"Atam çox istəyirdi ki, mən rejissor olum"

 

Lap uşaqlıqdan sevdiyim bir aktyor vardı. Hər dəfə səsini eşidəndə elə bilirdim bu, səs deyil, sudur. Özü də bütün dərdlərə məlhəm olan su. Çox istedadlı aktyorumuzu amansız ölüm bizdən vaxtsız ayırsa da, onun yaratdığı unudulmaz obrazlar və hər kəsə doğma olan səsi bizimlə qaldı. Söhbət sənətkardan və onun qeyri-adi dərəcədə gözəl səsindən gedirsə, yəqin, çoxlarınız artıq duydu, bu, 30-dan çox filmə çəkilən aktyor- rejissor Həsən Əblucdur. Bu gün mərhum aktyorun qızı, həm də yeganə övladı olan Elnaz Əblucdur müsahibim. Elnaz xanımı bu gün çoxları rejissor kimi tanısa da, onu tamaşaçılara daha çox sevdirən ABA telekanalındakı fəaliyyəti oldu.

- Elnaz xanım, siz daha çox ABA telekanalındakı fəaliyyətinizlə yadda qaldınız. Amma bu telekanal bağlandıqdan sonra sizin üzünüzü görmədik. Hardasınız, hazırda hansı işlərlə məşğulsunuz?

- Hazırda işsizəm, bir işlə məğul deyiləm. Çalışmağım, görünməyim üçün şərait yaratmırlar. ABA-ya gəlincə, bu telekanal ən çox sevdiyim iş yerim olub.

- ABA-da o zaman xeyli yaraşıqlı, yaddaqalan aparıcılar çalışırdı. Həm yaddaqalan simanız, həm də çılğın xarakteriniz sizi başqalarından çox tez fərqləndirdi. Amma buna baxmayaraq, ABA bağlandı, siz də işsiz qaldınız. Axı sizin isdedadınız nəyə görə telekanal rəhbərlərinin diqqətini cəlb etmədi?

- Bəli, ABA bağlandı və mən işsiz qaldım. Heç indi də Azərbaycan telekanallarında iş tapılmır mənə. İndi işsizəm və klip çəkirəm.

- Bəs ABA-da işə düzəlməyiniz necə oldu? Sizi işə kim dəvət etdi? Ümumiyyətlə, bu telekanalda işləmək üçün hansı meyarlar vacib idi?

- O zaman mən AzTV-də "Üçüncü zəng" adlı proqram hazırlayırdım. Proqramlarım stili, çəkilişi və montajı ilə başqalarından çox fərqlənirdi. ABA yarananda mənim də proqramlarımı verdilər ki, baxılsın. 1 ay gözlədim və nəhayət, məni oraya işləməyə dəvət etdilər. Mən məktəbdən sonra qiyabi oxuduğum üçün teatrda çalışırdım. İndiki telekanalları bilmirəm, amma ABA işgüzar və bacarıqlı insanları yığırdı ətrafına.

- Amma aradan illər keçsə də, hələ də çoxlarına belə səviyyəli bir kanalın bağlanması qaranlıq qalır. Axı ABA-dan sonra açılan və hazırda yayımlanan kanalların heç biri ABA kimi möhtəşəm ola bilmədi.

- İnanmıram, yaxın zamanlarda ABA kimi kanal açıla. Bu, çox çətin baş tutar. Çünki belə bir kanalı yaradanın özü televiziya fanatı olmalıdır.

- Axı kimlərə sərf edirdi ABA-nı bağlamaq? Və ya kimlərin yuxusuna haram qatmışdı bu telekanal?

- Nə bilim? Yaxşı işçi və iş heç kəsə sərf etmir, görünür. Mən bunu artıq kəşf etdim. İşsizlikdən 200-ə yaxın klip çəkdim.

- Aha, o zaman siz ABA-nı bağlayanlara təşəkkür etməlisiniz.

