Ağdaş mədəni intibah yolunda

 

Müasir dövrdə hər bir xalqın dünya miqyasında özünəməxsus yer tutmasını şərtləndirən amillər heç də sırf iqtisadi amillərlə şərtlənmir. Xalqları tanıdaraq məşhurlaşdıran həm də onların milli mədəniyyəti, milli-mənəvi dəyərləridir. Qloballaşma tendensiyasının xalqların milli-mənəvi dəyərlər sisteminə yönəlmiş təhdidləri şəraitində bu məsələlərə əvvəlkindən daha da çox diqqət yetirilməsinin vacibliyi ortaya çıxır.

Bu reallıq nəzərə alınmaqla ölkədə uğurla gerçəkləşdirilən mədəniyyət konsepsiyası təkcə paytaxt Bakıda deyil, ümumən regionlarda da mənəvi-intellektual yüksəlişi təmin edib. Son illərdə Ağdaş rayonunun mədəni həyatındakı yeniliklər bunu bir daha təsdiqləyir. Xüsusən də rayon Mədəniyyət və Turizm İdarəsinin xəttilə reallaşdırılan tədbirlər sistemli, konkret və ünvanlıdır. Yeni ilin gəlişi ilə əlaqədar 2011-ci il yanvarın 1-dən 5-nədək şəhərin mərkəzi meydanında bayram şənlikləri təşkil olunub. Keçirilən tədbirlərdə uşaq və məktəblilər yaxından iştirak ediblər.

20 yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar şəhər və kəndlərdə yerləşən bütün mədəniyyət müəssisələrində anma mərasimləri, ədəbi-bədii kompozisiyalar keçirilib, foto-stendlər təşkil olunub. Mərkəzi Kitabxana Sistemində "Şəhidlik zirvəsi", Tarix Diyarşünaslıq Muzeyində "Vətəni hər şeydən uca tutdular", Uşaq Musiqi məktəbində "Şəhidlər unudulmur", Ləki qəsəbə Uşaq Musiqi məktəbində "Qanlı yanvar", Gənclər kitabxanasında ağdaşlı 20 yanvar şəhidi M.İsayevin xatirə gecəsi keçirilib.

2011-ci ilin yanvarında, həmçinin yazıçı Zaman Qarayevin 80, Mədinə Gülgünün 85, yazıçı Vaqif Musanın 75 illik yubileyi münasibətilə Mərkəzi Kitabxana sistemində və filial kitabxanalarında yaradıcılıq gecələri və kitab sərgiləri təşkil olunub. Bundan başqa, rayon mədəniyyət evində xalq artisti, kinorejissor Eldar Quliyevin anadan olmasının 70 illiyi ilə həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

2 fevral Gənclər Günü münasibətilə Tarix Diyarşünaslıq Muzeyində "Azərbaycan gəncləri" mövzusunda tematik gecə, M.Şeyxzadənin ev muzeyində "Gənclik və zaman" mövzusunda "dəyirmi masa", "Gənclər" kitabxanasında isə rayonun fəal gəncləri ilə görüş təşkil olunub. Həmçinin Gənclər Gününə həsr olunmuş rayon tədbirində mədəniyyət evinin "Şirvan" instrumental ansamblı konsert proqramı ilə çıxış edib.

Xocalı faciəsinin ildönümü ilə əlaqədar olaraq bütün mədəniyyət müəssisələrində tədbirlər keçirilib. Ağdaş Dövlət Rəsm Qalareyasında foto-stend təşkil olunub. Rayon mədəniyyət evinin foyesində kiçik rəssamların əl işlərindən ibarət rəsm sərgisi hazırlanaraq rayon əhalisinə təqdim olunub. Eyni zamanda, Mərkəzi kitabxana sistemində Ağdaş rayonunda məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirilib.

Fevral ayında həmçinin şair-dramaturq Nəriman Həsənzadənin anadan olmasının 80 illiyi münasibətilə Mərkəzi Kitabxana Sistemində kitab sərgisi və oxucu konfransı təşkil olunub. Şəhər və Ləki qəsəbə uşaq musiqi məktəblərində xalq artisti, tarzən Bəhram Mansurovun anadan olmasının 100 illiyi münasibətilə ədəbi-bədii gecə keçirilib.

8 mart Beynəlxalq Qadınlar Günü də rayonun mədəniyyət müəssisələrində yüksək səviyyədə qeyd olunub. Mərkəzləşdirilmiş Kitabxana Sistemində, şəhər və Ləki qəsəbə uşaq musiqi məktəblərində bununla bağlı ədəbi-bədii gecələr keçirilib. Ağdaş Dövlət Rəsm Qalareyasında yerli qadın rəssamların əl işlərindən ibarət sərgi təşkil olunub. "Şirvan" instrumental ansamblı qadınlara həsr olunmuş tədbirdə geniş konsert proqramı ilə çıxış edib.

10 mart Azərbaycan Teatrı Günü münasibəti ilə rayon mədəniyyət evində "Azərbaycan teatrının inkişafı və görkəmli səhnə ustalarımız" mövzusunda mühazirə təşkil olunub. Ağdaş "Xalq" teatrının səhnələşdirdiyi Nəcəf bəy Vəzirovun "Sonrakı peşmançılıq fayda verməz" tamaşası tədbir iştirakçılarına nümayiş olunub.

