü olaraq təxribatçı fəaliyyətlərinə
don geyindirməkdir. Biz isə prezidenti dəstəkləyən
virtual aksiya təşkil etmişik. Hər kəsin şəxsi
məlumatlarını belə toplayırıq.
Azərbaycanda bir milyon insanın
hüququ pozulub. Öz torpaqlarından ayrı
düşüb. Niyə xarici təşkilatlar və
onların əlaltıları olan ölkə içi siyasi
qüvvələr məcburi köçkünlərin
hüququnun bərpası üçün bir addım
atmır? Azərbaycanda konstruktiv müxalifət var. Onlar
proseslərlə bağlı olaraq öz təkliflərini
hökumətə təqdim edirlər və təklifləri də
nəzərə alınır. Yəni ortaya konsepsiya qoymaq
lazımdır. Söz qəhrəmanı olanların heç
bir zaman sosial bazası olmayacaq. Necə ki, biz bunu son
keçirilən aksiyalarda gördük”
Digər iştirakçı, AGAT
sədr müavini Nərgiz Eyvazova isə təşkilatlarının
gördüyü işlərdən danışdı.
“İndi bizə məktublar yazırlar və müxtəlif məsələlərlə
bağlı irad bildirirlər. Amma real işə gələndə
hər kəs sinəsini geri çəkir. Biz xarici dillərdə
bəyanatlar verəndə, hər kəsi dəstəyə
çağıranda, müxtəlif virtual aksiyalar keçirəndə
sizlər niyə susurduz? Niyə biganə qalırdız?”
Sonda gənclər müxtəlif
istiqamətlərdə müzakirə apararaq belə qərara
gəldilər ki, yaxın günlərdə əksər gənclər
təşkilatlarının iştirakı ilə dövlətçiliyin
müdafiəsinə dair mətbuat konfransı keçirsinlər.
Mövqe.- 2011.- 6
aprel.- S. 8.