Müstəqil
Azərbaycanın xarici siyasəti: əsas
hədəflər və nailiyyətlər
Qloballaşma prosesinin geniş vüsət
aldığı müasir dövrdə
istənilən dövlətin ümumi
inkişafına təsir göstərən əsas faktorlardan biri də xarici siyasət amilidir. Beynəlxalq münasibətlər sistemində
dövlətin həyata keçirdiyi ümumi kurs kimi dəyərləndirilən xarici siyasət konkret
ölkənin dünya hüquq
məkanında yaradılmış iki və
çoxtərəfli münasibətlərini, özünəməxsus
cəhətləri ilə seçilən mövqelərini
əks etdirir.
Burada bir
mühüm məqamı da mütləq nəzərə
almaq lazımdır ki, xarici siyasət daxili dövlət siyasəti
ilə üzvi surətdə bağlıdır və
onların hər ikisi biri-birini tamamlayaraq möhkəm vəhdət
təşkil edirlər. Bu vəhdət
pozulduğu halda ciddi fəsadlara, hətta silahlı insidentlərə,
müharibə ilə nəticələnən
qarşıdurmalara belə yol aça bilir.
Dünyanın siyasi xəritəsinə
diqqət yetirməklə də günümüzdə bunun kifayət qədər konkret
nümunələrinə rast gəlmək
mümkündür.
Xarici siyasətin
əsas vasitəsi qismində çıxış edən
diplomatiya və onun uğurlu formada həyata keçirilməsi
isə beynəlxalq hüquq məkanında özünə
layiqli yer tutmağa çalışan hər bir dövlət
üçün əsas vəzifələr sırasında
yer alır. Bu məqsədlə
qarşıya qoyulmuş hədəflərə
çatmaq üçün
müxtəlif forma və metodları
özündə ehtiva edən diplomatiya ümumiyyətlə, müasir
dünyada formalaşmış münasibətlər
sistemində ən effektiv vasitələrdən
biri olaraq dəyərləndirilir.
Uğurlu diplomatiyanın gətirdiyi möhtəşəm
dividendlər, ölkənin beynəlxalq imicinin
yüksəlməsində oynadığı mühüm
rola dair konkret misal kimi
XX əsrdə mürəkkəb ictimai-siyasi
şəraitdə ikinci dəfə
dövlət müstəqilliyini qazanmış Azərbaycanı
göstərmək olar. Ötən əsrin
son on illiyində
totalitar bir rejimdən
xilas olaraq suverenliyini əldə edən Azərbaycan xarici siyasət sferasında çevik
və proseslərin gedişinə adekvat reaksiya nümayiş etdirən,
mövqelərinin güclənməsinə xidmət edən xarici siyasi kurs
həyata keçirir. Müstəqilliyinin
ilk illərində qonşu
Ermənistanın hərbi təcavüzünə məruz qalan, ağır iqtisadi böhran və daxili qeyri-sabitliyin hökm sürdüyü Azərbaycanın bu mürəkkəb vəziyyətdən
çıxması və uğur qazanması,
regionda aparıcı söz
sahibinə çevrilməsi həm də effektiv xarici siyasət sayəsində
mümkün olub.
Bu gün
ölkəmizin xarici siyasətinin formalaşmasına və
onun həyata keçirilməsinə bir sıra mühüm
faktorlar təsir edir. Həmin faktorlar
sırasında ilk olaraq
Ermənistanın Azərbaycana qarşı təcavüzü
xüsusi olaraq qeyd olunmalıdır. İşğal
faktorunun hələ də aradan
qalxmaması Azərbaycanın, eləcə də bütün regionun təhlükəsizliyinə
ciddi təhdid mənbəyi olaraq qalır. Elə bu
amil də ölkəmizin təhlükəsizlik
və xarici siyasətinin
formalaşdırılmasında birmənalı şəkildə
nəzərə alınır. Azərbaycanın
geosiyasi və geoiqtisadi
baxımdan əlverişli coğrafi
bölgədə yerləşməsi də sabiq
dövlət müşaviri Vəfa Quluzadəyə
görə, ölkəmizin xarici siyasətinin
formalaşması prosesinə təsir göstərən əsas
cəhətlərdəndir. O qeyd edir ki, ölkəmizin
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji dəhlizinin mərkəzində yer alması ona strateji üstünlüklər
qazandırır.
