Dağlıq
Qarabağ problemi beynəlxalq təşkilatlarda
Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatı
XII yazı
Münaqişənin
həllinə dair danışıqlar prosesinə ATƏT-in
vasitəçilik missiyası
(Danışıqlar
prosesinin xronologiyası)
1994-cü ilin iyulunda Vyanada ATƏM-in Minsk
Qrupunun iclasında Rusiyanın hazırladığı
"Böyük Siyasi Saziş" layihəsi müzakirəyə
təqdim olundu. Bu layihə ATƏM-in bəzi təklif və əlavələrindən
sonra tərəflərə verilməli idi. Uzun müzakirələrdən
sonra məlum oldu ki, ATƏM-lə Rusiya layihə barədə
ortaq mövqeyə gələ bilməyiblər. Qeyd edək
ki, burada Minsk Qrupunun təklif etdiyi "Təxirəsalınmaz
tədbirlərin dəqiqləşdirilmiş cədvəli"ni
Rusiyanın irəli sürdüyü layihə ilə
razılaşdırmaq nəzərdə tutulmuşdu. Sənədlərin
əsas fərqi isə bundan ibarətdir ki, Rusiya nizamlama
prosesini sırf özünün nəzarətinə
keçirmək niyyətində idi.
ATƏM isə çoxtərəfli vasitəçiliyə
tərəfdar çıxırdı. Rusiya əvvəlki
kimi, sülhməramlıların rus ordusundan, ATƏM isə
çoxmillətli qüvvələrdən təşkil
olunması ideyasını dəstəkləyirdi. Nəhayət,
1994-cü ilin oktyabrında sülhməramlı qüvvələrin
çoxmillətli olması barədə ATƏM-in qərarı
qəbul edildi. Bu, Rusiya tərəfindən ciddi etirazla
qarşılandı. Beləliklə də ATƏM-in Minsk
Qrupunun qərarı ilə münaqişə bölgəsinə
çoxmillətli sülhməramlı qüvvələrin
göndərilməsi barədə təklif tərəflərin
müzakirəsinə verildi. Ermənistan bu təkliflə
razılaşmadı.
1994-cü ilin dekabrında Budapeştdə
ATƏM-ə üzv olan dövlət
başçılarının növbəti zirvə
görüşü keçirildi. Burada qəbul olunmuş sənədlər
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə dair xüsusi bölmədə
öz əksini tapmışdı. Budapeşt sammitində
1995-ci ilin yanvarından etibarən ATƏM-in ATƏT
adlandırılması barədə qərar qəbul edildi.
1995-ci ilin fevralında ABŞ-ın DQ
üzrə xüsusi nümayəndəsi Cozef Pressel
münaqişə bölgəsinə səfər etdi. Lakin
onun bu səfəri Azərbaycanda ciddi narazılıqla
qarşılandı. Belə ki, C. Pressel Azərbaycanı
güzəştə getməyə, öz iddialarından əl
çəkməyə çağırmaqla əslində Ermənistanın
mövqelərini müdafiə etdiyini göstərdi. Bu isə,
təbii ki, münaqişənin həllinə kömək
göstərə bilməzdi, əksinə, sülh prosesini ləngidən
bir mövqe idi.
1995-ci ildə Moskvada yenə də
Rusiyanın təşəbbüsü ilə
danışıqlar başladı. Bu danışıqlarda
Dağlıq Qarabağdakı separatçı rejimin də
müstəqil tərəf kimi iştirakı nəzərdə
tutulurdu. Belə olan halda Azərbaycan da Dağlıq
Qarabağın azərbaycanlı icmasının prosesə
qatılmasını təklif etdi. Danışıqların
gedişində Ermənistan yeni bir təkliflə
çıxış edərək sülh sazişinin
sülhməramlı qüvvələrin münaqişə
bölgəsinə göndərilməsindən sonra
imzalanmasını təklif etdi. Ermənilər sülhməramlı
qüvvələrin tərkibində Türkiyənin təmsil
olunmasının da əleyhinə çıxış edir,
Şuşa və Laçının azad olunması məsələsinə
Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsindən
sonra baxılmasını istəyir, Laçının da erməni
qoşunlarının nəzarəti altında olmasını
tələb edirdilər. Bu təkliflərin heç biri Azərbaycan
tərəfindən qəbul olunmadı.
1995-ci ildə Stokholmda ATƏT-in Minsk
Qrupunun növbəti iclası keçirildi. Burada qəbul
olunmuş bəyanatda ATƏT-in Minsk Qrupu atəşkəs
rejiminin qorunub saxlanılmasını təqdir edir,
münaqişə tərəflərini hərbi əməliyyatların
yenidən başlanmasından çəkinməyə
çağırır, münaqişənin nəticələrini
qeyd-şərtsiz aradan qaldırmağı tələb edir və
danışıqlar prosesini davam etdirməyi tövsiyə
edirdi. Həmin ilin mayında Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllinə
dair Moskvada danışıqlar keçirilməsi ərəfəsində
Ermənistan Minsk prosesi çərçivəsində
danışıqları dayandırdığını bəyan
etdi. Bu danışıqlar prosesinin iflasa
uğradığını göstərirdi. Bir qədər
sonra ATƏT-in Minsk Qrupunun Helsinki və Badendə
keçirdiyi danışıqlar da nəticəsiz bitdi. Bundan
sonra Qərb ölkələri danışıqlar prosesində
real nəticələrə çatmaq üçün daha fəal
mövqe nümayiş etdirməyə başladılar.
