Regional inkişaf proqramları Ağdaşda yüksək dinamizmlə icra olunur

 

Son illər regionların sosial-iqtisadi inkişafı sahəsində reallaşdırılan kompleks tədbirlər sisteminin məntiqi nəticəsi olaraq, Ağdaş rayonunun iqtisadiyyatında ciddi dönüş yaranıb, eyni zamanda, burada yeni dövrün tələbləri ilə səsləşən genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma işləri həyata keçirilib. Bütün bu cəhətlərinə görə, hazırda Ağdaş respublikanın digər inkişaf etmiş şəhərlərindən qətiyyən geri qalmır.

2004-2008-ci illəri əhatə edən I regional inkişaf proqramı çərçivəsində rayonda kompleks tədbirlər həyata keçirilib. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası müntəzəm olaraq nəzarətdə saxlanılıb və hər rüb üzrə geniş müzakirə olunub. Bu müddətdə rayonda sosial abadlıq və yenidənqurma sahəsində tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb və əhalinin kommunal xidmətlərlə normal təmin olunması, sosial-abadlıq sahəsində tədbirlərin həyata keçirilməsi sahəsində məqsədyönlü işlər görülüb.

Həmin dövrdə Ağdaş şəhərinin küçələrinə 93700 kv.metr tamet döşənib, küçə və yollara 372.3 min kv.metr asfalt vurulub. 10,5 km uzunluğunda Ağdaş-Pirkəkə, Ləki-Pirəzə-Qaxay yolunun 2 km hissəsi, Orta Ləki kəndində kəndarası 3,2 min kvadratmetr yol, Əmirarx-Güvəkənd-Ləki kəndlərarası 8.0 min kvadratmetr yol, habelə Ağdaş şəhərinin mərkəzi küçələri, Ləki qəsəbəsinin iki mərkəzi küçəsi asfaltlaşdırılıb.

Ötən dövr ərzində Ağdaş şəhərinin Heydər Əliyev prospekti və əsas mərkəzi küçələri - M.Ə.Rəsulzadə, M.İsayev, Vaqif, 20 Yanvar, M.Ə.Rəsulzadə, Maşad və Cəfər Cabbarlı küçələri asfaltlaşdırılıb. Heydər Əliyev prospekti, M.Ə.Rəsulzadə, M.İsayev, Vaqif, 20 Yanvar küçələrinə 600 ədəd müasir elektrik dirəkləri basdırılaraq gecə işıqlanma sistemləri yeniləşdirilib.

Rayonun Kükəl və Ərəb kəndlərinin kəndarası 3 km, Yenicə kəndinin 8 km, Birinci Aral kəndinin 6,5 km, Qaradeyin kəndinin 6 km, Tofiqi kəndinin 5,5 km, Mürsəl kəndinin 7,4 km yolu, Eymur-Ərəbşəki-Ağcaqovaq kəndlərinin 5,0 km yolu, Şordəhnə kəndinin kəndarası 5,4 km yolu çınqıl tökülərək əsaslı təmir olunub. Bələdiyyələr tərəfindən digər bütün kənd yaşayış məntəqələrinin daxili yollarına 56,1 min kub metr çınqıl tökülüb.

Beynəlxalq "İpək yolu" layihəsinin tərkib hissəsi olan "Ucar-Yevlax yolunun Rekonstruksiya Layihəsi"ni həyata keçirən "Polat Yol Yapı sanayi və Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı filialı rayonda yerləşdirilib. Hazırda Ucar-Yevlax yolunun rayon ərazisindən keçən hissəsindən tikinti və yenidənqurma işləri davam edir.

