Tacir
oğlunu hambala çevirən istedad
Ədilə
Ayazqızı: "40 il səhnədə yüzlərlə
obraz canlandıran babamızı bu gün hamı Məşədi
İbadın hambalı kimi xatırlayır"
Siz hamınız
onu tanıyırsınız.
Bir söz yetər, bir söz yetər ki, onun
yaratdığı məşhur obrazın adını çəkək.
Həmin anda hamının gözləri önündə iri,
qara gözlər, arıq, uzun vücud canlanacaq, təbii,
ürəklərdə də bu obraza olan qəribə sevgi
isinəcək. Söhbət aktyor, dramaturq, qəzəlxan Əhməd
Rumludun gedir.
Süleyman Rüstəmin
paxıllığını çəkdiyi böyük aktyor
- tanımadığımız Əhməd Rumlu
Bu obraz-Məşədi İbadın
hambalı - ağlada-ağlada güldürən,
güldürə-güldürə ağladan real
keçmişimizdir. O qədər gerçəkdir ki, biz bu
gün də bu doğma gerçəklikdən çox
uzaqlaşa bilmirik. Bu isə əsl sənətin bəxş
etdiyi doğmalıqdır. Bu doğmalığı ancaq sənətkar
yarada bilərdi. Dahi Üzeyir Hacıbəyov kimi, aktyor Əhməd
Rumlu kimi.
İllər öncə orta məktəbdə
oxuyan qohumum Gülərin "Məşədi İbadın
hambalı var e, bax onun nəticəsi mənim sinif
yoldaşımdır" xəbəri bu aktyoru yaxından
tanımağıma səbəb oldu. Bu xəbərlə
Gülərin sinif yoldaşının anası Gülçin
Əfəndiyeva-Əhməd Rumlunun oğlan nəvəsi ilə
tanış oldum. Amma bu gün müsahibim Gülçin
xanım deyil. Həmsöhbətim istedadlı aktyor Əhməd
Rumlunun nəticəsi, Gülçin xanımın
qızı, Ədilə Ayazqızıdır (Babayeva).
Qeyd edim ki, Ədilə Rəssamlıq
Akademiyasının təsviri sənət fakültəsinin
teatr dekoru ixtisasını bitirib. Hazırda magistraturaya
hazırlaşır. Üz cizgilərindən Misir şahzadəsi
Kleopatraya bənzəsə də. deyir ki, utancaq olduğundan
heç vaxt aktrisa olmağı düşünməyib.
Dosye: Əhməd Məmmədqulu oğlu Əhmədov
1902-ci ildə Bakıda "Həmşəri palanı"
deyilən məhəllədə tacir ailəsində
doğulub. Atası Məmmədqulu kişi oğlunu axund
görmək məqsədilə onu molla məktəbinə
qoyur. Təhsilini mədrəsədə davam etdirən Əhməd
ərəb və fars dillərini gözəl bildiyinə,
öz yaşıdlarından zehni və
çalışqanlığı ilə seçildiyinə
görə axundlar onu Nəcəfi-Əşrəf şəhərinə
göndərməyi qərara alırlar. 20-30 il oğlundan
ayrı düşəcəyini düşünən ata bu təklifdən
boyun qaçırır. "Quran"ı əzbərdən
bilən, gözəl hafizəsi və məlahətli səsi
olan Əhməd məhərrəmlikdə şəbih deyər,
qəsidələr oxuyardı. Əsrin ortalarına doğru
bu mərasimlər xalq teatrları ilə əvəz olundu və
istedadlı gənc "Kos-Kosa", "Qodu-qodu" kimi məhəlli
oyunlarda özünə pərəstişkarlar qazandı.
