Xalq yaradıcılığı
paytaxtları: Şabran,
İsmayıllı, Lənkəran
Xəbər verdiyimiz kimi, Mədəniyyət
və Turizm Nazirliyinin
"Azərbaycanın xalq
yaradıcılığı paytaxtları" layihəsi çərçivəsində
2011-ci il üçün
Şabran şəhəri "Azərbaycanın
Əfsanələr Paytaxtı", İsmayıllı şəhəri
"Azərbaycanın Sənətkarlıq Paytaxtı", Lənkəran
şəhəri "Azərbaycanın Folklor
Paytaxtı" elan edilib. Bu
yazıda isə hər üç
yaradıcılıq paytaxtı
haqqında qısa qeydləri nəzərə
çatdırırıq.
Əfsanələrlə
dolu Şabran torpağı
Zəngin tariximizi
vərəqlədikcə onun
hər səhifəsində qədim yaşayış məskənlərinin
izləri ilə rastlaşırıq. Şabran
Azərbaycanın ictimai-iqtisadi,
siyasi və mədəni həyatında mühüm
rol oynayıb. Bu şəhərin xarabalığı
Böyük Qafqaz sıra dağları ilə Xəzər dənizi
arasında, dəniz səviyyəsindən 75 m
hündürlükdə qərar
tutub. Tədqiqatçılar
yazılı tarixi mənbələrə və
şəhərin müxtəlif hissələrində
aparılan arxeoloji qazıntıların
nəticələrinə əsaslanaraq burada yaşayışın
eramızın əvvəllərindən
XVIII əsrədək davam etdiyini müəyyən
ediblər. Şabranda qaynar
şəhər həyatı dövrü IX-XV əsrlərə
təsadüf edib.
Müxtəlif mənbələr Şabranın qüdrətli
Şirvanşahlar dövlətinin ilk paytaxtı olduğunu göstərir.
Şabranın bu statusu
IX əsrə qədər, yəni Şamaxı şəhəri
yüksələnədək davam edib. Şəhərin Şirvanşahların
iqamətgahı olmasını sübut edən amillərdən biri də burada
Şirvanşahlar nəslinə
aid sərdabənin olmasıdır. Monqol əsarəti dövründə Şabran
əsas şəhər
rolunu oynayıb. Həmin dövrdə monqol hökmdarının
vəziri, tarixçi Fəzlullah
Rəşidəddinin oğluna
yazdığı məktubda
Şabrandan bəhs edib.
XIV əsrdə Teymurləng Azərbaycana hücum edərkən Dərbənd
şəhəri dağıdılır və liman funksiyasını itirir.
Həmin vaxt Şabranda
dəniz ticarəti də fəallaşır.
XVI-XVII əsrlərdə Səfəvilər dövləti (İran) ilə Osmanlı (Türkiyə) arasında gedən
müharibələrdə Azərbaycan şəhərlərinin
tənəzzülü başlanıb. Şabran
da gah Səfəvi, gah da Osmanlı
dövlətinin hakimiyyəti altına keçirdi.
Şəhərə hücumlar
əhalinin başqa yerlərə
köçməyə məcbur edirdi. XVIII əsrin
ortalarında əhalinin azalma prosesi daha da
sürətlənirdi.
Şabranın tarixi ərazisinə gəlincə, o, indiki Şabran
(keçmiş Dəvəçi)
rayonunun Şahnəzərli və
Rəhimli kəndləri arasında, Şabrançay sahilində
yerləşib. Mənbələrdə
1796-cı ildə Şabranın 96 kəndinin və burada 1196 evin olduğu bildirilir. Bu zaman Şabran
mahal mərkəzi kimi
xatırlanır. XIX əsrin əvvəllərində isə
yalnız çay adı
kimi qeyd olunur.
