İctimai təfəkkürdə milli maraq anlayışı

 

Bəşər tarixi göstərir ki, istənilən ölkənin davamlı inkişafının, sabitliyininmonolitliyinin təmin edilməsində milli maraqlar amili hər zaman xüsusi çəkiyə malik olub. Bu mənada hər bir dövlət, onu formalaşdıran xalq üçün milli maraqların müəyyən olunması və təmininin həyata keçirilməsi daim əsas vəzifələrdən biri kimi çıxış edir.

Günümüzdə obyektiv varlıq kimi yanaşılan milli maraqlar müəyyən olunarkən bir neçə parametrə əsaslanır. İnkişaf etmiş Qərb ölkələrinin, demokratik cəmiyyətlərin timsalında milli maraqlar vətəndaş maraqlarının ümumiləşdirilməsindən tutmuş dövlətin coğrafi mövqeyinin xüsusiyyətlərinə və bir tərəfdən bu xüsusiyyətlərdən irəli gələn iqtisadi, siyasi, mədəni inkişafa, digər tərəfdən isə insan təbiətinin özəlliklərinə əsaslanır. Milli maraqlarla bağlı siyasət formalaşdırılarkən də məhz bu konsepsiya əsas götürülür.

Çoxəsrlik dövlətçilik tarixinə malik Azərbaycan üçün də milli maraqlar, onun cəmiyyət, fərd həyatında, eləcə də dövlət siyasətində oynadığı rol xüsusi əhəmiyyət kəsb edir. Konkret halda ölkəmizin milli maraqları Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusunun ifadəsi kimi çıxış edir. Məsələyə bu kontekstdən yanaşıldıqda Azərbaycan xalqının və onun ərsəyə gətirdiyi müasir dövlətin milli maraqları aşağıdakı şəkildə qruplaşdırılır:

Birincisi, dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təmin edilməsi. Buradan aydın göründüyü kimi milli maraqların formalaşmasına ictimai-siyasi şərait bilavasitə təsir göstərir. Yəni Azərbaycanın yenidən müstəqil dövlət olması ilə onun SSRİ dönəmindən tamam fərqli olan yeni milli maraqları formalaşdı. Həmin maraqlar sırasında ilk yerdə gələnlər ərazi bütövlüyü çərçivəsində qazanılmış müstəqilliyin qorunmasıdır. Müasir Azərbaycan cəmiyyətində bu amilin ictimai şüura tam hakim kəsildiyini inkar etmək qətiyyən mümkün deyil. Qeyd edilən cəhət cəmiyyətdə fərqli siyasi, mədəni, sosioloji baxışlara malik fərd və qrupları da bir araya gətirən önəmli amildir. Məsələn, bu gün ölkədə fəaliyyət göstərən onlarla siyasi partiyaların, həmçinin hakimiyyət və fərqli ideyalar əsasında fəaliyyət göstərən müxalif qüvvələrin Dağlıq Qarabağ münaqişəsinə yanaşması eynidir. Onlar birmənalı şəkildə bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarlarıdırlar. Eyni yanaşma bütövlükdə Azərbaycan cəmiyyəti tərəfindən də sərgilənir. Tədqiqatçı və politoloq Elman Nəsirov da bildirir ki, bu amil kimliyindən asılı olmayaraq Azərbaycan xalqının milli marağına xələl gətirən bir hal ətrafında necə birləşməsinin real təzahürüdür. Yəni ərazi bütövlüyünün qorunması kimi vacib milli maraq eyni zamanda xalqın həmrəyliyini formalaşdırır, onu bir yumruq kimi birləşdirir. Bu zaman şəxsi və qrup maraq və ambisiyaların, müxtəlif siyasi, iqtisadi, mədəni baxışların hamısı arxa plana keçir. Beləliklə, ictimai təfəkkürdə bu istiqamət üzrə milli maraq daim ön planda yer alır.

Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması, azərbaycançılıq ideyasının təşviqi, vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və əsas azadlıqlarının təmin olunması da bu gün fundamental milli maraqlardan biri kimi çıxış edir. Ölkə cəmiyyətinin, onu təmsil edən müxtəlif siyasi qüvvələrin bu məsələyə yanaşması yenə ümumivahid xarakteri olan cəhətlərə malikdir. Qeyd edilən amil dövlətin xaricidaxili siyasətinin formalaşmasında da nəzərə alınan əsas xüsusiyyətlərdəndir.