"Tənqid-Təbliğ" Teatrı isə Əhmədin
həyatında dönüş yaratdı. Bu dövrdə onun
ikinci qabiliyyəti üzə çıxdı. Əhməd qələmini
işə salaraq böyük poemalar, qəzəllər
yazmağa başladı. Tezliklə "Səadət
uğrunda", "Seyran", "Qana qan" əsərləri
Gənc Tamaşaçılar Teatrında səhnəyə
qoyuldu. Rumlu təxəllüsü ilə yazdığı qəzəllər
İranın məşhur xanəndəsi Mustafa Payanın
repertuarının əsasını təşkil edirdi.
Şair-qəzəlxanın 5000-dən çox qəzəli
vardır. Əhməd Rumlu 1982-ci ildə dünyasını dəyişib.
- Ədilə ananın babası, aktyor Əhməd
Rumlunu necə tanıyırsan?
- Elə özümü anlayandan babamı
tanımağa və sevməyə başladım. Əhməd
Rumlunun əkiz oğlu və bir qızı olub. Qızı
müəllimə, oğlunun biri mühəndis, biri isə
tacir olub. Hər iki oğlunun xeyli qəzəlləri olub. Bir
də çoxları elə bilir babam ancaq bir filmə-"O
olmasın, bu olsun"a çəkilib. Bu, düzgün
informasiya deyil. Əhməd Rumlu altı filmə çəkilib.
1956-cı ildə "O olmasın, bu olsun", 1957-ci ildə
"Bir məhəllədən iki nəfər", 1958-ci ildə
"Kazbek qutusu" və "Kölgələr
sürünür", 1960-cı ildə "Səhər",
1961-ci ildə isə "Bizim küçə" filmlərinə
çəkilib. Babam əslində ticarətçi olub. Onun
mağazaları vardı. Anam deyir ki, əvvəllər
sağlam vücudu ilə seçilsə də, sonralar zob xəstəliyi
nəticəsində zəifləyib, gözləri irəli
çıxıb. O hamının yaddaşında da elə bu
görkəmdə qalıb.
Əhməd Rumlunu "O, olmasın, bu
olsun" filmindəki məşhur roluna isə 50 aktyorun
arasından seçiblər. Babamda aktyorluq qabiliyyəti və
bu sənətə böyük həvəs olub. Lakin sonralar
onun bu həvəsini elə öldürüblər ki, hətta
oğlunun da bu sənəti seçməsinə mane olub. Onu
hamı aktyor kimi tanıyır. Amma babamın xeyli qəzəlləri
olub. Qəzəlxan şairimiz Əliağa Vahid babamın ən
yaxın dostu olub. Babamız sağlığında
yazdığı 5 mindən çox qəzəlinin 250-sini
farscadan tərcümə edib və anam da həmin tərcüməni
kağıza köçürüb. Bu günə qədər
də həmin əlyazmaları anam saxlayır. Amma, hələ
ki, babamızın kitabını çıxara bilməmişik.
Mən çox arzulamışam ki, babamın əsərlərinin
toplusunu çıxaraq.
- Məncə, bunu öz məvacibinlə
də etmək olar. Axı sən rəssamsan.
- Mən hələ işləmirəm.
İşsizəm, amma iş axtarıram.
- "Uyma, könül, şirin dilinə
bivəfaların,
Ömrün bitincə, görməyəcəksən
vəfaların".
Babanızın qəzəlidir. Yəqin
kişinin ürəyinə damıbmış, ondan sonra ona
qarşı olacaq bu biganəliklər?
- Hə, yəqin siz bu qəzəli
"Yazıçı" nəşriyyatının 1987-ci
ildə nəşr elədiyi "Deyilən söz
yadigardır" kitabından oxumusunuz. Bakı şairlərinin
şeirlər toplusundan ibarət olan bu kitaba Əhməd
Rumlunun da bir neçə şeiri salınıb. Kitabı Cəfər
Rəmzi İsmayılzadə hazırlayıb. Lakin babamız
1982-ci ildə rəhmətə getdiyindən heç bu
kitabın da üzün görməyib.
- Amma zamanında şair Süleyman
Rüstəm Əhməd Rumluya qadağa qoymuşdu?
