Siyəzəndə əhalinin kommunal problemləri uğurla həll olunur

 

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı II Dövlət Proqramı çərçivəsində həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq Siyəzən rayonunda uzun illərdən həllini gözləyən problemlər uğurlu həllini tapır. 2009-cu ildə xüsusən də vətəndaşları narahat edən kommunal xarakterli problemlərin həlli istiqamətində mühüm addımlar atılıb. Proqrama əsasən, Siyəzən Qaz İstismar Sahəsi əhalinin təbii qazla təminatı sahəsində mühüm işlər görülüb.

Hesabat ilində rayonun Sədan və Eynibulaq kəndlərinin qaz təminatının yaxşılaşdırılması məqsədilə Siyəzən Qazpaylayıcı stansiyasından həmin kəndlərə 7216 metr polietilen boru ilə yeraltı daşıyıcı qaz xətti çəkilib, bunun nəticəsində 232 obonent normal qazla təmin olunub. Eləcə də Zarat, Yenikənd, Gil-gilçay kəndlərində istismara yararsız qaz xətləri yenisi ilə əvəz olunub. Eyni zamanda, rayon ərazisində olan bütün yeraltı qaz kəmərlərinin əsaslı təmiri "Azəriqaz" İstehsalat Birliyi tərəfindən plana salınıb.

2009-cu ildə əhalinin içməli su təminatı ilə əlaqədar Siyəzən Rayon Sukanal İdarəsi tərəfindən müəyyən işlər görülüb, nasos stansiyalarında və xətlərdə cari təmir işləri aparılıb. İl ərzində 1,635 min kubmetr, o cümlədən, əhali abonentlərinə 1,340 min kubmetr su verilib. Rayon üzrə 5320 əhali abonentindən 1291-i üçün (25 faiz) su sayğacı quraşdırılıb.

Kommunal məsələlərlə yanaşı, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məsələsi də diqqət mərkəzində olub. Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının icrası ilə əlaqədar rayonda aqrar sahədə bir sıra tədbirlər həyata keçirilib. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaqmotor yağlarına görə dövlət büdcəsi vəsaiti hesabına yardım edilməsinin tətbiqi nəticəsində ilin birinci yarısında buğda əkmiş 725 nəfər istehsalçıya 79.390 manat, ilin ikinci yarısında isə 935 nəfərə 128178 manat pul vəsaiti verilib. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət vəsaiti hesabına mineral gübrələrin güzəştli şərtlərlə alınması hesabına rayona 18,5 ton azot gətirilib və istehsalçılara paylanıb. Bunun nəticəsində orta məhsuldarlıq 18.9 sentner olmaqla 5603 ton, o cümlədən, 3731 ton buğda istehsal olunub.

Əkin sahələrindən daha faydalı istifadəni təmin etmək məqsədilə rayon ərazisində Suvarma Sistemləri İdarəsinin xidmət sahəsində, Tuğay kəndində 1000 metr 720 mm-lik dəmir boru, Böyük Həmyə, Balaca Həmyə, Yenikənd və Zarat kəndlərində 2063 metr beton arx, bu ərazilərdə 330 ədəd müxtəlif növ hidrotexniki qurğular, o cümlədən 50 ədəd körpü boru keçidi quraşdırılıb. 2009-cu ilin payız mövsümündə 2455 hektar payızlıq taxıl əkilib, 155 ton yüksək reproduksiyalı toxum alınması üçün lazım olan sənədlər hazırlanaraq Kənd Təsərrüfatı Nazirliyinə göndərilib.

2009-cu ilin 1 yanvar vəziyyətinə rayon üzrə iribuynuzlu mal-qaranın baş sayı 2,7 faiz artıb, diri çəkidə 15326 ton ət, 8023 ton süd, 75 ton yun tədarük olunub. "Siyəzən-Broyler" ASC-də 13799 ton quş əti, 24,7 milyon ədəd yumurta istehsal edilib. Onların Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasında iştirakı təmin olunub.

2009-cu ildə rayonun yerli gəlir və xərclərinin həcmi 6710.2 min manat təşkil edib. Yerli gəlirlərin icrasına dotasiya ilə birlikdə 92,4 faiz, yerli xərclərin icrasına isə 89.2 faiz əməl edilib. Lakin gəlirlər üzrə proqnozlaşdırılan 11 vergi növündən 8-i kəsirli olub, büdcədən, ümumilikdə, 724.0 min manat az vəsait xərclənib. Rayon Mərkəzi Xəstəxanası və Uşaq Xəstəxanası üzrə çarpayı günləri kəsirlə icra olunub, bu səbəbdən 9.0 min manat ərzaq xərci istifadəsiz qalıb.

2009-cu ildə təhsil şöbəsi tərəfindən gənc nəslin təlim-tərbiyəsi istiqamətində bir sıra işlər görülüb. Rayon Təhsil Şöbəsinin tabeliyində 25 ümumtəhsil məktəbi, o cümlədən 15 orta, 7 əsas (onlardan biri internat məktəbi), 3 ibtidai məktəb, 2 məktəbdənkənar (Uşaq Yaradıcılıq Mərkəzi, Uşaq Gənclər İdman Məktəbi) və 4 məktəbəqədər tərbiyə müəssisələri fəaliyyət göstərir. Rayonun ümumtəhsil müəssisələrində şagirdlərin təhsili ilə 714 nəfər müəllim məşğul oluronlardan da 423 nəfəri ali təhsillidir. 2009-cu ildə rayonun ümumtəhsil məktəblərini bitirmiş 349 şagirddən 244 nəfəri Tələbə Qəbulu Dövlət Komissiyasına sənəd verib, bunlardan 68 nəfər məzun ali məktəblərə qəbul olunub.

