Dağlıq
Qarabağ problemi beynəlxalq təşkilatlarda Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatı
IX yazı
ATƏT-in
IV. Silahlı münaqişənin
dayandırılması haqqında saziş
VIII.
Tərəflər bu sazişin Azərbaycana və
Dağlıq Qarabağa aid problemlərə dair müddəalarının
həyata keçirilməsinə nəzarət etmək
üçün dərhal Daimi Qarışıq Komissiya
yaradırlar. DQK-nın sədri ATƏT-in fəaliyyətdə
olan sədrinin nümayəndəsidir, sədrin bir müavini
Azərbaycandan və bir müavini Dağlıq
Qarabağdandır. DQK-nın əsas vəzifəsi sazişin
həyata keçirilməsinə nəzarət etməkdən
ibarətdir; ATƏT-dən olan sədrin vəzifələrinə
fikir ayrılıqları zamanı vasitəçilik etmək
və təbii fəlakətlər kimi fövqəladə
hallarda tədbirlər görülməsinə sanksiyalar vermək
də daxildir. DQK-nın hərbi, iqtisadi, humanitar və mədəni
yardımçı komissiyaları və rabitə üzrə
yardımçı komissiyası var. DQK-nın strukturu,
funksiyaları və ona aid digər təfərrüatları
4-cü əlavədə şərh olunmuşdur, IX. Tərəflər
Ermənistanla Azərbaycan arasında sərhəd
toqquşmalarının qarşısının
alınmasına, hər iki ölkənin sərhəd
qoşunları və digər müvafiq təhlükəsizlik
qüvvələri arasında əlaqələrin həyata
keçirilməsinə yardım göstərmək və
yolların, dəmir yollarının, rabitənin, boru kəmərlərinin
açılmasına, ticarətin və digər münasibətlərin
bərpasına dair tədbirlərə nəzarət və
yardım etmək üçün dərhal Ermənistan-Azərbaycan
Hökumətlərarası Komissiyası yaradırlar.
EAHK-ın iki həmsədri var: biri Ermənistandan, biri Azərbaycandan.
Komissiyaya
ATƏT-in fəaliyyətdə olan sədrinin təyin etdiyi
nümayəndə daxildir. EAHK-ın strukturu, funksiyaları və
ona aid digər təlimatlar 5-ci əlavədə şərh
olunmuşdur.
X
Azərbaycan Respublikası və Ermənistan Respublikası hərbi
tarazlıq və Avropada adi silahlar haqqında müqaviləyə
tam əməl edilməsi də daxil olmaqla, regionda təhlükəsizliyin
artmasını təmin etmək məqsədilə müvafiq
beynəlxalq və regional forumlarda ikitərəfli və
çoxtərəfli danışıqlar aparırlar.
XI.
Tərəflərdən hər biri digər tərəfin və
onun əhalisinin təhlükəsizliyinə hörmət
edir. Tərəflər ticarətə və normal
qarşılıqlı fəaliyyətə kömək etməklə
öz xalqları arasında mehriban qonşuluq münasibətlərini
inkişaf etdirməyi öhdələrinə
götürür və bu sazişi, yaxud mehriban münasibətləri
poza biləcək bəyanatlardan və ya hərəkətlərdən
çəkinirlər.
XII.
Sülhün qorunmasına və qoşunların
çıxarılmasına nəzarət barədə
yuxarıda şərh edilmiş konkret müddəalara əlavə
olaraq və ATƏT-in müvafiq prinsiplərini və öhdəliklərini,
o cümlədən 1992-ci ilin Helsinki sənədində və
1994-cü ilin Budapeşt sənədində əksini
tapmış prinsipləri və öhdəlikləri
xatırlayaraq, ATƏT bu sazişin bütün cəhətlərinin
tam həyata keçirilməsinə müvafiq mexanizmlər
vasitəsilə nəzarət edir və sazişin şərtlərinin
pozulmasının qarşısını almaq və belə
hallara mane olmaq üçün həmin prinsiplərə və
qərarlara uyğun olaraq müvafiq tədbirlər
görür.
XIII.
Silahlı münaqişənin dayandırılması
haqqında sazişi üç tərəf imzalayacaq və o,
Minsk Konfransı tərəfindən bəyənildikdən və
üç tərəfin parlamentlərində ratifikasiya
olunduqdan sonra qüvvəyə minəcəkdir. XIV. Sazişlər
imzalandıqdan və onlar Minsk Konfransı tərəfindən
bəyənildikdən sonra Azərbaycan Respublikası və
Ermənistan Respublikası səfirlər səviyyəsində
daimi diplomatik missiyalarla tam diplomatik münasibətlər
yaradırlar.
V. Təminatlar haqqında
1.
Tərəflər Dağlıq Qarabağın, onun əhalisinin
və əvvəlki yaşayış yerlərinə
qayıdan qaçqın və köçkünlərin təhlükəsizliyinin
təminatı daxil olmaqla yuxarıda göstərilən
sazişlərə əməl olunmasını təmin etmək
üçün öz üzərilərinə
qarşılıqlı öhdəliklər
götürürlər.
2.
