Siyəzən dinamik inkişaf və tərəqqi yolundadır

 

I regional inkişaf proqramı çərçivəsində rayonda xeyli yeni müəssisə açılıb

Son illərə qədər Şimal bölgəsinin nisbətən zəif inkişaf etmiş rayonlarından biri kimi tanınan Siyəzəni bu gün tanımaq olmur: yüksək zövqlə, məqsədyönlü və ünvanlı şəkildə həyata keçirilən abadlıq-quruculuq və yenidənqurma işləri Siyəzənin simasını əsaslı şəkildə dəyişib. Yeni salınan yollar, inşa edilən müasir binalar, bir-birindən gözəl park və xiyabanlar Siyəzənin müasir və abad rayona çevrilməsini təmin edib. Əldə olunan uğurlar həm də regional inkişaf proqramları çərçivəsində burada həyata keçirilən çoxşaxəli tədbirlərin nəticəsidir.

Məlumat üçün bildirək ki, Siyəzən rayonu Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində yerləşir. Rayonun mərkəzi Siyəzən şəhəri Bakı şəhərindən 103 km şimalda, Bakı-Rostov şose və dəmir yollarının üstündədir. Qərb və şimali-qərbdən Dəvəçi, cənubi-şərqdən Xızı rayonları, şərqdən Xəzər dənizi ilə həmsərhəddir. Torpaqları əsasən şorakətvari boz-qonur torpaqlardır. İqlimi mülayim isti və quru subtropikdir. Qışı mülayim, yayı quraq keçir. İllik yağıntının miqdarı 300-650 mm-dir. Rayonun ərazisindən axan Gil-gilçay və Ataçay çayları Xəzər dənizi hövzəsinə aiddir. Torpaqları əsasən şorakətvari boz-qonur torpaqlardır. Ərazisi 703 kvadratkilometr, mərkəzi Siyəzən şəhəridir. 2011-cı ilin əvvəlinə Siyəzən rayonunun əhalisinin sayı 38409 nəfər olub, il ərzində 467 nəfər və yaxud 1,2 faiz artıb. Əhalinin 25197 nəfəri (65,6 faizi) şəhərdə, 13212 nəfəri (34,4 faizi) isə kəndlərdə məskunlaşıb. Rayon əhalisinin 19012 nəfərini (49,5 faizini) kişilər, 19397 nəfərini (50,5 faizini) qadınlar təşkil edir.

Siyəzən rayonunun sosial-iqtisadi dirçəliş və intibah dövrü, əsasən, 2003-cü ildən sonrakı mərhələyə təsadüf edir. Daha dəqiqi, Azərbaycan prezidentinin 11 fevral 2011-ci il tarixli "Azərbaycan Respublikası regionlarının (2004-2008-ci illər) sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin uğurla reallaşdırılması rayonun simasını əsaslı surətdə dəyişib. Proqramın uğurla həyata keçirilməsi üçün Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 24 mart 2004-cü il tarixli 55 nömrəli sərəncamı ilə rayonun 2004-2008-ci illər üçün sosial-iqtisadi inkişaf planı təsdiq olunub. 2004-2008-ci illərdə Dövlət Proqramında nəzərdə tutulmuş istiqamətlər əsas götürülməklə rayonda bir sıra məsələlərin həllinə nail olunub. Abadlıq-quruculuq tədbirləri çərçivəsində rayonda yolların əsaslı təmiri və yenidənqurulmasına xüsusi diqqət yetirilib. Bakı-Quba avtomobil yolunun 61-114 km hissəsində 329,9 min manatlıq iş həcmi yerinə yetirilib və 17,3 km yol təmir edilib. Rayondaxili yolların bərpası və inkişafı üçün nəzərdə tutulan işlərə uyğun Siyəzən şəhərində M.Müşfiq, M.Rəsulzadə, 28 May, B.Səfəroğlu, Babək, Vaqif küçələri əsaslı təmir edilib. Həmin küçələrə asfalt döşənib və bu işlərə ümumilikdə 260,3 min manat vəsait sərf edilib.

Turizmin inkişaf etdirilməsi ilə əlaqədar Xəzər dənizi sahili boyu, Zarat kəndindən Dəvəçi rayonunun sərhədlərinədək, həmçinin Qalaaltı kəndi ərazisində 7 ha torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Layihə İnstitutu tərəfindən öyrənilib. Və həmin ərazilərin xəritələri tərtib edilərək Dövlət Torpaq Xəritəçəkmə Komitəsinə təqdim olunub.

Vətəndaşlarda haqlı narahat doğuran kommunal problemlərin aradan qaldırılması da diqqət mərkəzində olub. Siyəzən şəhərində mərkəzi küçə boyu 1,3 km uzunluğunda 300 mm-lik asbest-beton boru vasitəsilə yeni kanalizasiya xətti çəkilib. 1,5 km uzunluğunda mövcud kanalizasiya xətti təmir və bərpa olunaraq istismara verilib. Ə.Cabbarov küçəsinə 1,5 km, İ.Qayıbov küçəsinə 1,7 km uzunluğunda yeni su kəməri çəkilib.

