Dağlıq
Qarabağ problemi beynəlxalq təşkilatlarda Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatı
XIV yazı
Münaqişənin
həllinə dair danışıqlar prosesinə ATƏT-in
vasitəçilik missiyası
(Danışıqlar
prosesinin xronologiyası)
Dağlıq Qarabağdakı siyasi
partiyaların və ictimai təşkilatların xarici dövlətlərin
siyasi partiyaları və ictimai təşkilatları ilə əlaqələr
yaratmaq hüququ olacaq. Hətta burada belə bir müddəa
da öz əksini tapmışdı ki, Dağlıq
Qarabağ özünün mənafeləri ilə
bağlı məsələlər üzrə Azərbaycanın
xarici siyasətinin həyata keçirilməsində
iştirak edəcək və bu tip məsələlər
haqqında qərarlar iki tərəfin razılığı
ilə qəbul olunacaqdır.
Həmsədrlərin
üçüncü təklifində DQ hökumətinin
özünün xüsusi maraqları olan xarici dövlətlərdəki
Azərbaycan səfirliklərində və ya konsul idarələrində
öz nümayəndələrinin olmasının
mümkünlüyü də qeyd olunmuşdu. Bu layihə
Dağlıq Qarabağdakı separatçı rejimə
öz mənafeləri ilə bağlı beynəlxalq
danışıqlarda iştirak etmək üçün Azərbaycan
nümayəndə heyətlərinin tərkibində ekspertlərini
göndərmək səlahiyyəti də verirdi. Təbii ki,
DQ-yə müstəqil dövlət səlahiyyətlərinin
verilməsini nəzərdə tutan belə bir təklif Azərbaycan
tərəfindən qəbul edilə bilməzdi. Elə buna
görə də prezident Heydər Əliyev buna qəti
etirazını bildirdi və layihə qəbul olunmadı.
Bundan sonra da müxtəlif dövrlərdə
həmsədrlər regiona səfərlərə gəldilər,
ATƏT-in Minsk Qrupunun görüşləri keçirildi. Lakin
"Ümumi dövlət" təklifi tərəflərə
təqdim olunan sonuncu layihə kimi qalmaqda davam edir. Ermənistanın
qeyri-konstruktiv mövqeyi ucbatından bu təkliflərin
heç biri həyata keçməmişdir. Halbuki beynəlxalq
birliyin təcavüzkara təsir göstərərək Azərbaycan
ərazilərinin işğaldan azad olunmasını təmin
etmək imkanları o qədər də məhdud deyildir.
1999-cu ilin aprelindən etibarən ABŞ-ın
təşəbbüsü ilə prezidentlərin birbaşa
dialoqu keçirilməyə başlanmış, ATƏT-in
Minsk Qrupu bu formatı bəyəndiyini və dövlət
başçılarının dialoqunun davam etdirilməsinin zəruriliyini
dəfələrlə bəyan etmişdir. Əslində,
sonuncu təklifdən və prezidentlərin birbaşa dialoqunun
başlamasından sonra ATƏT-in Minsk qrupu artıq faktiki
olaraq vasitəçilik yox , müşahidəçilik
missiyasını yerinə yetirməyə
başlamışdır. Lakin prezidentlərin dialoqu da Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
konkret irəliləyişlərə gətirib çıxara
bilmədi.
Tərəflər arasında kompromis əldə
olunması artıq mümkünsüz
göründüyündən Azərbaycanda müharibə əhval-ruhiyyəsi
güclənirdi. Şübhəsiz, burada ölkədə
aparılan sosial-iqtisadi islahatların uğurlu nəticələri
də az rol oynamamışdı. Digər tərəfdən,
Azərbaycan beynəlxalq müstəvidə də Ermənistanın
mövqelərinə əhəmiyyətli zərbələr
endirməyə nail olmuş və münaqişənin həqiqi
səbəbləri, mahiyyəti barədə dünya ictimaiyyətində
obyektiv təsəvvür formalaşdırılması sahəsində
ciddi nailiyyətlər qazanmışdı. Bütün bunlar
isə Azərbaycanda əhalinin psixoloji əhval-ruhiyyəsinə
təsir göstərir və nəyin bahasına olursa-olsun,
torpaqların geri qaytarılması istəyini
artırırdı.
