Heydər Əliyev zirvəsi

 

O, bütün dünyadan görünür

 

İkinci yazı

 

Heydər Əliyevin zəngin irsində ifadə olunan inkişaf strategiyasının sadalanan gerçəkliklərin təmin edilməsində həlledici əhəmiyyət daşıyan amil olduğunu hesab etmək üçün bütün əsaslar mövcuddur. Onun hələ 70-80-cı illərdə Azərbaycanın gələcək perspektivlərini nəzərdə tutan əhatəli elmi konsepsiya əsasında fəaliyyət göstərdiyi hamılıqla etiraf olunan tarixi həqiqətdir. Etiraf olunmalı digər bir tarixi həqiqət isə müstəqil Azərbaycan dövlətinin qurulmasında Heydər Əliyevin yaratdığı sözügedən konsepsiyadan dəyərli nəzəri baza kimi geniş istifadə edilməsi və bu gün də istifadə edilməkdə olmasıdır. Müstəqil Azərbaycan dövlətinin quruculuğu prosesində əvvəllər istifadə olunmuş konsepsiyanın, onun əsasında yaradılmış iqtisadi, elmi-texniki potensialın müstəsna əhəmiyyəti Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən dəfələrlə yüksək qiymətləndirilmişdir. O, haqlı olaraq bildirir ki, "SSRİ dönəmində Azərbaycanın iqtisadiyyatının, elm və mədəniyyətinin inkişafına, milli kadrlarının yetişdirilməsinə böyük səylər qoyan Heydər Əliyev sanki nə vaxtsa ölkəmizin müstəqil olacağına inanırdı. Təbii ki, o zamanlar bütün bu işlər görülməsəydi, müstəqil dövlət quruculuğu vəzifəsinin həyata keçirilməsi çox ciddi çətinliklərlə qarşılaşardı."

Beləliklə, Heydər Əliyevin Azərbaycanın davamlı inkişaf strategiyasının misilsiz tarixi əhəmiyyətindən danışarkən haqlı olaraq onun baş xəttinin müstəqil, azad, suveren Azərbaycan dövlətini qurması ideyasından ibarət olması birmənalı şəkildə önə çəkilməlidir. Bu mənada azərbaycanlıların onu müstəqil Azərbaycan dövlətinin memarı sayması üçün bütün obyektiv əsasların mövcudluğu inkaredilməzdir. Eyni zamanda müstəqil Azərbaycan dövlətinin ölkə prezidenti Heydər Əliyevin şah əsəri olması barədə ictimai düşüncədə özünə artıq möhkəm yer tutmuş tezisin də öz növbəsində tutarlı dəlillərə söykəndiyini sübuta yetirməyə ehtiyac yoxdur. Bir-biri ilə bağlı olan, bəlkə də eyni hadisənin müxtəlif təzahürü kimi dəyərləndirilə bilən bu iki tezis - "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır" və "müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir" tezisləri ictimai düşüncənin sanksiyalaşdırdığı gerçəklik olaraq qavranılır. Xalq qəti əminliklə onun fərqindədir ki, həyatımızı əhatə edən gerçəkliyin qərar tapması Heydər Əliyevin davamlı inkişaf strategiyasının birbaşa nəticəsidir və təbiidir ki, bu strategiyadan kənarında həyatımızın gerçəkliyi tamam başqa qiyafədə meydana çıxmaq zorunda qalardı. Düşünürəm ki, Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin quruculuğu sahəsində müəyyənləşdirdiyi konsepsiya, prinsip və dəyərlər sistemi də öz növbəsində milli ideologiya sistemi kimi nəzərdən keçirilərək ictimai düşüncənin mühakiməsinə təqdim edilə bilər. Aparılan təhlil və nəzərdən keçirilən tarixi analogiyalar bizi qəti şəkildə bu inama gətirmişdir ki, Heydər Əliyevin öz üzərinə götürdüyü tarixi missiya hər hansı xronoloji çərçivəyə sığmır və onun mahiyyət müəyyənliyi Azərbaycanın davamlı inkişaf strategiyasının yaradılmasındadır. Həmin strategiyanın əsasını isə Heydər Əliyevə məxsus olan dövlətçilik baxışları təşkil edir.

Qeyd etmək yerinə düşər ki, Heydər Əliyevin dövlətçilik baxışları sistemi kompleks xarakter daşımaqla mahiyyətcə milli inkişafın məfkurə əsası rolunda çıxış edir. Bu tezisə şamil edilən məna tutumunun qayəsi haqqında bəhs edilən baxışlar sisteminin, əslində, Azərbaycanın inkişaf yolunu müəyyənləşdirməsindədir. Elmi və siyasi ədəbiyyatda artıq dövriyyəyə daxil edilmiş "Heydər Əliyev yolu" anlayışı məhz həmin məna çalarına sahibdir.

Heydər Əliyevin dərin irsinə söykənən inkişaf strategiyasına ölkədə tarixən formalaşmış dəyərlər sisteminə əsaslanmaq kimi keyfiyyət xasdır. Bu onun göstəricisidir ki, Azərbaycanın inkişafı ulu öndərin dövründə də, indi də hərtərəfli konseptual bazaya söykənir. Mövcüd rəhbərlik stili və təcrübəsinin əhatəli təhlili və dəyərləndirilməsi indinin özündə də Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və ölkənin tərəqqisinin konseptual əsasını təşkil edən baxışlar sisteminin və dəyərlərin məcmusunun fəaliyyətdə olması qənaətinə gəlməyə tam əsas verir. Sözügedən baxışlar və dəyərlər sisteminin məqsədi və təyinatı isə, fikrimizcə, Azərbaycanın gələcək inkişaf yolunu müəyyən etmək, onun həyata keçirilməsi amillərini, şərtlərini və resurslarını dəqiqləşdirərək bir araya gətirməkdir.