Burada daha bir mühüm məqam ondan ibarətdir ki, xalqının vahidliyinin qorunub saxlanılması, azərbaycançılıq ideyasının təşviqi coğrafi cəhətdən təkcə Azərbaycan sərhədləri ilə məhdudlaşmır və dünyanın ən müxtəlif yerlərində yaşayan azərbaycanlıları özündə ehtiva edir. Bu gün dünya azərbaycanlılarını bir araya gətirən məqamlardan biri məhz azərbaycançılıq ideyasıdır. Vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və əsas azadlıqlarının təmin olunması, bir sözlə cəmiyyətin demokratikləşdirilməsi isə millətin intellektual potensialını reallaşdırmaq üçün real imkanlar yaradır, onun yeni sivilizasiyaya qədəm qoyan xaricə çıxışı üçün geniş meydan açır. Elə bu səbəbdən Avratlantik məkana inteqrasiya kursu seçən Azərbaycan dövlətinin əsas fəaliyyət istiqamətlərindən biri millət vəkili Zahid Orucun sözlərinə görə, ölkəmizdə bərqərar olan demokratik dəyərlərin daha sürətli inkişafına nail olmaqdır. Bu istiqamətdə isə Azərbaycan indiyə qədər xeyli məsafə qət edib.

Avratlantik məkana inteqrasiya fonunda demokratik və vətəndaş cəmiyyəti təsisatlarının inkişafı, qanunun aliliyi, asayişin təmini yolu ilə dövlətin funksiyalarının yerinə yetirilməsinin gücləndirilməsi, əhalinin təhlükəsizliyinin qorunması milli maraq kateqoriyasına daxil olan daha bir önəmli cəhətdir. Əhali arasında apardığımız mini rəy sorğusu qeyd olunan cəhətlərin 100 faiz dəstəklənməsi bir daha öz təsdiqini tapdı. Müəllim işləyən Fazil Əhmədov adlı soydaşımız bildirir ki, bu məsələdə bütün işləri təkcə dövlətin üzərinə atmaq düzgün deyil. Onun fikrincə, hər bir fərd, toplum da belə vacib məsələlərə öz töhfəsini verməyə çalışmalıdır. Çünki söhbət nəticə etibarilə bütün Azərbaycanın milli marağından gedir. Bu maraqların təmini isə nəticə etibarilə fərdin, toplumun, bütövlükdə cəmiyyətin marağının təmin olunması deməkdir.

Tarixi zərurətdən irəli gələrək Sovetlər Birliyinin dağılmasından sonra Azərbaycan üçün qarşıda duran əsas vəzifələrdən biri 70 il ərzində formalaşmış bir ictimai-iqtisadi formasiyadan digərinə keçid oldu. Planlı təsərrüfat sistemindən baza iqtisadiyyatına keçid prosesi daha bir mühüm istiqamət üzrə milli marağın formalaşmasına rəvac verdi. Bu, ölkəmizdə bazar iqtisadiyyatının inkişafı, onun hüquqi əsaslarının təkmilləşdirilməsi, iqtisadi sabitliyin təmin olunması, eyni zamanda bu məqsədlə daxilixarici sərmayələr üçün əlverişli şəraitin yaradılması idi. Təqdirəlayiq haldır ki, Azərbaycan bazar iqtisadiyyatına keçid prosesini digər postsovet ölkələri ilə müqayisədə daha tez başa çatdırdı. 2009-cu ildə prezident İlham Əliyev Azərbaycanın bazar iqtisadiyyatına keçid prosesini başa vurduğunu rəsmən bəyan etdi. Bu prosesin sürətlə başa çatmasına təsir göstərən amillərdən biri ölkəmizdə yaradılan əlverişli investisiya mühiti oldu. Xüsusən də Azərbaycanın yeni tarixinə "Əsrin müqaviləsi" kimi daxil olan 1994-cü ilin neft müqavilələri xarici sərmayədarların ölkəmizə milyardlarla dollar həcmində vəsait yatırmasında müstəsna rol oynadı. Bunun nəticəsidir ki, son 17 il ərzində Azərbaycana yatırılan investisiyaların həcmi 100 milyard dolları keçir. Bütün bunların nəticəsində Azərbaycan bu gün iqtisadi cəhətdən dünyanın aparıcı dövlətləri sırasında yer alır, ölkənin valyuta ehtiyatlarının həcmi 41 milyard dolları keçir. Bütün bunlara Azərbaycan cəmiyyəti, ictimaiyyəti tərəfindən fəxrlə, böyük məmnunluqla qarşılanır. Çünki nəticə etibarilə bu, Azərbaycan vətəndaşının özünün güclü, qüdrətli hiss etməsinə yol açır.