Təxminən 2001-ci ilin əvvəllərindən
etibarən danışıqlar prosesinin yenidən fəallaşdığı
müşahidə edilməyə başlandı. Format dəyişilməz
olaraq qalırdı və beynəlxalq birlik münaqişənin
prezidentlərin birbaşa görüşü çərçivəsində
həllinə çalışırdı. 2001-ci ilin
yanvarında Fransada Jak Şirakın təşəbbüsü
ilə Azərbaycan və Ermənistanın dövlət
başçıları arasında danışıqların
növbəti mərhələsi başlandı. Paris
danışıqları prezidentlərin artıq sayca 14-cü
görüşü idi. Görüşdə münaqişənin
həllinə dair ciddi müzakirələr aparılsa da,
konkret bir nəticə alınmadı. Bununla belə, həm Azərbaycan
və Ermənistan prezidentləri, həm Fransanın dövlət
başçısı Jak Şirak dialoqun davam etdirilməsinin
zəruriliyini bildirən bəyanatla çıxış
etdilər, tərəflər arasında kompromis əldə
olunması üçün səylərin bundan sonra da davam
etdiriləcəyini vurğuladılar.
Mart ayının 3-də Fransada prezidentlərin
Jak Şirakın təşəbbüsü ilə
keçirilən növbəti görüşü artıq
sülh sazişinin imzalanacağı günün uzaqda
olmadığı təəssüratını
yaratmışdı. Prezidentlər də öz bəyanatlarında
nikbin notlara daha çox üstünlük verdiklərindən
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli məsələsində irəliləyişin
mümkünlüyü real görünürdü. Amma buna
baxmayaraq, qeyd etmək lazımdır ki, prezidentlərin yeganə
ortaq mövqeyi danışıqları davam etdirmək və
bu istiqamətdə fəallığı artırmaq prinsiplərini
nəzərdə tuturdu.
Martın 12-də Heydər Əliyev
Türkiyəyə getdi və burada sülh məsələləri
geniş müzakirə olundu. Prezidentlərin
imzaladıqları birgə bəyanatda Qarabağ məsələsinə
də toxunulur və Türkiyə bu dəfə də Azərbaycanın
mənafelərini sona qədər müdafiə edəcəyini
bildirirdi. Prezident
Əhməd Necdət Sezər prezident Heydər Əliyevə
bütün zəruri dəstəyi göstərməyə
hazır olduğunu vurğulayırdı. Martın 14-də isə
ABŞ-ın dövlət katibi K.Pauell prezidentləri
danışıqların növbəti mərhələsinə
başlamaq üçün ABŞ-a dəvət etdi. Bu
görüşdə həmsədrlərlə bərabər
K.Pauell də iştirak etməli idi və Ki Uestdə
keçiriləcək danışıqların münaqişənin
nizamlanmasında çox mühüm addım olacağı, hətta
burada imzalanacaq sülh sazişinin prinsiplərinin də müəyyənləşəcəyi
gözlənilirdi. Prezidentlər Heydər Əliyev və
R.Koçaryan, ABŞ-ın dövlət katibi Kolin Pauell, ATƏT
həmsədrləri Keri Kavano, Jan Jak Qaydar, Nikolay Qribkov və
Rusiya xarici işlər nazirinin birinci müavini V.Trubnikovun
iştirakı ilə aprelin 3-də Ki Uestdə
danışıqlar başladı.
6 apreldə danışıqlar başa
çatdı və həmsədrlər bəyan etdilər ki,
onlar yeni təklif üzərində işləyirlər və
bunu iyunda Cenevrədə keçirilən görüşdə
prezidentlərə təqdim edəcəkləri, lakin sonradan
bu görüş təxirə salındı. Danışıqlar
olduqca gərgin keçirdi. Artıq bütün
dünyanın diqqəti ABŞ-a yönəlmişdi. Bu
görüşdə bir çox məsələlər ətrafında
razılıq əldə olunacağını
proqnozlaşdıranlar çox idi. Lakin optimist ehtimallar yenə
də özünü doğrultmadı. Ki Uestdə heç
bir razılığa gəlinmədi və həmsədrlər
də, prezidentlər də, sadəcə, onu qeyd etdilər ki,
sülhə doğru irəliləyiş var.
Qeyd
edək ki, bu görüş zamanı prezident Heydər Əliyev
verdiyi bəyanatda ATƏT həmsədrlərini ciddi şəkildə
tənqid edərək onların passiv fəaliyyət göstərdiyini
vurğulamış, K.Pauell bu bəyanatın obyektiv
olduğunu və münaqişənin həlli
üçün indikindən daha fəal şəkildə
iş aparmağa ehtiyac duyulduğunu təsdiqləmişdi.
Mövqe.-
2011.- 22 aprel.- S. 10.