Azərbaycan mədəniyyətlərarası
dialoqa böyük töhfələr verən bir ölkə
kimi tanınır
Robert
Palmer: "Avropa Şurası Azərbaycanla mədəniyyət
sahəsində bir neçə layihə üzərində
işləyir"
Aprelin 7-9-da Bakıda keçirilən
Dünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək
qonaqları arasında Avropa Şurasının mədəniyyət,
mədəni və təbii irs üzrə Departamentinin baş
direktoru Robert Palmer də vardı. Onunla müsahibədə
qurumun Azərbaycanla əməkdaşlığına dair bir
sıra məqamlara toxunduq.
- Cənab Palmer, öncə
Avropa Şurasının mədəniyyət, mədəni
irslə bağlı fəaliyyəti barədə qısa məlumat
verməyinizi istərdik.
- Adından
göründüyü kimi, rəhbərlik etdiyim bölmə
Avropa Şurasında mədəniyyət, mədəni və
təbii irs üzrə proqramları həyata keçirir. Bu
sahə ilə bağlı çoxlu proqramlarımız var. Məsələn,
xüsusi konvensiyaların monitorinqinə dair proqramımız
mədəni irs məsələsini əhatə edir. Başqa bir
proqramımız milli azlıqlara aid olan mədəniyyətlərarası
dialoqla bağlıdır və bu da mədəniyyətlərarası
fəaliyyəti gücləndirməyi nəzərdə tutur.
Ümumiyyətlə, Avropa Şurası xalqlar, cəmiyyətlər
arasında daha yaxşı anlaşmanı təmin etmək
üçün mədəniyyətlərarası dialoqa hər
zaman üstünlük verir. Başqa bir proqramımız kino
sahəsini əhatə edir, bu sahədə treninqlər
keçiririk.
- Bakıda keçirilən
Dünya Mədəniyyətlərarası Dialoq Forumunu necə
dəyərləndirirsiniz və bu tədbirdən hansı nəticələr
gözləyirsiniz?
- Dünyada konfliktlərin
artdığı bir zamanda bu tədbir olduqca mühüm təşəbbüsdür.
Dünyanın
bir yerlərində diskriminasiya halları, münaqişələr,
etirazlar artıb və biz bu problemləri birlikdə həll
etməyə çalışmalıyıq. Bu baxımdan,
Bakı Forumu müxtəlif ölkələrdən olan tərəfdaşlarımızla
birlikdə təcrübə mübadiləsi, qiymətləndirmə,
geriyə baxmaq üçün yaxşı bir imkandır.
"Hökumət nümayəndələri, ekspertlər, sənətçilər,
qeyri-hökumət nümayəndələri ilə birgə
bugünkü dünyaya dialoqu inkişaf etdirmək
üçün nə edə bilərik" sualına cavab
tapmalıyıq. Tədbirdən gözləntilərə gəlincə,
düşünürəm ki, müxtəlif insanlar
arasında yeni koalisiya, tərəfdaşlıq yaranacaq.
Ümid edirəm ki, gələcəkdə növbəti mərhələlərdə
daha praktiki layihələr işləyə biləcəyik ki,
bununla da mədəniyyətlərarası dialoqun
münaqişələrin həllinə necə kömək
göstərməsini nümayiş etdirmək mümkün
olacaq.
- Azərbaycanın Avropa
Şurasının üzvü kimi mədəni anlaşma və
mədəniyyətlərarası dialoq sahəsindəki rolunu
necə dəyərləndirirsiniz?
- Azərbaycan Avropa
Şurasının 47 üzvündən biridir və mədəni
əməkdaşlıq, xüsusilə mədəniyyətlərarası
dialoq sahəsində olduqca aktivdir. Azərbaycanın bu sahədə
fəaliyyəti çox genişdir. Ölkənizin belə
bir tədbirə ev sahibliyi etməsi də dünyaya nümunədir.
Azərbaycan tarixən Şərqlə Qərb, Şimalla Cənub
arasında körpü rolu oynayıb. Eyni zamanda Avropa
Şurası və İslam Konfransı Təşkilatına
üzv olmasını nəzərə alsaq
sivilizasiyalararası dialoqda Azərbaycan Respublikasının
özünəməxsus missiyası var. Bundan başqa,
artıq digər ölkələrdə yaranmış
stabillik bu mədəniyyətləri konstruktiv və sülh
yolu ilə birləşdirməyə yol tapmaqda şərait
yaradır. Bu baxımdan, Azərbaycan, Bakı dialoq
üçün əlverişli məkandır. Dünya
ölkələrini, insanları bir araya gətirmək
baxımından Azərbaycan hökumətinin təşəbbüsü
çox mühüm oldu. Çünki azərbaycanlılar
Avropada və Avropadan kənarda təbiətən dostpərvər,
qonaqpərvər insanlar kimi tanınırlar. Onlar iki qitədə,
iki dünyada yaşayırlar. Hər kəs başa
düşür ki, başqa dünya ilə ünsiyyət
qurmaq, dialoq yaratmaq çox vacibdir. Bakı Forumunun gələcəkdə
də ənənəvi olaraq keçiriləcəyinə
ümid edirik. Dialoqa gəlincə, Şərq və Qərb,
Avropa və qeyri-Avropa dövlətləri arasında, müsəlmanlar
və xristianlar arasında dialoq çox mürəkkəb
prosesdir. Lakin gözəl dialoqdur. Müxtəlif dialoqlar eyni
vaxtda baş verə bilir. Dialoqun səviyyələri də
müxtəlif ola bilər. Ən pisi odur ki, dialoq, ümumiyyətlə,
olmasın. Bu, vəziyyəti mürəkkəbləşdirir.
