Ağdaş rayonunda təhsilin inkişafına xüsusi diqqət var

 

Ağdaş rayonunda son illərdəki sosial-iqtisadi uğurları sosial həyatın digər əhəmiyyətli sahələrində də mühüm nəticələrin əldə olunmasını şərtləndirir. Bunu konkret olaraq rayonun son illərdə təhsil sahəsində əldə etdiyi uğurlar fonunda aydın görmək olar. Rayonda təhsil infrastrukturunun müasirləşdirilməsi, yeni məktəblərin tikintisi, habelə bu sahədə maddi-texniki bazasının yeniləşdirilməsi tədbirləri daim xüsusi diqqət mərkəzində saxlanılır.

Rayonda 68 ümumtəhsil məktəbi, o cümlədən 41 orta, 18 ümumi orta, 9 ibtidai məktəb, 30 məktəbəqədər 3 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. Həmin məktəblərdə 14977 nəfər şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 2155 nəfər müəllim məşğul olur. 30 məktəbəqədər tərbiyə müəssisəsində 67 qrup fəaliyyət göstərir. Bu qruplarda 1233 nəfər uşağın tərbiyəsi ilə 198 nəfər tərbiyəçi müəllim məşğul olur. 3 məktəbdənkənar tərbiyə müəssisəsində isə 1693 nəfər məktəblinin asudə vaxtı səmərəli təşkil olunur.

Ötən dərs ilində I-XI siniflər üçün 110 adda, 56536 manatlıq dərslik və müəllimlər üçün metodik ədəbiyyat gətirilərək paylanılıb. Hər il olduğu kimi bu ilyeni məktəblərin tikintisi, təhsil müəssisələrinin yeni dərs ilinə hazırlanması diqqət mərkəzində olub. Cari dərs ilində isə Gürcuva kənd ümumi orta məktəbi üçün 180 yerlik yeni məktəb binası tikilib istifadəyə verilib. Habelə mövcud məktəblərin yeni dərs ilinə hazırlanması məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Tədris müəssisələrində xeyriyyəçi adamlarının, bələdiyyələrin köməkliyi və daxili imkanlar hesabına 150 min manatlıq cari təmir işləri aparılıb. Bundan başqa, yerli büdcədən ayrılan 64 min manat vəsait hesabına Tofiqi, Aralbir kənd tam orta, Qülbəndə kənd ümumi orta və Əmirmahmud kənd ibtidai məktəblərində əsaslı təmir işləri aparılıb. Beləliklə, bu il məktəblərin təmirinə 214 min manatdan artıq vəsait sərf olunub.

Ağdaş Rayon Təhsil şöbəsinin müdiri Lütvü Paşayevin sözlərinə görə, 2011-ci ildə Təhsil Nazirliyi Nizami adına şəhər, Ərəbocaq, Şəkili, Qəribli, Xosrov kənd tam orta məktəblərində və 9 saylı körpələr evi - uşaq bağçasında əsaslı təmir işləri aparılıb. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində də diqqətəlayiq işlər görülüb. Bu məqsədlə 69400 manat məbləğində 500 ədəd parta, 30 ədəd lövhə, 70 ədəd müəllim stulu, 120 ədəd stul gətirilərək ən çox ehtiyacı olan məktəblərə paylanılıb.

Lütvü Paşayev bildirir ki, Ağdaşda məktəbəqədər körpə uşaqların qayğı və problemləri də diqqət mərkəzində saxlanılır. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti "Məktəbəqədər təhsilin dövlət standartı və proqramı" barədə qərar qəbul edib. Azərbaycan Respublikası Təhsil Nazirliyi "Məktəbəqədər təhsilin dövlət standartı və proqramı"ndan irəli gələn tələblərin həyata keçirilməsini təmin etmək barədə 5 avqust 2010-cu il tarixli əmr imzalayıb. Təsdiq olunmuş Dövlət Proqramı məktəbəqədər təhsilin məzmununu, onun idarə olunmasını, məktəbəqədər təhsilin maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini, 5 yaşlı uşaqların məktəbə hazırlanmasını zəruri edən dövlət standartlarını əhatə edir.

Qəbul olunmuş proqramın icrasını təmin etmək və məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə rayonunun uşaq bağçalarına 29584 manat dəyərində əyani vəsait və tərbiyəçi müəllimlər üçün metodiki ədəbiyyatlar göndərilib. "Məktəbəqədər təhsilin dövlət standartı və proqramı"nın təsdiq edilməsi məktəbəqədər tərbiyə müəssisəsi rəhbərlərinin və tərbiyəçi müəllimlərin məsuliyyətini artırıb. Tərbiyəçi müəllimlər bütün uşaqların, xüsusilə, məktəbə hazırlıq qrupunda tərbiyə olunan 5 yaşlıların təhsilinə, onların istedad və qabiliyyətlərinin aşkar olunmasına, inkişaf etdirilməsinə xüsusi diqqət yetirirlər. Təhsil Şöbəsi Dövlət Proqramının icrasını təmin etmək məqsədilə xüsusi tədbirlər planı təsdiq edibbu istiqamətdə nəzərdə tutulan tədbirlərin icrasını həyata keçirir.