ABŞ, Türkiyə və Almaniyanın ATƏT-in Minsk
Qrupundakı nümayəndələrinə xüsusi səlahiyyətli
səfir statusu verilməsi bunun əyani göstəricisi idi.
1995-ci ilin sentyabrında Moskvada
danışıqların növbəti raundu keçirildi və
burada Azərbaycan bəzi irəliləyişlərə nail
ola bildi. Belə
ki, Ermənistan Şuşa və Laçının azad edilməsi
məsələsinə Dağlıq Qarabağın statusunun
müəyyənləşdirilməsindən əvvəl
baxılmasına razılıq verdi.
Qeyd edək ki, bu, hər şeydən əvvəl
Rusiyanın təzyiqlərinin nəticəsi idi. Çünki Rusiya
C.Presselin məlum bəyanatından sonra danışıqlar
prosesini öz nəzarətinə keçirmək
üçün belə bir manevr etməyi qərara
almışdı. Bununla da rəsmi Moskva özünün daha
konstruktiv və səmərəli fəaliyyət göstərdiyini
nümayiş etdirməyə çalışırdı.
Lakin Ermənistan bu dəfə də Laçın və
Şuşanın azad olunması barədə öhdəlik
götürməkdən imtina etdi. Ermənilər
Laçına ATƏT-in sülhməramlı qüvvələrinin
göndərilməsinə etirazlarını bildirdilər, həmçinin
Şuşanın Azərbaycana qaytarılmasının
mümkünsüzlüyünü bəyan etdilər.
1995-ci ilin dekabrında Budapeştdə ATƏT-in
Xarici İşlər Nazirləri Şurasının iclası
keçirildi və burada yenə də eyni məsələlər
ətrafında ortaq mövqenin tapılmaması sülh
prosesində irəliləyişə gətirib
çıxarmadı. 1996-cı ilin yanvarında ATƏT-in Minsk
Qrupunun Moskvada keçirdiyi görüş də nəticəsiz
başa çatdı. Mübahisə doğuran məqamlar əvvəlkilərdən
fərqlənmirdi. İyun ayında Moskvada yenidən
danışıqlar keçirildi. Bu dəfə də Ermənistan
Şuşa və Laçının işğaldan azad edilməsinə
razılaşmadı. Onlar Azərbaycanın iqtisadi və hərbi
qüdrətinin artdığını bəhanə gətirərək
bundan ehtiyatlandıqlarını bildirdilər.
Maraqlıdır ki, bu məsələdə həmsədrlərin
fikri də ermənilərin bəhanələri ilə
üstüstə düşürdü. Elə buna görə
də Moskvada aparılan danışıqlarda irəliləyiş
əldə edilmədi.
1996-cı ildə Lissabon sammitindən sonra
ATƏT-in Minsk Qrupunun həmsədrliyi uğrunda ciddi
mübarizə müşahidə edilməyə
başlandı. Belə
ki, bu dövrdə Minsk Qrupunun həmsədrləri Rusiya və
Finlandiya idi ki, onların da mövqeyi əksər hallarda eyni
idi. Gərgin müzakirələrdən sonra Finlandiyanın həmsədrliyi
Fransa ilə əvəz olundu. Lakin bu da
danışıqların gedişində Azərbaycanın
mövqelərinin güclənməsinə xidmət etmirdi. Elə
buna görə də Azərbaycan Prezidenti Heydər Əliyevin
təşəbbüsü ilə ABŞ-ın da həmsədr
olması məsələsi gündəliyə gəldi. Ermənistan
və Rusiya buna ciddi şəkildə müqavimət göstərsələr
də, 1997-ci ilin fevralında ABŞ dövlət katibinin
müavini Stroub Telbott ATƏT-in Minsk Qrupunun həmsədri vəzifəsinə
təyin olundu.
Aprel ayında Lissabon sammitindən sonra ilk
dəfə olaraq Moskvada ATƏT-in Minsk qrupunun növbəti
görüşü keçirildi. Lakin burada da Ermənistanın
qeyri-konstruktiv mövqeyi ucbatından hər hansı bir konkret
qərarın qəbul edilməsi baş tutmadı. Bundan sonra
həmsədrlər fəaliyyətlərini daha da intensivləşdirərək
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
həllinə dair layihə üzərində işləməyə
başladılar.
Mövqe.-2011.-
20 aprel.- S. 10.