Ağdaş rayonu ili böyük uğurlarla başa vurur

 

Regionların sosial-iqtisadi inkişafı tədbirlərinin məntiqi nəticəsi olaraq Ağdaş rayonu 2011-ci ilin ötən 9 ayında mühüm nailiyyətlərə imza atıb. Hesabat dövründə rayonda abadlıq-quruculuq tədbirləri uğurla davam etdirilib, əhalinin kommunal xidmətlərlə normal təmini sahəsində məqsədyönlü işlər həyata keçirilib. Hesabat dövründə ümummilli lider Heydər Əliyevin adını daşıyan muzey, istirahət parkı, prospektxiyaban tamamilə yenidən qurulub, parkın ərazisi genişləndirilib. 60 min kubmetr torpaq daşınıb, əlavə olaraq 5 min ədəd ağacgül kolları əkilib.

Parkda Azərbaycan bayrağı meydanı yaradılıb, iki müasir tipli fəvvarə quraşdırılıb. Ağdaş şəhərinin 25 küçəsinə və 10 dalana ümumu uzunluğu 11 poqon kilometr olan asfalt vurulub. Ağdaş-Ləki yolunun asfaltlaşdırılması başa çatdırılıb.

2010-cu ilin fevral ayının 12-də prezident İlham Əliyevin Ağdaşa səfəri zamanı təməlini qoyduğu 100 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasının tikintisi də hesabat dövründə daim diqqət mərkəzində saxlanılıb. Bu ilin oktyabrında ölkə başçısının Ağdaşa səfəri zamanı xəstəxananın rəsmi açılış mərasimi keçirilib. Yüz çarpayılıq xəstəxana kompleksində tikintinin ümumi sahəsi 22 min 500 kvadratmetrdir. Altı korpusdan ibarət üçmərtəbəli səhiyyə ocağında 100 nəfərədək tibb heyəti çalışır. Müasirliyi ilə seçilən poliklinika şöbəsi ən müasir avadanlıqla təchiz olunmuşdur. Burada operativ və yüksək səviyyədə tibbi xidmət üçün hərtərəfli şərait yaradılıb. Hemodializ avadanlığı ən son elmi-texniki yeniliklərə əsaslanır. Burada 8 xəstənin eyni zamanda qəbulu mümkündür. Hemodializ prosedurunun yerinə yetirilməsi zamanı xəstələr televizorda verilişlərə baxa, onlar üçün yaradılan hərtərəfli şəraitdən istifadə edə bilərlər. Ultrasəs müayinə cihazları da dünyanın ən inkişaf etmiş ölkələrində istifadə edilən tibbi avadanlıqlardandır. Həkim otaqlarında da tibbi xidmətin yüksək səviyyədə aparılması üçün hərtərəfli imkanlar yaradılıb.

Diaqnostika şöbəsində yaradılmış hərtərəfli şərait müalicə və müayinə işinin yüksək səviyyədə təşkilinə imkan verir. Diqqəti cəlb edən məqamlardan biri buradakı bütün müasir avadanlığın yerli mütəxəssislər tərəfindən quraşdırılmasıdır. Xəstəxananın əməliyyat blokunda bütün əməliyyatlar xüsusi paneldən Azərbaycan dilində idarə edilir. Xəstəxananın reanimasiya şöbəsində isə eyni vaxtda 7 xəstə yerləşdirilə bilər.

Tibb ocağının stasionarında eyni vaxtda 100 xəstəyə xidmət göstərilə bilər. Təcili tibbi yardım şöbəsi də hər cür avadanlıqla təmin edilib. Burada xəstələrə operativ qaydada yardım göstərilməsi üçün zəruri şərait yaradılıb. Xəstəxananın müasirliyi ilə seçilən akt zalı da var.

Hesabat dövründə rayonda digər sosial obyektlərdən - Aşağı Nemətabad kənd orta məktəbi əsaslı təmir edilib. Qəribli, Ovculu, Abad və Şordəhnə kəndlərində yeni məktəb binalarının, Ərəbocaq və Qolqəti kəndində həkim məntəqəsinin tikintisinə, habelə Ağdaş şəhər S.Vurğun adına 1 nömrəli orta məktəbin və 11 nömrəli uşaq bağçasının əsaslı təmirinə başlanılıb. Ağdaş şəhər S.Vurğun adına 1 nömrəli orta məktəbin əsaslı təmiri hazırda başa çatdırılıb və məktəb kollektivinin istifadəsinə verilmək üzrədir.

Rayon əhalisinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təminatını yaxşılaşdırmaq məqsədilə hesabat dövründə təmir işləri davam etdirilib, 34.2 km uzunluğunda elektrik xətti əsaslı və cari təmir olunub. Rayonun Kükəl kəndi ərazisində 220-/110 kv-luq 2x125 meqavatt gücündə Ağdaş regional elektrik yarımstansiyasının tikintisi davam edib. Ağdaş şəhərinin küçələrində, Ləki qəsəbəsində və rayonun 6 kəndində müxtəlif ölçülü 26 min 330 poqon metr uzunluğunda qaz xətləri yenisi ilə əvəz olunub. Rayonun Aşağı və Orta Ləki kəndlərinə 280 mm-lik plastik boru vasitəsilə 1300 poqonmetr uzunluğunda daşıyıcı boru xətti, Güvəkənd və Əmirarx kəndlərinə təbii qaz yanacağının verilməsi üçün müxtəlif ölçülü 6740 poqonmetr uzunluğunda boru xətti çəkilib. Əmirmahmud-Tofiq-Qarağan-Saat kəndlərinə qaz verilməsi üçün 200 mm-lik plastik boru vasitəsilə 7025 poqonmetr uzunluğunda daşıyıcı xətt çəkilib. Ağdaş Qaz İstismar İdarəsi üçün yeni inzibati bina tikilərək istifadəyə verilib.

