Dərsliklər də elektron olacaq

 

Aydın Xan: "Məqsədimiz 50 milyonluq soydaşlarımızın təhsil, elm, dərslik, kitab və ədəbiyyata olan tələbatını ödəməkdir"

 

Müsahibim Yeni Yazarlar və Sənətçilər Qurumunun başqanı, kulturoloq Aydın Xandır.

- Siz daha çox virtual aləmdə olursunuz və yaradıcılığınızı da geniş şəkildə internet vasitəsilə paylaşırsınız. Hazırda işləriniz nə yerdədir?

- Biz internet əsrində yaşayırıq. Belə də olmalıdır. Elektron KİV, yeni telekommunikasiya vasitələri, xüsusən də internet və İKT-nin inkişafı ilə əlaqədar dünyanın əksər ölkələrində ədəbiyyat, eləcə də intellektual sərvətlər - kitabların, bədii əsərlərin rəqəmsal formata salınmasına başlanılıb. Hazırlanan elektron kitablar isə qlobal informasiya məkanında, milli və lokal elektron resurslarında yerləşdirilir. Respublikamızda bu sahədə işlər aparılsa da, zamanın tələbləri səviyyəsində sözügedən istiqamətdə hələ bir sıra problemlər öz həllini tapmamışdır. Yaşlı və yeni nəslin yaratdığı estetik-intellektual əsərlər internetdə yerləşdirilsə də, orta nəslə mənsub milli yazıçı və şairlər bu məsələdə böyük çətinliklərlə qarşılaşıblar. Orta ədəbi nəsilin nümayəndələrinin çoxu hələ də kompüter və yeni İKT vasitələrindən lazımınca yararlana bilmir. Eləcə də Azərbaycanın daxilində və xaricdə yaşayan oxucuların, xüsusən də yeniyetmə və gənclərin tərəfindən anadilli ciddi ədəbi-bədii, elmi-intellektual kitabları, əsərləri oxumaq, fərqli - yeni mütaliə mədəniyyətini qavramaq, yeni oxu vərdişlərinə yiyələnmək məsələsində ciddi problemləri həll olunmamış qalır. Xaricdə yaşayan soydaşlarımız isə milli-mənəvi dəyərlərdən, Azərbaycan dilində kitab və ədəbiyyatdan kənarda qalırlar, xüsusən də ən yeni ədəbiyyat nümunələrindən xəbərsizdirlər. Araşdırmalar göstərir ki, Azərbaycanda yeni nəslin nümayəndələri arasında bir qisim gənclər kompüter və internet bilgilərinə yiyələnsə də, milli internet - qlobal və lokal informasiya-şəbəkə resurslarımızın azlığı, Azərbaycan dilində gənclərə, yeniyetmələrə ünvanlanmış internet saytlarının, ciddi, intellektual portalların məhdud sayda fəaliyyət göstərməsi, zəif inkişaf etməsi, eləcə də elektron - virtual kitabxanaların, pulsuz bloq - sayt imkanlarının yoxluğu, onların maraq dairəsini təmin edəcək şəbəkə imkanlarının zəifliyi ona gətirib çıxarıb ki, yeni nəslin nümayəndələri internetdən yalnız əyləncə vasitəsi, çox hallarda isə erotik, bəzən isə pornoqrafiya, zorakılığı təbliğ edən materialları asanca əldə etmək imkanı kimi yararlanırlar. Hazırda biz bu sahədə yaranmış problemlərin aradan qaldırılmasına kömək edəcək layihəni təqdim etməyə hazırlaşırıq.

- Ədəbiyyatımızın internet vasitəsilə dünyaya çıxışında bu qədər problemlər var? Bəs adiyyətli qurumlar işi necə qururlar?