Azərbaycanın
böyük karbohidrogen ehtiyatlarına və digər təbii
sərvətlərə malik olması isə ölkəmizə
xarici diqqət və marağı artırır. Bu kontekstdə
müxtəlif əcnəbi dövlətlər, transmilli şirkətlərin Azərbaycanla
sıx əməkdaşlıq niyyəti meydana
çıxır. Nəticə etibarı ilə bu, artıq geoiqtisadi prizmadan ölkəmizin xarici
siyasətinin formalaşmasına təsir edən əsas amillərdən
birinə çevrilir. Azərbaycanın
zəngin neft və qaz
ehtiyatlarının transmilli şirkətlərlə
birgə işlənməsi və müxtəlif marşrutlarla dünya
bazarına nəqlinə dair həyata
keçirilən strategiya ölkəmizin xarici siyasətinin ən önəmli təməl
daşlarından sayılır.
Keçmiş
SSRİ-nin tarixi zərurətdən irəli gələrək
dağılması ilə beynəlxalq münasibətlər
sisteminin köklü surətdə dəyişməsi də
Azərbaycanın xarici siyasətinə təsirsiz
ötüşmür. Artıq birqütblü
formada qəbul olunan müasir dünyada ölkəmiz
xarici siyasətində ümumdünya
təhlükəsizliyinə olan təhdidlər
və risklər amilini də xarici siyasətini formalaşdırarkən
mütləq nəzərə alır. Danılmaz
həqiqətdir ki, terrorizm,
etnik və dini ekstremizm, hərbi separatçı hərəkatlar,
mütəşəkkil cinayətkarlıq şəbəkələri
və bu qəbildən olan
digər hallar bu gün dövlətlərin xarici
siyasətinin ərsəyə gəlməsinə bu və ya digər dərəcədə
təsir göstərir.
Xarici
İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevin
sözlərinə görə, Azərbaycan xarici siyasətini
formalaşdırarkən üç əsas meyara da xüsusi
olaraq diqqət yetirir: "Bunlar
aşağıdakılardır:
balanslaşdırılmış, neytral və çoxşaxəli
xarici siyasət. Bütün
bu amillər Azərbaycanın xarici siyasətində ən xırda
detallarına qədər nəzərə
alındığından ölkəmizin beynəlxalq
münasibətləri yüksək səciyyə
daşıyır və ümumi inkişaf prosesinə öz
genişmiqyaslı töhfələrini verir". Həmin
töhfələrdən ən böyüyü
isə Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə
xidmət edən səriştəli xarici
siyasətin yeridilməsidir.
Xarici siyasətdə
ölkəmizin əsas hədəflərinə gəlincə,
Elman Abdullayev burada ilk növbədə Azərbaycanın ərazi
bütövlüyünün bərpası məsələsini
ön plana çəkir. Bu
istiqamətdə Prezident İlham
Əliyevin rəhbərliyi altında çevik
xarici siyasət strategiyası həyata keçirildiyini bildirən XİN rəsmisi
ölkəmizin ərazi bütövlüyünün
beynəlxalq birlik tərəfindən birmənalı
şəkildə dəstəkləndiyini və Ermənistanın
təcavüzkar dövlət olaraq qəbul edildiyini də
vurğuladı. Onun sözlərinə
görə, Azərbaycanın ərazi bütövlüyünü
təsbit edən BMT Təhlükəsizlik Şurasının
məlum qətnamələri, eləcə də Avropa Şurası, Avropa
İttifaqı, ATƏT, İslam Əməkdaşlıq
Təşkilatı və digər beynəlxalq qurumlar səviyyəsində qəbul olunan digər sənədlər ölkəmizin
diplomatiyasının böyük uğuru kimi dəyərləndirilir.
Milli maraqlarının
təmin olunmasına yönələn xarici
siyasətimizin digər önəmli hədəflərindən
biri isə beynəlxalq sülh
və sabitliyin təşviqidir. Azərbaycan
hazırda bu prosesdə ən fəal iştirak edən dövlətlərdən biridir. Təcavüzə məruz qalan dövlət kimi Azərbaycan
sülh prosesinin ümumi təhlükəsizlik və inkişafda nə dərəcədə vacib əhəmiyyətə malik
olduğunu yaxşı bilir.
