İnsan hüquqlarının təminatı Azərbaycan dövlətinin ali məqsədidir

 

İnsan hüquqlarına dair ilk mükəmməl nəzəriyyənin banisi, fransız mütəfəkkiri Ş.Montöskye "Qanunların ruhu" əsərində yazırdı ki, "Ədalətlə idarə olunan dövlətdə yaxşı vətəndaş olmaq asandır". Qanunun şah olduğu ədalətli dövlətdə yaşamaq arzusu bəşər sivilizasiyasının antik dövrlərindən bu günədək hər bir fərdin ali ideallarından biri olmaqla, cəmiyyətdə demokratik dəyərlərin daha möhkəm əsaslarla intişar tapmasının təminatçısına çevrilib.

Son dərəcə mürəkkəb inkişaf mərhələlərindən keçmiş insan hüquqları ideyasının əsas hədəfi dövlətin insanların şəxsi həyatına müdaxiləsini minimuma endirmək, onların təbii - başlanğıc, eləcə də sonradan qazanılmış hüquq və azadlıqlarını etibarlı şəkildə qorumaqdan ibarətdir.

Müasir dünyada miqyasına və əhəmiyyətinə görə insan hüquqları sahəsində ən mühüm sənəd Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1948-ci il 10 dekabr tarixli "İnsan hüquqları haqqında Ümumi Bəyannamə"si sayılır. Müasir dünyanın vicdan səsi, bəşəriyyətin mənəvi etalonu kimi ərsəyə gətirilmiş bu ali sənəddə birmənalı göstərilir ki, bütün insanlar öz ləyaqət və hüquqlarına görə azad, bərabər doğulurlar. Bəyannamədə, həmçinin insan hüquq və azadlıqlarının heç bir dövlətin daxili işi olmadığı, ümumbəşəri səciyyə daşıdığı, habelə ayrı-ayrı dövlətlərin bu sahədə görməli olduğu tədbirlərin çərçivəsi göstərilib.

Müstəqil respublikamız hələ 1991-ci il 18 oktyabr tarixli "Azərbaycan Respublikasının "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın 19-cu maddəsində "İnsan hüquqları haqqında Ümumi Bəyannamə"ni tanıdığını bəyan edib. Respublikamız həmin sənəddə özünü Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan etməklə bərabər, siyasiiqtisadi münasibətlərin fundamental prinsiplərini - təbii sərvətlərin xalqa mənsub olmasını, mülkiyyətin bütün formalarının bərabərliyini, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sisteminin təminatını, insan hüquq və azadlıqlarının təminatını prioritet seçib. Fəqət, müstəqilliyin ilk illərində bir sıra obyektivsubyektiv səbəblər üzündən Azərbaycanda insan hüquqlarının təminatı sahəsində, demək olar ki, əsaslı irəliləyiş müşahidə olunmurdu.

Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın tələbi ilə siyasi rəhbərliyə qayıdışından sonra ölkədə qanunçuluğun və hüquq qaydalarının bərpası prosesində ciddi dönüş yarandı. Onun "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında" 9 avqust 1994-cü il tarixli fərmanı ilə cinayətkarlığa qarşı mübarizə tədbirləri gücləndirildi.

Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş ilk Konstitusiyasının 12-ci maddəsində birmənalı göstərilir ki, insan hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Əsas qanunda əksini tapmış müddəaların üçdə birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması da Azərbaycan dövlətinin ümumbəşəri dəyərlərə sadiqliyinin, onun daxili demokratizminin bariz təcəssümüdür.

Konstitusiyanın 151-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq olunur. Bu müddəa bir daha ölkədə insan hüquq və azadlıqlarının təminatı məsələsində beynəlxalq konvensiya və sazişlərin daha üstün tutulduğunu göstərir.

Azərbaycanda insan hüquqları sahəsində mühüm sənədlərdən biri də ümummilli lider Heydər Əliyevin 1998-ci ilin 22 fevral tarixli "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı oldu. Daha sonra fərman əsasında hazırlanmış "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edildi. Dövlət Proqramına əsasən, Azərbaycanın qoşulduğu konvensiyalara, qəbul etdiyi qanunvericilik aktlarına, eyni zamanda Konstitusiyanın müddəalarından irəli gələn tələblərə müvafiq olaraq insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərin səmərəliliyi artırıldı.