Elektrik enerjisi və təbii qaz yanacağı ilə təminatı yaxşılaşdırmaq üçün ötən dövr ərzində yenidənqurma və təmir işləri görülüb, qaz və elektrik sayğaclarının quraşdırılması işləri aparılıb. Rayonda 2005-ci ildə 2X16 MVA gücündə 110/35/10 KV-luq "Ağdaş" elektrik yarımstansiyası tikilərək istifadəyə verilib. 7,4 km uzunluğunda yeni elektrik xətti çəkilməklə "Pirəzə" və "Pirkəkə" 35/10 KV-luq yarımstansiyaları, həmçinin 3 km uzunluğunda yeni elektrik xətti çəkilməklə "Kükəl" və "Xosrov" 10 KV-luq xətləri "Ağdaş" yarımstansiyasına qoşulub. 10 KV-luq "Kükəl" xəttinin 7,5 km uzunluğunda elektrik dirəkləri yenisi ilə əvəz olunub. Ümumiyyətlə, bu dövrdə rayonda 54 yeni elektrik transformatoru qoyulub. Rayon üzrə 19006 ədəd elektrik sayğacı quraşdırılıb və elektrik enerjisinin verilməsində olan fasilələr tamamilə aradan qaldırılıb.

Rayonda əhalinin normal təbii qaz yanacağı ilə təmin edilməsi üçün 2006-ci ildə 5,5 km uzunluğunda qaz xətti çəkilərək "Şəmsabad" Qazpaylayıcı stansiya işə salınıb. Ağdaş şəhərində təbii qazla təminatı yaxşılaşdırmaq üçün 2,5 km uzunluğunda dairəvi qaz xətti çəkilib, 1600 poqon-metr uzunluğunda qaz xətti yerüstünə çıxarılıb, 1400 poqon-metr uzunluğunda yeni qaz xətti çəkilib.

2004-2008-ci illərdə rayonun Cücük, Qolqəti, Yuxarı Qəsil, Bulaqotağı, Qülbəndə, Gürcuva, Nehrəxəlil, Qarağan-Sədi, Bulaqotağı, Qarağan-Şıxlar, Qəsil, Qumlax, Kotanarx, Şordəhnə, Ərəb, Birinci Aral, Şəmsabad, Aşağı Qəsil, Kükəl və Orta Ləki kəndlərində qaz kəmərlərinin təmiri başa çatdırılıb. Həmin kəndlərdə yaşayan abonentlərin mənzillərinə qaz sayğacları quraşdırılaraq, təbii qaz yanacağı verilib. Rayon üzrə 10026 ədəd qaz sayğacı quraşdırılıb.

Ağdaş şəhər M.Şeyxzadə, M.İsayev adına və 3 saylı məktəblərin, Ləki qəsəbə, Kükəl kənd məktəblərinin, Güvəkənd kənd orta məktəbinin yeni tikilmiş korpusunun istilik sistemləri qurulub. Bundan başqa, prezident İlham Əliyevin tapşırığı əsasında Ağdaş şəhərində şəhid ailələri və əlillər üçün tikilən 48 mənzilli yaşayış binası istifadəyə verilib.

Ağdaş şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması üçün layihə-smeta sənədləri hazırlanıb. 2008-ci ilin aprel ayının 17-də rayonda Azərbaycan Respublikası Nazirlər Kabinetinin, "Azərsu" SC-nin və Asiya İnkişaf Bankının nümayəndələrinin iştirakı ilə Ağdaş şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsinin təqdimetmə mərasimi keçirilib. Hazırda layihə çərçivəsində 3 ədəd artezian quyusu qazılmış, idarə və anbar binalarının tikintisinə başlanılıb.

