"Çar Rusiyasını dağıdan Lenin L.Tolstoyun ədəbi təfəkkürü
qarşısında susurdu"
Müsahibim ölkəmizdə
yeganə obyektiv tənqidçi kimi tanınan İradə Musayevadır.
-
İradə xanım,
qabaqdan Yazıçılar
Birliyinin növbəti
qurultayı gəlir. Artıq qurumun müxtəlif seksiyaları
qurultay öncəsi məruzələrlə çıxış
ediblər. Tənqidçi
kimi bu məruzələrə
münasibətiniz necədir?
-
Qismətin, Qulu Ağsəsin, Bəsti Əlibəylinin, İlqar
Fəhminin məruzələrinin
mətni ilə tanışam. Təbii ki, bu məlumatlar mahiyyətdən
daha çox formanı səciyyələndirir. Hardasa hesabat
xarakterli olduğu üçün ədəbiyyatın
müxtəlif sahələrinin ümumi mənzərəsini
təqdim etmiş olur. Və bu məruzələrə
söykənib ədəbiyyatımızın bugünkü
durumuna qiymət vermiş olsaq, hər şeyi qənaətbəxş
hesab etmiş olarıq. Hətta İ.Fəhmi postmodern, modern,
sürreal, absurd və s. cərəyanlara məxsus qələm
sahiblərinin yoxluğundan və ya azlığından
şikayətlənsə də, əminliklə deyir ki, nəsrimizdə
realizm səthi, birtərəfli deyil, əhatəli şəkildə,
psixoloji realizmdən tutmuş magik realizmə qədər
bütün istiqamətlərdə və dəyərli şəkildə
işlənib...
Məruzələrdə
gərəkli, gərəksiz
xeyli adlar çəkilir. Bir çoxunun da adı bir
çox yerlərdə, yəni nasir, şair, dramaturq, tənqidçi,
publisist və s. kimi...
İ.Fəhminin nasir siyahısının konturları (bu hal digər məruzələrdə də
görünür) elə
aidiyyətsiz sahələrdən
keçir ki, şəxsən mən nəsrin mənzərəsini
elə nəsr sözünün mənası
kimi "nisar" - dağınıq gördüm.
Əlbəttə, nəsr adına yazanların adının
çəkilməsi qəbahət deyil, nəsr adına
qüsur hesab edilən müəlliflərin imzasını təsdiqləyici
fikirlərin əminliklə ifadəsi, onların
yazdıqlarını layiq olmadıqları şəkildə,
heç özlərinin də başı
çıxmadığı cərəyanın, tendensiya və
ideologiyanın içinə yerləşdirib təqdim etmək,
artıq qorxulu olur... B.Əlibəyli də vurğulayır
ki, 11-12-ci qurultaylar arasındakı dövrdə, son onillikdə
gedən ədəbi proses həm akademik, həm də praktik ədəbi
tənqid tərəfindən izlənilib və 80 yaşdan 25
yaşadək xeyli imza sayır və s.
-
Siz məruzələrin
çağdaş ədəbiyyatmızdakı
reallığa yaxınlığını
gördünüzmü?
-
Ədəbiyyatın real durumu
ilə məruzələr
arasında uyğunsuzluq
görünür. Hər halda ədəbiyyat
haqqında məlumat beşillik təsərrüfat
planları, hesabatlarından fərqlənməlidir. Bir də
təsdiqlənmiş imzaların üstündə dönə-dönə
dayanmaq, vurğulamaq "kənardakıları" görməmək
və ya özünü elə göstərmək, məruzəçi
səlahiyyətindən istifadə edib, 30-40 dəqiqəlik
kürsü hakimiyyəti dövründə bir
çoxlarını və hətta daha layiqlilərini (məsələn,
bu anda mən P.Cəbrayılı və başqalarını
düşünürəm) ədəbi prosesdən
"sürgün edib" qəribliyə atmaq ədəbi mənzərədən
az-çox xəbəri olan hər kəsdə tam obyektivlik
şəraitinin mövcudluğuna inamı azaldır. Sağ
olsun, Bəsti xanım məruzəsinin sonunda özündə
güc tapıb bunu etiraf edir: "Allah şahiddir ki, məruzəmdə
dostdan, bəzən də mühitdən keçə bilmədim".
Sonra da deyir ki, meyarlardan da (yəqin ki, həm də Allahdan
-İ.M.) keçə bilmədim. Bəli, dost və mühit
haqqı üstələyəndə mən ədəbiyyatın
durumu haqqında mənə məruzə ərz edənlərin
qarşısında bir oxucu və dinləyici kimi
özümü saxta ədəbi diktə təzyiqinə məruz
qalmış hesab edirəm, sözsüz ki, onların
uzatdığı ədəbi siyahını səmimiyyətlə
qəbul etməkdən də imtina etmiş oluram.