Şabranda bir sıra qədim abidə və tikililər günümüzə qədər
gəlib çıxıb. Qədim
Şabran körpüsü
orta əsrlər Azərbaycan
memarlıq sənətinin ən yaxşı nümunələrindən
hesab oluna bilər. Üç tağının
əsasının qalıqları
aydın görünən bu körpü hazırda
Bakı-Quba magistral yolunun
sol tərəfində, Ərəblər
və Pirəmsən kəndləri hüdudlarındadır. Şabran şəhərinin
abadlığından bəhs edərkən
burada XI-XII əsrlərə
aid küçəni, üstü
örtülü kanalizasiya
sistemini qeyd etmək lazımdır. Bunu
qazıntılar zamanı
tapılan çay daşlarından
düzəldilmiş tikinti
qalığı sübut
edir. Müəyyən
yerlərdə uzunluğu
1,5 m eni 20 sm olan bütün
daşların ortası nov
şəklində yonularaq
kanalizasiya xəttinə
qoşulub. Aparılan son
araşdırmalar zamanı
Şabran şəhərinin
yerində uzunluğu
5 m olan su arxının
qalıqları, qala bürcləri, IX-X və
XVI-XVII əsrlərə aid saxsı qablar, mis pullar,
"sandıq" formasında olan məzar daşları
tapılıb. Hər addımında qədim rəvayətlərlə
qarşılaşdığımız Şabran
doğrudan da əfsanələr
diyarıdır.
İsmayıllı
- sənətkarlıq paytaxtı
Böyük Qafqazın
cənub ətəklərində yerləşən
İsmayıllı ərazisində tariximizin
qədim dövrlərinin
izləri qalmaqdadır. Rayonun ərazisində olan yurd yerlərindən tapılan daş alətlər-daş çapacaqlar,
bıçaqlar, nizə ucluqları, ox
ucluqları, məişət əşyaları bu ərazidə hələ daş dövründə insanların
yaşadıqlarını sübut edir. Bu rayonda
əhali ata-babaları
kimi indi də sənətkarlıqla məşğul olurlar.
Lahıc bütün orta əsrlərboyu Azərbaycanın mühüm sənətkarlıq mərkəzi olub. Lahıc
ustalarının sənətkarlıq məhsulları
Azərbaycanın sərhədlərindən çox
uzaqlarda da
tanınıb. Burada inkişaf
etmiş sənətkarlıq sahələrinin
önündə misgərlik dururdu. Bəlkə də
dünyanın heç bir
guşəsində misgərlik
Lahıcdakı qədər inkişaf etməyib.
Varlı tacirlər Bakıdan, Tiflisdən, Gədəbəy,
Borçalı və Zəngəzurun mis mədənlərindən xam
mis alaraq dəvə karvanı ilə Lahıca yola salırdılar. Lahıc sənətkarlığının
hazırladıqları məhsulları almaq
üçün tacirlər
arasında güclü rəqabət
gedirdi. Xarici diyarlardan - Hələbdən, İstanbuldan,
Avropa şəhərlərindən
də Lahıca mis gətirilirdi.
Sənətkarlar aldıqları misi əridir, onu saflaşdırır,
xüsusi qəliblərə
tökürdülər.
Misin yumşaq olması üçün
ona müxtəlif qatqılar əlavə edirdilər. Misgərlik
emalatxanaları sənətkarlıq baxımından mükəmməl
idi. Orada sənətkarlıq məhsullarının
hazırlanması üçün lazımi avadanlıqların, alətlərin
keyfiyyəti ən yüksək səviyyədə idi. Alətlərin, demək olar
ki, hamısı Lahıcda
hazırlanırdı. Mis qabları
qalayçılar qalayla
ağardırdılar. Qalayçılıq da
ayrıca peşə idi.
XVII-XVIII
əsrlərdə
mis qablara tələbat çox olduğundan onların qiyməti baha olub. Lakin
XIX əsrdə fabrik-zavodlarda
müxtəlif qabların
istehsalı genişləndiyindən mis qablara tələbat
azalmış, onların qiymətləri aşağı düşmüşdü. Sonrakı
dövrlərdə Lahıcda misgərlik
tənəzzül etsə də, tamamilə sıradan
çıxmadı. Burada həmin
sənəti yaşadan
sənətkarlar indi
də hörmətə layiqdirlər. Lahıcda dəmirçilik
də inkişaf etmiş
sənət sahələrindən olub. Dəmirçilər
əsasən təsərrüfat işləri
ilə bağlı alətlər hazırlayır, iş heyvanları üçün nal, mıx hazırlayırdılar. Lahıc dəmirçilərinin
hazırladığı alətlər öz
keyfiyyəti ilə
digər yerlərdə hazırlanan alətlərdən fərqlənirdi.