Bundan başqa ölkəmiz
beynəlxalq terrorizm və kütləvi
qırğın silahlarının yayılmasına
qarşı mübarizə ilə bağlı çoxtərəfli
və ikitərəfli çərçivədə fəal
beynəlxalq əməkdaşlıq əlaqələri qura bilib. Elə səmərəli
çoxtərəfli beynəlxalq münasibətlər sisteminin qurulması və inkişafı da xarici siyasətimizin əsas
hədəfləri sırasındadır. Bu məqsədlə ölkəmiz
müxtəlif beynəlxalq və regional təşkilatların
işində fəal iştirak edir və onlara misal olaraq BMT, ATƏT, Avropa Şurası, İslam
Əməkdaşlıq Təşkilatı, MDB, Qara dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatı, GUAM və digərlərini
göstərmək olar. Dünyanın ən böyük
təşkilatı olan BMT Təhlükəsizlik
Şurasına Azərbaycanın iki il müddətinə qeyri-daimi
üzv seçilməsi isə xarici siyasətimizin möhtəşəm təntənəsi
olmaqla yanaşı, ölkəmizin ümumdünya sülh
işində oynadığı rolun daha da artması ilə nəticələnəcək.
Qarşılıqlı
faydalı ikitərəfli əlaqələrin inkişafı
da xarici siyasətdə əsas prioritetlərdən birini təşkil
edir. Sözügedən
müstəvidə Azərbaycan həm Ermənistan istisna olmaqla qonşu dövlətlərlə, həm də
uzaq xarici ölkələrlə
ikitərəfli münasibətlərin tərəqqisinə xüsusi diqqət yetirir. Region ölkələri
ilə mehriban qonşuluq
və faydalı dostluq münasibətləri
üzərində qurulan xarici
siyasət Azərbaycanın inkişafında və təhlükəsizliyinin
təmin edilməsində əsas rol oynayan amillərdən biridir.
Ölkəmizin strateji müttəfiqi
sayılan Türkiyə ilə mövcud
münasibətlər, eləcə də Gürcüstan,
Rusiya və İranla
qarşılıqlı maraqlara söykənən
əlaqələr Azərbaycana böyük
dividendlər qazandırmaqda, onu həlledici
söz sahiblərindən birinə
çevirməkdədir. Bununla
yanaşı, Asiya, Avropa,
Amerika, hətta müxtəlif Afrika ölkələri də ölkəmizlə
sıx münasibətlər qurub və bu istiqamətdə fəaliyyətini
davamlı olaraq genişləndirir. Təbii
ki, bu da
öz növbəsində Azərbaycan
amilinə beynəlxalq diqqət və marağın
artmasına gətirib çıxarır. Avropa
və Avratlantik strukturlara
inteqrasiya isə Azərbaycan xarici siyasətinin dəyişməz hədəflərindəndir.
Avropa və
Avratlantik birliyin dəyərlərini
bölüşən ölkəmiz çoxtərəfli Transatlantik təhlükəsizlik əməkdaşlığı
proqramlarını inkişaf etdirərək
Avropa qitəsində və onun sərhədlərindən kənarda təhlükəsizlik
və sabitliyə töhfə verir. Azərbaycanın Avropa Şurasına
üzvlüyü, dünyanı ən
qüdrətli hərbi birliyi olan NATO ilə sıx əməkdaşlığı,
Avropa İttifaqı ilə iqtisadi, siyasi və sosial sahələrdə yaratdığı
münasibətlər ölkəmizin beynəlxalq hüquq məkanında mövqelərini daha da gücləndirir.