- Ölkəmizdə "Elektron hökümət", "Elektron məktəb", "Elektron kitabxana" kimi innovativ proqramlar həyata keçirilməsiylə bağlı dövlət proqramları, genişmiqyaslı planlar, hələ ki, arzuolunan səviyyədə həyata keçirilmir. Yeniyetmələr və gənclər üçün ədəbiyyat və kitabların sayı, keyfiyyəti, elektron kitablar, yeni nəslə ünvanlanmış saytlar, şəbəkə resursları, internetdə milli və bilgili resurslar, həmçinin təhsil və təlimin səmərəliliyini artırmaq üçün digər innovativ vasitələr sahəsində böyük boşluqlar var. İnternet istifadəçilərimizin elektron poçt, elektron gündəlik - bloq, virtual kitabxana, şəbəkə etikası, internet mədəniyyəti, yeni e-oxu və e-yazı vərdişləri, şəbəkə ədəbiyyatı, elektron və audio (səsli) kitablar, televiziya və radio verilişləri, gənclərə ünvanlanmış xəbər və əyləncə - internet sayt, həmçinin mətbuat sahələrindəki boşluqlar isə artıq ciddi problemə çevrilib, çağdaş humanitar-mədəni düşüncəmizdə - təhsil və yeni nəslin formalaşmasında boşluqlara aparıb çıxarır.

- Başçılıq etdiyiniz qurum konkret olaraq bu sahədə hansı işləri görüb?

- Qurumumuz ölkəmizdə, eləcə də xaricdə yaşayan azərbaycanlı yeni nəsil soydaşlarımız, xüsusən də gənclər, uşaq və yeniyetmələr üçün www.kitabxana.net şəbəkə ünvanlı internet portalı - Milli Virtual Kitabxana yaratsa da, onun durmadan zənginləşdirilməsinə, inkişaf etdirilməsinə, yeni ədəbiyyat və kitabların rəqəmsal formatlara salınıb orada yerləşdirilməsinə böyük zərurət duyulmaqdadır. Yeniyetmə və gənclərin mənəvi-estetik dünyagörüşlərinin formalaşmasından ötrü internetdə e-kitablar hazırlanmalı, xüsusən də nisbətən qayğıdan uzaq düşmüş orta nəsil yazarlar və şairlərin yaratmış olduğu yeni əsərlərin e-variantı hazırlanmalı, qlobal informasiya şəbəkəsində pulsuz istifadə üçün yerləşdirilməlidir. Layihənin əsas məqsədi çağdaş oxuculara - ölkəmizdə və dünyada yaşayan soydaşlarımıza ünvanlanmış klassik, dünya, həmçinin milli ədəbiyyat - kitabların, orta nəsil yazarlarımızın yeni əsərləri internet resursları vasitəsilə çatdırılmaq, onların yaradıcılığını təbliğ etmək üçün anadilli ədəbiyyat resurslarımızı zənginləşdirmək, oralara girişlərin sayını artırmaq fikrindəyik.

- Amma etiraf edək ki, internet asılılığı da bir problem şəklini almaqdadır. Siz isə gəncləri internetə daha çox bağlamaq istəyirsiniz.

- Bizim məqsədimiz anadilli internet resursunda - Milli Virtual Kitabxanada orta nəsil yazarların dəyərli ədəbiyyat nümunələrini yerləşdirmək, bu yaradıcı nəslin nümayəndləri üçün bloq sistemini genişləndirmək, onları anadilli internet resurslarını zənginləşdirməyə həvəsləndirmək, Azərbaycan mədəniyyətini, ədəbiyyatını, milli-mənəvi dəyərlərini dünyaya yaymaqda ən yeni texnologiyalardan yararlanmağı öyrətmək, yeni nəslin nümayəndələrində innovativ şəbəkə - elektron oxu və yazı mədəniyyətini aşılamaq, milli, anadilli internet - şəbəkə resurslarımızı zənginləşdirmək, orta nəsil, eləcə də yeniyetmə və gənclərin yazdıqları əsərləri internet səhifələr - bloqlar formasında nəşrə hazırlamaq, şəbəkər resursunda yerləşdirmək, milli-mənəvi dəyərlərini qorunması, inkişafı, tanınması istiqamətində dünya azərbaycanlı gənclərlə şəbəkə təmasları sürətləndirmək, çağdaş estetik-bədii söz sənətimizin zənginləşməsinə təkan verməkdir.

- İnkişaf etmiş xarici dövlətlərdə artıq elektron dərsliklər şagird və tələbələri kitab pulundan xilas edib.