Dəmirçilik sənəti də hazırda Lahıcda
yaşadılır.
İsmayıllının Basqal kəndi isə həmişə
kəlağayısı ilə
məşhur olub.
Orta əsrlərdən
Basqalda hər evdə kəlağayı
hazırlamaq üçün dəzgahlar qurulurmuş. Basqal kiçik kənd olsa da, qədim ticarət mərkəzi olub. Burada hamı
uşaqdan böyüyə
qədər bütün
ailə kəlağayının
hazırlanmasında iştirak edirdi. Biri toxuyur,
biri boyayır, biri ipək sarıyırdı. Basqal
kəlağayısı 1870-ci ildə
Londondakı sərgidə gümüş
medal qazanıb. İndinin
özündə də
bu kənddə nişan aparanda xonçaya ilk olaraq kəlağayı qoyurlar.
Folklorumuzu yaşadan diyar
Azərbaycan folklorunu
yaşadan ərazilərdən
biri də Lənkərandır.
Bu məkanda aparılan arxeoloji qazıntılar şəhərin
hələ eramızdan əvvəl III-II əsrlərdə
yaşayış ərazisi olduğunu təsdiqləyir.
Şəhərin Xəzər dənizi sahilində yerləşməsi,
əsrlərboyu karvan yollarının
üstündə olması onun iqtisadi və
mədəni inkişafını təmin edən əsas amillərdən
olub.
Lənkəran regionu
zəngin folklor mədəniyyətinə malikdir.
Lənkəranlı nənələrin
ifasında xalq havalarını təkcə
bu bölgədə deyil, Azərbaycanın hər yerində sevir və məmnuniyyətlə
dinləyirlər. Onların
milli geyimlərdə sındıra-sındıra, həm
də ağayana rəqs etməsi isə həmin ifaların kulminasiyasıdır.
Regionun
folklor xəzinəsi zaman-zaman tədqiqatçıların
diqqətini cəlb edib. Dahi Üzeyir Hacıbəyov Lənkəran
və ətraf rayonlarda yayılmış xor oxumalarına diqqət
verib. Onun bəstəkar dostu və məsləkdaşı
Müslüm Maqomayev bir neçə il Lənkəranda məktəb
müəllimi işləyib və buradakı məhəlli
folklor nəğmələri ilə yaxından tanış
olub, onların bəzilərini xor üçün işləyib.
Lənkəranda, eləcə də Astara və Masallı
rayonlarında xalqın adət - ənənələrinə
və musiqi yaradıcılığına göstərilən
böyük maraq folklor həvəskarlarını və ya həvəskar
folklorçuların inkişafına səbəb olub.
Lənkəranda "Bacılar" talış
xalq folklor mahnı və rəqs kollektivi, "Şənlik" mahnı
və rəqs ansamblı bu gün də folklorumuzu yaşadır və təbliğ edir. Bu kollektivlər keçmiş sovet
respublikalarında bir çox qastrol səfərlərində
olub. "Şənlik" xalq mahnı və rəqs
ansamblının repertuarında əsasən xalq mahnı və
rəqsləri mühüm yer tutur. Bunlardan
"Şalı-Şalı", "Lənkəran toyu",
"Yallı", "Hey-yar" və s. rəqslər milli
adət-ənənələri özündə əks etdirir.
Hər bir
xalqın tarixinin və mədəniyyətinin
ərəfəsi, həmçinin
ilkin başlanğıcı
onun mifologiyası ilə təsdiqlənir. Bu
baxımdan, Azərbaycan ruhunun ifadəsi kimi zəngin folklor
nümunələrimizin qorunub saxlanmasında Lənkəran
rayonunun rolu əvəzsizdir.
A.Sultanova
Mövqe.-2011.- 15 aprel.- S. 4.