Dağlıq
Qarabağ problemi beynəlxalq təşkilatlarda Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatı
XI
yazı
Münaqişənin
həllinə dair danışıqlar prosesinə ATƏT-in
vasitəçilik missiyası
(Danışıqlar
prosesinin xronologiyası)
Azərbaycan bu sənədə
qəti etirazını bildirərək onu qəbul etmədiyini
Minsk Qrupu üzvlərinin diqqətinə çatdırdı.
Bundan sonra artıq ATƏM-in münaqişənin həlli
üçün heç bir real mexanizmlərə əl
atmamasından və beynəlxalq ictimaiyyətin laqeyd
münasibətindən istifadə edən Ermənistan Azərbaycanın
Qubadlı, Cəbrayıl və Füzuli rayonlarını da ələ
keçirdi. Sentyabr ayında ATƏM-in Minsk Qrupunun üzvləri
Parisdə görüşdülər və burada da "Təxirəsalınmaz
tədbirlər cədvəli"nin yeni variantı tərəflərə
təqdim olundu. Lakin bu layihədə də Azərbaycanın
təklifləri nəzərə alınmamışdı.
Burada Azərbaycanın işğal olunmuş ərazilərindən
Ermənistan silahlı qüvvələrinin
çıxarılması üçün şərtlər
irəli sürülür və bununla da beynəlxalq
hüququn mühüm prinsipləri pozulurdu. Azərbaycan tərəfi
belə bir sənədin qəbul olunmasının mümkünsüzlüyünü
bildirərək ona imza almaqdan qəti şəkildə imtina
etdi. BMT Təhlükəsizlik Şurası sənədi
müzakirə edərək onu bəyəndiyini və bu layihə
əsasında regionda sülh yaratmağın
mümkünlüyünü bəyanladı. BMT Təhlükəsizlik
Şurasının 874 saylı qətnaməsində bu,
açıq şəkildə öz əksini
tapmışdı.
Oktyabr ayında ATƏM-in
sədri Marqareta af Uqlasın münaqişə bölgəsinə
səfəri zamanı Ermənistan Zəngilan rayonunu da
işğal etdi. Bu, artıq Ermənistanın beynəlxalq təşkilatların
reaksiyasına heç bir məhəl
qoymadığını və qəbul olunmuş qərarlara,
qətnamələrə laqeyd münasibətini açıq
şəkildə ifadə edirdi.
1993-cü ilin noyabrında
ATƏM-ə üzv dövlətlərin Vyanada keçirilən
görüşündə Dağlıq Qarabağ
münaqişəsi ilə əlaqədar bəyanat qəbul
edildi. Sənəddə
döyüş əməliyyatlarının davam etdirilməsi
və yeni ərazilərin işğal olunması faktı beynəlxalq
hüququn prinsiplərinə zidd addım kimi qiymətləndirilir
və işğalçı qüvvələrin Horadizdən
və Zəngilan rayonundan çıxarılmasının zəruriliyi
qeyd olunurdu. Bəyanatda ATƏM-in Minsk Konfransının
çağırılması və buna qədər
işğal edilmiş ərazilərdən hərbi qüvvələrin
çıxarılması, atəşin
dayandırılması məsələləri də öz əksini
tapmışdı. Bu görüş zamanı "Təxirəsalınmaz
tədbirlərin dəqiqləşdirilmiş cədvəli"
yenidən münaqişə tərəflərinə təqdim
olundu. Lakin bu sənəd də Azərbaycanın qəbul etmədiyi
"Paris cədvəli"ndən bir o qədər fərqlənmirdi.
Çünki "Təxirəsalınmaz tədbirlərin dəqiqləşdirilmiş
cədvəli" Dağlıq Qarabağdakı
separatçı rejimi müstəqil tərəf kimi təqdim
edir, işğalçı qüvvələrin Şuşa və
Laçından çıxarılması tələbini
qoymurdu. Ona görə də Azərbaycan bu planın qəbul
olunmasına razılıq vermədi.
1994-cü ildən etibarən
münaqişənin həllində Rusiya daha fəal rol
oynamağa başladı. Fevral ayının 8-də Rusiyanın
hazırladığı "Silahlı münaqişəyə
son qoymaq və onun nəticələrini ləğv etmək
haqqında" saziş layihəsi tərəflərə təqdim
olundu. Bu sənədin bəzi müsbət və mənfi cəhətləri
vardı. Müsbət cəhət layihədə BMT qətnamələrinin
qeyd-şərtsiz yerinə yetirilməsinin göstərilməsi
idi. Bundan başqa, Rusiya Dağlıq Qarabağın hüquqi
statusunun sonralar razılaşdırılmış formada
müəyyənləşdirilməsini təklif edirdi.