- (Gülür). O dönəmdə o qədər həvəsliydim. ABA bağlandıqdan sonra yenə də proqramlar hazırlamaq, televziyada çalışmaq istədim. Amma bütün kanallar qapısını üzümə bağladı.

- Yəqin buna səbəb sizin ABA kimi professional kanalda işləməyiniz olub? Çünki bu gün telekanallarda elə aşağısəviyyəli, savadsız aparıcılar var ki, onların üzünü görməmək üçün bu kanallardan qaçırıq.

- İndi hansısa telekanalda çalışmaq üçün ya gərək səni kimsə tapşıra, ya da gərək güclü "sponsorun" ola. Bunları özümə sığışdırmadığım üçün telekanllardan uzaqlaşdım. Bəli, indikilərin çoxu həm savadsızdırlar, həm də öyrənmək istəmirlər. İnsan heç vaxt deməməlidir ki, hər şeyi bilir. Mən indi də öyrənməyə çalışıram. Televiziyada çalışanda bir adam axtarırdım ki, ondan nəsə öyrənim, götürüm. Amma indikilər deyirlər ki, "sən bilmirsən, mən bilirəm, mən artıq iki süjet hazırlamışam və hər şeyi bilirəm". Bu, əslində, işçinin günahı deyil, onu işə götürənin günahıdır.

- Axı siz məşhur aktyorumuz Həsən Əblucun övladısınız. Adətən belə valideynləri olanların xüsusi tapşırılmaya ehtiyacı olmur.

- Mən işsiz qalandan sonra telekanal rəhbərləri üzümə gülüb, atamı sevdiklərini deyirdilər və məni işə götürmürdülər. Bu, indi də belədir. Bu gün də hər hansı telekanalın iş üçün qapısını açsam, mənə iş verməyəcəklər.

- Yəqin boş qala bilmirsiniz, ona görə indi də klip çəkirsiniz? Ümumiyyətlə, boş vaxtlarınızda hansı işlərlə məşğul olursunuz?

- Boş qalmağı sevmirəm. Çünki işimlə nəfəs alıram. Amma klip məndən yox, sifarişçidən aslıdır. Sifariş olanda klip çəkirəm.

        - Kimin sifariş etməsinə fərq qoyursunuzmu ümumiyyətlə, yoxsa kim sifariş etsə, çəkirsiniz?

- Sənədli filmlər də çəkirəm, bir sözlə, görüntülü nə varsa, hamısını çəkirəm. Bu sahədə bir çox işləri özüm bacarıram. Hətta montajı da özüm edirəm. Düşünürəm ki, hər kəs özünə görə insandır. İnsanları təhqir etməyi xoşlamıram. Bizdə sayılanlar, seçilənlər çox azdır. Ad çəkmək istəmirəm, hər kəsin öz sənəti var.

- Yaradıcı insan kimi daha çox kimlərlə işləmək sizə ləzzət edir?

- Kim mənimlə işləmək istəyibsə və işləyibsə, onlara minnətdaram. Çünki o işlərlə mən sənətimin qurdunu öldürmüşəm, bir də nə gizlədim, bu neçə illərdə özümü dolandırmışam.

- Kliplərinizdə daha çox hansı nüansı qabartmağa çalışırsınız? Məsələn, son dönəmdə bizdə dəb düşüb, kliplərdə mütləq dəniz, bir də dəniz kənarıyla qızla birgə qaçan alabaş və ya ikiadamlıq yataqda tənhalıqdan zarıyan qadın, kişi görüntülənməlidir.

- Kliplərimdə oxşarlıq yoxdur. Tamam başqa-başqa mövzular, müxtəlif süjet xətti var.

- Ümumiyyətlə, siz insan anlamını klipdə hansı formada çatdırmağa çalışırsınız? Sizin tamaşaçıya çatdırmaq istədiyiniz insan ağacdır, güldür, yoxsa qara qarğa?

- O baxır mövzuya, musiqiyə.

- Bizdə daha çox xarici ulduzların kliplərini zəif şəkildə "kopya" edirlər.