Azərbaycan üçün milli maraq səviyyəsinə yüksələn daha bir önəmli məqam təbii sərvətlərdən tam səmərəli istifadə edilməsi, davamlı iqtisadi inkişaf, ətraf mühitin qorunması, təhsil, elmi və texnoloji potensialın artırılması yolu ilə Azərbaycan xalqının gələcək inkişafının, əhalinin layiqli həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsindən ibarətdir. Milli maraq daşıyıcısı olan bu məqamların reallaşması istiqamətində görülən işlərin miqyası heçkiçik deyil. Elə geniş ictimaiyyət də sözügedən məqamların həyata keçirilməsinə imkan daxilində hər cür yardım göstərməyə, öz töhfəsini verməyə hazırdır. Çünki sadalanan cəhətlər bir növ Azərbaycanın gələcəyinin fundamenti hesab etmək olar. Bu fundament nə qədər möhkəm olarsa, Azərbaycanın gələcəyi də bir o qədər işıqlı və parlaq olar. Təqdirəlayiq haldır ki, göstərilən istiqamətlər üzrə dövlət tərəfindən məqsədyönlü siyasət həyata keçirilir. Bu istər Azərbaycanın ekoloji cəhətdən daha təmiz bir ölkəyə çevrilməsi, istərsə də yüksək intellektə malik nəslinin formalaşması isə hər bir Azərbaycan vətəndaşının ümdə istəklərindəndir. Beləliklə, bu cəhət də ictimai təfəkkürə hakim kəsilən əsas faktorlar sırasındadır.

Beynəlxalq öhdəlikləri yerinə yetirmək, qlobal və regional təhlükəsizlik və sabitliyə töhfə vermək üçün dəyərlərini bölüşdüyü beynəlxalq təşkilatlarla inteqrasiyaya yönəlmiş əməkdaşlığın inkişaf etdirilməsi də ölkəmizin milli maraqlarındandır. Bu gün Azərbaycan xeyli sayda nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT-nin, ATƏT-in, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının və digərlərinin üzvüdür. Həmin təşkilatların əsas məqsədlərindən biri isə yer üzündə sabitliyə və firavanlığa nail olmaqdır. Deməli, bu təşkilatlara üzvlüklə Azərbaycan da bir daha sabitlik və firavanlıq uğrunda çalışan, bu yolda çarpışan dövlətlərdən biri olduğunu göstərmiş olur. Sabitlik və firavanlığın mövcudluğu isə nəticə etibarilə sonda hər bir fərdin həyatında öz əksini tapır. Elə bu səbəbdən cəmiyyətimiz birmənalı şəkildə Azərbaycanın dünyaya beynəlxalq təşkilatlara üzvlük vasitəsilə inteqrasiyasını dəstəkləyir, götürülmüş öhdəliklərin yerinə yetirilməsi istiqamətində dövlətə hər cür yardımçı olmağa çalışır.

Təbii ki, sadalanan milli maraqların təminin əsas mahiyyəti Azərbaycan xalqının özünün intibahına hesablanmış olmasıdır. Bunun üçün yeriən yetrilməli olan əsas şərtlərdən biri öz növəbəsinəd daha bir istiqamət üzrə milli marağın formalaşmasına gətirib çıxarır. Bu, Azərbaycan xalqının mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin qorunması, eləcə də ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi, dilinin, özünüdərk, vətənpərvərlik və milli iftixar hissinin, intellektual potensialının inkişaf etdirilməsidir. Qeyd edilənlər həyata keçirilmədən digər milli maraqların həyata keçirilməsi mümkün deyilmümkün olarsa belə, artıq xalqın, cəmiyyətin mənafeləri ilə uzlaşmaz. Eyni zamanda dünya azərbaycanlılarının bölüşdüyü dəyərlərə əsaslanan milli özünəməxsusluğun və həmrəyliyin möhkəmləndirilməsi də burada olduqca vacib əhəmiyyətə malik məqamlardan biri kimi yer alır. Çünki bu öz növbəsində xalqın monolitliyini şərtləndirən mühüm faktordur. Monolit xalqın, onun formalaşdırdığı dövlətin milli maraqlarının təmin olunması isə daha tez və səmərəli şəkildə baş tutur. Məhz belə xalqı formalaşdıran fərdlər milli maraqların təmin olunması üçün şəxsi istək və arzularını lazım gələrsə, çox asanlıqla arxa plana keçirə bilirlər. Bu isə o deməkdir ki, ictimai təfəkkürdə milli maraq böyük önəmə və həlledici təsir gücünə malikdir.

 

İlkin MURADOV

 

Mövqe.- 2011.- 17 dekabr.- S. 11.