Azərbaycanın davamlı inkişafının Heydər Əliyev konsepsiyası ideyanı praktik fəaliyyətə transformasiya edərək insanların davranışını stimullaşdırmaq qüdrətinə malik olan dəyərəlrin tam dəsitini özündə ifadə edir. Həmin dəyərlər sistemi ümummilli ideyanın təmin edilməsi ilə yanaşı, hər bir fərdin şəxsi idealının həyata keçirilməsini ehtiva edən prinsip və vəzifələri üzvi şəkildə əks etdirir. Məhz bu amil onun ictimai cazibədarlığını və səmərəli fəaliyyət şərtləndirən səbəblərdən biri qismində çıxış edir. İnkaredilməz həqiqətdir ki, ictimai ideya fərdi qavranma və qəbuledilmə mexanizmi vasitəsi ilə ictimai və ya ümummilli davranış faktoruna çevrilir. Tarixi təcrübə fərdi maraqlar yükünü daşımaq imkanından məhrum edilmiş ideya sisteminin uğursuzluğa məhkum edildiyini dəfələrlə sübuta yetirmişdir. Bu baxımdan, artıq söylənilən tezisi başqa şəkildə ifadə edərək təsdiqləmək mümkündür ki, Azərbaycanın davamlı inkişaf strategiyasının əsasını təşkil edən Heydər Əliyevin baxışları sisteminin gücü milli ideyanın kifayət qədər fərdi maraq ünsürləri ilə yüklənməsindədir. Məhz bunun sayəsində hər bir fərd sözügedən ideya və baxışlar sistemində özünün ictimai dəyərlər dərəcəsinə yüksəldilmiş istək və arzularının ifadəsini tapır.

Heydər Əliyevin zəngin irsinə əsaslanan inkişaf strategiyasının təhlili onun üç fundamental başlanğıca istinad etdiyini göstərir. Bunlar güclü dövlət, səmərəli iqtisadiyyat və azad insandır. Hər üç başlanğıcın qarşılıqlı ahəngdar fəaliyyəti ölkənin yüksək inkişafına, hərtərəfli tərəqqisinə xidmət edən əzəmətli vasitəyə çevrilmək gücündədir.

Ölkənin və onun əhalisinin təhlükəsiz, əmin-amanlıq şəraitində və rifah halında yaşaması sosial - siyasi və milli - əxlaqi mühitin, birgəyaşayış norma və qaydalarının mövcüdluğunu özündə ehtiva edir, bu da özü - özlüyündə güclü dövlət anlamını verir. Heydər Əliyevin qurduğu və onun layiqli davamçısı prezident İlham Əliyevin daha da kamilləşməsi üçün yorulmadan fəaliyyət göstərdiyi müstəqil, demokratik, hüquqi, dünyəvi, sosial Azərbaycan dövləti məhz bu parametrlərə malik olub ölkənin gələcək və sürətli inkişafının mühüm başlanğıcını təşkil edir. Heydər Əliyevin həkimiyyətə qayıdışından sonra təxirəsalınmaz tədbirlər kimi ölkədə sabitliyi, əmin-amanlığı, dövlət intizamını təmin etmək, qanunçuluğu və hüququn aliliyini gözləmək sahəsində atdığı addımların məntiqi bununla izah oluna bilər.

Səmərəli iqtisadiyyat güclü dövlətin, bir yandan, fundamental əsası, digər yandan isə, fəaliyyətinin nəticəsi və göstəricisidir. Güclü dövlət yaratmadan səmərəli iqtisadiyyat qurmaq mümkün olmadığı kimi, sonuncusuz da güclü dövlət anlayışı ağlabatan deyil. Elə buna görə Heydər Əliyevin haqqında fikir yürütdüyümüz konsepsiyasının vacib bir vəsiləsini səmərəli iqtisadiyyatın yaradılması ideyası təşkil edir. İdeyanın əsasında ölkədə bazar münasibətlərinə söykənən iqtisadi sistemin qurulması, vətəndaşların iqtisadi sərbəstliyinə və təşəbbüskarlığına tam meydan verilməsi, Azərbaycanın zəngin təbii sərvətlərindən iqtisadiyyatın dirçəldilməsi məqsədlərinə istifadə edilməsi, sərbəst investisiyaların cəlb edilməsi faktoruna diqqət yetirilməsi, dünya iqtisadi strukturlarına və proseslərinə sürətlə inteqrasiya edilməsi kimi mütərəqqi və müasir tezislər durur.

Bu gün də yer üzündə yaşayan bütün dünya azərbaycanlıları fəxr etməlidirlər ki, onlar məhz ümummilli liderimiz Heydər Əliyevin mənsub olduğu xalqın, millətin övladlarıdır. Bu mənada hər birimiz elə yaşayıb, elə işləməliyik ki, doğrudan da," Mən azərbaycanlıyam" söyləyəndə bu deyimin arxasında hansı böyük məsuliyyətin durduğunu hiss edək və mən azərbaycanlıyam deməyə haqqımız çatsın.

 

 

Mövqe.- 2011.- 30 aprel.- S.4.