Dövlət ali məktəblərinə qəbul olan 68 nəfərdən 40 nəfəri ödənişsiz, 23 nəfəri ödənişli fakültələrə, 5 nəfəri isə özəl ali məktəblərə qəbul olunub. Ötənilki məzunlardan isə 24 nəfəri ölkənin müxtəlif ali məktəblərinə qəbul olunub. Bundan əlavə, 8 nəfər məzun respublikamızın xüsusi ixtisaslı ali təhsil müəsissələrinə və xarici ölkələrin məktəblərinə qəbul olunub. Tələbə adını qazanmış abituriyentlərdən 13 nəfəri 500-dən, onlardan 3 nəfəri isə 600-dən çox bal toplayıb. Rayonun təhsil uğurları 6 yanvar 2010-cu il tarixdə Sumqayıt şəhərində keçirilən ümumrespublika müşavirəsində xüsusi qeyd edilib. Belə ki, ali məktəblərə qəbul imtahanlarının nəticələrinə görə Siyəzən rayonu şimal zonasında yalnız Sumqayıt şəhərindən geri qalıb.

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində rayonda müasir standartlara cavab verən məktəblər tikilib, onların maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 196 ədəd kompyuter, 5 ədəd printer, 10 ədəd noutbuk və 1 ədəd proyektor alınıb.

2009-cu ildə rayonun mədəni-maarif müəssisələri də əhaliyə mədəni xidməti yüksəltmək üçün fəallıqlarını artırıblar. Dövlət Proqramı çərçivəsində Mədəniyyət Sarayının əsaslı təmir olunaraq Rayon Mədəniyyət və Turizm Şöbəsinin balansına verilməsi mühüm hadisələrdən biri kimi yadda qalıb. Bundan başqa, Siyəzən şəhərinin girişində ulu öndər Heydər Əliyevin adını daşıyan möhtəşəm muzey tikilərək istifadəyə verilib, onun əzəmətli heykəli ucaldılıb. Hesabat ilində muzeyin əməkdaşları tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Muzeydə sərgilər, seminarlar, disputlar keçirilib, yetişməkdə olan gənc nəslin vətənpərvərlik, dövlətçilik ruhunda formalaşması istiqamətində aparılıb.

2009-cu ildə Siyəzən Rayon Gənclər və İdman İdarəsi tərəfindən dövlət gənclər siyasətinin həyata keçirilməsi, gənclər arasında idmanın kütləviliyinin artırılması, gənc idmançıların yetişdirilməsi, kütləvi idman yarışlarının və hərbi idman oyunlarının keçirilməsi istiqamətində müəyyən işlər görülüb. "Azərbaycan Gəncliyi Dövlət Proqramı" üzrə həyata keçiriləcək Tədbirlər Planında nəzərdə tutulmuş tapşırıqların Siyəzən rayonunda icrasını təmin etmək məqsədilə Siyəzən Rayonu İcra Hakimiyyəti başçısının sərəncamı ilə icra qrafiki təsdiq edilib. Və aidiyyəti idarə, müəssisə və təşkilatlara qrafikə uyğun olaraq tapşırıqlar verilib. Rayonda gənclər arasında hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilib. Ayrı-ayrı idman növləri üzrə rayon idmançıları respublika və beynəlxalq yarışlarda müəyyən uğurlar qazanıblar.

2009-cu ildə Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 11 şəhər, qəsəbə və kənd icra nümayəndəliyi fəaliyyət göstərib. Qanunvericiliyə uyğun olaraq rayon ərazisində üç kiçik bələdiyyə daha böyük bələdiyyələrə birləşərək 11 yerli özünüidarəetmə orqanı - bələdiyyə yaradılıb. Bələdiyyələr rayonun sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həllində müəyyən işlər görüblər. 2009-cu ildə bələdiyyələrin gəlirlərinin 40,9 faizi təmir-tikinti işlərinin aparılmasına sərf edilib.

2009-cu ildə Siyəzən Rayonu İcra Hakimiyyəti başçısının aparatına vətəndaşlar tərəfindən 641 müraciət daxil olub. Bunlardan 76-sı İcra Hakimiyyətinin fəaliyyəti, 227-si mənzil məsələləri, 122-si əmək və əhalinin sosial müdafiəsi məsələləri, 62-si sahibkarlığın inkişafı, 36-sı kənd təsərrüfatı məsələləri, 36-sı enerjiistilik təşkilatı məsələləri, 17-si hüquq məsələləri, 16-sı nəqliyyat məsələləri, 15-i su kanalizasiya məsələləri barədə, qalanları isə digər məsələlər haqqında olub. Daxil olmuş müraciətlərdən 128-i Azərbaycan Respublikası Prezidenti Administrasiyasından, 6-sı Milli Məclisdən, 2-si Nazirlər Kabinetindən, 8-i digər respublika təşkilatlarından, 497-si rayon əhalisi tərəfindən olub.

2009-cu ildə vətəndaşların həm Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, həm də bilavasitə Rayon İcra Hakimiyyətinə daxil olan müraciətlərinin sayı əvvəlki ilə nisbətən azalıb. Vətəndaşlardan daxil olan ərizə və şikayətlərin sayının azalması, ilk növbədə, müraciətlərə ciddi münasibət və əməli tədbirlərin görülməsi nəticəsində mümkün olub.

 

(ardı var)

 

Tərlan NƏSİRLİ Bakı-Siyəzən-Bakı

Mövqe.- 2011.- 20 dekabr.- S. 10.