Ötən dövrdə rayonda sənaye sahələrinin inkişafı sahəsində də lazımi tədbirlər görülüb. Yerli xammaldan istifadə edən qum-çınqıl karxanalarında, Kükəl kərpic istehsalı müəssisəsində istehsal prosesləri davam etdirilib. "Orelay" şirniyyat istehsalı müəssisəsinin yeni istehsal sexində tikinti-quraşdırma işləri aparılıb. Altı ay ərzində rayonda keçən ilin eyni dövründəkindən 22,3 faiz çox sənaye məhsulu istehsal olunub. Rayonda sahibkarlara 5 milyon 835 min manat həcmində kredit verilib. Hazırda sahibkarlar tərəfindən Ağdaş şəhərində 2 çoxmərtəbəli yaşayış binasının, rayonun digər yaşayış məntəqələrində bir istirahət mərkəzinin və çoxlu sayda xidmət obyektlərinin tikintisi davam edir.

Rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının inkişafı da hesabat dövründə diqqət mərkəzində saxlanılıb. Rayonda əkilmiş 16222 hektar taxıl sahəsindən 38965,3 ton taxıl istehsal olunub. Hesabat dövründə 4368 hektar tərəvəz sahəsinə aqrotexniki qulluq göstərilib, 65700 ton tərəvəz istehsal olunub. İlin əvvəlindən 1307 hektar dən qarğıdalı sahəsindən 8476.5 ton qarğıdalı, 1183 hektar kartof sahəsindən 17291.2 ton kartof, 1523 hektar bostan sahəsindən 22403.5 ton bostan məhsulları götürülüb. Bitkiçilik məhsulları istehsalının artırılması üçün aqrar sektorda çalışanlara güzəştli qiymətlərlə 606.8 ton gübrə satılıb. Rayonda mal-qara arasında süni mayalandırma işinin təşkili və onun genişləndirilməsi sahəsində ardıcıl tədbirlər görülür.

Ötən 9 ay ərzində 1483 baş heyvan süni yolla mayalanmış və nəticədə 894 baş bala alınıb. Qara yara xəstəliyinə qarşı iri və xırda buynuzlu mal-qarada peyvəndlənmə aparılıb. Bakı şəhərində təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarına 167 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları göndərilib. Rayonun Ərəbocaq kəndində 1200 başlıq müasir tipli heyvandarlıq kompleksinin və 80 başlıq at yetişdirmə məntəqəsinin tikintisi davam edir.

Azərbaycan Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən məhsul istehsalçılarına yardımların verilməsi sahəsində ardıcıl iş aparılıb.

Hesabat dövrü ərzində həyata keçirilmiş tədbirlər nəticəsində rayonda keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul istehsalı 20.3 faiz və ya 29 milyon 452 min manat artaraq 174 milyon 374 min manat, sənaye məhsulu istehsalı 9.7 faiz və ya 427 min manat artaraq 4 milyon 824 min manat, kənd təsərrüfatı məhsulu istehsalı 21.9 faiz və ya 19 milyon 408 min manat artaraq 107 milyon 919 min manat, tikinti-quraşdırma işlərinin həcmi 20.6 faiz və ya 4 milyon 978 min artaraq 29 milyon 559 min manata çatdırılıb.

2011-ci ilin doqquz ayında rayon üzrə bütün maliyyə mənbələri hesabına əsas kapitala 30 milyon 224 min manat həcmində, keçən ilin eyni dövrünə nisbətən 18.6 faiz çox investisiya qoyulub. Ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində büdcə gəlirləri artıb, bu da rayon büdcəsindən maliyyələşən tədbirlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin çoxalmasına səbəb olub.

2011-ci ilin doqquz ayı üçün rayon büdcəsi 12 milyon 686 min manat və ya keçən ilin eyni dövründəkindən 2 milyon 37 min manat, yaxud 19.1 faiz çox təsdiq edilib. Həmin dövrdə rayon büdcəsinin xərcləri 11 milyon 590 min manat və ya keçən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 791 min manat və ya 18.3 faiz çox icra edilib. Bu dövrdə təhsil xərclərinə 6 milyon 595 min manat, keçən ilin eyni dövründəkindən 734 min manat çox, səhiyyə xərclərinə 2 milyon 303 min manat, 346 min manat çox, mədəniyyət xərclərinə 768 min manat, 196 min manat çox, mənzil-kommunal xərclərinə 1 milyon 19 min manat, 589 min manat çox vəsait xərclənib.

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 17 may 2011-ci il tarixli fərmanına əsasən, 2006-cı ilin yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyaları, pensiya təyin edilən tarixə iş stajının hər ili üçün 1.94 manat sığorta hissəsi əlavə edilməklə 01 iyul 2011-ci il tarixdən yenidən hesablanıb. Bu zaman rayon üzrə mövcud olan 13057 nəfər pensiyaçının 12748 nəfərinin pensiyası yenidən hesablanıb. Rayon üzrə ümumi pensiyanın orta aylıq artımı 420 min manat təşkil edib.

 

(ardı var)

Tərlan Nəsirli Bakı-Ağdaş-Bakı

Mövqe.- 2011.- 7 dekabr.- S.10.