Azərbaycan prezidentinin 2008-ci il 10 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" təhsil ocaqlarında informasiya kommunikasiya infrastrukturunun qurulmasına yönəlib. Ağdaş Rayon Təhsil şöbəsinin müdiri Lütvü Paşayev bildirir ki, Dövlət Proqramının əsas məqsədi İnformasiya Kommunikasiya Texnologiyalarının səmərəli tətbiqi və istifadəsidir: "Bunsuz keyfiyyətli təhsil almaq imkanı təmin edilə bilməz. Biz müəllimlər müasir dünyada tələb olunan biliklərə və bacarıqlara malik vətəndaşlar yetişdirmək üçün informasiyalaşdırılmış cəmiyyətə uyğun keyfiyyətlərə yiyələnməliyik. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, o cümlədən təhsil müəssisələrinin kompyuter avadanlığı ilə təmin edilməsi və yüksək sürətli internet əlaqəsinin təmin olunması bu imkanı daha da genişləndirəcək, təhsilin keyfiyyətinin yüksəlməsinə kömək göstərəcəkdir. Nəzərinizə çatdırım ki, rayonun ümumtəhsil məktəblərində 406 ədəd kompyuter avadanlığı quraşdırılıb, 18 məktəb noutbukproyektorla təmin edilib. Yeni dərs ilindən rayonun 15 ümumtəhsil məktəbində internetə çıxış xətləri çəkilib və 2011-ci ilin yanvar ayından internetə qoşulması təmin edilib.

Lütvü Paşayevin sözlərinə görə, ölkədə bütün ümumtəhsil məktəblərinin 1-ci siniflərindən başlayaraq kurikulum islahatı tətbiq olunur. Tələbyönümlülük, nəticəyönümlülük, şagirdyönümlülük ümumi təhsilin müasir məzmununun didaktik əsasını təşkil edir və "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)" çərçivə sənədi həmin prinsiplərin üzərində qurulub. Bu sənədin qəbulundan keçən dövr ərzində onun müntəzəm olaraq öyrənilməsi təşkil edilib. Bununla əlaqədar Təhsil Nazirliyinin mütəxəssisləri Ağdaş rayonunun ibtidai sinif müəllimləri ilə müntəzəm olaraq kurs seminarlar təşkil ediblər. Bu ilin iyul-avqust aylarında 94 nəfər I-III sinif müəllimi bu seminarlarda iştirak edib və Təhsil Nazirliyinin sertifikatlarını alıb.

Kurikulumun tətbiqi ilə işləyən ibtidai siniflərdə dərslərin gedişi rayon təhsil şöbəsinin xüsusi nəzarətində saxlanılır. Hər dərs ilində bir dəfə məktəblərin əksəriyyəti əhatə edilməklə bu siniflərdə monitorinqlər aparılır və nəticəsi rayon Təhsil Şöbəsinin Təhsilyanı Şurasında müzakirə edilərək müvafiq qərarlar qəbul edilir. Həmin müzakirələrin nəticəsi olaraq Nizami adına, M.Şeyxzadə adına Gimnaziya, M.İsayev adına şəhər və Dəhnəxəlil kənd orta məktəblərində "Kurikulum mərkəzləri" yaradılıb. Bu mərkəzlərə əsasən qabaqcıl təcrübəsi yayılmış, bacarıqlı müəllimlər rəhbərlik edirlər. Kurikulum mərkəzlərində tez-tez məsləhət saatları təşkil edilir, açıq və nümunəvi dərslər keçirilir, çətinlik çəkən və gənc müəllimlərə metodik məsləhətlər verilir.

Təhsil Nazirliyi Kurikulum Konsepsiyasına uyğun olaraq müəllimlərin yeni təlim metodları və texnologiyalara yiyələnməsi məqsədilə yerlərdə qısamüddətli kurs treninqlər təşkil edir. Rayon müəllimləri bu kurs treninqlərdə fəal iştirak etməklə yenilikləri maraqla öyrənirlər. Hazırda rayon müəllimlərinin bir qrupu bu kurslarda fəal şəkildə iştirak edir. İndiyə kimi 1000 nəfərdən çox müəllim belə kursların iştirakçısı olub.

Ağdaş təhsil şöbəsinin müdiri Lütvü Paşayev deyir ki, rayonda da istedadlı uşaq və gənclərin aşkar edilməsi, onlara qayğı göstərilməsi daimi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nın icrası ilə əlaqədar həyata keçirilən tədbirlər bu il də tədris ili ərzində davam etdirilib.

Yüksək bilik və bacarıq nümayiş etdirən şagirdlər qabiliyyətlərinə görə qruplaşdırılıb, istedadlı şagirdlər arasında seçim aparılıb, ən istedadlı şagirdlərin adlı siyahısı Təhsil Nazirliyinə təqdim olunub. S.Vurğun adına orta məktəbin X sinif şagirdi Mustafazadə Şəlalə Rəhman qızı və Maqsud Şeyxzadə adına Texniki, Təbiət və Humanitar fənlər təmayüllü gimnaziyanın IX sinif şagirdi Tağıyev Əhmədiyyə Münasib oğlu kimya fənni üzrə istedadlıların respublika seçim turunda iştirak edərək ən yüksək balla I yerə layiq görülüblər.

Lütvü Paşayev bu fikirdədir ki, hazırda qabiliyyət və istedadın milli sərvət hesab edildiyi bir vaxtda onun qorunması, inkişaf etdirilməsi və xalqın xidmətinə verilməsi milli strateji məsələdir. Bu baxımdan məktəbin qarşısında duran mühüm məsələlərdən biri hər bir şagirdin hərtərəfli inkişaf etdirilməsi və istedadlarının üzə çıxarılması üçün məktəbdə optimal şəraitin yaradılmasıdır. Şagirdlərin istedad və qabiliyyətlərinin aşkar edilməsində hər il ənənəvi olaraq keçirilən fənn olimpiadalarının və müxtəlif nominasiyalar üzrə müsabiqələrin keçirilməsinin böyük əhəmiyyəti vardır. Belə tədbirlərdən biri fənn olimpiadalarının rayonrespublika turunun təşkili və keçirilməsindən ibarətdir.

 

(ardı var)

 

Tərlan Nəsirli Bakı-Ağdaş-Bakı

 

Mövqe.- 2011.- 9 dekabr.-S. 10.