-
Gənc yazarlara ədəbi tənqidin münasibəti çox aqressivdir.
-
Gənc yazarlar, məsələn, romançılar
daha məhsuldardırlar.
Ədəbi tənqid isə özünüz də
müşahidə etmisinizsə operativ şəkildə
(xüsusilə "Azadlıq" radiosunun ədəbiyyat
portalında) bu əsərləri oxuyur və təhlil edir. Yəni
əvvəlki illərlə müqayisədə tənqidin ədəbiyyata
reaksiyası, onunla ayaqlaşması və onu ötüb
keçməsi halı artıq göz qabağındadır. Bu
çox yaxşıdır. Qarşılıqlı məsuliyyət,
bir-birinə yanaşmada intellektual polemika mədəniyyəti,
fikir və ideyalarını, etirazlarını daha tutarlı
şəkildə sübut etmək məqsədilə
dünyagörüşü, ədəbi yaddaş dairəsini
genişləndirmək cəhdi həm ədəbiyyatı, həm
də ədəbi tənqidi cavabdehlik qarşısında
qoyur. Razılaşmadığım hal isə odur ki, bəzən
tənqid tərəzinin gözünü əyir. Hətta
istedadına inandıqlarım...
Onda gənc
romançıların əlacsız,
ümidsiz və inamsız qəhrəmanlarının
gününə düşürəm.
Axı insanlar heç yerdə haqq-ədalət tapmayanda mənəvi
sığınacaq kimi ədəbiyyata üz tutur. Biz də
bilə-bilə ağa qara, qaraya ağ deyiriksə, onda Ə.Kərim
demişkən "Vay o günə, o günə!"
-
Bu gün həm də ədəbiyyatmızda
qadınların sayı
artıb.
-
Gənclik heç yerdə qorxulu deyil, elə qadınlıq da... Ancaq
qadınlar məişətdən və məhəbbət macəralarından
ədəbiyyata gələndə və ya ədəbiyyata məişəti
və məhəbbət oyunlarını gətirəndə ədəbiyyat
qadın qucağında can verir, ölür, ancaq qadın ədəbiyyata
öz həssas, incə ruhunu, analıq missiyasından gələn
qoruyuculuq, uzaqgörənlik, hadisələrə psixoloji diqqət
və incəliklə yanaşaraqdan gəlirsə, dar pəncərədən
yox, dünyadan dünyaya baxmaq gücünü özündə
hiss edib yazırsa, əlbəttə, ədəbiyyat udur. Qadınlar
bəzən öz səsini eşitdirmək, "poeziyada mən
də varam!" harayını çatdırmaq
üçün misralarla, sözlərlə soyunur,
vücudunu açmaq həddinə enir... Bu, necə yaxsı
ola bilər?
Bugünkü gənclikdə
ən böyük qüsur tələskənlik,
tez məşhurlaşmaq,
tanınmaq xəstəliyidir.
Axşam düşündüklərini
səhər oxucuların
əlində görmək
istəyirlər.
-
Qarabağ mövzusu ədəbiyyatımızda, demək
olar ki, can verir. Bu, sanki savaş deyil, arvad saçyoldusudur...
-
Müharibə mövzusu
dünyəvi, bəşəri
və əbədi mövzudur. Qarabağ isə şəxsən mənim üçün mövzu deyil, dərddir, qara, əlacı görünməyən
bir dərd. Çox siyasətlərdə
vasitəyə, oyuna çevrilən Qarabağdan
ədəbiyyatda yerli-yersiz
danışanda sıxılıram.
Çox zaman da professonal olmayan və qeyri-səmimi ifadə tərzində, şair, nasir, dramaturq qələmində Qarabağ
daha cılız və süni görünür. Sanki tarixdə
və ədəbiyyatda
bu mövzunu unutmamaq! təlqini ilə "yaddaş" düzəldirik. Qarabağ
haqqında ədəbiyyatda,
məsələn, qarabağlılar
xatirələrini, nisgillərini,
ağrılarını yazır,
qarabağlı olmayan
ondan ictimai, siyasi problemimiz kimi bəhs edir, nə bilim,
bir başqası vətəndaş kimi və s. Mən bilmirəm, Qarabağ haqqında -Azərbaycanın
bu düyün vurulmuş, qara, ləkəli tarixi haqqında necə yazılsa, ədəbiyyata
xeyir vermiş olar? Ya əksinə,
ədəbiyyat Qarabağın
işinə yaramış
olar...
-
Müstəqillik dövrü
ədəbiyyatı, müstəqillik
dövrü tənqidi
deyirik, bunun spesifikası nədədir?