Dövlət Proqramı çərçivəsində digər tədbirlər də uğurla gerçəkləşdirilib. Siyəzən şəhərində Sosial Müdafiə Fondu və Əhalinin Sosial Müdafiəsi Mərkəzi üçün də yeni inzibati binalar tikilərək istifadəyə verilib. Rayon mərkəzində "Gənclər evi", VVADQ və Notariat kontoru üçün inzibati bina tikilməsi ilə əlaqədar torpaq sahəsi ayrılıb və tikinti işləri uğurla başa çatdırılıb. Suvarılan əkinlərə gedən suvarma arxları lildən təmizlənməklə əhali və sahibkar təsərrüfatlarının istifadəsinə verilib. Kiçik hidrotexniki qurğular təmir edilib və işlək vəziyyətdə saxlanılır. Rayonun üç bələdiyyəsində toxum fondu yaradılıb, kənd əhalisinə əkmək üçün toxumluq taxıl verilib. Siyəzən şəhərində gün ərzində 12 ton taxıl üyüdən un dəyirmanı tikilərək istifadəyə verilib. Beşdam bələdiyyəsi 1 ədəd yeni "Belarus" tipli traktor alaraq əhalinin istifadəsinə verib.

Regionların sosial-iqtisadi inkişafına xidmət edən I proqram çərçivəsində heyvandarlıq məhsulları istehsalını artırmaq məqsədilə dövlət torpaq fondundan 500 hektar torpaq sahəsi ayrılaraq sahibkarların istifadəsinə verilib. Zarat bələdiyyəsi ərazisində "Çandahar" kəndli fermer təsərrüfatı inkişaf etdirilir. Sədan, Balaca Həmyə, Ərziküş bələdiyyələri ərazisində qoyunçuluqla məşğul olan "Çinarə", "Birlik", "Mövsüm", "Elbrus", "İlkin" kəndli fermer təsərrüfatları yaradılıb. Zarat və Böyük Həmyə kəndlərində baytar məntəqələri formalaşdırılıb.

"Siyəzən-Broyler" ASC-də yumurta istehsalını artırmaq məqsədilə 51,2 min anaclıq quş alınıb, Zarat kəndi ərazisində inşa edilmiş 2 quşçuluq sexinin hər birində 25 min baş quş (yumurta) saxlanılır. "ABE" MMC qeydiyyatdan keçərək quş yetişdirmək sahəsində fəaliyyətə başlayıb. Balıq ehtiyatlarının artırılması, bərpası və səmərəli istifadəsi məqsədilə "AB Siyəzən Fish" QSC Balaca Həmyə bələdiyyəsi ərazisində fəaliyyətə başlayıb. 2006-cı ilə 10 ton axcalı balıq ovuna kvota alıb, 12,8 ton balıq məhsulu emal edib. Rayonun Balaca Həmyə bələdiyyəsi ərazisində "Həsənağa" kəndli fermer təsərrüfatı üçün əkinə yararsız ərazidə 14 hektar torpaq sahəsi ayrılmış və təsərrüfatda müxtəlif növ göl balıqları yetişdirilir.

Proqram çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsə çınqıl-qırmadaş istehsalı üçün Gil-gilçay hövzəsində 47 hektar sahə ayrılıb. "Siyəzən-Çınqıl" MMC sexi tikilərək istifadəyə verilib.

Rayon infrastrukturunun müasirləşdirilməsi tədbirləri də xüsusi diqqət mərkəzində olub. Tuğay əsas kənd məktəbində 40 şagirdlik 2 əlavə sinif otağı tikilərək istifadəyə verilib. Siyəzən şəhərində 1 məktəb binası əsaslı təmir edilib və təmirə 14 min manat yerli büdcə vəsaiti istifadə edilib. 640 şagirdlik Siyəzən şəhər orta məktəbinin tikintisinə başlanılıb və binanın tikintisinə 154 min manat vəsait xərclənib. Əlavə sinif otaqlarının tikintisi isə 2007-ci ildə başa çatdırılıb. Bundan başqa, Heydər Əliyev Fondu hesabına Siyəzən şəhər əsas məktəbi üçün 200 yerlik, Daşlı Calğan kənd məktəbi üçün 60 yerlik, Balaca Həmyə kənd məktəbi üçün 160 yerlik yeni məktəb binası tikilərək istifadəyə verilib.

2006-cı ilin fevral ayında Böyük Həmyə Şərab Emalı Zavodu Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi üzrə Dövlət Komitəsi tərəfindən yerli iş adamına satılıb. Zavodda lazımi bərpa işləri aparılıb və bu məqsədlə 60,3 min manat vəsait xərclənib. Bundan başqa, Siyəzən Kondensator Zavodu "Siyəzən Sənaye Cihaz" ASC-yə çevirilib. Lakin obyektin özəlləşdirilməsi məsələsi həllini tapıb. Bu barədə Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi üzrə Dövlət Komitəsinə müraciət olunub.

I regional inkişaf proqramı əhalinin sosial problemlərinin həllinə də ciddi təsir göstərib. Dövlət Proqramı çərçivəsində rayonda 1007 yeni, ümumiyyətlə 1326 daimi iş yeri yaradılıb. Yolların bərpası və tikintisi əhalinin rahatlığını təmin edib, tikilmiş yeni obyektlər, açılan yeni iş yerləri əhalinin rifah halını xeyli yaxşılaşdırıb.

 

 (ardı var)

 

Tərlan Nəsirli Bakı-Siyəzən-Bakı

 

Mövqe.- 2011.- 15 dekabr.- S.10.