Azərbaycan Prezidentinin 6 avqust 1998-ci il tarixli fərmanı ilə "Qlavlit" - mətbuat üzərində dövlət senzurası tamamilə ləğv olundu, kütləvi informasiya vasitələrinin normal fəaliyyətinə xidmət edən yeni qanunvericilik aktlarının qəbulu Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirdi. Bundan başqa, BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış "İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında" memoranduma əsasən, BMT insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması və digər sahələrdə Azərbaycan Respublikası hökuməti ilə birgə tədbirlər həyata keçirdi.

Ümumilikdə, 1996-2000-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. Məhkəmə-hüquq, prokurorluq, polis və ədliyyə sisteminin müasirləşdirilməsi məqsədilə mütərəqqi qanunlar qəbul edildi. Azərbaycan prezidentinin 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edildi, respublikamız bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə oldu. O vaxt Avropa Şurasının faktiki üzvü olan bir sıra dövlətlər hələ bu cür qərar qəbul etməmişdilər. Yüksək humanizmin və insanpərvərliyin bariz ifadəsinə çevrilən bu addım Azərbaycan dövlətinin beynəlxalq nüfuzunu daha da yüksəltdi. Avropa Şurası Nazirlər Komitəsinin 2001-ci il 17 yanvar tarixli qərarı ilə Azərbaycanın təşkilatın tamhüquqlu üzvlüyünə qəbulu respublikada insan hüquqları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi prosesində keyfiyyətcə yeni mərhələ açdı. 1996-2003-cü illərdə 32 əfv fərmanının, 8 amnistiya aktının qəbulu insan hüquqlarına hörmətin və humanizmin bariz təcəssümü idi.

2001-ci il dekabrın 28-də "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununun qəbulu və bunun əsasında daha sonra Ombudsman təsisatının fəaliyyətə başlaması insan və vətəndaş hüquqlarının təmini istiqamətində həyata keçirilən islahatların məntiqi davamı idi. 2002-ci ilin 24 avqustunda ümumxalq referendumu əsasında Azərbaycan Respublikasının Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər respublikada insan hüquq və azadlıqlarına daha etibarlı təminat mexanizmləri formalaşdırdı. Ən mühüm yeniliklərdən biri kimi Konstitusiyada hər bir vətəndaşın hüquq və azadlıqlarının bərpası məqsədilə Konstitusiya Məhkəməsinə birbaşa müraciət hüququ təmin edildi.

2003-cü ilin 31 oktyabrında prezident səlahiyyətlərinin icrasına "Mən hər bir azərbaycanlının prezidenti olacağam" deməklə başlayan ölkə başçısı İlham Əliyev insan və vətəndaş hüquqlarının təminatına xidmət edən islahatları keyfiyyətcə yeni mərhələdə də inamla davam etdirir. İqtisadi, siyasihüquqi islahatların paralel şəkildə aparılması tərəfdarı kimi çıxış edən dövlət başçısı ilk gündən bildirib ki, demokratiksivil cəmiyyət quruculuğunun fundamental şərtlərindən biri də məhz zamanla səsləşən hüquq islahatlarının həyata keçirilməsi, ədalət mühakiməsini həyata keçirən məhkəmələrin müstəqilliyinin təmin edilməsidir.

Dövlət başçısının 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə milli fəaliyyət planının təsdiq edilməsi haqqında" Sərəncamı ölkədə insan hüquq və azadlıqlarının təmini istiqamətində daha qətiyyətli və prinsipial addımların atılmasına imkan yaratdı. Prezident İlham Əliyevin 17 iyun 2007-ci il tarixli fərmanı ilə 18 iyun tarixinin Azərbaycanda "İnsan Hüquqları Günü" kimi qeyd olunması da insan amilinə həssas münasibətin təcəssümüdür.

Şübhəsiz, bu gün hansısa ölkədə tam müstəqil məhkəmə hakimiyyəti formalaşdırmadan insan hüquq və azadlıqlarının etibarlı təminatından danışmaq mümkün deyil. Azərbaycan dövlətinin iqtisadi imkanlarının daha da genişləndiyi son illərdə məhkəmə orqanlarında zamanın tələbi ilə səsləşən islahatlar geniş vüsət alıb. Ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi, obyektiv və şəffaf şəraitdə hakim korpusunun formalaşdırılması, məhkəmə orqanlarının fəaliyyətində şəffaflığın təmini, bəzi neqativ halların aradan qaldırılması istiqamətində qətiyyətli tədbirlər həyata keçirilib. Vətəndaşların hüquq və azadlıqlarını pozan 80-dək hakimin fəaliyyətinə xitam verilib. Bundan başqa, ötən illərdə regionlarda yeni inzibati-iqtisadi, ağır cinayətlər və hərbi məhkəmələrin yaradılması da vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı təminatına xidmət edən islahatların tərkib hissəsidir.