- Anam həmişə babamdan
danışır. Deyir ki, babama paxıllıq edənlər
çox olub, hətta onun şeirlərinin çapına da
qadağa qoyanlar olub. Onlardan biri də Süleyman Rüstəm
idi. Bəhanəsi də bu olub ki, qəzəl janrına
ehtiyac yoxdur. Guya sovet dövründə hamı əməkdən,
nə bilim, bayrağa sevgidən yazmalı idi. Ancaq S.Rüstəm
özü istədiyi mövzuda qəzəl yazırdı və
çap da edirdi. Babamın qəzəlləri belə
haqsızlıqların ucbatından, demək olar ki,
işıq üzü görməyib. Babam çox kövrək
insan olduğundan haqsızlıqlar onu həyatdan
küsdürüb.
- Əhməd Rumlu eyni zamanda Gənc
Tamaşaçılar Teatrının aktyoru olub.
- Babam 40 il bu teatrın səhnəsində
çalışıb. Amma bu gün zəhmətlə
yaratdığı obrazları xatırlayan çox az adam var.
- Babanızın dram əsərlərinin,
heç olmasa, əlyazması qalırmı?
- Babamın "Seyran", "Qana
qan", "Səadət uğrunda" əsərləri Gənc
Tamaşaçılar Teatrının səhnəsində
tamaşaya qoyulub. Bu da taleyin qəribə oyunudur.
Görün, bu qədər əsər yaradan, 40 il səhnədə
yüzlərlə obraz canlandıran bir insanı bu gün
hamı Məşədi İbadın hambalı kimi
xatırlayır. Bəs qalanları? Bu, həmişə
anamı da narahat edir. Bəlkə də bu, böyük
Üzeyir Hacıbəyovun əsərinin qüdrətindən
doğan bir səadət idi. Çünki bu da olmasa idi, yəqin
ki, çoxları Əhməd Rumlunu unudacaqdı. "O
olmasın, bu olsun"dan başqa, babam "Hacı Qənbər"də
Cəbi, "Əlvida, Hindistan"da dilənçi
obrazlarını yaradıb.
- Bu gün çox az xatırlanır Əhməd
Rumlu. Ancaq bayramlarda telekanallara gələn "O olmasın, bu
olsun" filmi yenidən bu doğma obrazı bizə sevdirir.
- Anam da həmişə deyir, mən də
düşünürəm ki, Əhməd Rumluya layiq
olduğu qiymət verilməyib. Amma təsəllimiz də var.
Çünki qiymət verilənlərin çoxu
sağlığında yaddan çıxsa da, Əhməd
Rumlu bu gün də insanların qəlbində yaşayır.
- Əhməd Rumlunun övladları və
nəvə-nəticələri incəsənətdən uzaq
dursalar da, səni bu sahəyə nə bağladı?
- Əslində, mən tək deyiləm,
böyük bacım rejissorluğu bitirib, kiçik bacım
da fotoqraflığa meyllidir. Biz üç bacını incəsənətə
çəkən də, yəqin ki, anamın öz
babasını bizə sevdirməsi olub.
- Niyə məhz teatr dekorçuluğunu
seçdin? Axı
baban 40 il teatrda çalışsa da, ancaq kinodakı
obrazı ilə yadda qalıb.
-
Mən teatr-dekor ixtisasına yiyələndim. Mən qəbul
olunanda kino dekorçuluğu hələ
açılmamışdı. Amma indi Rəssamlıq
Akademiyasında kino dekorçuluğu da var.
-
Sonralar "O olmasın, bu olsun"un müasir variantı da
çəkildi. Deyəsən, adı "Məşədi
İbka" idi?
- Çox çəkərlər, amma
onlardan bir də olmayacaq. "O olmasın, bu olsun" filmini Azərbaycanın
korifeyləri yaradıb və bizə bir xəzinə qoyub
gediblər.
Arzu ABDULLA
Mövqe.- 2011.- 19 aprel.-S.13.