Xalqın qədim milli bayramı olan Novruz bayramı münasibətilə şəhərin Füzuli meydanında konsert və tamaşalar şəklində təşkil olunub. Qədim adət-ənənələri yaşadan əşyalar, şirniyyat süfrələri, habelə folklor nümunələrimiz bayram iştirakçılarına nümayiş etdirilib. Tədbirdə rayon mədəniyyət evinin "Kəndirbazlar" folklor kollektivi ilə yanaşı, mədəniyyət müəssisələrində fəallıq göstərən rəqs qrupları və folklor kollektivlərinin iştirakı təmin olunub. Bayramın yüksək səviyyədə keçirilməsi rayon ictimaiyyətində ruh yüksəkliyi yaradıb.

31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Maqsud Şeyxzadənin ev muzeyində, Tarix Diyarşünaslıq Muzeyində, Mərkəzi Kitabxana Sistemində və digər mədəniyyət müəssisələrində anma mərasimləri keçirilib, Dövlət Rəsm Qalereyasında foto-stend təşkil olunub. Soyqırım Günü ilə əlaqədar olaraq "Şəhidlər" abidə-kompleksində əklilqoyma mərasimi keçirilib və mədəniyyət işçiləri tədbirdə iştirak ediblər.

Bununla yanaşı, mart ayında mədəniyyət müəssisələrində xalq artisti Sidqi Ruhullanın anadan olmasının 125, şair Əli Kərimlinin 80, yazıçı publisist Nurəddin Babayevin 90 illik yubileyləri münasibətilə yaradıcılıq gecələri, kitab sərgiləri təşkil olunub. Eyni zamanda, xalq şairləri Səməd Vurğun və Süleyman Rüstəmin anadan olmasının 105 illik yubileyləri münasibətilə rayon mədəniyyət evində görkəmli ədiblərin həyat və yaradıcılığına həsr olunmuş tədbir təşkil olunub. Tədbirdə hər iki şairin sözlərinə bəstələnilmiş musiqilər səsləndirilib, rayon mədəniyyət evinin "Xalq" teatrının aktyorlarının ifasında Səməd Vurğunun "Vaqif" dramından və Süleyman Rüstəmin "Durna" pyesindən parçalar tədbir iştirakçılarına təqdim olunub.

2 aprel Beynəlxalq Kitab Günü ilə əlaqədar Uşaq kitabxanasında "Uşaqlar kitabları sevir" mövzusunda kitab sərgisi, 8 saylı şəhər Uşaq bağçasında isə "Nağıllı, sehrli dünyamız" adı altında körpələrin iştirakı ilə şəhərcik təşkil olunub.

Aprel ayı ərzində Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı və Mədəniyyət və Turizm Şöbəsinin Tədbirlər Planına uyğun olaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş "Gənc istedadların baxış müsabiqəsi" keçirilib. Müsabiqədə Mədəniyyət və Turizm şöbəsini əhatə edən bütün mədəniyyət müəssisələri iştirak ediblər.

Tərkibində musiqi, bədii-qiraət, rəqs ifaçılarının, gənc rəssamların, illüziyaçı və gənc aktyorların yer aldığı qaliblərin may ayının 3-də yekun konserti keçirilib. Onların hər birinə Mədəniyyət və Turizm şöbəsinin rəhbərliyi tərəfindən fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

23 aprel 2011-ci il tarixdən Habil Əliyev adına şəhər Uşaq Musiqi Məktəbində görkəmli muğam ustası Cabbar Qaryağdıoğlunun anadan olmasının 150 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilib. Tədbiri məktəbin direktoru Möysünə Hüseynova açaraq xanəndənin həyat və yaradıcılığından söhbət açıb. Sonra tədbir yerli mügənnilərdən Samit Əliyevin, Nazim Məmmədovun, Dilqəm Həsənovun, Nizami Məmmədovun ifasında Cabbar Qaryağdıoğlunun vaxtı ilə səsləndirdiyi muğam parçalarından ibarət konsert proqram ilə davam edib.

Bununla yanaşı, aprel ayında mədəniyyət müəssisələrində oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 88-ci ildönümü münasibətilə "Xalqa xidmətdə keçən ömür yolu" mövzusunda "dəyirmi masa", şair Ənvər Əlibəylinin anadan olmasının 90, yazıçı, ədəbiyyatşünas Allahverdi Eminovun anadan olmasının 70 illiyi münasibəti ilə kitab sərgiləri, "Molla Nəsrəddin" jurnalının 105 illiyi münasibətilə rayon mədəniyyət evində ədəbi-bədii gecə təşkil olunub.

2011-ci ildə, həmçinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Mədəniyyət və Turizm şöbəsi tərəfindən Tədbirlər Planı təsdiqlənib. Tarix Diyarşünaslıq Muzeyində, şəhər və Ləki qəsəbə Uşaq Musiqi məktəblərində, rayon mədəniyyət evində, Mərkəzləşdirilmiş Kitabxana Sistemində, o cümlədən silsilə tədbirlər təşkil olunaraq həyata keçirilib.

Aprel ayından başlayaraq rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində fəaliyyət göstərən Heydər Əliyev məktəbində müdavimlərlə mütəmadi olaraq məşğələlər, "dəyirmi masa"lar keçirilib. O cümlədən filial kitabxanalarda ulu öndərin həyat və yaradıcılığını əks etdirən kitablardan ibarət sərgilər təşkil edilib.

 

(ardı var)

 

Tərlan Nəsirli Bakı-Ağdaş-Bakı

 

 Mövqe.- 2011.- 13 dekabr.- S. 10.