Hüquqi islahatların səmərəli nəticələr verməsi həm də dövlətin konstitusion quruluşunun mahiyyətindən asılıdır. Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirir ki, 2009-cu ilin 18 martında ümumxalq referendumu ilə Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər respublikada insan hüquq və azadlıqlarının təmini baxımından mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, həmin əlavə və dəyişikliklər mahiyyətcə vətəndaşların hüquq və azadlıqlarının hüquqi təminatı məsələlərinin dəqiqləşdirilməsinə, habelə onların hüquqi çərçivəsinin, əhatə dairəsinin, hüdudlarının müəyyənləşdirilməsinə, ali hakimiyyət orqanlarının səlahiyyətlərinin konkretləşdirilərək məsuliyyətinin artırılmasına xidmət edib.

Əlbəttə, bu gün Azərbaycanda hüquqi dövlət ideyasının tam reallaşdığını, vətəndaş cəmiyyətinin formalaşması prosesinin başa çatdığını iddia etmək də obyektiv yanaşma olmazdı. Nə yazıqlar ki, müəyyən icra strukturlarında, məhkəmələrdə, polis sistemində insan hüquqlarının pozulması faktları ilə mütəmadi rastlaşırıq. Lakin belə faktlar ildən-ilə azalır, dövlət başçısının siyasi iradəsi ilə insan hüquqlarının təminatına ən ciddi maneə olan korrupsiya hallarına qarşı mübarizə gücləndirilir. Həm də unutmaq lazım deyil ki, hüquqi dövlət ideyasının reallaşmasının əsas şərti iqtisadi azadlıq və sosial rifahdır. Sosial rifahı yüksək olan məmur və vətəndaş əsla qanundan kənar hərəkətlərə yol vermək barədə düşünməyəcək. Eyni zamanda yüksək iqtisadi rifahı təmin etmiş dövlətin belə hallara qarşı mübarizəsi daha kəsərli, daha səmərəli olacaq. Məhz bu baxımdan da iqtisadi inkişaf və demokratikləşmə Azərbaycanın davamlı inkişafının mühüm şərti, vacib amili kimi nəzərdən keçirilir.

Təcrübə göstərir ki, insan hüquq və azadlıqlarının təminatı prosesinə maneə yaradan amillərdən biri də vətəndaşların öz hüquq və azadlıqlarını lazımi səviyyədə bilməməsidir. Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev hesab edir ki, əhali arasında geniş maarifləndirmə və təbliğat işi aparmadan respublikada vətəndaş hüquq və azadlıqlarını yüksək səviyyədə təmin etmək mümkün deyil. Onun sözlərinə görə, hüquq və azadlıqlarını bilən, qanun qarşısında məsuliyyətini başa düşən vətəndaşlar həm də dövlət strukturlarını daha səmərəli işləməyə sövq edirlər. "Vətəndaşlarımız və yaxud bu ölkədə yaşayan hər kəs öz hüquq və azadlıqları haqda geniş məlumatlara malik olmalıdır. Çünki hüquq və azadlıqların tətbiqi prosesi bu barədə müəyyən məlumatlara malik olmağı zəruri edir" - deyə Əliməmməd Nuriyev vurğulayır.

Şübhəsiz, heç bir ölkədə insan hüquq və azadlıqları hüdudsuz deyil. Bir insanın azadlıqlarının başladığı yerdə digərinin hüquqları bitir. Bu mənada, Azərbaycanda hüquqi dövlət quruculuğunun ən vacib şərtlərindən biri də hər kəsin qanun qarşısında məsuliyyətini dərk etməsidir. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, qanun qarşısında hamı bərabərdir: "Prezident də, məmur da, sadə vətəndaş da!".

 

Gəlin, bu gerçəkliklə hamımız hesablaşaq: qanuna riayət etməklə yaşamaq daha asan, daha şərəflidir!

 

Rasim BAYRAMOV

 

Mövqe.- 2011.- 16 dekabr.- S. 14.