BMT-nin Təhlükəsizlik Şurası hərtərəfli
sazişin həyata keçirilməsini izləyəcəkdir.
3.
Minsk Konfransının həmsədrləri Dağlıq
Qarabağın statusu haqqında sazişi və silahlı
münaqişənin dayandırılması haqqında
sazişi şahid kimi imzalaya bilərlər. Rusiya, ABŞ və
Fransa prezidentləri sazişlərin həyata keçirilməsinin
gedişinə ciddi nəzarət etmək və bu sazişin
yerinə yetirilməsi üçün lazımi tədbirlər
görmək məqsədilə üç ölkənin birgə
fəaliyyət göstərmək niyyətini təsdiqləyirlər.
ATƏT və ya BMT-nin Təhlükəsizlik Şurası,
lazım gələrsə, BMT-nin Nizamnaməsinə uyğun
olaraq diplomatik, iqtisadi, yaxud əlacsız qaldıqda hərbi
xarakterli tədbirlər görə bilərlər.
7
noyabr 1998-ci il
Münaqişənin
həllinə dair danışıqlar prosesinə ATƏT-in
vasitəçilik missiyası
(Danışıqlar
prosesinin xronologiyası)
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi 1992-ci ildən
etibarən ATƏT-in diqqət mərkəzində
saxladığı əsas məsələlərdən biri
olmuşdur. Bu təşkilat münaqişənin həlli
prosesində vasitəçilik missiyasını öz üzərinə
götürmüş və bu istiqamətdə müəyyən
irəliləyişlər əldə olunması
üçün bir çox mühüm addımlar
atmışdır. Lakin hələ ki, ATƏT münaqişənin
nizamlanması üçün konkret nəticələr əldə
etməyə nail ola bilməmişdir.
1992-ci
il mart ayının 24-də ATƏM-in Xarici İşlər
Nazirləri Şurası Azərbaycanın Dağlıq
Qarabağ bölgəsində yaranmış vəziyyəti
müzakirə edərək münaqişənin sülh yolu
ilə nizamlanmasını təmin etmək üçün
Yüksək Vəzifəli Şəxslər Komitəsinin zəmanəti
əsasında Dağlıq Qarabağa dair sülh
konfransının çağırılması barədə
qərar qəbul etdi. Konfransda ABŞ, Türkiyə, Fransa,
Almaniya. İtaliya, Çexiya-Slovakiya, Belarus, İsveç, Azərbaycan
və Ermənistan nümayəndələrinin iştirakı
nəzərdə tutulmuşdu.
1992-ci
ilin mayında ATƏM-in Yüksək Vəzifəli Şəxslər
Komitəsi tərəfindən konfransın təşkili və
iclasın keçirilməsi şərtləri, eləcə də
sədrin səlahiyyətlərini müəyyənləşdirən
qərar qəbul olundu. Minsk Konfransının keçirilməsi
üçün yaradılan Minsk qrupu münaqişənin həlli
prosesində iştirak etməli və nəticədə
Belarusun paytaxtında yekun sənəd qəbul olunmalı idi.
Bu zaman Ermənistan tərəfi Dağlıq Qarabağ ermənilərinin
konfransda ayrıca tərəf kimi iştirakını nəzərdə
tutan təkliflə çıxış etdi, lakin Azərbaycan
tərəfi buna razı olmayaraq Dağlıq Qarabağ ermənilərinin
yalnız Azərbaycan nümayəndə heyətinin tərkibində
konfransa qatılmasının mümkünlüyünü
bildirdi.
1992-ci
ilin mayında Helsinkidə ATƏM-in Yüksək Vəzifəli
Şəxslər Komitəsinin iclası keçirildi və
burada Azərbaycan, Türkiyə və Ermənistan nümayəndələri
bəyanatla çıxış etdilər. Azərbaycan təcavüzkarın
cəzalandırılmasını, Ermənistanın
işğalçılıq əməliyyatlarına son
qoymasını tələb etsə də, əks tərəfin
mövqeyi onun belə bir addım atmağa
hazırlaşmadığını ortaya qoydu. Beləliklə
də görüşdə heç bir nəticə əldə
olunmadı.
May
ayında isə ermənilər hərbi əməliyyatları
genişləndirərək Şuşa və
Laçını da işğal etməyə nail oldular.
1992-ci
ilin 1 iyununda Romada Minsk qrupunun vasitəçiliyi ilə
danışıqlar prosesinin ilkin mərhələsi start
götürdü. ABŞ,
Türkiyə, Fransa, Almaniya, İtaliya, Çexiya, Slovakiya.
Belarus, İsveç, Azərbaycan və Ermənistan nümayəndələrinin
iştirakı ilə keçirilən bu görüş
iyunun sonlarında açılması nəzərdə tutulan
Minsk Konfransına hazırlıq məqsədi
daşıyırdı. Ermənistan tərəfi
Dağlıq Qarabağın erməni nümayəndələrinin
də görüşə qatılmasında israr edirdi. Belə
olan təqdirdə Azərbaycan tərəfi də
Dağlıq Qarabağın azərbaycanlı icmasının
görüşdə iştirak etməsi barədə təklif
irəli sürdü.
Mövqe.- 2011.- 15 aprel.- S.10.