İlkin mərhələdə isə atəş
dayandırılmalı və Ermənistan qoşunları
işğal olunmuş ərazilərdən
çıxarılmalı idi. Bu isə o demək idi ki, Ermənistan
Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən
başqa, işğal olunmuş digər rayonlarını azad
edir və yalnız bundan sonra Dağlıq Qarabağın
statusu məsələsi gündəliyə gəlirdi. Təbii
ki, belə bir vəziyyət Azərbaycana sərf edirdi, ən
azı, o baxımdan ki, işğal olunmuş ərazilərin
bir hissəsini döyüşsüz geri qaytarmaq imkanı
yaranırdı. Lakin sənəddə Şuşa və
Laçın barəsində heç nə deyilmirdi. Rusiya Ermənistanla
Dağlıq Qarabağ arasında beynəlxalq nəzarət
altında olan təhlükəsiz yolun yaradılması ilə
eyni vaxtda Laçının taleyinin müəyyənləşdirilməsini
təklif edirdi ki, bu da o dövr üçün bir tərəfdən
real görünmürdü, digər tərəfdən də
Rusiya dəhlizə nəzarət edəcək qüvvələrin
məhz rus əsgərlərindən ibarət olmasını
nəzərdə tuturdu. Layihədə Dağlıq
Qarabağdakı separatçı rejim də müstəqil tərəf
kimi göstərilirdi. Rusiyanın təklif etdiyi plan qəbul
olunmadı.
Aprel ayında ATƏM-in
Minsk Qrupunun Praqada keçirilən görüşü
zamanı "Etimadı möhkəmləndirmək tədbirləri
haqqında" yeni plan irəli sürüldü. Bunların bəzi
hissələri Rusiyanın təklifləri ilə
üst-üstə düşürdü, Planda göstərilirdi
ki, danışıqlar prosesinin gedişində Azərbaycan
Ermənistanla bütün kommunikasiya xətlərini
açmaq öhdəliyini üzərinə götürməlidir.
1994-cü ilin mayında
MDB Parlamentlərarası Məclisinin təşəbbüsü
ilə Bişkek şəhərində münaqişənin həllinə
dair daha bir görüş keçirildi. Burada da yekun sənəd
qəbul olundu, lakin Azərbaycan həmin sənədə imza
atmadı. Çünki bu layihədə Dağlıq
Qarabağdakı erməni icmasına müstəqil tərəf
kimi sənədə imza atmaq səlahiyyəti verilir, azərbaycanlı
icması üçün isə belə bir hüquq nəzərdə
tutulmurdu.
Nəhayət, uzun sürən
danışıqlardan və müzakirələrdən sonra
1994-cü ilin may ayının 12-də Azərbaycanla Ermənistan
arasında atəşkəs haqqında saziş imzalandı. Xatırladaq ki, bu,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi başlayandan münaqişə tərəfləri
arasında sülhə doğru atılmış ilk ciddi və
əhəmiyyətli addım kimi yadda qaldı. Atəşkəsin
əldə edilməsindən sonra da danışıqlar
prosesi davam etdirildi. ATƏM, əvvəlki kimi,
danışıqlarda vasitəçilik missiyasını yerinə
yetirir və tərəflər arasında davamlı sülhə
gətirib çıxara biləcək razılaşmanın əldə
olunmasına çalışırdı. Doğrudur bu prosesdə
bəzi obyektiv və subyektiv çatışmazlıqlar
meydana çıxırdı, bir çox hallarda ikili
standartlar amili özünü göstərirdi. ATƏM-in sənədlərində,
təkliflərində ədalətsiz məqamlar öz əksini
tapırdı. Amma bütün bunlarla yanaşı, qeyd etmək
lazımdır ki. ATƏM münaqişənin həlli ilə
intensiv məşğul olan və real nəticələrin əldə
edilməsi istiqamətində həqiqətən fəallıq
nümayiş etdirən yeganə beynəlxalq təşkilat
olmuşdur. Minsk Qrupunun səyləri bu mənada xüsusən
yüksək qiymətləndirilməlidir. Bu qurumun fəaliyyəti
hələlik real sülhə gətirib çıxarmasa da
etiraf etmək lazımdır ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həmişə
beynəlxalq ictimaiyyətin diqqət mərkəzində
qalmasında ATƏM-in fəaliyyəti əvəzsiz rol
oynamışdır.
Qeyd edək ki,
danışıqlar prosesinin gedişində ATƏM ilə
Rusiya arasında ziddiyyətlər meydana çıxır və
bəzi hallarda sülhün əldə olunmasına bu amil də
öz mənfi təsirini göstərirdi. Bilavasitə Qərbin
maraqlarını təmsil edən və Rusiya ilə
müqayisədə bir qədər neytral görünməyə
çalışan ATƏM Moskvanın mövqelərinin Cənubi
Qafqazda möhkəmlənməsini istəmirdi. Bununla
yanaşı, təbii ki, Rusiya da tamamilə fərqli
mövqedən çıxış edir və öz mənafelərinə
uyğun həll modelinin gündəliyə
çıxmasına can atırdı.
Danışıqların gedişi zamanı müəyyən
kompromislərin əldə edildiyi ərəfədə Ermənistanın
cəbhə xəttində əməliyyatların intensivləşdirilməsi
də məhz bu ziddiyyətlərin təzahürü kimi
özünü göstərirdi.
Mövqe.-
2011.- 19 aprel.- S. 10.