Rayonun Orta Ləki, Qoşaqovaq, Yuxarı Nemətabad kəndində modul tipli sutəmizləyici qurğu quraşdırılıb. Qəsil, Qəribli, Abad və Xosrov kəndlərində artezian su quyuları qazılıb və su paylayıcı sistem tikilib. Əhaliyə göstərilən tibb xidmətinin səviyyəsinin yüksəldilməsi üçün rayon Mərkəzi Xəstəxanasında, poliklinikada, Doğum evində təmir və abadlıq işləri aparılıb. Rayonun Orta Ləki, Aşağı Ləki və Ərəb kəndlərində həkim ambulatoriyaları tikilib. Ağdaş şəhərində 100 çarpayılıq yeni xəstəxana binasının və 9 kənddə sağlamlıq mərkəzlərinin tikintisi üçün müvafiq torpaq sahələri ayrılıb. 2008-ci ilin fevral ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən rayon Mərkəzi Xəstəxanasına əvəzsiz olaraq 371,9 min manatlıq 35 adda müxtəlif tibb avadanlıqları verilib.

Dövlət Proqramına uyğun olaraq rayonda təhsilin inkişafına xüsusi diqqət yetirilib. Bu dövrdə 264 şagirdlik Kotavan kənd orta məktəb binası, 200 şagirdlik irkəkə kənd orta məktəb binası, 200 şagirdlik Kükəl kənd orta məktəb binası tikilərək istifadəyə verilib. Ağdaş şəhər 3 saylı orta məktəb üçün 200 yerlik 10 sinif otağı, Yuxarı Ləki kənd orta məktəbi üçün 100 yerlik 5 sinif otağı, Nehrəxəlil kənd əsas məktəbi üçün 100 yerlik 5 sinif otağı, Yenikənd kənd əsas məktəbi üçün 40 yerlik 2 sinif otağı, Güvəkənd kənd orta məktəbi üçün 160 yerlik 8 sinif otağı, Dəhnəxəlil kənd orta məktəbi üçün 160 yerlik 8 sinif otağı, Mürsəl kənd orta məktəbi üçün 120 yerlik 6 sinif otağı tikilib. Bundan başqa, Ağdaş şəhər M.Şeyxzadə adına internat məktəbi, 3 saylı və M.İsayev adına orta məktəbləri, Ləki qəsəbə 6 saylı orta məktəbi əsaslı təmir olunub.

2008-ci ildə 320 şagirdlik Yuxarı Ləki kənd orta məktəb binasının və 320 şagirdlik Qaradeyin kənd orta məktəb binasının tikintisinə başlanılıb və başa çatdırılıb. Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında Ağdaş Olimpiya İdman Kompleksi, habelə Heydər Əliyev Fondunun vəsaiti hesabına musiqi məktəbi tikilərək istifadəyə verilib.

Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2006-cı ildə əsaslı təmir olunmuş Ağdaş şəhər M.Şeyxzadə adına internat məktəbinin bazasında texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziya yaradılıb. 2004-2008-ci illərdə rayonun bütün məktəblərinə 387 ədəd kompyuter, 16 ədəd proyektor-notebook avadanlığı və müxtəlif inventar-avadanlıq verilib.

 

Bundan başqa, rayonda telekommunikasiya sahəsinin inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilib. Ağdaşın Orta Ləki, Abad və Aşağı Zeynəddin kəndlərinin hər birində yeni 256 nömrəlik elektron ATS quraşdırılaraq istifadəyə verilib, Cardam kəndində 100 nömrəlik yeni ATS quraşdırılıb. Hapıtlı kəndində 96 nömrəlik yeni elektron ATS-in tikinti-quraşdırma işləri aparılıb. Ləki qəsəbə ATS-nin tutumu 200 nömrə, Kükəl, Qoşaqovaq və Dəhnəxəlil kəndlərindəki ATS-lərin hər birinin tutumu 50 nömrə artırılıb. Rayonun Orta Ləki kəndində və Ləki qəsəbəsində yeni poçt binaları tikilib və istifadəyə verilib. Ağdaş şəhərində "Azercell-Ekspress" müştəri xidməti mərkəzi yaradılıb.

 

(ardı var)

 

Tərlan Nəsirli. Bakı-Ağdaş-Bakı

 

Mövqe.- 2011.- 2 dekabr.- S. 10.