- Məncə, bizim kliplərdə müxtəliflik də var. Bu həm ideya, həm də təkrarçılıqdır. Bir də axı dünyada hər şey çəkilib.

- Siz nə əcəb atanızın yoluyla gedib aktyorluq sənətini seçmədiniz? Tanınmış aktrisa Afaq Bəşirqızı deyir ki, atasının sənətini davam etdirmək üçün incəsənəti seçib.

- Teatrda işləyəndə mənə filimlərdə çəkilmək təklifi edirdilər. O zaman istəmirdim. Çünki atam çox istəyirdi ki, mən rejissor olum.

- Sizin xarizmatik cizgiləriniz var. Məncə, bu, aktrisalıqda çox önəmlidir.

- Əslində, mən atamın istəyinə etiraz edirdim. Amma o, vəfat edəndən sonra, elə bil, onun ruhu çəkdi məni bu sənətə və mən rejissor oldum.

- Mərhum aktyorumuz Həsən Əbluc da sənətə rejissorluqdan başlayıb. Ola bilsin, o, rejissorluğu aktyorluqdan daha üstün bilib, ona görə sizə də bu sənəti sevdirməyə çalışıb?

- Atam həm rejissorluğu, həm də aktyorluğu bitirib. Əslində, rejissorluğa daha çox marağı olub atamın, amma aktyorluğu seçməyə məcbur olub. Atamı çox incidirdilər...

- Niyə, güneyli olduğuna görə?

- Yox, sadəcə, istedadlı olduğuna görə. Axı bizdə istedadları incitməyi sevirlər.

- Atanız Təbrizdə doğulub. Bu Güney şəhərimizdə olmusunuzmu heç?

- Yox, heç vaxt Təbrizdə olmamışam. Bu, hələ ki, mənə qismət olmayıb.

- Yəqin atanızı tez-tez xatırlayırsınız?

- Atamı hər gün, hər an xatırlayıram. Onunla bağlı o qədər xatirələrim var ki. Amma ən böyük xatirəm elə atamın özüdür. Nənəm danışırdı ki, mən doğulanda atam çox sevinirmiş. Mən doğulana qədər mənim üçün aldığı kolyaskanın içini konfetlə doldurubmuş. Anamla mən doğum evində olanda gəlib tez-tez o kolyaskanı yırğlayırmış, məni əzizləyirmiş.

- Çox böyük sevgidir. Yəqin atanızın bu sevgisi sizin çiyinlərinizə həyatınız boyu daşıyacağınız məsuliyyəti yükləyib? Bu ömrü yaşamaq da çox çətindir.

- Bəli, həmişə çalışmışam atamın adına layiq olum. Onun adına ləkə gətirməyim.

- Amma bu məsuliyyət hissini də hər övlad dərk etməz və bu ömrü yaşamağı bacarmaz. Sizə bütün Həsən Əblucu sevənlər adından təşəkkür edirəm.

- Sağ olun. Hər halda kənardan baxanlar hər şeyi daha yaxşı görürlər. Mən bilmirəm, bunu ürəyim istədiyi kimi bacardım, ya yox.

- Sizinlə birgə ABA-da çalışan Kamilə Babayeva və Günel Musəvi sonralar da telekanallarda göründülər. Hətta bu yaxınlarda Kamilə Babayeva özünü aktrisa kimi də sınadı.

- 10 ildən artıqdır ki, mən telekanallarda deyiləm. Amma bu gün də sevilirəm və xatırlanıramsa, deməli, nəyisə bacarmışam. Hətta xaricidə yaşayan azərbaycanlılar da məni sevdiklərini yazırlar və həmişə də soruşurlar ki, niyə telekanllarda görünmürsən. Deməli, mən iz qoya bilmişəm. Elə buna görə də özümü xoşbəxt sayıram.

 

 

Arzu Abdulla

 

Mövqe.- 2011.- 20 aprel.- S. 13.