- Hə, layihəmizdə bu məsələni də diqqətdə saxlamışıq. Həyata keçirilən kulturoloji layihənin bir məqsədi də alternativ elektron dərslik və kitablardan istifadəni populyarlaşdırmaq, nəinki Azərbaycanda, eləcə də dünyadakı 50 milyonluq soydaşlarımızın təhsil, elm, dərslik, kitab və ədəbiyyata olan tələbatını ödəməkdir. Virtual oxu, innovativ tədris, elektron kitab, e-yazı, e-mütaliə və şəbəkə ədəbiyyatı kimi yeni metodların, formatların geniş tətbiqi nəticəsində məsafədən tədrisin populyarlaşmasına da yardım olunur. Müəllimlər bu resursun e-kitabxana bölümündən yararlanaraq ev tapşırıqları, əlavə oxu, bədii ədəbiyyatın mütaliəsi, yeniyetmə və gənclərin sosiallaşması, qrup halında internetdən və İKT-dən yararlanmasına şərait yarada bilərlər...

www.kitabxana.net - Milli Virtual Kitabxana dünyanın aparıcı dillərində kitabların elektron variantı, milli və qlobal elektron kitabxanaların ünvanları, yazarların saytları, bloqlar, yazılı, eləcə də elektron KİV-in şəbəkə ocaqları, tərcümələr, orijinal yazılar, xəbərlər: intelektualların hər gün yenilənən kulturoloji e-resursu kimi Azərbaycan, ingilis, rus və türk dilində fəaliyyət göstərir. Eyni zamanda portalda uşaq ədəbiyyatı və kitablarının elektron variantlarından ibarət bölmə, Azərbaycanda ilk dəfə e-Dərgi, şəbəkə elmi-kulturoloji jurnalı, gənclərin intellektual-ədəbi-poetik-bilgili elektron gündəlikləri - bloqları da mövcuddur.

- Orta nəsil yazarlarının yaradıcılığı bu layhiədə öz əksini tapıbmı?

- Kulturoloji layihənin yeni mərhələsində orta nəsil yazıçı və şairlərin yaradıcılığının geniş cəmiyyətə tanıdılması, ölkə daxilində və xaricdə təbliği, Azərbaycan ictimaiyyətinin, xüsusən də onun ən yeni nəslinin təlim-tərbiyyəsi, estetik-intellektual formalaşması, yeni bilgilərin əldə edilməsi, yeni e-oxu və e-yazı mədəniyyətinə yiyələnməsi, Virtual Kitabxanadan yararlanması, yaradıcı təfəkkürünün inkişafı, şəbəkədən istifadənin səmərəliliyinin artırılması baxımından çox gərəkli nəticələr ortaya qoyacaq. Yeni ədəbiyyatın zənginləşməsi, innovativ texnologiyalar vasitəsilə təbliği, yayılması, yeni nəsil nümayəndələri üçün nəzərdə tutulmuş elektron resursların zənginləşdirilməsinə təkan verəcək, azərbaycandilli internet resurslarının genişləndirilməsinə səbəb olaçaq, dünyada yaşayan azərbaycanlıların, xüsusən də gənclərin sosial elektron şəbəkəsinin yaradılmasına təkan verəcək, soydaşlarımızın elektron ünsiyyətini möhkəmləndirəcək, şəbəkə ədəbiyyatı nümunələri yaranmasına şərait yaradacaq, yazıçılarımızı dəyərli ədəbiyyat, poeziya, bilgili əsərlərin yazılmasına həvəsləndirəcək, yeni elektron mütaliə, həmçinin elektron yazı mədəniyyətini formalaşdıracaq, bir sözlə, estetik-kulturoloji düşüncəmizin fərqli qatlarını ortaya qoyacaq, həm onları bir-birinə, həm də geniş oxucu kütləsinə tanıdacaq, bunu həm kitab, həm də veb-sayt vasitəsilə edəcəkdir. Eyni zamanda bu kulturoloji layihə ölkəmizdə və dünyanın hər yerində yaşayan azərbaycanlı oxucuları şəbəkə ədəbiyyatı - elektron kitabxana resursu ətrafında birləşdirəcək.

 

 

Arzu Abdulla

 

Mövqe.- 2011.- 29 aprel.- S. 13.