- Avropa Şurasının
mədəniyyət, mədəni və təbii irs üzrə
departamentinin direktoru kimi sizə məlumdur ki, Azərbaycan
torpaqları ermənilər tərəfindən işğal
olunub, mədəniyyət abidələrimiz
dağılıb. Buna
münasibətiniz necədir? Avropa Şurası Azərbaycanın
işğal olunmuş torpaqlarında abidələrin vəziyyəti
ilə nə zaman tanış olacaq?
- Birincisi, mədəni irs
bütün dünyaya məxsusdur və ümumi irsimiz
sayılır. Mədəni
irsin hər hansı formada dağıdılmasının kəskin
şəkildə əleyhinəyik. Mədəni irsin sistemli
dağıdılması Avropa Şurası tərəfindən
qəbuledilməzdir. Bu, bütün vətəndaşların
insan hüquqları, mədəniyyət
hüquqlarının pozulmasıdır. Dünyada bir sıra
ölkələr var ki, mədəni irsinin
dağıdılmasından şikayətlənir. Biz hər
bir xalqın, qonşunun, icmanın keçmişinə, mədəni
irsinə ziyan vuran, onu itirən hər bir hərəkəti
ittiham edirik. Bizim qurumun bu missiyanı üzərinə
götürən texniki komandası var. Avropa
Şurasının Mədəniyyət, mədəni və təbii
irs üzrə Departamentinin bu missiyasını həyata
keçirmək üçün hər iki tərəfin
razılığı olmalıdır. Biz hələ bu
razılığı əldə edə bilməmişik. Bir
sözlə, Avropa Şurası mədəniyyət abidələrinə
dəyən zərəri müəyyənləşdirmək
üçün Dağlıq Qarabağa missiya göndərməyə
hazırdır. Sadəcə olaraq bu missiyanın
reallaşdırılması üçün bizə mandat
verilməlidir.
- Cənab Palmer, yaxın gələcəkdə
Azərbaycanla birlikdə hansı layihələri
reallaşdırmaq niyyətindəsiniz?
- Hazırda Avropa
Şurası Azərbaycanla mədəni sahədə
üç layihə üzərində işləyir. Onlardan birinə
artıq start vermişik və bu, "Artistlər dialoq naminə"
layihəsidir. Mən bu layihədə iştirak edirəm. Bu
cür dialoq münaqişələrin həllinə təsir
göstərə bilər. Həmçinin iki il əvvəl
icrasına başlanan, Avropa Şurası və Avropa Birliyinin
birgə layihəsi olan "Mədəniyyətlərarası
şəhərlər" çərçivəsində əməkdaşlıq
edirik. Bu layihə milli azlıqların yaşadıqları
şəhərlərlə bağlıdır. Bu sahədə
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə
əməkdaşlıq edirik. Nazirlik kiçik icmaların,
azlıqların birgə yaşayışına nümunə
kimi göstəriləcək şəhərləri seçmək
üçün Azərbaycanın müxtəlif şəhərlərinə
səfərlərimizi təşkil edib. Düşünürəm
ki, bu şəhərlərdən biri bizim proqramımıza
daxil edilə bilər. Biz milli azlıqlardan olan gənclərlə
birlikdə "Sülh düşərgələri"
proqramını inkişaf etdiririk. Digər əməkdaşlıq
sahəsi mədəniyyət siyasəti üzrə
proqramdır. Proqramın məqsədi onun müasir dünyaya
və reallıqlara uyğunlaşdırılmasıdır.
Bizim qurum mədəni irs və təhsil sahəsində də
fəaldır. Biz bütün sahələrdə yardımlar
edirik və Azərbaycanın bizimlə birlikdə işləməsini
davam etdirmək üçün ona kömək edirik.
- Ölkəmizə tez-tez səfər
edirsiniz. Bakını
bu dəfə necə gördünüz?
- Çox vaxt şəhərlər
haqqında təəssüratlar fiziki olur. Yəni insanlar daha
çox şəhərlərdəki tikililər haqqında
düşünürlər. Mənim isə Azərbaycanla,
Bakı ilə bağlı təəssüratlarım
insanların qonaqpərvərliyi, alicənablığı ilə
bağlıdır. Bakı bu baxımdan dünyaya
açıq şəhərdir. Hər dəfə Bakıya gələndə
xüsusilə muzeylərə baş çəkirəm, bu mənim
təəssüratımı zənginləşdirir.
Ağanisə
Mövqe.-
2011.- 19 aprel.- S.4.