Avropanın enerji və nəqliyyat dəhlizinin
genişləndirilməsinə ölkəmizin verdiyi
töhfələr isə Qərb dünyasında olduqca yüksək qiymətləndirilir. Danılmaz həqiqətdir ki, neft və qaz kəmərlərinin,
digər müvafiq infrastrukturun
tikintisi də daxil olmaqla, Azərbaycanın neft
sektorunun inkişafı artıq ölkənin
iqtisadi yüksəlişinə töhfə
verib, regional və qlobal əməkdaşlıq üçün
əlavə imkanlar yaradıb. Bakı-Supsa, Bakı-Tiflis-Ceyhan neft
kəmərləri və Cənubi Qafqaz qaz kəməri kimi regional infrastruktur layihələrinin
uğurla həyata keçirilməsi ilə
nəticələnən bu əməkdaşlıq
Azərbaycanın dünya siyasətində
və iqtisadiyyatında xüsusi çəkisini
əhəmiyyətli dərəcədə
artırıb. Yalnız enerji
istehsalçısı və ixracatçısı kimi deyil, eyni
zamanda, vacib tranzit ölkəsi kimi Azərbaycanın
regionun mərkəzi oyunçusu
və beynəlxalq arenada əhəmiyyətli
faktor olaraq
imkanları getdikcə artır. Azərbaycanın coğrafi yerləşməsi ölkənin dünya bazarlarına
çıxışını şaxələndirmək
imkanı verir. Bu mənada,
Azərbaycan Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi
(TRASECA) layihəsi, habelə Şimal-Cənub nəqliyyat dəhlizinin
həyata keçirilməsinə fəal cəlb olunub. Eləcə də Azərbaycan Türkiyə
və Gürcüstanla geostrateji
əhəmiyyət kəsb edən Bakı-Tiflis-Qars dəmir yolu xəttinin qurulmasını həyata keçirir. Bu xəttin həyata
keçirilməsi regional əməkdaşlığın
sürətləndirilməsi və gücləndirilməsi üçün vacib
addım olacaq, eyni zamanda, qlobal təsirlərə
malik yeni regional imkanlar yaradacaq.
Beləliklə,
milli maraqların həyata keçirilməsi, müstəqilliyin
və suverenliyin gücləndirilməsi, ərazi
bütövlüyünün bərpasına istiqamətlənmiş
fəal xarici siyasət strategiyası, habelə özünəməxsus
və bəzən ziddiyyətli siyasət yürüdən
regional və regiondan kənarda olan faktorlarla "modus
vivendi"nin tapılmasına imkan yaradan elastiklik arasında
mürəkkəb balans Azərbaycanın xarici siyasətinin səciyyəvi
xüsusiyyətidir. Bununla da müasir beynəlxalq
münasibətlər sistemində ölkəmizin xarici əlaqələrinin coğrafiyası əhəmiyyətli
dərəcədə genişlənib. Qeyd
olunan kontekstdə qazanılmış ən
böyük nailiyyətlərdən biri isə ondan ibarətdir
ki, bu gün
Azərbaycan beynəlxalq hüququn kifayət
qədər güclü və qüdrətli
müstəqil subyektlərindən birinə çevrilib.
Müasir Azərbaycanın xarici siyasət strategiyasının uğurlu olmasının ən bariz
təsdiqi həm də ondan ibarətdir ki, ölkəmiz daim dəyişən
beynəlxalq mühitə uyğunlaşmaqla
yanaşı, eyni zamanda
regional liderə çevrilib.
Bu gün Cənubi
Qafqazın siyasi, iqtisadi
mənzərəsinin müəyyən olunmasında əsas söz sahibi məhz Azərbaycandır.
Azərbaycanın artan beynəlxalq nüfuzunun daha bir konkret təzahürü
isə ölkəmizin qarşıdakı iki
il ərzində Şərqi Avropa regionunu BMT Təhlükəsizlik
Şurasında təmsil edəcək dövlət
olmasıdır. Dünya dövlətləri
BMT-də keçirilən gərgin səsvermədə məhz
Azərbaycanı bu şərəfli
missiyanı yerinə yetirməyə layiq
görüblər. Vəfa Quluzadə qeyd
edir ki, Azərbaycanın
BMT Təhlükəsizlik Şurasına üzv
seçilməsi ölkəmiz üçün
yeni imkanlara yol açır. Bu imkanlar isə ilk növbədə
Dağılq Qarabağ münaqişəsinə
beynəlxalq diqqətin daha da artmasına rəvac verəcək.
Bütün
bunlara paralel olaraq Azərbaycan hər zaman milli maraqların həyata
keçirilməsi, müstəqilliyin və suverenliyin gücləndirilməsi,
ərazi bütövlüyünün bərpasına istiqamətlənmiş
fəal xarici siyasətin müəllifi kimi beynəlxalq
müstəvidə nümunəvi ölkələrdən biri
kimi çıxış edir. Yaradılmış möhkəm
bazis sayəsində isə gələcək
inkişaf perspektivi daha işıqlı olan
Azərbaycanın beynəlxalq miqyasda malik olduğu nüfuz və mövqenin
davamlı olaraq güclənəcəyi heç bir şübhə
doğurmur.
Rasim BAYRAMOV
Mövqe.- 2011.- 13 dekabr.- S. 6.