-
Elə müstəqillik
dövrünün özü
kimi pərakəndəlikdə,
meyarsızlıqda, hətta
təbəqələşmədə və s. Həm ədəbiyyatda, həm tənqiddə ən kədərlisi odur ki, köhnəyə dözə bilmirik, yenisini də tapa bilmirik. Yəni fikir, düşüncə, obraz,
təsvir və s.
"maşınlarının" eyniyyət istehsalı adamı bezdirir. Yenilik üçün özünü ora-bura vuranlar da çox
vaxt əliboş qayıdırlar. Postmodern praktikasında
olduğu kimi...
-
İradə xanım,
sizcə, ədəbiyyat
ictimai-siyasi mühitə
təsir edə bilər, məsələn,
elə bu gün elə bizim ədəbiyyatımız?
-
Əlbəttə. Tarixdə
nə qədər faktlar saymaq olar. Çar Rusiyasını alt-üst
edən Lenin L.Tolstoyun
ədəbi təfəkkürü
qarşısında susurdu
və Tolstoya "rus inqilabının güzgüsü" adı
verməklə özünü
də, inqilabını
da hardasa onun kölgəsinə sürüyürdü. Bu gün
sonuncu Nobelçi Peru
yazıçısı Lyosa
siyasətdə də
bir siyasi söz sahibi kimi görünür, türk yazarı Orxan Pamuk da
eləcə. Ancaq bir var hakim
ideologiyanın siyasiləşdirdiyi
ədəbiyyat, bir də vətən, xalq üçün özlüyündə, əqidə
və "mən"ində
siyasiləşən ədəbiyyat.
Bunlar əslində bir-birinin əksidir. Vətəndaş şəxsiyyətini
qoruyan yazar ikinci mövqedə dayanar. Azərbaycan ədəbiyyatında da belə olub. Klassiklərdən tutmuş
A.Bakıxanov, M.F.Axundov
da daxil olmaqla H.Cavid, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli,
Ə.Hüseynzadə və
onlarla başqaları
zamanın siyasətində
və ictimai düşüncəsində dəyişikliklər
yarada bilib. Biz hiss etməsək də, bu gün də
bu var. Ancaq cəmiyyətin sözə,
ədəbiyyata reaksiyasından,
yanaşmasından da çox şey asılıdır axı...
Şair İlham Qəhrəman deyirdi ki,
"Ayrılır alagöz şeir, arxasınca su atılmır,
Üç milyonluq
bir şəhərdə
bircə kitabım satılmır".
İndi hamı
kitabını bir-birinə
bağışlayır. İnsanlar
qızıl, paltar, qab-qacaq və s. alır. Sözə pul vermirlər. Havayı verilmiş sözün dəyərinə
də, yəqin ki, inanmırlar...
-
Ədəbiyyatda dinə
münasibət dəyişilib.
Yəni hamı dindar, Tanrı sevəndir. Bu yanaşma
ədəbiyyatın mövzu-mətn siqlətini
zənginləşdirirmi?
-
Klassik ədəbiyyatımızda
bütün ədəbi,
mənəvi-ruhi müraciətlər
Allaha ünvanlanırdı.
Və sufi-ilahi eşq kimi dilləndirirdisə, yalnız o yaza bilərdi
(Nizami də, Nəsimi, Füzuli,
Nəbati də, aşıqlarımız
A.Tufarqanlı, M.Cümə, A.Ələsgər).
Sovet dövrü
qadağalarından sonra
ilk Allahla danışan
və bütün şeirlərini yalnız ona ünvanlayan şair Vaqif Səmədoğlunu gördüm.
Elə bil, Allah hamının
yadından çıxımışdı, qəflətən
partiyadan, Lenindən, ulduzdan,
Aydan, Y.Qaqarindən, hətta sevgilidən,
güldən, bülbüldən də dönüb
üz çevridilər
Vaqifin Allahına. Bir
dəstə şair oldu
ki, Allahla elə V.Səmədoğlu
kimi söhbətləşmək
istədilər, elə həmin müraciət, həmin intonasiya ilə...
Qaldı, dinə qayıtmaq məsələsinə.
Ümumiyyətlə, insan gərək
dindən heç vaxt getməsin ki, qayıdanda da çaş-baş
qalmasın. Bu gün təkcə ədəbiyyatda
yox, həyatda da dinə münasibət normal
deyil. Azərbaycanda bu
gün İslam dinini tənəzzül həddinə çatdırıblar. Fanatizm, qaraguruhçuluq, alver və siyasi məqsədlərin oyununa
çeviriblər. Qarabağın başına gətirilənlər
bu və ya digər şəkildə dinimizin
də başına gətirilir.
Sanki bir "Azərbaycan İslamı" - forması peyda olub. Ədəbiyyat bu formadan istifadə
edir və ya özünü bu formada yerləşdirirsə,
nə demək olar?
Arzu Abdulla
Mövqe.-2011.- 9 aprel.-
S.13.